112
Heç bir iş, heç bir fərman ilə insanları bu mərhələlərin birisindən o birisinə
birdən-birə aparmaq olmaz. Gərək zaman keçdikcə və zəmanənin tələbi ilə özləri
bu mərhələləri təbdil etsinlər. Bu ümumi və təbii bir qaydadır. Əks halda,
hökumətin və dövlətin köçəriləri mədəni və ya mədəniləri köçəri etmək ona bənzər
ki, hökumət və dövlət şimaldan əsən küləyi qərbə döndərmək fikrinə düşə...
Milyonlarca adam süd, pendir və ət ilə yun və bu kimi heyvan
məhsulatlarıyla dolanırdılar. Bunlara birdən-birə “köç etmədən əl çək” buyuran
cənab Kalantar bunlar nə yeyib dolansınlar məsələsini əsla düşünmür. Gör və gör
ki, cənab Kalantar bu qədər müsəlmanı bir neçə dağ ermənisinin xatirinə acından
öldürməyə hazırdır.
Köç olmasın demək asandır, yol məişət göstərmək çətindir. Heç cənab
Kalantar bu köçərilərin arasında olubmu? O, görübdürmü ki, yay fəsli
olanda bütün
canlı heyvanlar, insanlar, inək və qoyunlar, hamını ağızlarını dağ səmtinə tutub
mələyirlər?! Hamını qəribə bir vəziyyət alıb şüursuz olaraq dağ tərəfinə aparır.
Bu cəhalətin önünü almaq insanın qüvvət və gücündən yuxarı bir şeydir.
Qışlaqlar cəhənnəmə dönür, sular, çaylar quruyur, ot kökündən kəsilir, milyonlarca
həşərat baş qaldırıb hər yerdə bir qanlı şey görürsə ilan kimi çalırlar. Malyariya
adlanan qızdırma mallara və insanlara təfavüt etmədən sirayət edib, canlarını alır.
Cənab Kalantar köçəriləri bu bəlalara düçarmı etmək istəyir? Belə isə əcəb
rəhimdir! Əcəb insaniyyətpərvərlikdir.” (69.səh.109).
Məhəmməd Səid Ordubadinin qeyd etdiyi kimi çıxışdan sonra əhvalı xarab
olan Əhməd bəy Ağaoğlu halətsiz olub sarayın otaqlarından birinə aparıldıqda
xitabət kürsüsünə çıxan Q.Qarabəyovun “Köçərilik qadağan edilərsə erməni-
müsəlman məsələsi alovlanıb Qafqazı odlayacaqdır!” (69.səh.110) xəbərdarlığı
savadına güvənən bu şəxsiyyətlərin mənəvi güclərini də nümayiş etdirir. Məhz
xalqın belə qeyrətli övladlarının iradəsi tarixən heyvandarlıqla məşğul olub Aran-
Yaylaq həyatı sürən əhalinin minilliklər ərzində formalaşmış həyat tərzinin
çarizmin müstəmləkə siyasəti məngənəsində məhv edilməsinə qarşı çıxa bilirdi.
Sosializmin ilkin mərhələsində vaxtilə Kalantarın təklif etdiyi, heyvandarlıq
üçün yararlı olan çöllərimizdə pambığın becərilməsi flora və faunada fəlakətlər
törədərək xüsusən qoyunçuluğun inkişafı nəticəsində təbii şəkildə gübrələnən
torpağın xumus qatının məhvinə, saysız-hesabsız meşələrin, çoxillik bitkilərin,
vəhşi heyvan və quşların kökünün kəsilməsinə səbəb olurdu. Gədəbəy ərazisindəki
mis mədənlərində odunun yanacaq kimi istifadə edilməsi isə meşəli yamacların
çılpaq qayalıqlara çevrilməsini daha da sürətləndirdi. Digər tərəfdən Aran-Yaylaq
ərazisinə öyrənmiş əhalinin qızmar günəş altında qul əməyi ilə məşğul olması
onlara kökü min illərə gedib çıxan çöl mədəniyyətinin folklor poetikasını və adət-
ənənələrini tədricən unutdururdu. “Kitabi Dədə-Qorqud” kimi dünya
mədəniyyətinin incisini yaratmış xalqın kütləvi halda manqurtlaşması siyasəti