49
İtaliyadan heykəltəraşlıq nümunələri, varlı ailələrin sifarişi ilə digər Şərq
ölkələrindən ekzotik bitki, heyvan və quşlar da gətirərdi. Suraxanski
(Ç.Mustafayev) küçəsindəki zəngin mənzildə müxtəlif cənnət quşları ilə əhatə
olunmuş Səadət xanım məharətlə atasının onun üçün məxsusi İtaliya səfərlərinin
birindən gətirdiyi qoşa gümüş şamdanlı fortepianoda ifa edirdi.
18 iyul 1902-ci ildə 1286 saylı diplomla təhsilini başa vuraraq Bakıya
qayıdan Məhəmməd Həsən Səadət xanımla nişanlanır və qızın yaxın qohumlarının
təkidi ilə kəbin kəsilərək bu məsələ rəsmiləşdirilir. Gümüş şamdanlı fortepianonu
da cehiz kimi ər evinə gətirən Səadət xanım, “Pəncərədən daş gəlir” sevimli xalq
mahnısını oxuyan Məhəmməd Həsəni şövqlə müşayiət edirdi. Bir neçə gündən
sonra isə Məhəmməd Həsən bəy Moskvadan, milyonçu Şəmsi Əsədullayevin
(1840-1913) işlər müdirindən aldığı dəvətə əsasən oraya gedib neftayırma
zavodunun tikintisində çalışmağa başlayır. 1902-ci ilin yayında Məhəmməd Həsən
bəyin təsirilə bibisi oğlu, 1885-ci il təvəllüdlü Məmməd Yusif Cəfərov uğurla
imtahan verib Moskva hüquq fakultəsinə qəbul olur. Məmməd Yusifin atası
Hacıbaba savadlı mirzə olsa da, oğlunun təhsil haqqını ödəyə bilmədiyindən
ailənin gümanı yalnız tələbələrə toplanılan yardımlara qalır. Yardımlar isə sistemli
şəkildə olmadığından doğma yurddan uzaqda təhsil alan tələbələr bir çox hallarda
çətinliklərlə üzləşirdilər.
20 mart 1903-cü ildə Novruz bayramı münasibətilə doğma Bakıda olan
gənc mühəndis M.Hacınski Avropa və Rusiyada təhsil alan kasıb müsəlman
tələbələrə yardım kompaniyalarında da yaxından iştirak edir. 22 mart 1903-cü il
“Kaspi” qəzetinin 57-ci sayındakı elanda: “Novruz bayramı münasibətilə tələbələrə
H.Məlikov beş, M.Hacınski beş, Peterburq Dağ Mədən İnstitutunu bitirmiş Fərrux
bəy Vəzirov isə iyirmi beş manat yardım etmişdir” (132) məlumatı artıq onun
dostlarının Həsən bəy Zərdabi kimi xeyriyyəçinin tutduğu yolu davam etdirdiyinə
işarədir.
Məhəmməd Həsən bəy Hacınskinin şəxsi arxivində saxlanılan min bir
əziyyətlə sürgünlərdə belə qorunub bu günümüzə gəlib çıxmış bir məktub o dövrün
dəqiq mənzərəsi ilə yanaşı, iki gəncin keçirdiyi psixoloji məqamları da bir əsrdən
sonra bizlərə çatdırır:
“Mənim mələyim, əziz Səadətim. İndi mən gecəni yatmayıb avtomaşınların
bir çoxunu işə çıxartmışam və işçiləri də sübhədək işləməyə vadar etmişəm. Lakin
narahatam, kiminsə yatması səbəbindən yanğın törəyə biləcəyindən, mən özüm də
yatmayıb yuxulu-yuxulu gəzərək hamını nəzarətdə saxlayıram.
Burada dəhşətli dərəcədə soyuq olsa da, hələ də yay plaşında olduğumdan
bərk soyuqlamışam. Lakin bunların hamısı müvəqqəti çətinlikdir. Mən bunlara
məhəl qoymayıb səbirsizliklə sənin oğlumla birlikdə yanıma qayıdacağını
gözləyirəm. Bax ha, mütləq oğlanla. Əgər qız olsa, hələ üstəlik sənə oxşasa onu
50
Bakıda qoy. Nədi yoxsa hirsləndin?... Eybi yoxdur, qız da olsa özünlə gətir, sənin
doğacağın uşaq, istər oğlan olsun, istər qız, mənim üçün eyni dərəcədə sevimlidir...
Heç özüm də bilmirəm qız istəyim yoxsa oğlan.
Səadətim, sən atanla məktublaşırsanmı? Əgər məktublaşırsansa, ona
mütləq yaz ki, Məhəmməd Həsən məni burada qoyub Rusiyaya qaçıb. Qoy bir az
hirslənsin. Yoxsa o çox xoşbəxt yaşayır.
Səadətim, heç bilmirəm, biz nə zaman görüşəcəyik. Mən çox istəyirəm ki,
səni də buraya gətirim. Lakin sən hələ uşaqsan, həyatı tam anlamırsan... İndi də
yəqin, Allah bilir fikrinə nələr gəldi...başqa cür düşünsən onda mənim barəmdə
günaha batarsan. Mənim səndən başqa heç kimim yoxdur. Burada yad diyarda
mən xəstələnsəm, heç kəs mənə bir içim su da verməz. Sən mənimlə olanda isə
məni sevib qayğı göstərənin yanımda olmasından hədsiz qürur duyacağam.
Sən elə düşünürsən ki, həyatda dürüst adamlar çoxdur? Axı bir çox
hallarda adamlar pula, zahiri gözəlliyə və daha nəyəsə görə evlənirlər. Mənsə
sadəcə səni həmişəlik sevirəm və sevəcəyəm! Puluna və ya zahiri gözəlliyinəmi
görə? Əsla yox. Heç bilirsənmi nə üçün yox? Çünki əvvəla sizdə olmayan puldan
danışmağa dəyməz, üstəlik sənin elə bir zahiri gözəlliyin də yoxdur, əgər olsaydı
belə beş-altı ildən sonra ondan əsər-əlamət qalmazdı. Və onda mən səni
unutmalıydım.
Bəlkə sənin qohumlarına görə evlənirəm? Fəqət Sultan Əhməd, Molla Talıb
və yaxud sənin atan hansı işə yaraya bilərlər? Bəs o zaman mən nəyə görə səni
belə ürəkdən sevirəm? Hətta həyatımdan da çox sevirəm?... Sənin həssas qəlbinə,
sənin dürüst tərbiyənə və mənə sədaqətinə inandığıma görə əzizim. Axı sən bu
həyatda mənə doğma bacı kimi münasibət göstərirsən.
İndi isə keçək sənə. Mənim müşahidəmə görə sən də məni çox sevirsən.
Lakin nəyə görə? Xarici görünüşüm o səviyyədə deyil, dövlətiməmi görə? İndi
cibimdə cəmisi 17 rubl 33 qəpik pul var. Qohumlarıma görəmi? Vallahi ki, bilirsən
ki, o da yoxdur. Buna baxmayaraq sən məni sadəcə sevirsən və sevməkdə davam
edirsən. Çünki mən sənə ruhumu vermişəm. Bilirsən ki, yalnız mənim yanımda
sakitlik və rahatlıq tapacaqsan.
Hansı ki, heç tanrı sənə doğma qardaş versəydi belə, bu güvənliyi əldə edə
bilməzdin. İndi mən bu missiyanı daha yüksək səviyyədə həyata keçirirəm. Çünki
sənin bu dünyaya gəlməmiş qardaşın bu hüququ mənə etibar etmişdir. Odur ki mən
ölsəm də səni bu dünyada yalnız qoymaram. Mən sənə olmayan bacını da əvəz
edərəm. Bax məhz bu dəyərlərə görə biz bir-birimizi sevirik. Bu elə bir əbədilikdir
ki, daim dünyada qalır. Nə qədər ki, mən sağam və sən sağsan yox, bizdən sonra
da bu əbədilik yaşayacaqdır. Əksinə zaman keçdikcə bu daimilik daha da
güclənəcəkdir. Bunu daha yaxınlarda uşaqlarımız reallaşdıracaqdır.
Dostları ilə paylaş: |