25
xəncərlə öldürülmüşdü. Qafqazda olduqca geniş yayılmış adətə görə qatil izsiz-
soraqsız gizlənmişdi” (99.səh.113). Çarın 12 iyun 1903-cü il fərmanına görə
Qriqoryan kilsəsinin əmlakının dövlət müəssisələrinin ixtiyarına keçirilməsindən
və kilsə məktəblərinin Maarif Nazirliyinə verilməsindən hiddətlənən ermənilərin
cəlb olunduqları ayrı-ayrı terror hadisələri ilə yanaşı, artıq kütləviləşən silahlı
təxribatlar da jurnalist Veliçkonun nəzərindən qaçmırdı: “29 avqust 1903-cü ildə
Qars şəhərində Quba alayının kazarmalarının yaxınlığındakı xəlvət bir dalanda
Tanoyanın mənzilində Amerika vətəndaşı, erməni Con Naxikyan əl qumbaraları
hazırlamaqla məşğul idi. Görünür ki, bu vətənpərvər və onun silahdaşları kürdlərlə
vuruşmağa yox, Əlahəzrətin 12 iyun fərmanına qarşı dinamit və başqa partlayıcı
maddələrin vasitəsilə ilə qəti etiraz etməyə hazırlaşmışdılar. Bu caniləri allah-təala
özü cəzalarına çatdırdı: partlayış baş verdi və onlar yerlərindəcə gəbərdilər”.
Qanuna itaətsizlik əmrini vermiş Eçmiədzin patriarxının razılığı ilə Azərbaycan
ərazisində törədilən təxribatlar da müəllifin nəzərindən qaçmır: “29 avqust
Yelizavetpolda, şəhər kənarındakı erməni kilsəsinin qabağında zəng səsi ilə
dağılışmaq tələbinə daş “yağışı” və tapança atəşləri ilə cavab verərək polisləri və
qarovul dəstəsini geri çəkilməyə məcbur edən bir neçə min erməni yığışmışdı.
Özünü iğtişaş yerinə çatdıran qoşun hissələri odlu silahdan istifadə etməyə məcbur
oldular və kütlə yeddi meyidi, 27 yaralını orada qoyaraq qaçıb dağılışdı”
(99.səh.115). Və nəhayət, tarixən erməni fitnələrinin mərkəzi sayılan, o dövrdə
ikinci Paris hesab edilən Şuşadakı təxribatlara da toxunan Veliçko yazır:
“Aşağıdan yuxarıya kimi yerli ermənilərin siyasi həyəcanı və qeyri-adi
həyasızlıqları ilə çoxdan məşhur olan Şuşada 12 sentyabrda kilsə əmlakının dövlətə
verilməsinin qəbulu vaxtı erməni kütləsi son dərəcə bərk səs-küy qaldırdı və hədə-
qorxu ilə qubernatorun mənzilinə tərəf yollandı. Qoşunlar onlarla döyüşə girməyə
məcbur oldular, ölənlər və yaralananlar oldu. Bununla bərabər, Şuşada ruhanilər
irəli çıxmırdı. Bir çox başqa məntəqələrdə kilsə əmlakının təhvil verilməsi bu cür
iğtişaşlarla müşayiət olunurdu. Siyasi qətllər davam edirdi” (99.səh.116).
İmperiya mənafeyinə xidmət göstərən “Qafqaz” qəzetinin redaktoru
V.L.Veliçko XIX əsrin otuzuncu illərindən başlayaraq Qafqaza köçürülmüş
təriqətçi slavyan əhalinin türk-rus müharibəsindəki rolunu belə dəyərləndirir:
“Onlar rus dövlət və xalq işinə nəticədə xeyirxahcasına münasibət bəsləyirdilər,
çoxları qoşunlarda həvəslə xidmət edirdi. 1877-1878-ci il müharibəsi zamanı
təriqətçi kəndilər öz qoşqu nəqliyyatı vasitələri ilə bizim qoşuna son dərəcə yüksək
xidmət göstərmişdilər. Onların bu cəsarətini əlahəzrət Qafqaz canişini və onun
davamçısı, knyaz A.M.Dondukov-Korsakov layiqincə qymətləndirmişdir”
(99.səh.169).
Tiflisdə çıxan “Kavkaz” qəzetinin 1896-cı il saylarındakı Azərbaycana dair
dərc olunmuş məlumatlarını nəzərdən keçirməklə o dövrün ictimai-siyasi
26
vəziyyətini də xarakterizə etmək olur. Belə ki, “Kavkaz” qəzetinin 1896-cı il 181-
ci sayında professor N.Axundovun üzə çıxardığı: “Şuşada baş verən əcaib
oğurluqda şairə Natəvanın evindən qiymətli tarixi və bədii əsərlər də qarət
olunmuşdur...” (7.səh.64) məlumatı bir tərəfdən Çingiz xan nəslinin nümayəndəsi,
Pənahəli xanın törəməsi xan qızı Natəvanın təcavüzə məhkumluğunu əks etdirir və
onun köməksizliyi ürək ağrısı yaradır. Digər tərəfdən isə çar üsul-idarəsinin
xalqımıza qarşı biganəliyi təsdiq olunur. X.Natəvanın (1832-1897) məruz qaldığı
siyasi repressiyaların nəticələrini “Kavkaz” qəzetində gedən informasiyalarda
aydın şəkildə görmək olar. Qəzetin 186-cı sayındakı “Xurşudbanunun Məqribova
verəcəyi 189 manat borc əvəzinə “Sultanbud” malikanəsi açıq satışa qoyulmuşdur”,
188-ci sayında isə “Xurşudbanu 5 min manat borcu ödəmək üçün zinət əşyalarını
satışa qoymuşdur” elanı şairənin vəziyyətinin çıxılmazlığını bildirir. Professor
Ş.Qurbanovun yazdığı kimi: “Son elan bir qadın və ana üçün ən dəhşətlisi idi. Bu,
son vasitə, son ümid, daha doğrusu ümidsizlik idi. Malı-mülkü, əynindəki zinət
şeyləri satılıb qurtarandan sonra quruca canı qalırdı ki, onu da təslim etmək üçün
çox gözləmək lazım gəlmədi. Yenə də qəzet elanlarına müraciət edək: “Kavkaz”
qəzeti 2 oktyabr 1897-ci il: “Dünən Şuşada Qarabağ xanı general-mayor
Mehdiqulu xanın qızı, şairə və yazıçı, knyaqinya Usmiyeva vəfat etmişdir”
(48.səh.210-211). Qeyd edək ki, xan qızı Natəvanın məhz Qafqaz canişini
M.S.Vorontsovun təhrikilə çar generalı, kumık xanının nəslindən olan knyaz Xasay
bəy Usmiyevə ərə getməsi bir sıra hüquqi problemlər də yaratmışdı. 1864-cü ildə
ailəsini atıb gedən Xasay bəy Usmiyevin knyaz Loris Melikovla münaqişəsi
nəticəsində sürgünə göndərildikdən və orada özünü öldürdükdən sonra boşanmaq
üçün hüquqi əsas qazanmış Natəvanın mirası birinci nigahından doğulan iki
uşağına qaldığı üçün Usmiyevdən sonra 1869-cu ildə şəriət qaydası ilə ərə getdiyi
Seyid Hüseyndən olan beş övladının əmlak hüququ pozulmuşdu. İkinci dəfə öz
arzusu ilə ailə qurmasına baxmayaraq Natəvan maddi və mənəvi iztirablara düçar
olur. Onun böyük oğlu Mehdiqulu xan anası ilə aralarındakı konfliktlərin
nəticəsində evdən baş götürüb gedir. Bir qədər sonra isə Natəvanın 16 yaşlı oğlu
Mirabbas vəfat edir. Ş.Qurbanovun qeyd etdiyi kimi: “1887-ci ildə böyük oğlu
Mehdiqulu xan Usmiyev Qarabağa köçüb ata-baba mülkünə sahib oldu və ana bir,
ata ayrı qardaş-bacılarına demək olar ki, heç nə vermədi. Bu, Natəvana çox ağır
təsir göstərdi. Bir az sonra 1891-ci ildə ikinci əri Seyid Hüseynin ölümü də ona son
zərbəni yendirdi və şairə bir daha qəddini düzəldə bilmədi” (48.səh.209-210).
Bütün sənətkarların himayəsinə sığındığı, ədəbi məclislərin yaradıcısı, uzaq
şəhərlərdə oxuyan tələbələrin hamisi sayılan Natəvan 1872-ci ildə “Məclisi-Üns”
ədəbi məclisini yaradaraq otuza yaxın ədibi öz ətrafına toplamışdı. O, həmçinin
1873-cü ildə sıldırım qayalıqlardan keçən yeddi kilometrlik məsafədən Şuşaya
içməli su çəkdirmişdi. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi
Dostları ilə paylaş: |