109
1957-ci ildə Alma-Atada Qazaxıstan yazıçılar birliyinin sədri Muxtar
Auezovun rəhbərliyilə tərcüməçilərin ümumittifaq tədbiri keçirilir. Burada 1954-cü
ildə Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmiş, Azərnəşrdə
redaktor kimi çalışan Cahangir İldırımzadə və Şamil Hacınskinin yaxın dostu,
Azərnəşrin direktoru Adil Əfəndiyev də iştirak edirdilər. Uzun illərdən sonra
qohumları ilə görüşən Cahangir İldırımzadənin gəlişi Hacınskinin ailəsində iki qat
toy-bayram yaratdı. Çünki həmin gün doğulmuş Şamilin oğluna babası Məhəmməd
Həsənin adı verilmişdi. Bu görüşdə Cahangir bəylə Fatma xanım şahmat oynamağı
da unutmamışdılar.
9 fevral 1959-cu ildə, M.Hacınskinin ölüm günündə Tiflisə yollanan Səadət
xanım Axundovun məzarının ayaq tərəfinə bir dəstə gül qoyub həmin gün də
geriyə qayıdır. 1960-cı ildə Bakıya köçən Səadət xanım qızları Minurə və Leyla ilə
Süleyman Rüstəm küçəsindəki mənzildə yerləşir və 9 yanvar 1972-ci ildə
dünyasını dəyişir.
Bakıda Sənaye Texnikumunu, Alma-Atada İnstitutun fizika-riyaziyyat
fakultəsini bitirərək orada qalıb ali məktəbdə fizika müəllimi işləmiş Fatma xanım
2000-ci ildə dünyasını dəyişmişdir.
Sürgündən qayıtdıqdan sonra Məhəmməd Həsən Hacınski şəxsiyyətinə
dərin rəğbəti olan Neft Kimya İnstitutunun prorektoru professor Rasim
Məmmədovun qayğısı sayəsində “Rus dili və ədəbiyyatı” kafedrasına müəllim
kimi işə düzələrək 26 il pedaqoji fəaliyyət göstərmiş Minurə xanım 2004-cü ildə
dünyasını dəyişmişdir.
Orta təhsilli, sürgün dövründə toxuculuq peşəsinə yiyələnmiş Leyla 40 il
Bakıda Nərimanov adına toxuculuq fabrikində çalışmışdı. Ailənin son və yeganə
sağ qalan övladı Leyla xanım xəstədir, hazırda Süleyman Rüstəm küçəsindəki
mənzildə tənha yaşayır.
“DİFAİ”
Çarizmin fitvası ilə geniş vüsət alan ermənilərin törətdikləri milli qırğına
qarşı Avropada filoloji təhsil görmüş ilk mütəxəssis Əhməd bəy Ağaoğlunun
(1869-1939) yaratdığı “iki qılınc və bir aypara nişanlı” möhürlü “Difai” gizli
təşkilatının ən fəallarından olan Məhəmməd Həsən Hacınskinin mühüm vəzifə
tutması millətsevərlər üçün olduqca vacib idi.
1905-ci ildən milli qırğına qarşı fəaliyyət göstərən “Difai” təşkilatının
rəhbərlərinin kimliyi 1920-ci ildə çap olunmuş hələ 28 avqust 1907-ci ildə
Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı gizli raportunda
açıqlanır: “Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən “Difai”
antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov,
110
Məhəmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və
Niftalı bəy Behbudovdur.” (103.səh.25). “Difai”nin orqanı olan “İrşad” qəzetinin
13 oktyabr 1906-cı il 241-ci sayında çap olunmuş Ə.Ağaoğlu və Q.Qarabəyovun
tərtib etdiyi partiyanın proqramında deyildiyi kimi: “Hər hansı bir xalqın hüququna
toxunmadan xalqın erməni-müsəlman qarşıdurmasından xilas edilməsi,
müsəlmanların geriliyinə səbəb olan qüsurlu cəhətlərin aradan qaldırılması” (126)
əsas məqsədə çevrildi. 1907-ci ildə 1000-dən artıq üzvü olan bu qurum ən nüfuzlu
partiyaya dönür.
Əhməd bəy Ağaoğlu: 1869-cu ildə Qarabağda, keçmiş Qarabağ xanlığının
mərkəzi Şuşa şəhərində zadəgan ailəsində doğulub. İlk təhsilini mollaxanada alsa
da, sonradan anası və dayısının təkidilə rus gimnaziyasına verilir. Oranı
müvəffəqiyyətlə bitirən Əhməd bəy Peterburqa gedib Texnologiya İnstitutuna
imtahan verir, lakin sonuncu fəndən - triqonometriyadan lazımi bal toplaya
bilmədiyindən Peterburqdan Parisə yollanmaq qərarına gəlir. Fransa həyatı onun
fikri inkişafına dərin təsir göstərmişdi. 1888-ci ildə Paris hüquq məktəbinin
tələbəsi olur, eyni zamanda Praktik Ali Tədqiqatlar məktəbində “Avesta”nın
məşhur tədqiqatçısı C.Darmstaterin “Şərq xalqlarının tarixi”nə dair mühazirələrini
dinləyir. Parisdə olarkən o, həmçinin, türk inqilabçılar ilə yaxınlaşır, siyasi həyatda
hələ ilk addımlarını atan “İttihad və tərəqqi” partiyasının gələcək liderlərilə tanış
olur. 1894-cü ildə atasının ölümü ilə əlaqədar vətənə dönən Ə.Ağaoğlu
həmyerliləri arasında “Firəng Əhməd” ləqəbi qazanır. 1881-ci ildən “Kaspi”
qəzetində, 1905-ci ildən isə Ə.Hüseynzadə ilə birlikdə “Həyat”da çalışmağa
başlayır. 1905-07-ci illərdə Rusiya müsəlmanlarının Nijni-Novqorodda, həmçinin
Peterburqda keçirilən birinci və üçüncü qurultaylarının fəal iştirakçısı kimi onun
imperiyanın türk-islam toplumunun mənafelərini müdafiə edən qərarların qəbul
edilməsində mühüm xidmətləri olmuşdu.
1905-ci ilin sonlarına qədər daha çox “söz adamı” kimi tanınan Ə.Ağaoğlu
ermənilərin öz cinayətkar əməllərindən əl çəkməmələri səbəbindən xalqı zülmə,
irticaya qarşı silahlandırmağı zəruri şərtlərdən hesab edir. Bu məqsədlə o, 1906-cı
ildə “Difai” (Müdafiə) partiyasının təşkilinə başlayır. Özünü “Qafqaz
ümummüsəlman müdafiə komitəsi” adlandıran “Difai” proqramında xalqı düşdüyü
ağır vəziyyətdən qurtarmağın yolunu maariflənmək və qüvvətlənməkdə olduğunu
göstərirdi. Xalqı silaha əl atmağa çağırarkən Əhməd Ağaoğlu qətiyyən günahsız
insanların qanının tökülməsi və total terrorun tərəfdarı kimi çıxış etmirdi. Bu
partiyanın proqramında da göstərilirdi ki, təşkilat heç vaxt Qafqazdakı digər
xalqların azadlığına və milli ləyaqətinə qarşı çıxmayacaq, onun şüarı Qafqaz
xalqlarının birliyi olacaq.
1905-07-ci illərdə etnik konfliktlər zamanı sülhsevər missiyanın başında
dayanmasına baxmayaraq Ə.Ağaoğlu mürtəce erməni və erməni-rus mətbuatı
Dostları ilə paylaş: |