107
1942-ci ildə təcili geriyə çağırılan Şamil Hacınski Binə hava limanında bir
təyyarədən digərinə keçirilərək Moskvaya göndərilir. Altı ay Lefortova
həbsxanasında saxlanıldıqdan sonra Kuybışev (Samara) şəhərindəki islah əmək
düşərgəsinə göndərilir. Sonrakı illərdə peşəkar təhsili, dili mükəmməl bilməsi
nəzərə alınaraq alman əsirlərinin çalışdığı tikintiyə göndərilir və orada rəhbər
vəzifəyə qədər yüksəlir. Suriyyə adlı azərbaycanlı qızla gec də olsa ailə qurmuş
Ş.Hacınski yeganə oğluna atasının adını qoyur. On yaşlı Məhəmməd Həsənin
müəmmalı ölümünə dözməyən Şamil Hacınski bir neçə il yataq xəstəsi kimi yaşasa
da, 9 iyun 1969-cu ildə dünyasını dəyişir. Otuz beş yaşından dul qalmış Suriyyə
xanım hal-hazırda tənha yaşayır.
Bir vaxtlar atasının faciəsindən sonra vətənə qayıtmaqdan imtina etmiş
Nuşirəvan, 1945-ci ildə Berlinin müdafiəsi uğrunda həlak olur. Lakin Hacınskilər
ailəsi bu barədə məlumatı hələ uzun illərdən sonra əldə edə bilir.
Murad Hacınski Tiflisdə avtonəqliyyat texnikumunu bitirdikdən sonra
1939-cu ildən Fin müharibəsində, 1941-ci ildən isə Böyük Vətən Müharibəsində
iştirak edir. Müharibədə Ukrayna cəbhəsində tank komandiri kimi vuruşmuş, 1944-
cü ildə Kiyev uğrundakı döyüşlərdə ağır yaralanmış Murad uzun müddət müxtəlif
hospitallarda müalicə olunduqdan sonra Bakıya göndərilir. Onun xahişi ilə evlərinə
göndərdiyi adamların ailələrinin sürgün xəbərini gətirməsi Murada olduqca ağır
təsir göstərir. 15 may 1942-ci ildə bir günlük Bakıya gəlmiş Murad Hacınskini
doğma mənzillərində yad adamlar qarşıladıqdan sonra o, artıq ailə başçıları
həyatda olmayan Cəfərovların mənzilinə üz tutaraq burada doğmaları haqqında
müfəssəl məlumat toplayır. Ailəsinin ünvanını öyrənən M.Hacınski Bakıdan
yenidən cəbhəyə yollanarkən yolüstü onlara belə bir məktub yazır: “Salam mənim
əzizlərim! Srağa gün teleqramınızı aldıqdan sonra sevincimin həddi-hüdudu
olmadı. Uzun müddət sizdən soraq almadığımdan hədsiz narahat idim. Cəbhədən
Bakıya yazdığım məktublar geriyə göndərildikcə ağlıma min cür fikir gəlirdi. Hələ
indiyə qədər burada nələrin haş verdiyini anlaya bilmirəm. Sizdən xəbər tutub bir
az özümə gəldim. Anamdan çox nigaranam, yazın görüm necədir?.. Nəyə görə heç
olmasa məktubda bir-iki sətir də o, yazmayıb. Heç nəyi gizlətmədən məndən sonra
nələrin baş verdiyini ətraflı yazın. Axı mən müharibədəyəm. Sizi həyəcanlandırmaq
istəməsəm də, cəhhədə hər gün ölümlə üzləşdiyimi təsəvvür edin. Elə həyəcanlar
keçirmişəm ki, artıq məni heç nə heyrətləndirə bilməz. Bizim yerimiz tez-tez dəyişir.
Hal-hazırda deyəsən Nevinamsa stansiyasındayam. Bir daha təkrarlayıram ki,
məndən nigaran qalmayın. Yazın görüm Şəmil haradadır? Ondan bir xəbər varmı?
Bakıda olanda Cəfərovlara da baş çəkdim. Təyin olunmuş məkana çatan kimi sizə
ünvanımı yazacağam. Qara dəniz istiqamətində yola düşürük.” (163. 3).
Yeddi illik müharibədən sonra ailəsi ilə sürgün həyatı yaşamış Murad əllinci
illərin ortalarından Moskvaya gedərək Avtonəqliyyat İnstitutuna daxil olsa da,
108
təhsilini yarımçıq qoymağa məcbur olmuşdur. O, şəhərlərarası avtonəqliyyat
bölməsinin rəhbəri olmuş, 2000-ci ildə dünyasını dəyişmişdir.
23 dekabr 1913-cü ildə anadan olmuş ailənin dördüncü uşağı Tofiq 1940-cı
ildə Moskvada Avtomobil Yolları İnstitutunu bitirmişdir. Böyük Vətən
Müharibəsində Dövlət Təhlükəsizlik Nazirliyinin xüsusi qoşununda Leninqradın
müdafiəsində vuruşmuş Tofiq donmuş Ladoqa gölü üzərindəki “həyat yolu” ilə
mühasirədə qalmış şəhərə avtomobil karvanlarının hərəkətini təmin edən dəstənin
komandiri olmuşdur. Döyüş yolu Berlinə qədər gedib çıxmış Tofiq atəş səngiyən
kimi bir vaxtlar Nuşirəvanın yaşadığı küçəyə gəlmiş, bombardmandan uçub
xarabaya dönmüş evi görüb şoka düşmüşdü. Bir neçə gündən sonra yenidən buraya
gələrək qonşuluqdakı alman qadından yaralı Nuşirəvanın xanımı və iki oğluyla
Hamburqa üz tutduğunu öyrənə bilmişdi. Qələbədən sonra Moskvada qulluğunu
davam etdirən Tofiq Hacınski daim anasının, bacı və qardaşlarının axtarışı ilə
məşğul olur. Nəhayət o, uzun axtarışlardan sonra ünvanı müəyyənləşdirərək
Qazaxıstanda sürgün taleyi yaşayan doğmalarının yanına gəldikdə yaxınlarının ağır
həyat şəraitini görüb ikinci zərbəni alır. Məhz Tofiqin bu gəlişinin nəticəsi olaraq
ailənin sərbəst şəkildə bir kənddən digərinə getməsinə icazə verilmiş, bir müddət
sonra, 1946-cı ilin sonunda isə onların Alma-Ataya köçməsinə imkan yaranmışdı.
1949-cu ildə atasının kimliyini gizlətdiyinə görə Tofiq podpolkovnik rütbəsi
əlindən alınaraq təhlükəsizlik orqanlarından və partiya sıralarından xaric edilir.
Beləliklə,
Tofiq Hacınski həyatda üçüncü ən böyük zərbəni alır. Qırxıncı illərin
sonlarından o, Moskva şəhər təsərrüfatı idarəsində çalışmışdır. Yetmişinci illərin
sonlarında isə partiyaçı olmasa da, öz qabiliyyətinə görə Moskvanın ən böyük
rayonlarının birində abadlaşdırma və yol idarəsinin rəisi olmuşdur. 1981-ci ildə
dünyasını dəyişmişdir.
Alma-Atada təhsilini davam etdirmək şansı qazanan ailənin qızları; Minurə
rus dili və ədəbiyyatı, Fatma fizika-riyaziyyat fakultələrini bitirərək ali təhsil
alsalar da, orta məktəbi başa vura bilməyən kiçik bacı Leylaya ali məktəbdə
oxumaq qismət olmur.
Digər millətlərdən olan oğlanlar məmnuniyyətlə bu gözəl-göyçək bacılarla
ailə qurmaq istəsələr də, mühafizəkar dünyagörüşlü Səadət xanım qızlarını yalnız
öz millətinin oğluna qismət olacağını söyləyib heç əsl türk olan qazax gənclərini
belə yaxına buraxmadı.
5 mart 1953-cü ildə Stalinin ölümündən iki həftə sonra, Novruz bayramı
ərəfəsində Səadət xanım ailənin sonbeşiyi, 1920-ci il təvəllüdlü Leylanı özüylə
götürərək Bakıya gəlmək imkanı qazanır. Günahsızlığına tam əmin olduğu əri
Məhəmməd Həsən Hacınskiyə bəraət almaq üçün var qüvvəsi ilə çalışan Səadət
xanım uzun əzab-əziyyətdən sonra nəhayət, Zaqafqaziya Hərbi tribunalının 29 may
1958-ci il tarixli qərarı ilə buna nail olur.
Dostları ilə paylaş: |