57
Azərbaycanda ruh yüksəkliyi ilə yanaşı, rus qoşunlarına qarşı mübarizə üçün də
real şərait yaratdı.
Qafqaz türklərinin milli azadlıq ideyalarını məhv etmək qəsdi ilə on illik
bədnam hakimiyyətinin sonunda, 1915-ci ilin baharında yetmiş səkkiz yaşlı canişin
ermənipərəst Vorontsov-Daşkovun əmri ilə dinc acar əhalisinin rus ordusu
tərəfindən gülləbaran edilməsi çarizmin əsl simasını ifşa etdi. Dövlət Dumasında
müsəlman deputatların rəsmi bəyanatından sonra Vorontsov-Daşkovun yerinə
böyük knyaz Nikolay Nikolayeviçin təyin edilməsi yerli müsəlmanları nisbətən
sakitləşdirdi. Hətta Tiflisə gedərkən yolüstü Bakıda görüş keçirən Nikolay
Nikolayeviçin güzəştləri sayəsində istiqlal ideyalarının formalaşmasında müstəsna
rol oynamış M.Ə.Rəsulzadənin “Açıq söz” qəzetinin nəşrinə də icazə verildi.
2 oktyabr 1915-ci il “Açıq söz” qəzetinin birinci sayındakı “Müxtəlif
partiya və təbəqələrin müharibəyə münasibəti” məqaləsində M.Ə.Rəsulzadə birinci
dünya müharibəsində dünyanın yenidən bölüşdürülməsi davasından sonra “əzilən
ölkələrin müstəqilliyini möhkəmləndirəcək və sülhlə bitəcək” müqavilə ilə
müstəqilliyə nail olmanın imkanlarını “Ancaq dövlətçilik uğrunda öz
mübarizəsində birləşmiş xalqlar istiqlaliyyət qazanacaqlar” (75) – deyə
uzaqgörənliklə şərh edirdi. Bununla belə müəllif: “Bütün vətəndaşlarla birgə biz də
hər şeydən əvvəl Rusiyaya uğurlar və qələbə diləməliyik” yazaraq hüquqi
normalara riayət etməklə hadisələri tələsdirməməyə çağırır, eyni zamanda özünü
və qəzeti sığortalayırdı.
1 yanvar 1917-ci ildə nəhayət, Şollar su kəmərinin tikintisi başa çatır.
Şəhəri sutkada 3 milyon vedrə su ilə təmin edən bu kəmərin açılışı təntənəli
bayram mərasimi ilə qeyd olunur.
DİPLOMATİK FƏALİYYƏT
28 fevral 1917-ci il inqilabından sonra Cənubi Qafqazda yaranan mülki
hakimiyyət üzvlərindən biri də M.Y.Cəfərov idi. 16 mart 1917-ci ildə Kazak
dəstəsinin müşayiəti ilə qatarla Tiflisdən Bakıya gələn M.Y.Cəfərov Şəhər
Dumasının üzvləri tərəfindən rəsmi protokol qaydada qarşılanır.
22 mart 1917-ci ildə Rusiya burjua-demokratik fevral inqilabından sonra
müsəlman demokratik “Müsavat” partiyası ilə altı illik gizli fəaliyyətini açıq
şəkildə davam etdirərək M.Hacınskini Müvəqqəti İcra Komitəsinin milli müsəlman
şurasına sədr, Məhəmməd Əmin Rəsulzadəni isə onun müavini seçir. 1917-ci ilin
aprelində Qafqaz müsəlmanlarının Bakıda, may ayında isə Rusiya müsəlmanlarının
Moskvada keçirilən qurultayında qoyulan milli-məhəlli muxtariyyət və ya mədəni
muxtariyyət barədə müzakirələrdə fəallıq göstərən M.Hacınski həmin il nəzərdə
tutulan Rusiya parlamentinə Azərbaycandan vəkil seçilir.
58
1917-ci ilin fevral inqilabı M.Ə.Rəsulzadənin təbirincə desək: “Siniflərə
hürriyyət, məhkum millətlərə muxtariyyət” imkanı kimi Azərbaycanın bütün
zümrələrinin və xüsusən demokratik ziyalıların ürəyincə oldu. Bu ərəfədə yaradılan
dini-milli
təşkilatlar
Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi,
M.H.Hacınskinin icraiyyə komitəsinin sədri olduğu müsəlman ictimai cəmiyyətləri
şurasında birləşdilər.
Rusiyada çarın hakimiyyətdən getməsi imperiya ərazisində böyük çaxnaşma
yaratdı. İndi rəhbərsiz qalaraq hakimiyyət böhranı keçirən ölkənin daxilində xırda
dövlətlər yarandı və öz əmlaklarını itirmək qorxusu keçirən zənginləşmiş
sahibkarlar çaşqın vəziyyətə düşdülər. Yeni hakimiyyətin yaranmaması, əvvəlkinin
iflic vəziyyətində olması idarəetmə mexanizmini arabanın beşinci təkərinə
çevirmişdi. Bakının general qubernatoru hörmətlə yola salınsa da, Gürcüstandakı
valisi aradan çıxmağa məcbur oldu. Orduda qarışıqlıq nəticəsində rus əsgərlərinin
öz zabitlərini öldürməsi adi hala çevrildi.
15 aprel 1917-ci ildən beş gün davam edən Qafqaz müsəlmanlarının Bakı
qurultayında ideyaca bir-birini tamamlayan “Türk-Ədəmi Mərkəziyyət” və
“Müsavat” partiyalarının iradəsiylə milli muxtariyyət ideyasının açıq şəkildə
qoyulması siyasi platformanın dəqiqliyinə dəlalət edirdi.
1 may 1917-ci ildə Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının
qurultayında bütövləşərək ümumxalq partiyasına çevrilmiş “Müsavat”ın mərkəzi
komitəsində M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ş.Rüstəmov kimi siyasi liderlərlə
yanaşı, M.H.Hacınski də təmsil olunurdu.
10 iyunda isə M.Hacınski dostlarının məsləhəti ilə rəsmi olaraq ərizə verib
“Müsavat” partiyasına daxil olur.
14 iyul 1917-ci ildə Bakı Müsəlman İctimai-siyasi Təşkilatları İcraiyyə
Komitəsinin iclasında yenidən yaradılan komitənin başçısı Ə.Topçubaşov,
M.Hacınski və M.Rəsulzadə isə onun müavinləri seçilirlər.
Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının 23 sentyabr 1917-ci il 25-ci
sayındakı “Millətlər” felyetonunda Qafqazda istiqlalın qazanılması üçün yaranmış
tarixi imkanın əldən veriləcəyi barədə narahatlığını gizlədə bilmir: “Axır vaxtlarda
Qafqazda və Rusiyada çıxan qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb
nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda
Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı. Bir surətdə ki, Qafqaz
millətlərinin içində elə bir millət tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı
Ukraynadan artıq olsun. Məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları
buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda
çalışmağa haqları ola bilərdi, amma onları bircə şey saxlayır, o da məhz insaniyyət
və ədəblilik.
Dostları ilə paylaş: |