105
Əli İsgəndər və Məmməd Yusif Cəfərov qardaşları iflic vəziyyətində yataq
xəstəsi olsalar da, onlar müxtəlif təqiblərə və əzablara məruz qalan Hacınskilər
ailəsinin hüquqi vəziyyətlərinin bərpa olunması üçün lazımi dairələrə məktublarla
müraciət edirdilər. Qeyd edək ki, 17 iyunda hökumət istefa verdikdən sonra
Gürcüstanda diplomatik nümayəndə vəzifəsini icra edən, daha sonra 14 mart 1919-
cu ildən 22 mart 1919-cu ilə qədər fəaliyyət göstərən N.Yusifbəyovun dördüncü
kabinəsində xarici işlər naziri təyin edilən, Sovet dövründə isə aqrar sektorda
şərabçılıq və pambıqçılıq trestlərində hüquqşünas kimi çalışan M.Y.Cəfərov 15
may 1938-ci ildə dünyasını dəyişərək Şağan kəndində dəfn olunur.
Tofiq və Murad Hacınskilər hərbi xidməti başa vurub evə qayıtmaq
ərəfəsində olanda müharibə başlayır. İki illik pedaqoji kurs bitirərək təyinatla
Qubada ibtidai siniflərə dərs deyən Minurə xanım məktəbin dil-ədəbiyyat
müəllimi, “xalq düşməni”nin qızı ilə evlənməyə cəsarət etmiş Əziz adlı bakılı
oğlanla yenicə ailə qurmuşdu. Ailə həyatının üç ayı tamam olmamış davaya
yollanan Əzizdən bir daha xəbər-ətər olmamışdı. Minurə Qubada rus dili müəllimi
kimi çalışdığı ərəfədə anasının təkidi ilə təcili şəhərə gələrək sürgün olunan
ailəsinə qoşulmuşdur. Sonradan orada qalsaydı bəlkə də, həyatının bir başqa cür
alınacağını düşünən Minurə ömrü boyu anasını günahlandırmaya bilmədi. O, dörd
il yeraltı şaxtada çalışdıqdan sonra nəhayət, kontorda işləməyinə icazə verilmiş,
Alma-Atada Pedaqoji İnstitutu bitirmiş, bir müddət müəllim kimi orada
çalışmışdır. Anasının yanında qalan Fatma (1915) Bakı Sənaye Texnikumunda,
Leyla isə 189 saylı orta məktəbin 9-cu sinfində oxuyurdu.
1 oktyabr 1941-ci ildə Hacınskilər ailəsinin sürgün olunması barədə qərar
çıxarıldıqda artıq cəbhəyə getməyə hazırlaşan, saçlarını da dibindən qırxdırmış
Muxtar (1913) 1941-ci ildə anası və bacıları ilə sürgün olunur. Ağır sürgün
həyatının izlərini daim özündə yaşadan Muxtar ali təhsilli maliyyəçi, Ukraynadan
sürgün edilmiş, türk əsilli Koçubəylər nəslindən olan Anna xanımla evlənir.
Onların hər ikisi maliyyə idarəsində çalışmış, Anna xanım maliyyə şöbəsinə
rəhbərlik etmiş, Muxtar isə baş mühasib kimi çalışmışdı. Lakin ailənin xoşbəxtliyi
uzun sürmür. Muxtar işdə dolaşdırılaraq həbs olunduqdan sonra mənəvi sarsıntı
keçirən Anna həyatını ömürlük Alma-Atadakı monastıra bağlayıb rahibə olur.
Həbsxana həyatından sonra ciyər xəstəliyi qazanmış Muxtar isə ömrünün son
günlərini Bakıda, bacıları Minurə və Leylanın yanında yaşamışdır.
3 oktyabr 1941-ci ildə gəmi ilə Krasnovodska gətirilən Hacınskinin xanımı,
üç qızı və kiçik oğlu Tofiq burada dadına baxmağa imkan verilmədiyi qovun-
qarpız bolluğuna sevinsələr də, onları içərisində yalnız saman olan yük vaqonunda
Şimali Qazaxıstana göndərirlər. Yolda onlar Ə.Hüseynzadənin qardaşı, Səlyanda
gimnaziya direktoru işləmiş İsmayıl bəylə tanış olurlar. Bütün eşalondakılar onu
özlərinə qeyri-rəsmi rəhbər seçirlər. O da vaqonda olan cüzi ərzağı hər kəs arasında
106
bölüşdürür, nəzarətçilərlə danışıqlara girirdi. Dəmir yolu ilə bir ay çəkən üzüntülü
səfər bitdikdən sonra bir neçə gün arabalarla tanrının nəzər diqqətindən uzaq
düşmüş yerlərə çatan Hacınskilərin danışmağa belə taqətləri yox imiş.
Qazaxıstanın Sima-Palalatinsk vilayətinin Jarmin rayonundakı Balacar qızıl
şaxtasının ərazisində məskunlaşan ailə şimal iqliminin sərt qışı ilə üzləşir. Hava o
qədər şaxtalı olurmuş ki, quyudan götürülən suyun evə çatınca donması, səhər
qonşuların köməyi olmadan gecə yağan qarın yığılıb örtdüyü qapının açılmasının
mümkünsüzlüyü ailəni heyrətləndirir.
Qonşuluqda M.Rəsulzadənin ilk övladı Lətifənin kiçik qızı Evşənlə birlikdə
gecə soyuqdan donması və bu dərdə dözməyən böyük qızı Firuzənin acı göz yaşları
içində hayqırması hamını sarsıdır. Əliheydər Qarayevin də soyuqdan donub orada
rəhmətə gedən qardaşına yas tutan anasının və bacısının ruhi vəziyyətləri ömürlük
yaddaşlarına həkk olunur.
Qazaxıstanda Milki adlı inək alaraq onun südü hesabına bir çox ailələrə, o
cümlədən Hacınskilərə də əvəzsiz yardım göstərən İsmayıl bəyin özü isə 1942-ci
ildə aclıqdan dünyasını dəyişir. Onun oğlu, Cümhuriyyət dövründə xaricə təhsil
almağa göndərilən yüz tələbədən biri olmuş Bəhram bəyin Almaniyada ailə həyatı
qurduğu Luiza xanımı 1937-ci ildə geriyə, öz vətəninə qovurlar. Luiza xanım
Almaniyada açdığı mağazaya Luiza Hacınski adını verir. Bəhram bəyin bu
xanımdan olan qızı Roya Ebruza on iki yaşından sürgündə Hacınskilərin övladları
ilə birgə şaxtadan çıxan qızılı yumağa başlayır. Onun atası isə ömürlük həbs
cəzasına məhkum edilir. İsmayıl bəyin digər oğlu Şəmsəddinin həyat yoldaşı, atası
Bayılda şokolad dükanı açmış Anna Çernışova elə sürgündə olarkən yatalaq
xəstəliyindən dünyasını dəyişir.
Ən ağır anlarda bir-birlərinə dayaq olmaq barədə ata vəsiyyəti Hacınskilər
ailəsinin gözəl-göyçək qızlarının bütün əzablara sinə gərməsinə yardım edərək
onların karına gəlir. Gündüzlər qardaşları Muxtarla şaxtada işləyən Minurə (1910)
və Fatma (1915) gecələr əllərinə keçən kitabları oxumaqla məşğul olurlar.
Sonbeşik Leyla (1922) sexdə əlcək, corab, şərf toxuyaraq cəbhəyə göndərməklə
hamının rəğbətini qazanır. Ətrafda sürgün həyatı yaşayan azərbaycanlı gənclər olsa
da, məşhur xalq düşməninin qızları ilə ailə qurmaq olduqca təhlükəli idi.
Həmin illərdə İsmayıl bəy tez-tez cavanları öz ətrafına toplayaraq
repressiyadan qorxaraq gizlətdiyi Ə.Hüseynzadənin F.Köprülüzadə ilə birgə şəklini
onlara göstərməklə yanaşı, qardaşının 1911-ci ildə Türkiyədə yazdığı “Hali vətən”
şerini də əzbərlədərmiş: “Ucundadır dilimin həqiqətin böyüyü, Nə qoydular
deyəyim, nə kəsdilər dilimi.”
Almaniyada təhsil almış, bir neçə xarici dil bilən Şamil Hacınski uzun
yoxlamalardan sonra kəşfiyyatçılar qrupuna qəbul olunaraq, İran Sənaye
Nazirliyinin texniki nümayəndəsi kimi Berlində çalışmağa göndərilir. 9 noyabr
Dostları ilə paylaş: |