əmlakın qorunması üzrə özü özünü elan etmiş, bir nəfərdən ibarət olan komitə
kimi fəaliyyət göstərməyə başladım.
Başlanğıcda oğlanların nöqteyi-nəzərini başa düşməyə heç çalışmırdım;
ağacların altında yanan ocaq görəndə istəyirdim ki, düzgün hərəkət edim, amma
çox vaxt səhvə yol verirdim. Mən atı sürüb oğlanların yanına gəlir, onları ocaq
qaladıqlarına görə həbsxanaya salınacaqları ilə hədələyir, amiranə səslə ocağı
söndürməyi əmr edirdim, onlar imtina edəndə isə həbs edəcəyimlə
qorxudurdum. Mən uşaqların psixologiyasını başa düşməyə çalışmadan yalnız öz
hisslərimi ifadə edirdim.
Nəticəsi? Uşaqlar qaşqabaqla, inciklik hissiylə tabe olurdular. Mən təpənin
arxasında gözdən itəndə isə onlar, çox güman, bütün parkı yandırmaq istəyi ilə
ocağı yenidən qalayırdılar.
İllər keçdikcə mən insan münasibətlərindən, zənn edirəm ki, daha çox baş
çıxarmağa başladım, daha taktikalı oldum, şeylərə başqasının nöqteyi-
nəzərindən baxmaq tələbatına bir qədər də çox yiyələndim. Buna görə də
göstəriş vermək əvəzinə, mən atın üstündə yanan ocağa yaxınlaşır və nə isə buna
oxşar söhbətə başlayırdım:
“Eşq olsun, uşaqlar! Vaxtınızı yaxşı keçirirsiniz? Axşam yeməyinə nə
hazırlayırsınız? Mən uşaq olanda özüm də ocaq qalamağı çox sevirdim və indiyə
qədər də sevirəm, lakin bilirsinizmi, burada, parkda bu çox təhlükəlidir. Bilirəm
ki, siz ziyan vurmayacaqsınız, amma başqa uşaqlar sizin kimi ehtiyatlı deyillər.
Onlar bura gələcəklər, sizin ocaq qaladığınızı görüb, özləri də ocaq qalayacaqlar
və getməzdən qabaq söndürməyəcəklər. Alov quru budaqlarla yayılacaq və
ağacları yandıracaq. Ehtiyata riayət olunmasa, ağacların hamısı məhv ola bilər.
Sizi isə ocaq qaladığınıza görə həbsxanaya sala bilərlər. Lakin mən burada
komandanlıq etməyə və sizin oyununuza mane olmağa hazırlaşmıram. Vaxtınızı
şən keçirdiyinizi görməyimə şadam. Amma xahiş edirəm, lap indi yarpaqları
ocaqdan uzaqlaşdırın və onların üstünə torpaq tökün, bacardıqca çox torpaq
tökün. Bunu edəcəksiniz? Gələn dəfə isə oynamaq həvəsinə düşəndə ocağı
təpənin o biri tərəfində, qumsal yerdə qalamaq daha yaxşı olmazdımı? Ora
tamamilə təhlükəsizdir.... Çox sağ olun, uşaqlar, sizə vaxtınızı yaxşı keçirməyi
arzulayıram”.
Nə qaşqabaq, nə inciklik.
Onları başqalarının əmrlərinə tabe olmağa məcbur etmirdilər. Onlar öz
simalarını qoruyub saxlayırdılar. Onlar məmnun idilər və onların nöqteyi-
nəzərini hesaba aldığım üçün mən də məmnun idim.
Siz sabah kiməsə ocağı söndürmək xahişiylə müraciət etməzdən, bir banka
“Alfa” pastası almazdan, yaxud Qırmızı Xaça 50 dollar ianə etməzdən əvvəl – bir
qədər tələsməyib, gözlərinizi yumub və bunu özünüz üçün başqasının nöqteyi-
nəzərindən təsəvvür etməyə niyə də çalışmayasınız? Özünüzdən soruşun: “Axı o,
niyə bunu etmək istəyir?” Doğrudur, bu, sizin bir qədər vaxtınızı alacaq, lakin siz
dostlar qazanacaqsınız və daha yaxşı nəticələr əldə edəcəksiniz; özü də bunu
daha az zəhmət çəkmək, daha az əsəb hesabına əldə edəcəksiniz.
“Görüşməli olduğum biznesmenə nə deyəcəyim və onun mənim maraqlarım
və motivlərimlə bağlı öz biliklərindən çıxış edərək nə cavab verə biləcəyi haqda,
ümumiyyətlə, heç bir təsəvvürə malik olmadan onun otağına girmək əvəzinə, –
downloaded from KitabYurdu.org
demişdi Harvard Biznes Məktəbinin dekanı Dodhem, – onun kontorunun
qabağında iki saat gəzişməyə üstünlük verərəm”.
Bu, o qədər vacibdir ki, bunun xüsusi əhəmiyyətini qeyd etmək və təkrar
eləmək istəyirəm.
Əgər bu kitabı oxumağınızın nəticəsində siz təkcə – başqa adamın nöqteyi-
nəzərini nəzərə almağa, məsələləri onun baxış bucağından seyr etməyə və
məsələ ilə bağlı yalnız öz baxışlarınızı rəhbər tutmamağa daha güclü meyil əldə
etmiş olarsınızsa, bu halda belə alına bilər ki, siz öz karyeranız yolunda mühüm
addım atmısınız.
Buna görə də əgər siz adamların narazılıq, yaxud inciklik hissi keçirmədən öz
rəylərini və ya davranışlarını dəyişməsini istəyirsinizsə, qayda 8-i tətbiq edin:
Öz vicdanınız qarşınızda düzgünlüklə çalışın ki, şeyləri başqasının nöqteyi-
nəzərindən görə biləsiniz.
Doqquzuncu fəsil
Bu, hər kəsin istədiyidir
Mübahisələri dayandıran, bədxahlığı məhv edən, xoş iradə doğuran və
başqalarını diqqətlə dinləməyə məcbur edən sözləri bilmək istəyərdiniz?
İstəyirsiniz? Çox gözəl. Budur onlar: “Sizin məhz fikirləşdiyiniz kimi
fikirləşdiyinizə görə mən sizi qətiyyən günahkar bilmirəm. Sizin yerinizdə
olsaydım, mən də, şübhəsiz ki, düz elə sizin kimi fikirləşərdim”.
Bu cür cavab ən tərs həmsöhbətin də mövqeyini yumşalda bilərdi. Siz bunu
deyərkən özünüzü yüz faiz səmimi adam hesab edə bilərsiniz, çünki əgər siz
başqa adamın yerində olsaydınız, onda, əlbəttə, elə onun kimi də fikirləşərdiniz.
Sizin zəhərli ilan olmamağınızın yeganə səbəbi budur ki, sizin valideynləriniz
də zəhərli ilan olmayıb. Sizin inəklərə səcdə etməməyinizin və ilanları müqəddəs
hesab etməməyinizin yeganə səbəbi bundan ibarətdir ki, siz Bramaputra
sahillərində indus ailəsində doğulmamısınız.
Hazırda kim olmağınızda özünüzün xidməti çox azdır və yadda saxlayın,
rastlaşdığınız əsəbi, səbirsiz, qərəzli, dərrakəsiz adam da günahkar deyil ki, məhz
olduğu kimi var. Yazığa ürəyiniz ağrısın. Onun halına acıyın. Simpatiyanızı
göstərin. Özünüzə Con V.Qrifin ayaq üstə zorla dayanan əyyaş görəndə dediyini
təkrar edin: “Şükür Tanrıya, onun lütfü olmasaydı, bu, mən də ola bilərdim”.
Sabah rastlaşacağınız adamların dörddə üçü öz dərdlərinə acıyan adamın
həsrətindədir. Bunu büruzə verin və onlar sizi sevəcəklər.
Bir dəfə mən “Kiçik qadınlar” əsərinin müəllifi Luiza Mey Olkott haqqında
radio ilə çıxış edirdim. Mən bilirdim ki, o, Massaçusets ştatının Konkord
şəhərində yaşayır və xanım kitablarını burada yazırdı. Lakin öz sözlərimə
nəzarət etməyərək dedim ki, onun doğma evini Konkordda, Nyu-Gempşir
ştatında ziyarət etmişdim. Əgər mən Nyu-Gempşirin adını bir dəfə çəkmiş
olsaydım, ola bilsin, bunu mənə bağışlayardılar. Lakin əfsus! Mən iki dəfə səhv
etdim. Məni məktub və teleqramların içində batırdılar. Kinayəli ismarışlar
mənim müdafiəsiz başımın üzərində fırlanırdı. Massaçusets ştatı, Konkordda
boya-başa çatan və həmin vaxt Floridada yaşayan bir sinli xanım öz şiddətli
qəzəbini mənim üzərimə tökdü. Əgər mən xanım Olkottu Yeni Qvineyadan olan
adamyeyən olmaqda ittiham etmiş olsaydım, o, mənə, çətin ki, bundan betərini
yaza biləydi. Mən bu xanımın məktubunu oxuyanda fikirləşirdim: “Şükür Tanrıya
downloaded from KitabYurdu.org