93
bu məsələyə ciddi yanaşmağınızı xahiş edirəm. (66.səh.63) sözləri ilə göstərən
Nərimanovda özünü batmış gəmidə hiss edən sərnişin əhvali-ruhiyyəsi duyulur.
(66. səh.63).
1 avqust 1920-ci ildə N.Nərimanov Leninə göndərdiyi məktubda
Mehmandarov və Şıxlinski kimi məşhur generalları xilas etməyə çalışırdı. O, bu
generalların hərbi mütəxəssis kimi əvəzsiz olduqlarını qeyd edərək onların baş
qərargahda işlə təmin olunmalarını tövsiyyə edir, Şıxlinskinin Nikolay ordusunda
“artilleriya allahı” adlandırıldığını xatırladırdı. Polşa cəbhəsi sakitləşənə qədər
Nərimanov onların Moskvada qalmalarını, sonradan geriyə dönərək hərbi
qüvvələrin yaradılmasında iştiraklarını zəruri sayaraq sonda generalların siyasi
fikirlərini: “Onlar müsavatçılara nifrət edirlər, əmindirlər ki, Azərbaycan Sovet
Rusiyasız mövcud ola bilməz, İngiltərəyə nifrət edir, Rusiyanı sevirlər.”
(111.səh.31) sözlərilə izah edərək məktubu kommunist salamı ilə bitirirdi.
Tədqiqatçı M.Süleymanov isə hər iki generalın heç zaman sovet rejiminə
loyal münasibətdə olmadıqlarını qeyd edərək S.Mehmandarov haqqında yazır:
“Səməd bəy qalan bütün ömrü boyu çox böyük sınaqlarla rastlaşsa da, əqidəcə heç
vaxt kommunist olmamış və kommunist ideyalarına da meyl göstərməmişdi. Zabit
bütövlüyü, insani prinsipiallığı onun ən başlıca əqidəsi idi.” (80.səh.362).
19 oktyabr 1921-ci ildə Leninə göndərdiyi məktubda N.Nərimanov Şollar
su kəmərinin yerli əhalinin işlək su tələbatının ödənilməsində deyil, neft
sənayesində müstəsna əhəmiyyətini vurğulayaraq rəhbərdən nasos və digər
avadanlıqların alınması üçün icazə istəyir. 17 noyabr 1921-ci ildə isə Leninə
ünvanladığı məktubda Nərimanov hələ çar hakimiyyəti dövründə yüksək vəzifə
tutmuş, sonradan bolşeviklərin təchizat sistemilə məşğul olmuş L.B.Krasinin
teleqramına əsasən rəhbərdən Bakı su kəməri üçün üç dizel-nasosun alınmasından
ötrü otuz min qızıl manatın Berlinə köçürülməsini xahiş edir. Sonda isə müəllif
“Bu maşın və hissələr olmadan Bakının su təchizatı təmin edilə bilməyəcək və
beləliklə, neft çıxarma işi dayanacaq.” (111.səh.42) yazmaqla məktubunu bitirirdi.
Bu avadanlıqlar ilin sonunda Bakıya gəlib çıxdı və onların tətbiqi işinə Hacınski
rəhbərlik etməyə başladı.
1 sentyabr 1920-ci ildən Bakıdakı Dövlət Opera Teatrı binasında
V.İ.Leninin təşəbbüsü ilə keçirilən Şərq xalqlarının birinci qurultayında otuz yeddi
millətin min səkkiz yüz nümayəndəsi və o cümlədən, Türkiyədən Mustafa Sübhi,
İrandan Heydərxan Əmiroğlu, İngiltərədən Harri Kvelç, Macarıstandan Bela Kun,
ABŞ-dan Con Rid kimi beynəlxalq miqyasda tanınmış inqilabçılar da iştirak edirdi.
Türkiyədən nümayəndə kimi gəlmiş Əli bəy Hüseynzadə də bu qurultayda idi.
Tədbiri açan N.Nərimanov burada iştirak edən 38 xalqın 2000-dən artıq
nümayəndəsini salamlayır.
94
8 sentyabr 1920-ci ildə Şərq xalqlarının birinci qurultayının son iclasında
N.Nərimanovun inqilabi fəaliyyətlərindən və faciəli ölümlərindən söz açdığı 26
Bakı komissarının cəsədlərinin artıq Ağcaqum səhrasından Bakıya gələcəklərini,
sabah Petrovski meydanında dəfn olunacaqlarını və onlara abidə qoyulacağını
bildirməsi yeni ideologiyanın növbəti karnavalı idi.
30 sentyabr 1920-ci ildə N.Nərimanov bölgələrə 15 günlük səfər edərək
yerlərdə yeni hakimiyyətin siyasətinin təbliğinə başlayır. Həmin ilin 29 noyabrında
isə Ermənistanda sovet hökuməti qurulduqdan dərhal sonra mərkəzi hakimiyyətə
və Bakıda əhatə olunduğu bolşevik cildinə girmiş daşnaklara təsir mexanizmindən
məhrum olan N.Nərimanov Zəngəzur kimi tarixi ərazimizin itirilməsinə qarşı çıxa
bilmir. 2 dekabr 1920-ci ildə imzaladığı bəyannamədə “Sovet Azərbaycanı öz
hədsiz sərvətlərindən: neft və Sovet Azərbaycanının başqa məhsullarından istifadə
etmək üçün öz qapılarını Sovet Ermənistanının üzünə geniş açır.” (164.səh.85)
sözlərini deyən N.Nərimanovun vəziyyətlə barışmaqdan başqa çarəsi qalmır.
Beləliklə, Zəngəzurun Ermənistana birləşdirilməsilə Azərbaycan Naxçıvanla
birbaşa əlaqəsini itirir.
5 fevral 1921-ci ildə Nərimanovun MK AKP-nin plenum iclasındakı çıxışı
zamanı Qarayevin Qarabağda vəziyyətin gərginləşməsilə bağlı göndərdiyi
teleqrama əsasən söylədiyi “Yoldaşlar, gördüyünüz kimi orada vəziyyətimiz bir o
qədər də yaxşı deyil. Bütün inqilabi komitələr demək olar ki, məhv edilmişdir,
1200 erməni kommunisti isə bizim onlara verdiyimiz tüfəng və patronlarla birgə
daşnakların tərəfinə keçmişdir. Yalnız 150 nəfər qalır ki, onlara da ümid çox azdır”
(111.səh.427) sözləri əsl məqsədlərini həyata keçirməyə çalışan daşnakların
yalançı bolşevizmini ifşa edirdi.
26 may 1921-ci ildə keçirilən birinci Ümumazərbaycan sovetlər
qurultayının qərarına əsasən N.Nərimanovun V.İ.Leninə göndərdiyi sovetləşmə
dövründə RSFSR-ə sürgün edilən həbs düşərgələrində və həbsxanalardakı bütün
azərbaycanlıların azad olunaraq geriyə qaytarılması haqqında məktubu heç bir
səmərəli nəticə vermədi.
1921-ci ildə Rusiyanı bürüyən aclıq Azərbaycana da sirayət etdikdə
N.Nərimanov kəndlilər arasında “Çanaq” ərzaq toplantısını həyata keçirdi.
1922-ci ilin dekabrında təşkil olunmuş SSRİ MİK-nın dörd sədrindən biri
seçilən Nərimanov hakimiyyət pilləsində yüksəyə qalxsa da, ruhən ona yad
insanların əhatəsində qaldı.
28 yanvar 1925-ci ildə artıq Moskvada həyatının son dövrünü yaşayan
N.Nərimanovun atasının adını qoyduğu 6 yaşlı oğlu Nəcəfə ünvanladığı bitməmiş
məktubu onun daxili sarsıntıları ilə yanaşı, həyat mövqeyini və mənəvi idealını da
təqdim edir. Bütün varlığı ilə istismarın və köləliyin əleyhinə olan N.Nərimanovun:
“Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad
Dostları ilə paylaş: |