89
istiqlal mücadiləsi xatirələri” kitabındakı Azərbaycan Cümhuriyyətinin süqutunun
səbəbləri bölməsində oxuyuruq: “Hökumətimizin daxilində çox məşum rol
oynamış Məhəmməd Həsən Hacınski gizli olaraq Moskva agentləriylə sözləşmiş,
hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. Moskvanın göstərişi ilə hərəkət
etmişdir. Əsl xəyanətkar olan bu bədbəxt xainin hərəkəti pula tamahı olmayıb
alçaqlığından irəli gəlmişdir.” (83.səh.100). Əks kəşfiyyat idarəsinin rəisi kimi
ciddi bir vəzifə tutmuş şəxs tərəfindən, istiqlal tariximizdə müstəsna rol oynamış
Məhəmməd Həsən Hacınskiyə qarşı irəli sürülən bu ağır ittihamın əsas səbəbi
yalnız Nağı bəyin informasiyasızlığı olmuşdur.
Onun kitabında hörmətlə adı çəkilən, “Qafqaz general-qubernatorunun
icazəsi ilə Bakıda qəzet çıxaran, xalqın xüsusi ilə də, ziyalıların sevgisini qazanmış
və milli Azərbaycan işləri ilə məşğul olan Ağaoğlu Əhməd bəy Ağayev”in
Gəncəyə gəlişi, məscidə toplaşan xalq qarşısında çıxışı təfərrüatı ilə xatırlanır.
“Türklərlə ermənilər arasında baş verən qırğından mütəəssir olan Əhməd bəyin:
“Nə müsəlmanlıq, nə də insanlıq bu vəhşi hərəkətlə razı olmaz. Bu hadisə niyə baş
verdi, nə üçün oldu, səbəbkarı kimdir deyə tədqiqat və münaqişəyə başlasaq, heç
bir nəticə əldə etməyəcəyik. Türklər və ermənilər olub keçənləri unutmalıdırlar.
Bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı yırtıcı heyvan varsa başqa heyvanları
parçalayarlar, ancaq həmcinslərinə əsla toxunmazlar. Çox acıdır ki, vəhşi
heyvanların etmədiklərini insanlar edirlər, bir-birlərinə atılırlar. Unutmamalıyıq ki,
rus idarəsindən əsrlərcə əvvəl Qafqazda türklərlə ermənilər dost və yaxşı qonşu
olaraq yaşamışlar. Tarixdə bu xoşagəlməz hadisəyə bənzər heç bir hadisə baş
verməmişdir.” (82.səh.19) sözləri görkəmli ziyalımızın humanist dünyagörüşünü
nümayiş etdirir. Cümhuriyyət dövrü demokratiyasının yaratdığı informasiya
şəffaflığı, milli romantizm cərəyanının nəzəri əsasını qoymuş ədəbiyyatşünas,
filosof Əhməd bəy Ağaoğlunun digər xidmətlərini də təsdiq edir. Nağı bəyin
xatirələrindəki “Difai firqəsinin doğum səbəbləri” bölməsində hələ 1905-ci ildə
Ə.Ağaoğlunun milli qırğına qarşı yaratdığı “Difai” təşkilatının gördüyü işlərdən
ətratlı söhbət açılsa da, müəllifin onun rəhbərləri barədə müfəssəl məlumatı
olmadığı üzə çıxır.
Əslində həmin dövrdə ölkəyə soxulmuş bolşeviklərin öz hakimiyyətlərini
bərqərar etməsinə mane olan amillərdən biri cəza mexanizmini həyata keçirən
“ÇK” adlanan fövqəladə komissiyanın tam gücü ilə işləyə bilməməsi, Moskva ilə
müntəzəm əlaqənin olmaması və nəhayət, yerli kommunistlərin çaşqınlığıyla bağlı
idi. Belə bir vəziyyətdə zorakı bolşevik hakimiyyətindən azad olmaq imkanı
olduğundan ölkənin bütün iri yaşayış məntəqələrində üsyanlar tüğyan edirdi.
Yalnız Bakı, Gəncə və Qarabağdakı ayrı-ayrı erməni qruplaşmaları yeni iqtidar
sahibləri ilə canla-başla əməkdaşlıq edərək torpaq iddialarıyla bağlı mənfur
niyyətlərini həyata keçirmək üçün əlverişli məqam gözləyirdilər. Əyalətlə əlaqəsi
90
kəsilmiş Bakıda tezliklə aclıq hökm sürməyə başladı. Cır-cındır içində olan Qızıl
Ordu əsgərləri tərəfindən silinib süpürülmüş dükan-bazarlar boş qaldığından cüzi
miqdarda belə qida məhsulu almaq mümkünsüz olmuşdu. Bir tərəfdən işğalçı
əsgərlərin qurduğu postlar şəhərə ərzaq məhsullarının gətirilməsinə mane olur,
digər tərəfdən isə kənd əhalisi naməlum vəziyyətə düşmüş şəhərə məhsul
gətirməkdən imtina edirdi.
Əhali arasında kütləvi repressiyalar baş alıb gedirdi. Məhəmməd Əsəd bəy
“Qaçqınlıq” sənədli hekayəsinin “Çevriliş” bölməsində yazır: “Əsirləri xırda
gəmilərdə açıq dənizdə aparırdılar ki, burada da qayalı xırda Nargin adasına rəsmi
“ÇK” yerləşdirilmişdi. Həqiqətdə isə əsirləri adaya çatmamış gəmidə
güllələyirdilər və boğazlarına yük bağlayıb göyərtədən qırağa atırdılar. Nə
yaxınlarının, nə də bir başqasının onların taleyindən xəbər tutmağa ixtiyarı yox idi.
Hətta Azərbaycan Sovet hökumətinin də, çox vaxt tutulanlardan kimin başının
əkildiyindən xəbəri olmurdu. Minlərlə insan bu yolla həyatlarını kayb etdilər.
Özünün planlı qəddarlığında və dövlətüst gücündə “ÇK”-nın əməlləri mənə
müqəddəs inkvizisiya haqqında oxuduqlarımı xatırladırdı. İnsanlar izsiz-tozsuz
yoxa çıxırdılar, hətta ən yaxın qohumları da, onların taleyindən soraq tutmağa cürət
etmirdi. Amma kim buna çalışırdısa, ona dustaqla Nargində görüş vəd edilirdi; onu
gəmiyə mindirirdilər və o, ömürlük itkin düşürdü, yəni adaya çatar-çatmaz
göyərtədən qırağa atılırdı.” (51.səh.189).
“ÇK”-nın gecə-gündüz fəaliyyət göstərdiyi bir dövrdə Rusiyada, eləcə də
əyalətlərdə dəhşətli aclıq və ehtiyac hissi hakim kəsilmişdi. Minlərlə insan həbs
edilərək güllələnirdi. Stalin haqqında yazdığı kitabında Məhəmməd Əsəd bəy qeyd
edir: “Həmin dövrdə “İzvestiya” qəzetində Lenin qısa qeydlə çıxış edir: “Hər gün
mənə və həyat yoldaşıma əfv haqqında kütləvi xahişlər gəlir. Bunların hamısı
faydasızdır.” (108.səh.280). “ÇK”-nın amansız siyasəti nəticəsində aclıqdan
müxtəlif tullantılar, hətta insan cəsədlərilə qidalanan yüzlərlə ailə Türküstan və
Sibirə üz tutur.
Şura hökumətinə qarşı Azərbaycanın bütün əyalətlərində meydana çıxan
müqavimət hərəkatı sistemli olmadığından səmərəli nəticə vermirdi. May ayında
bütöv Qarabağı bürüyən üsyanlar Nuru paşanın qayıdışı ilə daha da güclənmişdi.
Tədqiqatçı Xaləddin İbrahimlinin göstərdiyi kimi: “İyunun 3-dən 4-ə keçən gecə
Nuru paşa öz hərbi birlikləri ilə Şuşaya girərək inqilabi komitənin üzvlərini və fəal
kommunistləri həbsə alıb özünü “Qarabağın hakimi” elan etmişdi.” (37.səh.44).
Görünməmiş amansızlıqla yaşayış məntəqələrini təyyarələrdən də bombalayan
Qırmızı Ordu 10-14 iyunda Bərdəni, Tərtəri və Ağdamı yenidən ələ keçirdi.
15 iyun 1920-ci ildə XI ordu Şuşanı tutduqdan sonra min iki yüz əsgərlə
İrana keçən Nuru paşanın dəstəsinin sonrakı taleyi barədə tədqiqatçı Xaləddin
İbrahimli yazır: “İrana keçən əsgərlər heç kimdən və heç yerdən kömək
Dostları ilə paylaş: |