29
Müxtəlif problemlərin həllinə yönəlmiş mövzular arasında qəzet teatrla
bağlı bir sıra məsələləri öz səhifələrində işıqlandırırdı. “Şərqi-Rus”un 4 fevral
1904-cü il 13-cü sayında “Hacı Qara” tamaşasına həsr olunmuş “Müsəlman teatrı”
resenziyasında oxuyuruq: “Təəssüf, çox təəssüf ki, oyun nə qədər yaxşı idisə,
camaatın tərtib və oturuşları o dərəcədə biqaidə və səliqəsiz idi, hətta bu
qaidəsizlik o mərtəbədə idi ki, bu dəfə teatra çox az gələn mötəbər familiya və
şəxslər birinci pərdədən sonra teatrdan çıxıb getməyi özlərinə fərz bildilər”
(68.səh.151).
Nəcəf bəy Vəzirov özünün “Tərcümeyi-halım” adlı xatiratında ilk milli teatr
tamaşasının meydana çıxması barədə yazır: “Qırx il bundan əqdəm 1873-cü ildə
altıncı klasda olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə
nəhayət dərəcədə əsər elədi. Onun necə bir nəsnə olduğunu başa düşdüm. Sabahı
günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına rucu edərək sordum ki:
Aya bizim dilimizdə teatr əsərləri ya məzhəkə və ya faciə varmıdır? Mümaileyh
Məlikov mərhum Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasını tapdı. Bu
komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün
hazırlanmağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında
hazırlanırdıq. Bizim hazırlanmamıza Həsən bəy Məlikov tamaşa edirdi. Amma
şagirdləri mən hazırlayırdım. Hacı Qara rolunu sabiq Gəncə şəhər qlavası mərhum
Əsgər bəy Adıgözəlov Gorani oynayırdı. Mən isə arvad rolu götürdüm...” Əsgər
ağa Gorani kimi məşhur ictimai xadimin aktyor olaraq səhnəyə çıxması
ziyalılarımız arasında teatr sənətinə olan marağın miqyasından xəbər verir. Lakin
savadlı zümrənin bu marağı müqabilində tamaşaçı kütləsinin qeyri-millətlərdən
olması acı təəssüf hissi yaradır: “Tamaşa günü çox adam var idi. əksəri
ermənilərdən ibarət idi. Bakı qubernatoru mütəvəffa Staroselski öz əyalı ilə hazır
idilər. Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi. Tamaşadan sonra
qubernatorun dilmancı mərhum Həsən bəy Həbibəyov bizi qonaq elədi. Haman
gecə müəllimimiz Həsən bəy Məlikov teatr müsənnifi Mirzə Fətəli Axundova
təbrik teleqramı göndərdi. Müsənnif Axundov iki vərəqə dolusu böyük bir
rizaməndlik kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi ki, “Bu gün “Hacı Qara”nı
səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız” (87.səh.399).
Mirzə Fətəli Axundovun bu hadisəyə həssas münasibəti maarifçilik məktəbimizin
banisinin öz əməyinin bəhrəsinə sevincinin təsdiqidir.
Dramaturq və ədəbiyyatşünas Ə.Haqverdiyev “Azərbaycanda teatr”
məqaləsində teatr tariximizə nəzər salır: “Knyaz Vorontsovun Tiflisdə bütün
Qafqazda ilk dəfə olaraq teatr yaratmaqda məqsədi Zaqafqaziyada çarizimin
möhkəmləndirilməsi üçün teatrdan bir vasitə kimi istifadə etmək idi. Bu vəzifə
Mirzə Fətəli Axundova izah edilmişdi, o da vicdanla bu vəzifəni yerinə yetirirdi. O
zaman Zaqafqaziyada ən qüvvətli və nüfuzlu ictimai qrup ruhanilik idi. Knyaz
30
Vorontsov ikibaşlı bir oyun oynayırdı: bir tərəfdən o, Zaqafqaziya şeyxül-islamının
simasında ruhaniliyə hər cür hörmət edirdi, digər tərəfdən isə Axundova, əhalinin
gözündə ruhaniliyi nüfuzdan salmağı təklif edirdi” (27.səh.421). Göründüyü kimi,
sadəcə faktları sadalamaqla kifayətlənməyən Ə.Haqverdiyev məharətlə dövrün
sosial-ictimai portretini yaratmaqla M.F.Axundovun da faciələrinə səbəb olan
çarizmin işğalçı siyasətinin iç üzünü açır.
Ə.Haqverdiyev “Mirzə Fətəlinin faciəsi” məqaləsində Qafqazda teatr
sənətinin və dramaturgiyanın inkişafına təkan verən bir amili xüsusi vurğulayır:
“1849-cu ildə canişin Vorontsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni,
gürcü və azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç komisyon
təşkilinə əmr verdi. Erməni, gürcü komisyonları çox tezliklə işə başladılar.
Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı.
Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı...”
Mirzə Fətəlinin ömrünün axırına qədər öz əsərlərini Azərbaycan dilində
səhnədə görmədiyini faciə hesab edən Ə.Haqverdiyev bu məsələ üzərində də
dayanır: “1873-cü ildə Bakıda indiki Zəhmət sarayında birinci dəfə olaraq
Azərbaycan dilində “Hacı Qara” komediyasının oynanılmasının xəbərini Həsən
bəy Zərdabidən alıb, ona belə bir cavab verdi: “Mən qocalmışam və qəbr evinə
yaxınlaşmamı yəqin etmişdim. Əmma sizin bu xəbəriniz mənim ömrümün on sənə
daha uzanmasına səbəb oldu”. On il yox, beş il ondan sonra Mirzə arzuları,
əməlləri ürəyində qalaraq gözlərini həmişəlik yumdu. Mirzənin vəfatı da faciəsiz
keçmədi... Şeyxül-islam Molla Əhməd Mirzənin vəfat xəbərini eşidib dedi: “Mən
Mirzə ilə çox müsahibətdə olduğumdan onun əqidələrinə dürüst bələdəm. Bu
bələdiyyət, məni onun namazını qılmaqdan imtina etməyə məcbur edir”. Bu sözü
eşidib qalan mollalar da Mirzənin namazını qılmaqdan boyun qaçırtdılar. Mirzəyə
namaz lazım deyildi. Fəqət bu, onun əqrəbası üçün bir nisgil oldu. Çox danışıqdan
sonra əməleyi-mövtadan Molla Hüseyn adlı bir kişi gedib onun namazını qıldı.
Mirzə ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla
mübarizə etdi. Amma xalq onun bu mübarizəsini dinsizlik adlandırıb cənazəsini
yerdən götürmək istəmədi. Üç gün cənazəsi evdə qalandan sonra canişin
divanxanasının qulluqçuları tərəfindən qaldırılıb qəbiristana aparıldı. “Möminlər”
onun cənazəsinin dalında da getmədilər. Bir neçə nəfər hər birisi üç rublə alıb, onu
qəbrə qoymağa razı oldular” (27.səh.386-387). Ürək yandıran faktları qələmə
almaqla Ə.Haqverdiyev tarixi gerçəklikləri önə çəkərək maarifçiliyin qarşısına
çıxan çoxsaylı əngəlləri göstərir və davamçısı olduğu Axundov məktəbinin
həmişəyaşarlığı ilə qürur duyurdu.
Təkcə Azərbaycanda deyil, bütün Şərqdə teatra reqressiv münasibəti tənqid
edən Ə.Haqverdiyev “Müsəlmanlarda teatro” məqaləsində islam aləmində
mədəniyyət sahəsində irəli getmiş, böyük şairlər, filosoflar yetişdirmiş qədim
Dostları ilə paylaş: |