AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
525
I Şah Abbasın saray tarixçisi və münşisi Səfəvilər dövründən çox-çox öncə
(XII əsrdə) yaşamış Nizami və Xaqani kimi məşhur şairlərimizi xatırlatsa da, daha
çox Səfəvi zamanının şairlərinə yer ayırmışdır. İsgəndər bəy XVI əsr Azərbaycan
ədəbiyyatının bir sıra nümayəndələrinin həyat və fəaliyyətinə dair bilgilər
verməkdədir. O, Şah İsmayıl Xətainin (həyatı: 1487-1524; hakimiyyəti: 1501-
1524) ədəbi yaradıcılığını yüksək qiymətləndirmişdir:
“O həzrət (Şah İsmayıl – N.M.) şeir nəzm etməkdə ali təb sahibi idi. Amma
türkcə şeir deməyə daha çox rəğbəti vardı. Təxəllüsü isə Xətai idi. Sultan Səlimlə
müasir olduğundan Mövlana Ümidi bu şeirdə buna işarə etmişdir:
Şeir
Cah-calal
evində qəzavü-qədər,
İslimi, Xətai nəqşini çəkər” [Türkman 2009: 120].
Burada adı çəkilən Mövlana Ümidi I Şah İsmayılın müasiri olmuş bir
tehranlı şairdir. Əsl adı Ərcəspdir. Onun 1519-1524-cü illər arasında öldüyü güman
edilir [Browne 1924: 230-
233]. İslimi və Xətai nəqşləri orta əsrlər şərqində təsviri
sənətin dəbdə olan yeddi növü sırasına aid edilən naxışlardır. Bundan əlavə, bəlli
olduğu kimi, şeirlərini daha çox farsca yazan Sultan Səlimin poetik təxəllüsü
İslimi, əsasən türkcə yazıb-yaradan Şah İsmayılın təxəllüsü isə Xətai idi. Şair
Mövlana Ümidi burada b
ədii maneradan istifadə etmiş, “İslimi nəqşi” deyərkən
Sultan Səlimi, “Xətai nəqşi” deyərkən isə Şah İsmayıl Xətaini nəzərdə tutmuşdur
[Qasımlı 2002: 106-108].
Müəllif Səfəvilər xanədanının digər şair üzvləri haqqında da məlumat verir.
Məsələn, o, II Şah İsmayılın (həyatı: 1537-1577; hakimiyyəti: 1576-1577) “Adili”,
Şah Məhəmməd Xudabəndənin (həyatı: 1531-1595; hakimiyyəti: 1578-1587) isə
“Fəhmi” təxəllüsü ilə şeirlər yazdığını qısa şəkildə bildirir [Türkman 2009:
279,420]. Amma İsgəndər bəy şair Səfəvilərin arasında daha çox I Şah İsmayılın
oğlu Bəhram mirzənin övladı olan və “Cahi” poetik təxəllüsü ilə şeirlər yazan
İbrahim mirzənin (həyatı: 1543-1576) ədəbiyyat və mədəniyyət xadimi kimi
fəaliyyəti üzərində dayanır:
“Bəhram mirzənin ikinci oğlu İbrahim mirzədir. Onun anası Şirvan vi-
layətinin əsilzadələrinə mənsub idi. O, cənnətməkan şah həzrətlərinin (I Şah
Təhmasibin – N.M.) kürəkəni idi və o həzrətin vəfatı zamanı ulu dərgahda
eşikağası mənsəbi ilə əzizlənmiş və şərəflənmiş bir vəziyyətdə idi. O, yüksək
qabiliyyətə, istedada, ağıla və idraka malik idi və ali dərəcəli əmisinin (I Şah
Təhmasibin – N.M.) hüzurunda əziz, möhtərəm, sözükeçən, əhəmiyyətli, rəyi
dinlənən və məşvərətçi bir şəxs idi. Daha sonra qeyd edəcəyimiz kimi, İsmayıl
mirzənin (II Şah İsmayılın – N.M.) zamanında şəhidlik şərbətini nuş etmişdir…
Sözügedən Sultan İbrahim mirzə çeşidli fəzilət və kamilliklərlə bəzənmiş və
incəsənət fənləri ilə zinətlənmiş bir şəxs olub, zəmanənin istedad sahiblərindən idi.
O, nəstəliq xətti ilə çox yaxşı yazırdı və incə qələmli bir müsəvvir (rəssam – N.M.)
idi. Musiqi və ədvar (musiqi nəzəriyyəsi – N.M.) elmində zəmanənin öncülü idi. O,
musiqi bəstələmək sahəsində Mövlana Qasım Qanuninin şagirdi olmuşdur. Yaxşı
saz çalardı. Dülgərlik etmək, saz yonmaq və mozaika (“xatəmbəndi”) yaratmaq
sənətlərində böyük məharətə malik idi. Xorasanda olarkən əksər vaxtlarda şairlərlə,
nəzm və bəlağət sahibləri ilə söhbət edərdi və özü də “Cahi” təxəllüsü ilə şeir
yazardı. Ondan aşiqanə qəzəllər qalmışdır. O cümlədən bu iki məqtə onun
əhvalatını qələmə alarkən xatirimizə gəldi:
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
526
Qitə
Getmək anı yetəndə yar gəlib çıxdı, Cahi,
Gözünü aç ki, əgər görməyə taqət varsa.
Qitə
Min
gecədən sonra ki,
sən yarla görüşdün,
Cahi, fürsətdir, gözünü ondan ayırma.
Onun yaratdığı böyük kitabxana[dakı kitablar] köhnə ustadların və gözəl
yazan xəttatların xətlərindən və misli-bərabəri olmayan qızıl qələmli müsəvvirlərin
çəkdikləri təsvirlərdən ibarət idi. Onun mülkiyyətində çoxlu digər töhfələr də vardı.
Onun çinixanası Çin və Xəta nigarxanalarını utandırırdı. [İbrahim] mirzənin [ölüm]
hadisəsindən sonra onun möhtərəm hərəmi o əsərlərin İsmayıl mirzənin əlinə
keçməməsi üçün onların əksəriyyətini suya tökdü, çiniləri sındırdı, qalanlarına isə
od vurdu və mirzənin matəmi üçün həddən artıq fəryad və fəğan qopardı. Axırda o,
ahu-
zarının çoxluğu üzündən xəstələnib, yorğan-döşəyə düşdü və elə həmin ay fani
dünyaya vida edib, əbədiyyət aləminə qovuşdu” [Türkman 2009: 300,423-424].
İbrahim mirzə Səfəvi, I Şah Təhmasib (hakimiyyəti: 1524-1576) zamanında
əvvəlcə Məşhəd hakimi olmuş, daha sonra isə şah sarayında çalışmış, axırda II Şah
İsmayılın əmri ilə öldürülmüşdür. Onun təxminən 3 min beytlik divanı vardı.
Farsca ilə yanaşı türkcə də şeirlər yazmışdır [Tərbiyət 1987: 162; Məmmədova
1991: 103-
104; Musalı 2007: 164]. Qeyd edək ki, onun türkcə aşıq şeiri formasında
yazılmış 27 şeirini Almaniyada yaşayan soydaşımız M.Hüseyni Tehranın Saray
Kitabxanasından aşkar etmiş və onların fotosurətini çıxararaq, AMEA Əlyazmalar
İnstitutuna göndərmişdir. İbrahim mirzənin bu şeirlərindən bəzi örnəklər institutun
direktor müavini P.Əlioğlu (Kərimov) tərəfindən nəşr edilmişdir [Əlioğlu 2007].
Şair farsca şeirlərində Cahi təxəllüsündən istifadə etsə də, türkcə şeirlərini İbrahim
imzası ilə yazmışdır:
“
Şol zəmanənin cövründən,
Könül, incinmə, səbr eylə.
Əhli-aləmin tövründən,
Könül, incinmə, səbr eylə.
İbrahim der: ol sərvi-naz,
Olmaz belə, məhrəmi-raz.
Həqq kərimdir, böylə qalmaz,
Könül, incinmə, səbr eylə” [Əlioğlu 2007].
Salnaməçi Şah Məhəmməd Xudabəndənin böyük oğlu Sultan Həsən
mirzənin (həyatı: 1558-1576) də poeziyasından qısaca söz açmış və onun bir
rübaisinə yer vermişdir:
“Fəhm və fitrət cəhətdən bacarıqlı idi və təb sahibi idi. Bu rübai onun xoş
niyyətli xatirindən doğmuşdur:
Rübai
O üzün ki, ba
dədən lalə bitibdir onda,
Şərabın təsiriylə jalə bitibdir onda.
O əl ki, bir piyalə alıbdır sənin əlindən,
Torpağa dönsə də, piyalə bitibdir onda” [Türkman 2009: 282-283].
Sultan Həsən mirzənin poeziyasından bəhs edən Azərbaycan təzkirəçisi
Sadiqi də onun eyni rübaisini oxuculara təqdim etmişdir [Əfşar 2008: 35-36].
İsgəndər bəy Münşi I Şah Abbasın şairliyindən söz açmış, onun təsniflərinin