127
gözünü nə qədər gizlətsən də, ondan yaxa qurtara bilmirsən. Deyilənlərə görə
burada Xəzri, hətta ağzı bağlı konserv qutusuna da daxil olur.” (39.səh.11). Məhz
Xəzri əsən zaman İ.Aşurbəyli yaxın qohumu Əjdər bəy Aşurbəyliylə birgə
şəhərdəki avara və sərxoşları qayığa mindirib Narginə aparırdı. Həmin insanların
oradakı türk zabitləri ilə geyimlərini dəyişdirib bu yolla əsirlərin həyatlarını xilas
edərək müxtəlif vasitələrlə onları öz vətənlərinə göndərirdi.
Arxiv sənədlərindən də göründüyü kimi: “31 dekabr 1915-ci ildə
jandarmeriya rəisi podpolkovnik Lukyanovun Nargin adasındakı türk əsirlərinin
qaçırılması ilə bağlı agentura məlumatı və tacir Əsriyanın şahidliyi ilə apardığı
cinayət işinə kifayət qədər dəlil olmaması səbəbindən xitam verilir.” (155).
Milli maarifçilik işini həyata keçirən İsa bəy 1913-14-cü illərdə müəllimlər
üçün nəzərdə tutulmuş rus və azərbaycan dillərində həftəlik “Şəlalə” jurnalını,
şagirdlər üçünsə “Məktəb”
və onun əlavəsi sayılan “Baraban” dərgisini çap
etdirərək onları pulsuz paylatdırırdı.
1912-ci ildə İ.Aşurbəyli əmisi oğlu Bala bəy Aşurbəyovun yardımı ilə
Bakıda “Kaspi” mətbəəsini icarəyə götürərək keçmişdə Staraya Poçtovaya və Fars,
Sovet dövründə Ostrovski -Poluxin, indi isə S.Tağızadə və M.Muxtarov
küçələrinin kəsişdiyi yerdəki evinin zirzəmisində yerləşdirir. Həmin mətbəədə
xərclərin əlli faizini İsa bəy öz üzərinə götürməklə Sabirin, Hadinin,
Ə.Haqverdiyevin və s. əsərlərini çap etdirir. Evinin zirzəmisində mətbəəni
yerləşdirən İsa bəyin mənzilinin ikinci mərtəbəsindəki salonda isə daim dövrün
ziyalıları yığışardılar. 1913-ci ildə İ.Aşurbəylinin “Kaspi” qəzetində çalışmağa
başlaması artıq valideynləri tərəfindən ərköyünlük hesab edilməyərək onlar
arasında növbəti konflikti yaradır və İsa bəy öz ailəsindən ayrılmalı olur.
1918-ci il mart qırğınları dövründə türk qoşunlarının Bakıya gətirilməsində
İsa bəy müstəsna rol oynamışdı. O, həmçinin, 15 sentyabr 1918-ci ildə Mərkəzi
Xəzər diktaturasının ləğv olunmasında iştirak edən türk qoşunlarının tərkibində,
Mürsəl paşanın dəstəsində vuruşmuşdu. Onun Azərbaycanın istiqlalı mövzusunda
yazdığı, türk, islam və müasirlik idealının bədii ekvivalenti, tarixi keçmişin
tərənnümü ilə romantizm cərəyanına məxsus “Azər-Baycan” pyesinin 24 oktyabr
1919-cu ildə, dövlət teatrının açılışında nümayişi, o dövrdə bu ictimai üsluba
mənəvi tələbatın təsdiqinə çevrildi. Milli dövlətçilik ideyasından yoğrulmuş bu
əsərdə iki gəncin - Azərlə Baycanın sevgi münasibəti istiqlal və ordunun hərbi
uğurları fonunda cərəyan edərək ictimai motivi gücləndirir və bununla klassisizmi
də meydana çıxarırdı. Həmin illərdə İ.Aşurbəyli pyeslərdən əlavə müxtəlif şer və
hekayələr də yazırdı.
ADR dövründə İ.Aşurbəyli önəmli mütəxəssis kimi Xalq Maarif
Nazirliyinin tabeliyində olan nəşriyyata müdir təyin edilir. Lakin Sovet
hakimiyyəti qurulduqdan sonra işindən uzaqlaşdırılmaqla yanaşı, mülkiyyəti də
128
əlindən alınan İsa bəyə ailəsilə birlikdə yaşaması üçün cəmisi iki otaqlı mənzil
verilir. Hipertoniya xəstəliyindən əziyyət çəkdiyi üçün İ.Aşurbəyli Buzovnadakı
bağ evinə köçsə də, tezliklə o da əlindən alınır.
Tədqiqatçı Ağarəfi Zeynalzadə 31 oktyabr 2001-ci il “525-ci qəzet”in 227-
ci sayındakı “İrşad” qəzetinin naşiri məqaləsində yazır: “Rus-sovet qoşunlarının
işğalı nəticəsində qurulmuş Azərbaycan Sovet Respublikası hakimiyyətinin ilk
illərində, ümumiyyətlə, bütün respublikalarda olduğu kimi burada da köhnə
ziyalılara ehtiyac olduğundan İsa bəy də maarif komissarlığında işə qəbul olunur.
Lakin o, əvvəlki adını, atasının adını və familiyasını dəyişməli olur. İndi o, İsa
Mehdi oğlu Aşurludur.” (89).
1920-ci ildən N.Nərimanovun təklifilə yenidən nəşriyyat şöbəsinə müdir
seçilən İ.Aşurbəyli Xalq Maarif Komissarının 9 yanvar 1921-ci il tarixli əmrilə
sosial tərbiyə şöbəsinin müdir müavini vəzifəsində saxlanılmaqla, türk dilində
dərslik tərtib edən kollegiyaya üzv təyin olunur. 1925-ci ildə N.Nərimanovun
ölümündən sonra işindən uzaqlaşdırılan İ.Aşurbəyov dostlarının köməyilə Səhiyyə
Nazirliyinin dərman bitkiləri şöbəsinə işə düzəlir və uzun müddət Naxçıvanda
ezamiyyətdə olur. Burada onun Türkiyəyə köçmək imkanı olsa da, vətəndən
kənarda yaşamağa vərdiş etməyən İ.Aşurbəyli yenidən Bakıya qayıdır. AEA-nın
rəhbəri Ruhulla Axundovun tapşırığı ilə müxtəlif fəlsəfi ərəb-fars mənbələrindən
tərcümələr edən İ.Aşurbəyli bu yolla ailəsini dolandırmağa çalışır. Buna
baxmayaraq repressiyadan yaxa qurtara bilməyən İsa bəy 1937-ci il dekabrın 31-də
həbs edilir və 1938-ci ilin oktyabrında millətçi kimi güllələnir.
129
NƏTİCƏ
Yetmiş ildən artıq bir dövr ərzində Azərbaycan güclü təbliğat aparatı
sayəsində öz hökmranlığını qoruyan Sovet imperiyasının tərkib hissəsi kimi onun
müstəmləkə siyasətinin məngənəsində yaşamağa məcbur olmuşdu. Ədəbiyyat və
sənətə nüfuz edən təbliğat funksiyası tarixi fakt və sənədlərdən də yan keçməmişdi.
Bir çox əsaslı təhriflərə uğrayan tarixi hadisələr kimi Azərbaycanın Qızıl Ordu
tərəfindən işğalı da inqilab adlandırılaraq Cümhuriyyət Respublikası və onun siyasi
rəhbərləri tarixin qara ləkəsi kimi qələmə verilirdi. Beləliklə, uzun illər ərzində
sovet dövrü tədqiqatlarında rejimlə barışmaz mübarizədə olan şəxslər xalq düşməni
kimi damğalanırdılar. Məhz M.H.Hacınski də totalitarlıqla barışmaz mövqedə
durub öz faciəli ölümü ilə belə ideyalarından dönməzliyini sübut etdiyi üçün daim
sovet tədqiqatçılarının hədəfinə çevrilmişdi. Yalnız Azərbaycan müstəqillik
qazandıqdan sonra tarixi hadisələrə də yeni baxış yarandı. Vaxtilə ictimai-siyasi
xadimlərin
dövlət
qarşısındakı
xidmətləri
tamamilə
əks
prizmadan
işıqlandırılırdısa, indi artıq demokratiyanın yaratdığı sağlam mühit hesabına
həqiqətlər olduğu kimi araşdırılmağa başlandı. Yazılmış bir çox yeni əsərlərdə
köhnə mənbələrin olduqca güclü təsiri hiss olunsa da, onların arasında faktlara
obyektiv yanaşılması nöqteyi-nəzərindən dəyərli sayıla biləcək tədqiqatlar da yox
deyil. M.H.Hacınskinin həyatı və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş bu
monoqrafiyada da tarixi sənədlər yerbəyer edilərək onun əsl kimliyi tutarlı
əsaslarla ortaya çıxarılmışdır.
Tədqiqat işinin “Azərbaycan maarifçi-demokratik hərəkatı” adlı birinci
fəslində Azərbaycanda M.F.Axundovun və Həsən bəy Zərdabinin yaratdığı
maarifçilik məktəbi, onun özündən sonrakı tarixi mərhələlərə təsiri və əhəmiyyəti
işıqlandırılır. XIX əsrdən Azərbaycanda dövrü mətbuatın, mətbəələrin,
məktəblərin, qiraətxanaların yaranması Rusiyada başlanan maarifçilik hərəkatının
ucqarlara da təsiri kimi qiymətləndirilir. Bundan başqa, M.Şahtaxtlı,
Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu,
Y.Vəzirov, Ö.F.Nemanzadə,
N.Nərimanov, Ü.Hacıbəyov kimi ziyalıların maarifçiliyin müxtəlif sahələrinin
inkişaf etdirilməsində müstəsna xidmətləri vurğulanır.
“Gənc maarifçi-demokrat” adlı ikinci fəsildə M.Hacınskinin ailəsi, orta və
ali təhsil illəri haqqında məlumat verilməklə yanaşı, onun həyat yoldaşı Səadət
xanımla keçirdikləri müəyyən psixoloji məqamlar da açıqlanır.
M.Hacınskinin az bir zamanda müxtəlif rəhbər vəzifələrə təyin olunması,
ona şəhərin yenidən abadlaşdırılması, içməli su ilə təmin edilməsi və s. bu kimi
məsuliyyətli işlərin həvalə edilməsi, ümumiyyətlə, peşəkar fəaliyyəti haqqında
“Vicdanlı məmur” fəslində danışılır.
Dostları ilə paylaş: |