99
göndərilməsini xahiş edir. Göndərilən pendiri belə yeməyə qıymayıb, yenidən
uşaqlarına qaytarır.
M.Hacınskiyə qarşı əsas ittiham mühəndis Ələskər bəy Bəylərbəyovun
verdiyi ifadə idi. Bu ifadəyə görə təxminən 1928-ci ilin payızında Bakıya gəlmiş
M.Hacınski dövlət plan komitəsi sədrinin kabinetində İngiltərə və Fransanın
Bakıya olan marağının Əlimərdan bəy Topçubaşovla bağlanmış gizli müqavilədə
əksini tapması xəbərini gətirmişdi. Fasiləsiz dindirmələrdən üzülən Məhəmməd
Həsən bəy ailəsinin ərzaq və siqaretlə bərabər ona göndərdiyi məktubları
cavablandırmağa da, vaxt tapırdı. Məktublarının birindəki: “Mənim yazıq
yetimlərim, ananızı incitməyin, ona qulluq edin. Mənə heç nə göndərməyin, burada
hamısı var. Pianonu satın, ac qalmayın.” sözləri 8 fevral 1931-ci ildə, mələfədən
doğrayıb hazırladığı kəndirlə həbsxanada özünü asaraq intihar etmiş
M.Hacınskinin, maddi sıxıntı içərisində yaşayan ailəsinin gələcək taleyinə yanan
atanın ruhi vəziyyətini əks etdirir. Ölümündən bir gün qabaq yazdığı son
məktubunda ailəsi ilə vidalaşan M.Hacınski onu qınamamağı xahiş edir və özünün
təmiz adam olduğunu bildirən ata “Mən sizə heç bir dövlət qoymuram, çünki
yoxumdur. Mənim dövlətim elə sizsiniz. Qardaşınız bacınız, bacınız qardaşınız
üçün dövlətdir” (163.2) deyə uşaqlara bir-birlərindən muğayat olmağı vəsiyyət
edir.
9 fevral 1931-ci ildə ZQPU-nun həkimi Vantsyanın imzası ilə 11886 saylı
istintaq işinə tikilmiş sənəddən göründüyü kimi, M.Hacınski mələfədən hazırladığı
kəndirlə kamerada özünü asır. İstintaq işinin 383-cü səhifəsində M.Hacınskinin
1907-ci ildən mehriban münasibətdə olduğu Serqo Orconikidzeyə və Ş.Eliavaya
ünvanladığı məktubunda: “Tabutdan da sizə yalvarıram ki, mənim əməllərimə işıq
tutub heç olmazsa bu biabırçılıqların azalmasına yardım edəsiniz. Ölüm anında
bildirmək istəyirəm ki, mən həqiqətən sizin quruluşa düşmən olsam da, bu
hakimiyyət barədə ağzıma gələni danışsam da, əslində açıq və qəti fəaliyyət üçün
hər zaman tərəddüd etmişəm. Odur ki, mənim Sovet hökumətinə qarşı törətdiyim
hər hansı bir ziyanlıqdan söhbət gedə bilməz.”
Məhəmməd Həsən bəyin ölümü həmin gün oğlu Şamillə həbsxanaya baş
çəkməyə gəlmiş Səadət xanıma bildirilir. Ərinin cəsədinin qaytarılmayacağını
öyrənən Səadət xanım S.Orconikidzeyə teleqram vurub vida görüşü almağa
yardımçı olmasını xahiş edir. Evə gəlib halva çalan Səadət xanım uşaqlarını başına
yığıb mərhumun şərəfinə dualar oxuyur. Və sonra onun xahişi ilə Minurə
Məhəmməd Həsən bəyin Moskvadan Səadət xanıma göndərmiş olduğu məktubu
ilk dəfə hamı üçün oxuyur. Uşaqlarına ağlamağı qadağan edən ana zəif səslə
“Pəncərədən daş gəlir”i züm-zümə edir. Xorla ona qoşulan uşaqlar bu mahnını
faciə ilə üzləşmiş ailənin himninə çevirirlər.
100
Ertəsi gün Serqo Orconikidzenin göstərişi ilə əri və atası ilə vidalaşan
Səadət xanımla Şamil yasin əvəzinə “Pəncərədən daş gəlir” oxuduqdan sonra
mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çemodanı da götürüb evə
qayıdırlar. Onun içərisindən çıxan mələfədən doğranıb hazırlanmış kəndir qızların
vay-şivəninə səbəb olur. Həmin gecə oğlanları kəndiri aparıb xəlvətcə vaxtilə
F.Xoyskinin və H.Ağayevin də dəfn edildikləri Mirzə Fətəli Axundovun məzarının
ayaq tərəfində basdırırlar.
Serqo Orconikidzenin tapşırığı ilə Hacınskilərə kəsilmiş cüzi təqaüd 1940-cı
ilə qədər verilsə də, ailə üzvlərinin təqib olunması nəticəsində uşaqlar məktəbdən
xaric olunur və iş yerlərini itirirlər.
Məhəmməd Həsən Hacınskinin faciəli ölümündən sonra Səadət xanım o
zaman Almaniyada olan Şamil və Nuşirəvana məktub yazıb onların vətənə
qayıtmalarını xahiş edir. Şamil vətənə qayıtsa da, atasının taleyini yaşamaq
istəməyən Nuşirəvan ömürlük qürbətdə qalmağı üstün tutur.
Rusiya hökuməti tərəfindən İranda da təqib olunan mühacirlərin sonrakı
taleyi barədə 20 avqust 1931-ci ildə İstanbulda çıxan “Bildiriş” qəzetində dərc
olunmuş M.B.Məmmədzadənin “Azərbaycan mühacirləri” məqaləsinə və həmin
qəzetin 3 sentyabr 1931-ci ildəki məlumatına istinad edən X.C.İbrahimli yazır:
“Mövcüd qərarın icrası ilə bağlı bir fakta diqqət yetirək: “30 iyul İranda olan
mühacirlərin ümumi fəlakət günüdür. Bu tarixdə İran hökuməti azərbaycanlı,
gürcü, erməni və rus mühacirlərini çıxarmağa başlamışdı. Onların ölkədən
çıxarılması 24 saat ərzində polis tərəfindən icra edildiyindən dəhşətli bir mənzərə
alınmışdır. Mühacirləri evdə, küçədə, bazarda ələ keçirib maşınlara dolduraraq
dəmir yol stansiyalarına gətirir, oradan da naməlum tərəfə aparırdılar. Təkcə o gün
həbsdə olan 65 azəri də qatılmaqla 800 nəfər mühacir tutuldu. Şahidlərin
bildirdiyinə görə RSFSR-in İrandakı konsulu Təbriz stansiyasında oturub prosesə
özü nəzarət edirdi.” (37.səh.55).
25 sentyabr 1931-ci ildə AMM-in əlli üç üzvünü ittiham edən Az QPU
məhkəməsi əvvəlcə on nəfərin güllələnməsinə qərar verir. 2 fevral 1932-ci ildə işə
yenidən baxan Zak QPU-nun kollegiyası Əhməd bəy Pepinov başda olmaqla altı
nəfərə on il, Ələskər bəy Bəylərbəyov da daxil olmaqla on doqquz nəfərə beş il
həbs cəzası kəssə də, M.Hacınskinin ölüm faktını nəzərə alaraq ona qarşı
yürüdülən ittihama xitam verir. İttiham olunan “53-lər”dən bəziləri müəyyən
müddət sonra xalq düşməni damğası ilə azadlığa çıxa bilsələr də, 1937-ci ildə
yenidən həbs olunub yox edildilər.
Otuzuncu illərin ikinci yarısından ziyalılarımıza qarşı davam edən
repressiyalar daha kəskin şəkil almışdı. Çarizmin müstəmləkə siyasətini yürüdən
bolşevizm, milli və islami dəyərlərə qarşı barışmaz mövqedə duran stalinizm ən
yaxşı ziyalılarımızı həmin prinsipləri önə çəkdikləri üçün cismani məhv edirdi.
Dostları ilə paylaş: |