9
1883-cü ildə H.Z.Tağıyevin (1823-1924) tikdirdiyi teatr binası əsas fond
kimi bu sənətdə dövriyyə vəsaiti sayılan pyeslərin yaranmasına imkan verərək
maarifçiliyin bərqərar olmasında müstəsna rol oynadı. Elə həmin ildən peşəkar
teatr
qrupuna
çevrilən həvəskarlar truppası M.F.Axundov, N.Vəzirov,
Ə.Haqverdiyevin pyeslərini oynamağa başladı. XIX əsrin 80-ci illərindən hələ dini
fanatizmin hökm sürdüyü bir şəraitdə mal-dövlətini maarifçilik işinə əsirgəməyən
H.Z.Tağıyevin xahişi ilə H.Zərdabi 1896-cı ilin yanvarından Nikolayevski
(İstiqlal) küçəsində inşasına başlanan gözəl binanın qız məktəbi kimi fəaliyyətinə
icazə almaq barədə Bakı qubernatoruna müraciət etsə də, bir nəticə hasil olunmadı.
III Aleksandr tərəfindən də məktəb açmaq barədə yazılı xahişinə rədd cavabı alan
H.Z.Tağıyev çarın ölümündən sonra onun arvadı Aleksandra Fyodorovnaya
qiymətli hədiyyələr göndərib açacağı məktəbin də onun adına adlandırılacağına söz
verir. 7 oktyabr 1991-ci il “Kaspi” qəzetinin 218-ci sayının ilk səhifəsindəki
elandan göründüyü kimi: “Bazar günü saat on ikidə dəvətnamələri olanların
Aleksandra Fyodorovna adına rus-tatar qız məktəbinin açılışında gözlənildiyi
bildirilir” (235). 9 oktyabr 1901-ci il “Kaspi” qəzetinin 219-cu sayındakı təfsilatlı
məqalədə yazılır: “Məktəbin idarəçiliyini həyata keçirən hamilər şurasında
H.Zərdabi, onun həyat yoldaşı – məktəbin direktoru Həmidə xanım, təsisçi
H.Z.Tağıyevin özü və xanımı, Bakı quberniya qazisi, xalq məktəblərinin direktoru,
kişi gimnaziyasının direktoru, qadın məktəbinin rəisi, üç nəfər duma qlasnısı,
“Kaspi” qəzetinin naşiri və redaktoru Ə.Topçubaşov və Peterburq Dağ-Mədən
İnstitutunun məzunu mühəndis Fərrux bəy Vəzirov daxil idi. Yüksək rütbəli çar
məmurlarının iştirak etdiyi bu mərasimi açan Ə.Topçubaşovun rusca yazılı
məktubunda deyilirdi: “Bu gün müsəlmanların məhəlləsində görünməmiş
bayramdır! Bu xoşbəxt məqam bütün mütərəqqi müsəlmanların arzusunun çin
olduğu gün kimi tarixə düşür. Gələcək tarixçilər bizim indi bayram etdiyimiz bu
günü müsəlman qadın intibahının başlanğıcı hesab edəcəklər. Müsəlman aləmi
üçün mühüm əhəmiyyət kəsb edən bu tarix ictimai, dövləti və beynəlxalq
əhəmiyyətli bir mütərəqqi hadisədir. Qadın intibahının meydana çıxmasına şərait
yaradanlardan biri, bu bayramın səbəbkarı, böyük maarifçi sizsiniz, çox hörmətli
Hacı Zeynalabdin!” (131).
Qəzetin göstərdiyi kimi: “Yazılı təbrikə ilk imza atan müsəlman
ziyalılarının imzasına Həsən bəy Məlikov bu sözləri də əlavə etdi: “Çox yaşa
Hacı!” (131). Qeyd etmək lazımdır ki, rusca çıxan “Kaspi” qəzeti Həsən bəyin
salonda əks-səda verən “Çox yaşa Hacı!” sözlərini doğma dilimizdə çap etməklə
yanaşı, “Ura! Ura! Ura!” “Vivat noster Taqieff!” nidalarına da yer vermişdi.
Ə.Ağaoğlu qəzetin yaradıcısı kimi tatarca oxuduğu təbrikdə “müsəlmançılığın
üzərinə maarif günəşinin doğulduğu bu gündən yaranmağa başlayan təhsilli
anaların bəşəriyyəti savadsızlıq zülmətində məhv olmaqdan qoruyacaq gələcək
10
nəsillərin mütərəqqi cəmiyyəti üçün təminat oldu”ğunu və bu işdə H.Z.Tağıyevin
müstəsna əhəmiyyətini göstərirdi. Məqalədən göründüyü kimi, məktəbin açılışı
münasibətilə göndərilmiş teleqramlar arasında Baxçasaraydan İsmayıl bəy
Qaspralının təbrikindəki: “Bu gün Rusiya müsəlmanlarının maarif dünyasının
yaddaşında böyük hadisədir. Sizin əməllərinizi və xeyirxahlığınızı unutmayacağıq,
cənab Tağıyev” (131) sözləri türk dünyası maarifçiliyini yaradanlar arasındakı
rezonansdan xəbər verirdi. Çıxış etmək üçün söz alan H.Z.Tağıyevin: “Bu binanın
təməli möhkəmdir. Hesab edirəm ki, binaya bir mərtəbə də əlavə etmək
mümkündür. Bu gün mənim ən böyük arzum həyata keçir” (236) sözləri
salondakıları riqqətə gətirir. Qəzetin yazdığı kimi mərasimin sonunda məktəbin
müəllimi Mirzə Yaqub Əlizadənin yaratdığı qızlardan ibarət xorun ifasında tatar
xalq mahnıları, çara dua və təhsilə alqış nəğmələrinin oxunması bədii hissəni
tanmamlayır.
1899-cu ildə N.Nərimanovun “Türk-azərbaycan dilinin müxtəsər nəhvi”
kitabı çapdan çıxır. 1901-ci ildə Rəşid bəy Əfəndiyevin yazıb nəşr etdirdiyi “Uşaq
açıqgözlüyü” (Bəsirət-ül-ətfal) kitabı birbaşa maarifçiliyin ilk dərsliyi olur. Həmin
il Həsən bəy Zərdabinin tərtib etdiyi “Türk mahnıları” külliyyatının nəşri də bu
istiqamətdə əhəmiyyətli addım idi. 1902-ci ildə Ə.Topçubaşovun “Kaspi” qəzetinin
nəzdində yaratdığı rusca-azərbaycanca kitabxana, 1907-ci ildə isə Bakı rus-tatar
məktəblərinin müəllimləri M.Mahmudbəyov, S.Əbdürrəhmanov, S.S.Axundov,
F.Ağayev, A.Şaiq və Ə.Əfəndiyevin tərtib etdikləri “Üçüncü il” dərsliyi bu
müqəddəs işin davamı oldu. 1906-07-ci illərdə M.Mahmudbəyovun redaktorluğu
ilə “Rəhbər”, Q.Mirzəzadə və A.Əfəndiyevin müştərək redaktorluğu ilə “Məktəb”
jurnallarının nəşri metodik vəsait kimi müəllimlərin pedaqoji fəaliyyətinə güzgü
tuturdu. 1906-1908-ci illərdə A.İ.Cəfərzadənin və M.H.Əfəndiyevin redaktəsi ilə
nəşr olunan şəkilli “Dəbistan” jurnalı isə şagirdlərin sevimli vəsaiti idi.
1908-ci ildə işıq üzü görmüş Ü.Hacıbəyovun “Hesab” kitabı, 1910-cu ildə
Abdulla Şaiqin “Uşaq gözlüyü” adlı birinci sinif dərsliyi, 1911-ci ildə
K.Nərimanbəyovun və M.M.Qəmərlinskinin “Ana dili”, 1912-ci ildə F.Köçərlinin
“Balalara hədiyyə”, Q.Qarabəyovun tərtib etdiyi “Türkcə-rusca tam lüğət”, 1914-
cü ildə Q.Mirzəzadənin “Qafqaz coğrafiyası”nın nəşri tədris üçün əvəzsiz dərs
vəsaitinə çevrildi. Sonrakı illərdə Azərbaycanın iri yaşayış məntəqələrinin
əksəriyyətində müəllimlik fəaliyyətilə məşğul olan pedaqoqların bir çoxu
qiraətxanalar açdılar ki, onlar da maarifçilik işində müstəsna əhəmiyyətə malik
oldular.
1918-ci ildə Novruz bayramı ərəfəsində Şaumyanın başçılığı ilə Daşnak
bolşevik hərəkatının törətdiyi qırğından sonra fəaliyyətini bərpa edə bilməyən
qızlar məktəbinin binası Cümhuriyyət dövründə parlamentə həvalə olundu. Manaf
Süleymanovun yazdığına görə 16 dekabr, 1918-ci ildəki parlamentin üçüncü
Dostları ilə paylaş: |