45
şirkətlər 1914-cü ildə neft sənayemizin aksioner kapitalının 86 faizini, istehsal
edilən neftin 60 faizini öz nəzarətləri altında saxlayırdılar.
Neft və neft məhsullarının satış bazarının məhdudluğunun, sənayenin
plansızlığının, sistemsizliyinin yaratdığı böhran cəmiyyətdəki qarşıdurma və
ziddiyyətləri durmadan artırırdı. Neft sənayesinə kredit verilməməsi, əmək
şəraitinin dözülməzliyi, avadanlıq və çənlərin çatışmazlığı, fontanların yaratdığı
ekoloji fəlakətlər, əmək haqqının belə ödənilməsi üçün pul vəsaitinin çatışmazlığı,
istehlak bazarındakı bahalığın yaratdığı kasıblıq inqilabi dəyişkənlik üçün zəmin
sayılırdı.
9 mart 1912-ci il tarixli “Baku” qəzetinin 56-cı sayındakı “H.Z.Tağıyev”
məqaləsində Parisdən qayıtmış Tağıyevin müsahibəsindəki səfər təəssüratında
özünün fransız faytonçusu ilə münaqişəsinə münasibəti ibrətamizdir. Sağa
burulmaq əvəzinə faytonu səhvən sola döndərən faytonçunun kürəyinə sərnişin
“H.Z.Tağıyevin çətirin ucu ilə toxunmasına dözməyən sadə fransızın qəzəbi
Hacıya anlaşılmaz görünür. Tərcüməçinin vasitəsilə hərəkətinin faytonçu
tərəfindən təhqir kimi qəbul olunduğunu anlayan H.Z.Tağıyevin: “Oradakı sadə
camaatın məğrurluğuna heyran qaldım və anladım ki, mən bizim adamların lap
boynunu da vursam dönüb səcdə etmələri gerilikdir. Bax camaatımız oradakı
səviyyəyə çatdıqdan sonra, bizdə də əsl azad həyat olacaqdır” (120) fikri bu
insanın təbiətən maarifçi-demokrat olduğunu təsdiq edir.
Bununla belə sinfi barışmazlıq üzərində köklənmiş, kapital dünyasına və
dinə qarşı barışmaz mövqe tutan ziyalılarımızla yanaşı, liberal düşüncəli Üzeyir
bəy Hacıbəyovlar da var idi. Özünün peşəkar üslubu sayəsində satirik-publisistik
məqalələrini əsasən sənədli personajlara qarşı yönəlmiş feleyton və ictimai
quruluşu tənqid edən pamflet janrında yazan Üzeyir Hacıbəyov “Sosial məsuliyyəti
unudub “Molla Nəsrəddin”ə təqlid ilə mollalara sataşmağı özünə qalxan edib
qərəzi-şəxsisi olanlara ədəbsiz sözlər yazan”, özünə ədib adı qoymuşlara hiddətini:
“Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşüblər!
Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəxsi aləti edənlərə nifrət!”
(24.səh.233) – deyə kəskin şəkildə bildirməklə bərabər, “kafe-şantanlardakı azarlı
matişkələrə pulu xəzəl kimi səpələyərək onlardan öz arvadlarına xəstəlik gətirən
cavanlara” (24.səh.426) birbaşa və açıq şəkildə müraciət edərək tibbi-gigiyena
maarifçiliyini də öz üzərinə götürürdü. Məhz bu vətənpərvərlik sayəsində
H.Zərdabi, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.Nemanzadə, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, M.Rəsulzadə, Ü.Hacıbəyov kimi peşəkar jurnalist və naşirlər ictimi
fikrə fəal təsir göstərərək mətbuatın dördüncü hakimiyyətə çevrilməsi prosesində
yaxından iştirak edirdilər.
İki əsrin ayrıcından başlayaraq ictimai fikri arxasınca apara bilən “Şərqi-
Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, ”Molla Nəsrəddin”, “Təzə həyat”, “Tərəqqi”,
46
“Təkamül”, “Həqiqət”, “Açıq söz” kimi onlarla mətbuat orqanları maarifçilik
prinsiplərinin qəti müəyyən olunmasına münbit şərait yaratdılar.
Böyük Sabirin “Dindirir əsr bizi, - dinməyiriz” şeri milli maarifçiliyin
pasportuna çevrildi:
“Dindirir əsr bizi, dinməyiriz,
Atılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!” (73.səh.275).
Maarifçiliyin parlaq nümunəsi olan bu kiçik şerdə xalqın əsrdən geri
qaldığını yana-yana deyən müəllif “quş kimi göydə uçan” əcnəbilərin çatdığı
texniki tərəqqiyə həsəd aparmaqla yanaşı, “bizi yerə gömən”, geriliyimizin əsas
səbəbkarlarını da dəqiqliklə göstərir.
Tərəqqiyə tələbat o həddə çatmışdı ki, milli romantizmin parlaq
nümayəndəsi H.Cavidin “İblis” əsərində Vasifin dilindən yazdığı:
“Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” (46.səh.211) sözləri də
müəllifin maarifçi ideyalarını əks etdirirdi.
Maarifçiliyin tənəzzülündən sonra hiss və hissiyyat elementlərini önə çəkən
sentimentalizm cərəyanı yarandı. Bu cərəyan sinfi qarşıdurmalarda fəal mövqe
tutmadığından üçüncü təbəqə sayılan kəndlilərin aləminə zidd əxlaqa və idraka
qarşı yönəlmişdir. İctimailiyi deyil, fərdiliyi önə çəkən sentimentalizmin parlaq
nümayəndəsi olan Süleyman Sani Axundovun “Qonaqlıq” hekayəsində bol yeyib-
içmiş bəy, tacir, alim, ruhani və zabitin hər biri məhz özünün dövlətin sütunu
olduğunu israr edir. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkərkən bəhs təzələnir və
onlar arabada taxıl kisələri gətirmiş qoca kəndliyə üz tuturlar. Bu mübahisəyə
müdaxilə edən müəllif kəndlinin dilindən öz ictimai üslubunu təsdiq edir: “Ey
ağalar düzünü axtarsanız hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük
daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə heç bir hökumət
yaşaya bilməz” (8.səh.15) qənaəti sentimentalizmin təzahürünə çevrilir.
Milli dramaturgiya tarixində ötəriliyi ilə yadda qalmış sentimentalizmdən
fərqli olaraq burada ictimai üslub kimi əsaslı şəkildə kök salmış romantizm və
maarifçilik yeni şəkildəyişmələrdə təzahür edirdi.
XX əsrin əvvəllərindən bir sıra mütərəqqi dəyələr meydana çıxsa da,
cəmiyyətdəki mövcud feodal düşüncə tərzi və əxlaqı ictimai fikrin formalaşması
prosesini geriyə ataraq romantizmin maarifçiliklə sembioz ifadəsinə şərait yaratdı.
Nəticədə iki ədəbi cərəyanın qovuşmasından romantizm daxilində maarifçi
təmayül meydana çıxdı. Ədəbi prosesdə paralel olaraq mövcud olan tənqidi
Dostları ilə paylaş: |