17
səsləndilər. Məktəb, mətbuat, xeyriyyə, maarif cəmiyyətləri ortalığa çıxdı (15.səh.
175),
“Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” və sair
mətbu orqanlarda saysız-hesabsız publisistik yazıları dərc olunan Ü.Hacıbəyov
(1885-1948) 15 may 1906-cı il “İrşad”ın 113-cü sayında çap olunan “Dövlət
dumasının açılışı” məqaləsindəki ölkənin siyasi vəziyyəti dəqiqliklə təhlil edərək
yazır: “Yapon davasında rus dövlətinin basılması camaatı qandırdı ki, belə
hökumət ilə nə camaat saxlamaq olar və nə də düşmən qabağına çıxmaq olar. Ona
görə bu cür hökumətə bir nəhayət çəkmək lazımdır. Camaatın bu arzusu elə
şiddətli idi ki, bunu hüsulə gətirmək üçün candan və maldan keçməyi lazım bildilər
və habelə iğtişaş başlandı. Əvvəl hökumət iğtişaşı yatırmaq üçün elə bir çox
şiddətli tədbirlər görməyi lazım bilmədi, çünki Yapon kimi balaca (lakin azad)
dövlətə basılmağı onu Yapon davasını əvvəldən heç arzu etməyən millət qabağında
şərməndə etmişdi” (24.səh.28). Böyük dövlətin zəifliyini demokratik islahatların
aparılmamasında görən müəllif siyasi iflasın əsas səbəbini ölkədəki mövcud
bürokratik mexanizmin ətalətdə qalması ilə əlaqələndirərək yazırdı: “Hanki
məmləkətdə ki, bürokratlar güclü və ixtiyarlıdır, o məmləkətin işi xarabdır, çünki
ixtiyarlı bürokratın vücudu ilə millət özü heç bir iş görə bilməyib, həmişə
bürokratların buyurduğuna əməl etməyə məcbur olar və heç bir ixtiyarı olmaz ki,
durub bürokratların tutduğu əməllərə nəzər yetirsin ki, görək aya, bu əməllər
millətdən ötrü nə qədər ağırdır və milləti əzməkdə bürokratın nə haqqı var. İxtiyarlı
bürokrat millətə qəyyum hesab olunur, millət dəxi onun qulu yerində görünür. Heç
insaf deyildir ki, millət öz xeyir və şərini gözəlcə anladığı yerdə durub uşaq kimi
qəyyum əlinə verilə; halbuki bu qəyyum öz mənsəbini bütün millətin xeyrinə
satmaz. İrana və Osmanlıya bir nəzər edək. Millətin qoyun sürüsü kimi dolanıb
pərişan və sərgərdan qalmağına səbəb nədir? Bürokratiyanın gücü və ixtiyaratı...”
(24.səh.35). Bu məqalədə demokratiyanın üç əsas göstəricisindən biri olan azad
seçkinin həyata keçirilməsi mexanizminə də toxunan Ü.Hacıbəyov “Seçki gərək
ümumi külli olsun, yəni uşaq, dəli və qoşun əhlindən savayı hamının vəkil seçməyə
ixtiyarı olsun (ağanın və nökərin ixtiyarı bir olsun). Bu ixtiyar kişiyə verilən kimi
arvada da verilsin. Seçki məxfi olsun, yəni hər seçkiçi hansı adamı istəyirsə, onun
adını xəlvətcə yazıb versin, çünki seçki bu cür məxfi olmayıb aşkar olsa, o surətdə
zəif adamlara qüvvətlilər güc edib istəmədiyi adamı seçməyə məcbur edərlər.
Seçki gərək vasitəsiz olsun, yəni haman birinci seçkidə seçilən adamlar vəkil
adlanıb millət məclisi qurmağa getsinlər” yazmaqla siyasi maarifçiliyin əsaslarını
geniş oxucu kütləsinə çatdıraraq sakinin vətəndaşa çevrilməsi prosesində müstəsna
rol oynayırdı.
1 yanvar 1910-cu il tarixli “Həqiqət” qəzetinin 1-ci sayında çap olunan “Öz
qədrimizi bilmirik” yazısında “Belə bir ağır şərait içində yaşadığımız halda bizim
18
içimizdən ingilislərin şekspirlərinə müqabil adamlarımız olmadığı təbiidir, lakin
orasını unutmamalıdır ki, bizim millətimiz içində indi və ya gələcəkdə şekspirlər
istedadında yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasıdır ki,
biz öz cəhalətimizlə o dahilərin zühuruna mane oluruq. Onlar üçün müsaid şərait
hazırlamırıq ki, öz zühurları ilə həm bizi sairləri içində başıuca etsinlər, həm də
insaniyyətə bir xidmət göstərsinlər” (24.səh.142) yazan, cahil mühitə qarşı
barışmaz olan Ü.Hacıbəyov məqalələrində olduğu kimi pyeslərində də cəhaləti,
geriliyi şər qüvvələrin daşıyıcısı kimi dramaturji ziddiyyətin tərəfinə çevirə bilirdi.
“Türkləşmə, islamlaşma və müasirləşmə” formulunu öz musiqisində üzvi şəkildə
yarada bilmiş Üzeyir bəyin publisistikası da xalqı işıqlı gələcəyə səsləyən
maarifçilik mayakına çevrildi.
Məlumdur ki, iqtisadi səviyyəsi zəif olsa da, mədəniyyətcə yüksək ölkənin,
xalqın, qövmün iqtisadiyyatı güclü, lakin mədəni səviyyəsi aşağı olanlar tərəfindən
işğalı ikili mədəniyyət sistemini yaradır. Götürək elə ərəb-fars mədəniyyət
sisteminin məhsulu olan Firdovsinin “Şahnamə” əsərində işğalçının sifarişində belə
islami dəyərlərin deyil, İran səltənətinin tarixi keçmişinin mədh olunmasını.
Deməli, dövlətçilik ideyasının mövcud olduğu təqdirdə hər hansı bir gəlmə
ideyanın kök atıb boy verməsinə münbit şərait yarana bilmir.
Mərkəzi dövlət strukturundan məhrum olan, xanlıqlar şəklində olsa da, otuz
il əsarətə müqavimət göstərən Azərbaycanın mədəni səviyyəsi işğalçı Rusiyadan
çox yüksəkdə dururdu. Mətin əqidə sahibi olan istiqlal salnaməçimiz Mirzəbala
Məmmədzadənin göstərdiyi kimi “Rusiyada o zamandan ta 1861-ci ilədək rəsmən,
dövrümüzə qədər isə felən bir köləlik sistemi mövcud olub, hər bir haqq və
hüquqdan məhrum olan kəndli bazarda əşya kimi satılırdı. XIX əsrin rus
qəzetlərində və rəsmi jurnallarında tez-tez belə elanlar oxumaq mümkün idi:
“Köhnə bir araba və iki qız satılır. Gənc və sağlam olan qızlar toxumaq da
bacarırlar. Təcrübə üçün baxmaq da mümkündür”. Və bu Fransa inqilabı
ideyalarının, insan hüququ Bəyannaməsinin prinsiplərinin bütün dünyaya yayıldığı
dövrdə baş verirdi. Halbuki, Azərbaycanda istər böyük Çingizin qanunundan qalan
milli, istərsə də Quranın təsiri ilə dini ənənə hökmünə uyğun olaraq “Türk kölə ola
bilməzdir” və kölə azad etmək savab sayılırdı” (57.səh.15).
15 aprel 1899-cu ildə çarın imzaladığı “Zaqafqaziyaya köçürülməyə icazə
haqqında qanun” əsasında provaslav dininə mənsub ilk rus köçkünlərinin kütləvi
olaraq Azərbaycanın kənd ərazilərinə yerləşdirilməsi çarizmin müstəmləkə
siyasətinin açıq təzahürü oldu. 22 dekabr 1900-cü ildə qəbul olunmuş yeni qanunda
isə rus mənşəli kəndlilərə vəsait və yerlərdə torpaq ayrılması məsələsi qoyulurdu.
Müstəmləkə siyasətini yürüdən və qeyri-xristian əhaliyə qərəzli münasibət yaradan
bu sərəncamı həyata keçirən məmurlar 1901-ci ilin yazından “qonaqlar” üçün
torpaq sahələri müəyyənləşdirdilər. tədqiqatçı D.İsmayılzadənin göstərdiyi kimi:
Dostları ilə paylaş: |