123
məhkəməyə müraciət etməsi onu qızışdıran ermənilərin sayəsində olmuşdu.
Şəhərdə müxtəlif şaiyələrin yayılmasında da ermənilərin barmağı vardı.”
(39.səh.33) 1913-cü il martın 6-dan 12-dək gedən məhkəmənin qərarı ilə
H.Z.Tağıyev iki il yarımlıq həbsə məhkum edilsə də, Ə.Topçubaşovun rəhbərliyilə
Peterburqa, imperatorun yanına gedən xüsusi heyət onun bağışlanmasına nail olur.
H.Tağıyevin xanımı ilə yaşamağa davam etməsi isə bu qısqanclığın əsassız olduğu
qənaətini yaradır.
Həmin hadisədən sonra ailəsilə birlikdə bir müddət Parisdəki əmisi oğlu
Səlim bəy Behbudovun yanında yaşayan Lütfəli bəy daha sonra Türkiyəyə köçür.
1918-ci ildə isə Əsgərana gələn L.Behbudov ermənilərlə danışıqlara girir və hətta
könüllü olaraq ailəsilə birlikdə erməni məhəllələrinin birinə köçərək orada girov
kimi qalmasına da razı olur. Lakin növbəti danışıqlarda əynində türk zabitlərinə
xas mundir olan Lütfəli bəy erməni snayperinin gülləsinə tuş gəlir. Həyat
yoldaşının ölümündən sonra Leyla xanım qızları Dilarə, Lalə və Pərilə birlikdə
Bakıya köçür.
Lütfəli bəyin qardaşı 1870-ci il təvəllüdlü Əli bəy Behbudov 1928-ci ildə
Şuşadan Qazaxa sürgün olunub seçki hüququndan məhrum edilərək 1937-ci ildə
güllələnmişdi. Onun digər qardaşı Mirzəli bəy Behbudov isə erməni leytenantı
Qaraxanovun atdığı güllədən həlak olmuşdu.
İsa bəy Aşurbəyli: Yaxın Şərq tarixində məşhur olan 1736-cı ildə
hakimiyyətə gələrək Səfəvi imperiyasını qısa bir müddətə bərpa etmiş Nadir şahın
(1688-1747) mənsub olduğu Əfşar türk tayfasından, Aşur xanın nəslindən olan İsa
bəy Aşurbəyli Bakının zəngin və tərəqqipərvər neft milyonçularından olmuşdu. O,
1878-ci ildə Bakının Sabunçu kəndində uzun illər övladsızlıqdan əziyyət çəkən,
varlı mülkədar Hacı Mehdiqulu bəy Aşurbəyovun ailəsində doğulmuşdu. Əsrin
sonlarında, 1890-cı ildə Mehdiqulu bəyin torpaq sahəsindəki 27 metrlik quyudan
fontan vuran neft onu böyük dövlət sahibinə çevirir. Ərazisində gündən-günə
sayları artan neft quyularını Mehdiqulu bəy “Nobel” şirkətinə icarəyə verir.
Yeganə oğlu İsa dünyaya gəldikdən sonra isə M. Aşurbəyli ona övlad bəxş etmiş
tanrının yolunda var-dövlətinin əksər hissəsini yetimlərə paylayır. Məhz bu
uşaqsevərliyinə görə o, H.Z.Tağıyevlə birlikdə Bakı quberniyasının fəxri üzvü
seçilmişdi. Peterburqda ikinci Nikolayın tac qoyma mərasimində çara qiymətli
xəncər hədiyyə etmiş Mehdiqulu bəy Müqəddəs Stanislav ordenini də qazanmışdı.
Ailədə yeganə övlad olduğu üçün İsa bəyin yüksək təhsil almasına xüsusi
qayğı ilə yanaşılırdı. İlk təhsilə Bakıda mollaxanada başlayan İsa bəy altı sinifli
şəhər məktəbini bitirir. Atası bircə oğlunu gözündən kənar buraxmaq
istəmədiyindən onun ali təhsil alması üçün tanınmış din və elm xadimlərini evinə
dəvət edir. Oğlunun xaricdə təhsil almaq istəyinə qarşı çıxdıqda isə onlar arasında
ilk konflikt yaranır.
124
1902-ci ildə İ.Aşurbəyli əmisi Rzaqulu bəy Aşurbəyovun qızı
Balacaxanımla ailə qurur. Onların 1903-cü ildə Süleyman, 1904-cü ildə isə Davud
adlı oğlanları dünyaya gəlir. Balacaxanımın bacısı Məsumə xanım doktor
Qarabəyovun həyat yoldaşı olduğundan İ.Aşurbəyli ilə Q.Qarabəyov bacanaq
sayılırdılar. N.Nərimanov isə Rzaqulu bəyin kiçik qızı, özündən iyirmi yaş cavan
Sona xanıma vurulmuşdu. O, həm də vərəm xəstəliyindən əziyyət çəkən bu gənc
qızın müalicəsilə məşğul olmuşdu. 1909-cu ilin martında həbsə alınaraq yeddi ay
Metex qalasında saxlanıldıqdan sonra Həştərxana sürgün edilən N.Nərimanov
yalnız 1913-cü ildə Bakıya qayıdaraq 9-cu pulsuz şəhər xəstəxanasında müdirlik
etməyə başlayır. Elə həmin ildə də Sona xanımla ailə qurmaq istəyir. N.Nərimanov
Sona xanımın qardaşı Nəsrulla bəyin həyat yoldaşı Xavər xanımla qohum olsa da,
o və Rzaqulu bəyin digər oğlu Əhmədağa bəy bu izdivaca icazə vermirlər. Buna
baxmayaraq həmin məsələ Q.Qarabəyov, İ.Aşurbəyli və N.Nərimanov
münasibətlərində heç bir soyuqluq yaratmır. Bir qədər sonra bacısını xəstəlikdən
şəfa tapması üçün İsveçrəyə aparan Əhmədağa bəy Aşurbəyli orada onunla birlikdə
iki il yaşayır. Geri döndükdə Qoqolun “Müfəttiş” əsərini tərcümə etmiş diş həkimi
Məmmədəli bəy Səlimbəyova ərə gedən Sona xanım müalicəsini davam etdirmək
üçün bu dəfə Səmərqəndə yollanaraq orada bir neçə il doktor Q.Qarabəyovun
başçılıq etdiyi vərəm sanatoriyasında qalır. Bakıda yaşamaq hüququndan məhrum
olan Əhmədağa bəy də 1935-ci ildə bacısı ilə birlikdə Səmərqəndə gedir və
ömrünün sonunadək orada yaşayır. Sona xanımın digər qardaşı Nəsrulla bəy isə
N.Nərimanovun köməkliyilə Türkiyəyə qaçırılaraq 20-ci illərin sonunadək Nağı
bəy Şeyxzamanlı ilə birgə “Müsavat”ın Trapizon bölgəsindəki bölməsində çalışır.
Sona xanımın özü isə övlad sahibi ola bilməsə də, 60-cı illərə qədər ömür sürür.
1905-ci il hadisələrindən sonra bir sıra ziyalılar kimi İsa bəy də çarizmin
müstəmləkə zülmünə qarşı mübarizə aparan sosialistlərə yaxınlaşaraq sosial-
demokrat “Hümmət” partiyasına üzv olur. Və Murtuz Muxtarovun neft
avadanlıqları işçiləri arasında sosial-demokrat ideyaların təbliğinə başlayan İsa
bəyin atası yeganə övladının bu hərəkətini ərköyünlük hesab edib onu bağışlayır.
İ.Aşurbəyli 1905-ci ildə nəşr edilən Ə.Ağaoğlunun “İrşad”ında naşirlik
fəaliyyətinə başlayır və 1906-cı ildə sosial-demokrat qəzeti “Dəvət”in redaktor
naşiri olur.
1910-cu ildə dörd il müddətinə şəhər dumasının üzvü seçilən İsa bəy
müsəlmanların “Nicat” maarif təşkilatının, Bakı quberniyası əhalisinin
savadsızlığının ləğvi üçün yaradılmış, H.Z.Tağıyevin başçılıq etdiyi “Nəşri-
maarif”in, “Səadət” ruhani və kimsəsiz körpələri xilas edən “Bir damla süd”
cəmiyyətlərinin işində fəal iştirak edir.
“Nicat” 1906-17-ci illərdə fəaliyyət göstərmiş mədəni-maarif cəmiyyəti idi.
Müsəlmanları maarifləndirməklə yanaşı, ehtiyacı olan tələbələrə maddi yardım
Dostları ilə paylaş: |