Vesson dörd gündən sonra qayıtdı, tapşırıqları aldı, eskizləri öz studiyasına
apardı və modelyerin göstərişlərinə uyğun olaraq onları tamamladı.
Nəticə? Eskizlərin hamısı qəbul olundu.
Bu, on ay əvvəl baş vermişdi. Həmin vaxtdan bu modelyer öz ideyaları
əsasında yerinə yetirilmiş onlarla başqa sifariş verib – nəticədə Vesson əlinə
tərtəmiz 1600 dollardan çox pul alıb. “Bu sifarişçi ilə bütün bu illər ərzində nəyə
görə uğursuzluğa düçar olduğumun səbəbini indi başa düşürəm, – dedi cənab
Vesson, – mən modelyeri onun işinə yaradığını hesab etdiyim şeyi almağa
inandırmaq istəyirdim. İndi əksinə hərəkət edirəm: mən onu öz ideyalarını mənə
verməyə sövq edirəm. O, indi belə hiss edir ki, sifarişləri özü yaradır. Mənə indi
ona satmağım lazım gəlmir. O özü alır”.
Teodor Ruzvelt Nyu-York ştatının qubernatoru olanda qeyri-adi məharət
büruzə vermişdi. O, siyasi bosların kəskin əleyhinə olduqları islahatlar
keçirdiyinə baxmayaraq, boslarla yaxşı münasibətlərini saxlamağa müyəssər
olmuşdu.
Bu bax belə baş vermişdi.
Ona yüksək posta namizəd tapmaq lazım gələndə Ruzvelt məsləhət almaq
üçün siyasi boslara müraciət etmişdi. “Əvvəl onlar, – deyə Ruzvelt danışırdı, –
partiyanın əl-ayaqdan düşmüş qatırını, özünün qeydinə qalmaq lazım gələn
adamı təklif etdilər. Mən dedim ki, bu adamı təyin etmək ağıllı hərəkət olmazdı,
çünki bu, ictimaiyyət tərəfindən razılıqla qarşılanmayacaq.
Onda onlar başqa, bütün xidmətləri yalnız həmişə hansısa bir postu
tutmaqdan ibarət olan partiya xadiminin adını çəkdilər. Mən onlara dedim ki, bu
şəxs də ictimaiyyətin gözləntilərini doğrultmayacaqdır və bu vəzifəyə daha
uyğun olan adam tapmağın mümkünlüyünü aydınlaşdırmağı xahiş etdim.
Üçüncü namizəd artıq yaxşı idi, ancaq tamamilə yox. Mən təşəkkürümü
bildirdim və onlardan bir dəfə də cəhd etməyi xahiş elədim. Dördüncü təklif məni
tamamilə qane edirdi. Onlar o adamın adını çəkdilər ki, onu mən özüm də
seçərdim.
Minnətdarlığımı ifadə edərək mən bu adamı təyin etdim və bu minvalla da
onlara imkan verdim ki, bu təyinatın onların xidməti olduğunu öz ayaqlarına
yazsınlar... Mən dedim ki, bunu onların xətrinə etdim və indi mənim üçün nə isə
etmək növbəsi onlarındır”.
Və onlar etdilər. Onlar bunu “Mülki xidmət haqqında Bill”, “Seçkilərdə iştirak
edən şəxslərin gəlirləri haqqında Bill” kimi radikal islahatları dəstəkləməklə
etdilər.
Yadda saxlayın, Ruzvelt məsləhətlərin aparılmasına çox vaxt sərf etdi və
başqalarının məsləhətlərinə hörmət nümayiş etdirdi. O, yüksək posta o yerə layiq
olan adamı təyin elədi, lakin boslarda belə hiss yarandı ki, namizədi məhz onlar
seçiblər, ideya məhz onlara məxsusdur.
Minik avtomobillərinin satışı üzrə Lonq-Aylenddən olan agent bu fəndi bir
şotlandlı və onun həyat yoldaşına işlənmiş avtomobilin satışında istifadə etmişdi.
Agent şotlandlıya bir-birinin ardınca çox maşın göstərmişdi, onun isə hər dəfə nə
isə xoşuna gəlmirdi. Ya burasında nəsə bir xarablıq vardı, ya başqa yerində nəsə
çatışmırdı. Ya da qiymət həmişə çox baha olurdu. İşin bu cür olduğunu görən
agent, mənim kurslarımın dinləyicisi kömək üçün bizə müraciət etdi.
downloaded from KitabYurdu.org
Biz ona məsləhət gördük ki, Sendiyə maşın satmaq cəhdlərini dayandırsın və
ona özünün maşın almasına imkan versin. Sendiyə nə etməli olduğunu
göstərmək əvəzinə, nə etmək lazım olduğunu özünün deməsinə niyə də imkan
verilməsin? Qoy o hiss eləsin ki, ideya onun özünə məxsusdur.
Bu çox ümidverici səslənirdi. Və bir neçə gündən sonra agent müştərinin öz
maşınını təzələmək istədiyini eşidəndə və ona göstərməyə hazırlaşdığı maşının
Sendinin xoşuna gələcəyini bilə-bilə telefonun dəstəyini qaldırdı və Sendidən
məsləhət vermək üçün xüsusi minnət qismində onun yanına gəlməsini xahiş
elədi.
Sendi gəlib çıxanda agent ona dedi: “Siz təcrübəli alıcısınız. Siz maşının
qiymətini bilirsiniz. Bu maşını gözdən keçirməyə, onu sınaqdan çıxarmağa və ona
nə qiymət qoyulmalı olduğunu deməyə razı olmazdınızmı?”
Sendi çox geniş təbəssümdə əriyib itdi. Nəhayət ki, ondan məsləhət
istəyirlər, onun bacarığını etiraf edirlər. O, maşını Kraliça bulvarı ilə Yamaykadan
Forest-Hilə və oradan da geri sürdü. “Əgər siz maşını üç yüzlüyə alsanız, onda
sərfəli sövda etmiş olarsınız”, – dedi o.
“Bəlkə siz özünüz onu üç yüzlüyə alasınız?” – deyə agent soruşdu. Və sövda
baş tutdu.
Öz avadanlığını Bruklindəki ən iri xəstəxanalardan birinə satmaq istəyən
rentgen aparatlarının bir istehsalçısı da elə bu psixologiyanı nəzərə almaqla
hərəkət edirdi. Həmin xəstəxanada köməkçi tikili inşa olunmuşdu və buranı ABŞ-
da ən yaxşı rentgen şöbəsinə çevirmək planlaşdırılırdı. Bu şöbənin müdiri doktor
L.-ə satış üzrə agentlər göz verib işıq vermirdilər və hər biri də öz malına
mədhiyyələr deyirdi.
Fabrikantlardan biri daha məharətlə tərpəndi. O, insanlara necə yaxınlaşmaq
lazım olduğunu başqalarından yaxşı bilirdi. O, təqribən aşağıdakı məzmunda
məktub göndərdi:
“Bizim fabrikimiz rentgen aparatlarının yeni xəttini hazırlayıbdır. Həmin
avadanlığın birinci partiyası lap indicə bizə çatdırılıb. Aparatura təkmil deyildir.
Biz bunu bilirik və onu daha da yaxşılaşdırmaq istəyərdik. Əgər siz yaradılmış
aparatla tanış olmaq və xəstəxanalarda istifadə olunması üçün onlarda nə kimi
uyğunlaşdırmalar aparılmalı olduğunu bizə məsləhət verməyə vaxt ayıra
bilsəydiniz, sizə çox minnətdar olardıq. Sizin nə dərəcədə məşğul adam
olduğunuzu bilərək, təyin olunmuş vaxtda sizin arxanızca maşın göndərməkdən
xoşbəxt olardım”.
“Bu məktubu alanda mən heyrətlənmişdim, – deyə doktor L. bu hadisəni
bizim siniflərdən birində danışırdı, – eyni zamanda, həm heyrətlənmişdim, həm
də mənə xoş idi. Rentgen aparatlarının fabrikantları indiyə qədər mənə məsləhət
üçün müraciət etməmişdilər. Mən özümü əhəmiyyətli persona kimi hiss elədim
və bütün axşamı məşğul olduğuma baxmayaraq, avadanlıqla tanış olmaq üçün bir
işgüzar görüşü təxirə saldım. Mən onu nə qədər çox öyrənirdimsə, aparat bir o
qədər çox xoşuma gəlirdi. Heç kim bu avadanlığı mənə satmağa cəhd eləmirdi.
Mən hiss edirdim ki, onu xəstəxana üçün almaq fikri – şəxsən mənim özümə
məxsusdur. Aparatın əla keyfiyyətlərinə əmin olandan sonra mən onu almaq
barədə göstəriş verdim”.
downloaded from KitabYurdu.org