101
Müxtəlif tarixi mərhələlərdə təkcə şair-publisist, ədəbiyyatşünas-alim Əliabbas
Müznibin (Əhmədov) başına gətirilənləri nəzərdən keçirməklə düşünən ziyalılara
qarşı cəza mexanizminin dəyişmədiyini göstərmək mümkündür. Professor
İ.Ağayevin göstərdiyi kimi: “Ə.Müznib həyatı boyu öz ictimai ideallarına görə üç
dəfə müxtəlif vaxtlarda cəzaya məhkum olunmuşdur. Birinci dəfə 1912-ci ildə çar
hökuməti onu xalq milli-azadlıq qiyamına çağıranlar sırasında Sibirə ömürlük
sürgün etmişdir. O, 1913-cü ildə Romanovlar sülaləsinin üç yüz illik yubileyi
münasibətilə əfvi-ümumiyəyə düşmüşdür. İkinci dəfə Ə.Müznib 1914-cü ildə dini-
fanatizmi tənqid etməsi üstündə Bakı ruhanilərindən şeyx Qəninin ölüm fitvasına
məruz qalmışdır. Ə.Müznib üçüncü ağır cəza hökmünə 1937-ci ildə düçar
olmuşdur.” (4.səh.4). Əliabbas Müznibə qarşı 1936-cı ilin dekabrından 25 iyul
1937-ci ilə qədər davam edən istintaq işini təhlil etmiş tədqiqatçı C.Qasımovun
yazdığı kimi: “İttihamnamədə göstərilirdi ki, Əliabbas Əhmədov burjua-millətçi
qəzet və jurnallarda panislamist ideyalar təbliğ etmiş və bolşevizm əleyhinə iş
aparmışdır. Öz əsərlərində və şerlərində 26 Bakı komissarlarına, xüsusilə də,
yoldaş Şaumyana böhtan atmış, türk-Osmanlı qoşunlarının Bakıya soxulmasını,
oranı zəbt etməsini tərifləmiş və onları Azərbaycan xalqının xilaskarı
adlandırılmışdır.” (45.səh.169). 1918-ci ildə Ə.Müznib “Hürriyyət qəhrəmanı,
Ədirnə fatehi və Dardanel müdafei” epiqrafı ilə yazdığı “Qazi Ənvər paşa” şerində,
Bakını daşnak-bolşevik qırğınına məruz qoymuş Şaumyanı qaçmağa məcbur etmiş
“türk elinin qüvvəti”, xilaskar ordu komandanı şərəfinə söylədiyi: “Türkün qolu,
türkün gücü, türkün qılıncısan, Binlər yaşa bu şan ilə, ey sevgili Ənvər.” sözlərinə
görə cəzalandırılır. Cəlal Qasımov özünün “Repressiyadan deportasiyaya doğru”
kitabında yazır: “Bu əsərinə görə Ə.Müznibi istintaq zamanı çox sorğu-sual
etmişdilər və burada təəccüb doğura biləcək bir şey yoxdur. Həmin illərdə “türk
qoxuyan” hər şeyə görə cavab verməli idin. Burada məqsəd türk anlayışını və
türklə bağlı olan hər şeyi unutdurmaq idi. Heç təsadüfi deyildir ki,
azərbaycanlıların yaddaşından milliyyətcə türk olduqlarını da silməyə
çalışmışdılar. Ona görə də 30-cu illərdə “türk” və “islam” qorxusu gələn hər bir
əsər məhv edilirdi.” (45.səh.176).
Marksizm-leninizmin sənət ekvivalenti kimi
yaranmış sosrealizm
cərəyanının əmək fəaliyyətini insani münasibətlərdən üstün tutması 20-30-cu
illərin ədəbiyyat və sənətində əks olunurdu. Kobud, fiziki əməyin mədh olunması,
etalonlaşdırılması bu dövr üçün xarakterikdir. Əmək prosesində adamların real
problemləri heç vaxt göstərilmir, əksinə, onlar çox qayğısız və gümrah təsvir
olunurdular. Sanki yorulmayan bu insanlar dəmir yolu çəkir, körpülər salır, neft
çıxarır, su elektrik stansiyaları tikir, nəhəng sosialist obyektləri yaradırdılar. Real
həyatda şəxsi mənafeyə, fərdi təsərrüfata yer olmadığından bədii əsərlərdə özləri
deyil, cəmiyyət üçün çalışan bu adamlar zəhməti toy-bayram kimi qəbul edirdilər.
102
Və onların şəxsi mənafeyi ümumiliyin, kütlənin mənafeyinə qurban verilirdi. Ağır
zəhmətin müqabilində adamlara təqdim olunan mükafatlar hər hansı bir qiymətli
bəzək əşyası və yaxud pul deyil, keçici qırmızı bayraqlar, orden və medallardan
ibarət olurdu. Siyasi ideologiyanı, iqtisadi münasibətləri əks etdirən sosrealizm
cərəyanı özündən əvvəlki ədəbiyyatı və sənəti burjua-feodal damğası altında rədd
edərək, hər hansı bir mənəvi müxalifət alternativinə yer qoymurdu. Tədqiqatçı
E.Dobrenkonun qeyd etdiyi kimi: “Bədii obraz artıq gərək deyildi, (...)
qəhrəmanlar funksiya yerinə yetirirdilər, (...) sosial gerçəklikdən qoparılmış
müəllif sözü ritorikaya yuvarlanaraq daha bədii söz ola bilmirdi, obraz
ifadəlilikdən çıxırdı” (102.səh.71). Göründüyü kimi sosrealizmin reallığı ilə
bədiilik arasındakı dərin uçurum müasir rus ədəbi tənqidinin də nəzərindən qaçmır.
ÜİK(b)P-nın 1927-ci ilin dekabrında keçirilmiş XV qurultayı birinci beşillik
və “Kənddə iş haqqında” qərar qəbul etmişdi. Kənddə sosial-siyasi inkişafın çox
geridə qaldığı qeyd olunaraq, Leninin kooperasiya planı əsasında kolxozların
yaradılması partiya qarşısında vacib vəzifə kimi qoyulmuşdu. Varlı kəndlilərin,
qolçomaqların bir sinif kimi ləğv edilməsi kolxoz-kollektivləşmə xəttinin mühüm
tərkib hissəsi olduğundan bu insanların kütləvi şəkildə, sinif kimi ləğv olunması
dövlət miqyasında rəsmi şəkildə həyata keçirilirdi. Partiyanın mərkəzi və
yerlərdəki qəzetləri bu işdə yaxından iştirak edirdilər. “Qolçomaqları bir sinif kimi
ləğv etmək günün vacib məsələsidir!” kimi başlıqlar iri hərflərlə birinci səhifələrdə
çap olunurdu. Həmin başlıqlardan ruhlanan inqilabçı bolşeviklər həvəslə yerlərdə
qolçomaqlarla mübarizə aparırdılar. Bu illər ərzində saysız-hesabsız ziyalılar,
ruhanilər və digər intellektual qüvvələr qolçomaq damğası ilə məhv edilmişdi.
Kolxozların yaradılması prosesində dözülməz zorakılıq halları baş alıb gedirdi. 20
mart 1930-cu il AKBP-nın plenumunun materiallarında bu prosesi izləmək
mümkündür. 21 aprel 1931-ci il 110-cu nömrəsində “Vışka” qəzeti yazırdı:
“Dairələrdən aldığımız məlumata görə, baş kolxoz idarəmiz yerlərə tapşırıq
göndərərək kəndlərdə nə varsa - xoruz, toyuq, arıların belə ictimailəşdirilməsi və
kollektivləşdirilməsini təklif etmişdir. Yerlərdə, hətta stəkan-nəlbəkilər də
kollektivləşdirilir.” (139). Partiyanın ifratçı qanun və qərarlarının eybəcər halda
həyata keçirilməsi göz qabağında idi. Yaratdığı reallıqla həyat hadisələrini öz
arxasınca çəkib apara bilməyən ədəbiyyat və sənət təbliğat kompaniyasına cəlb
olunmuşdu.
20-30-cu illərin sovet dramaturgiyasında hələ ki, konkret insandan, onun
psixoloji problemlərindən, adamların bir-birilə və cəmiyyətlə münasibətlərindən
söhbət açılmırdı. Sosializm dövrü insan münasibətləri baxımından ibtidai icma
quruluşuna yaxın olduğundan mövcud siyasət və qanunlara xidmət edən sənət
şəxsiyyətlərin deyil, icmanın, kolxozun, briqadanın mənafeyini qoruyurdu.
Konkret adam yox idi, kütlə var idi. Hər bir adam isə sadəcə olaraq bu kütlənin
Dostları ilə paylaş: |