Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   22   23   24   25   26   27   28   29   30

63 

 

Petruşevski  qazaxları  kiçik  bir  qızılbaş  tayfası  kimi  (bax:  Очерки  по  истории 



феодальных  отношений  в  Азербайджане  и  Армении  в  XVI—начале  XIX 

веков.—Л., 1949, стр. 134—135) təsvir edir, şəmşəddinli tayfası haqqında da eyni 

sözləri  deyir.  Şardən  isə  qazaxları  Xəzər  tayfaları  ilə  bağlayır.  Bu  fakt  qazaxların 

türkdilli  etnos  kimi  çox  qədim  dövrlərdən  Azərbaycanda  məskunlaşdığını  sübut 

edir. 

13. Səh. 219. Zəngi, Zəngəzur və Zəngilan eyni kökdəndir, lakin Zəngəzur «zəng» 

və «zur» (şeypur, zurna) tərkiblərindən ibarətdir. Görünür ki, zəng (i) etnonimdir. 



14. Qırxbulaq «qırx qaynama» (fantan) deməkdir. Deyirlər ki, bu çayın elə o qədər 

də qaynaması (bulağı) vardır. 



15.  Səh.  219;  221;  222.  Yer,  qala,  məscid  adları  bir  daha  sübut  edir  ki,  hazırkı 

Ermənistan  ərazisindəki  türkmənşəli  adlar  çoxluq  təşkil  edir  və  köklü  tarixə 

malikdir. 

16. Səh. 248. Şardən opera haqqında konkret biliyə malik idi. Artıq o zaman E.Jake 

de la Qer «Məhəbbətin təntənəsi» (1654), R. Kamber «Pastoral» (1659) əsərləri ilə 

fransız operalarını yaratmış və 1671-ci ildən Fransada «Kral Musiqi Akademiyası» 

(Qrand-Opera)  fəaliyyətə  başlamışdı,  Şardən  gördüyü  səhnəni  təhlil  edərək  onun 

opera olduğunu dərk etmişdi. Fərq onda idi ki, Avropada opera musiqili dram janrı 

kimi libretto əsasında yazılırdı, Azərbaycanda isə ifaçıların yaddaşı libretto rolunu 

oynayırdı. İkinci  fərq isə ondan ibarət idi ki,  Avropada operanın konkret  müəllifi 

vardı.  Azərbaycanda  isə  operanın  müəllifi  konkret  olaraq  Azərbaycan  xalqı  idi. 

Üçüncü  fərq  Avropada  operanın  klassik,  Azərbaycanda  isə  sırf  milli  musiqi 

əsasında  ifa  edilməsi  idi.  Bir  sözlə,  Azərbaycan  milli  operası  tarixini  iki  dövrə 

bölmək  daha  düzgündür:  1.  Ü.  Hacıbəyova  qədərki  Azərbaycan  milli  operası;  2. 

Əsası Ü. Hacıbəyov tərəfindən qoyulan Azərbaycan milli operası (V. A.). 



17.  Səh.  253—254.  Aşiq-məşuqə  mövzusu  orta  əsr  Azərbaycan  ədəbiyyatında 

xüsusi  yer tutur.  Şardənin  verdiyi  məlumat aşiqin  məhz  hansı  əlamət  və  nişanlara 

malik  olduğunu  göstərir.  Bununla  belə  orta  əsrlərdə  özünü  aşiq  adlandıran  lirik 

mən  «aşiq»  sözünü  məcazi  mənada  işlədir.  Yəni  sənin  eşqin  ürəyimdə  yuva 

qurmuşdur, həsrətin isə sinəmə dağ basmışdır. Bu dağı heç kəs silə bilməz. Burada 

«dağ» sözü də məcazi mənada işlənsə də, real köklərə malikdir (V.A.). 



18.  Səh.  259.  Şardən  tərəfindən  «türkəsayaq  yaşamaq»  kimi  təqdim  edilən  istilah 

daha  çox  farslara  aiddir.  Konkret  olaraq  S.  Şirazinin  «Gülüstan»  əsərinə  baxmaq 

kifayətdir (V. A.). Belə bir istilah o dövrdə həm də siyasi xarakter daşıyırdı, çünki 

Osmanlı  imperiyası  Avropanın  qənimi,  Səfəvi  imperiyası  isə  Avropanın  bir  növ 

müttəfiqi idi. Avropa bu iki türk imperiyasını bir-biri ilə hərbə sövq edirdi. 

19.  Səh.  263.  Şardənin  yəhudilərə  hüsn-rəğbət  bəslədiyini  duymamaq  mümkün 

deyildir (V. A.). Toy və onun tərkib hissələrindən biri olan bəzək (gəlini bəzəmək) 

mərasimi hər bir xalqda özüməməxsus xarakter daşıyır (V. A.). 

20.  Səh.  281.  Bu  vəziyyət  475-ci  ilədək,  Cəlaləddin  taxta  çıxanadək  davam 

etmişdir. Araşdırdıqda məlum olur ki. h. 475, miladi 1083-cü il edir. Həmin tarixdə 




64 

 

isə  Məlik  şah  Səlcuqi  (1072—1092)  hakimiyyətdə  olmuşdur  (bax:  Azərbaycan 



tarixi,  I  c..—  Bakı,  1961,  səh.  155;  Z.  M.  Bünyadov.  Azərbaycan  Atabəylər 

dövləti. Bakı, 1985, səh. 5—6; 15). Bir sıra tədqiqatçılar Novruz bayramının h. 468 

(1076)-ci  ildə  Məlik  şah  tərəfindən  qanuniləşdirildiyini  yazırlar  (bax:  M. 

Dadaşzadə.  Azərbaycan  xalqının  orta  əsr  mənəvi  mədəniyyəti.—Bakı,  1985,  səh. 

118—119).  Şardənin  məlumatı  dəqiq  olmasa  da,  səhv  də  deyildir.  İstər  h.468, 

istərsə də h.475 Məlik şah Səlcuqinin hakimiyyəti illərinə düşür. 



21. Səh. 286. Səfiqulu xanla Şardənin söhbətindən belə bir nəticə çıxır: XVII əsrin 

II yarısından etibarən Səfəvi imperiyasında mərkəzi hakimiyyət zəifləmiş və ayrı-

ayrı  əyalətlər  müstəqilliyə  can  atmışlar.  Son  Səfəvi  hökmdarı  Şah  Hüseynin 

(1694—1722) vəfatından sonra Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanmasının 

səbəblərini  və  köklərini  XVII  əsrin  ikinci  yarısından  başlayan  iqtisadi  enmədə  və 

mərkəzi hakimiyyətin zəifləməsində axtarmaq lazımdır (V.A.). 



22.  Səh.  292—293.  Orta  əsrlərdə  vilayət  hakimlərinin  baş  hərəmləri  də  adamlara 

cismani cəza vermək hüququna malik olmuşlar. 



23. Səh. 304—305. «İndicə deyildiyi kimi, fars tarixçiləri inandırırlar ki, bu  şəhər 

Ermənistanın  ən  böyük  və  ən  gözəl  şəhərlərindən  biri  olmuşdur»  ...Məlum 

məsələdir  ki,  heç  bir  fars  və  türk  tarixçisi  Naxçıvanı  erməni  şəhəri  hesab 

etməmişdir.  Şardəni  inandırmağa  çalışan  olsa-olsa  onu  İrivandan  Təbrizə  qədər 

müşayiət  edən  erməni  mehmandarı  Azari  olmuşdur  (V.  A.).  Görünür  ki, 

Naxçıvanın  tarixindən  danışarkən  Şardən  Azariyə  isnad  etməyi  özünə  əskiklik 

saymış,  Avropanı  inandırmaq  üçün  fars  tarixçilərinə  söykənmək  istəmişdir.  Üç 

kilsədə saxlanan bir tarixə əsasən (mənbədə bu tarixi əsərin nə adı, nə də müəllifi 

göstərilir) Naxçıvanı izah etməsi də yuxarıdakı fikri sübut edir. 

24.  Səh.  309.  II  abz.  Şardən  Araz  çayından  danışarkən  «ola  bilsin  ki,  onun  adı 

məşhur Ararat dağının adından  götürülmüşdür» ifadəsini işlədir. Doğrudan da hər 

iki  sözdə  «ar»  tərkibi  işlənir.  Fərq  ondadır  ki,  «Ararat»  sözündə  «ar»  tərkibi  iki 

dəfə  (Ar-ar  -  a  +  t),  «Araz»  sözündə  isə  bir  dəfə  (Ar-az/s)  işlənir.  «Ararat» 

sözündəki «t» qədim türk dillərinə məxsus cəm şəkilçisidir (bax: С.М.Молла-заде. 

Топонимия  северных  районов  Азербайджана.—Баку,  1979,  стр.  157).  «Ar» 

tərkibinə  gəldikdə  isə  elə  Şardənin  özü  də  qədim  müəlliflərə  əsaslanaraq  «ar», 

«ər»,  «ur»  tərkiblərinin  «od»  mənasında  işləndiyini  yazır  (bax:  Şardən.  II  c.,  səh. 

311—312).  Üstəlik  «ur»  tərkibi  türk  dillərində  «tanrı»,  «uca»,  «müqəddəs»  və  s. 

mənalarda  işlənir  (bax:  О.Сулейменов.  Азия.—Алма-Ата.  1975,  стр.  233:  M. 

Seyidov.  Azərbaycan  mifik təfəkkürünün qaynaqları.—Bakı, 1985,  səh. 226, 240, 

243. A. M. Məmmədov. Türk-şümer paralelləri; Azərb. dilinin  erkən tarixinə dair 

materiallar.  Azərb. filologiyası  məsələləri  məcmuəsi.—B.,  1983,  səh. 4-5.  «Araz» 

sözünün  ikinci  tərkibi  isə  «az»,  «as»  sözü  olub,  kas  tayfası  ilə  (yəni  kaspilərlə) 

bağlıdır. Etimoloji  mənşəyinə görə,  Ararat  müqəddəs  və  ya od tanrısının  yaşadığı 

dağ,  Araz  isə  oda  tapınan  kasların  (kaspilərin)  çayı  kimi  izah  oluna  bilər.  Əgər 

Araz sözünün etimoloji təhlilində Şardənin məlumatını əsas götürsək (Şardən «az» 



65 

 

tərkibini  yiyəlik  halın  artikli  hesab  edir),  onda  Araz  «müqəddəs  çay»  kimi  izah 



olunur (V. A.). 

25. Səh. 311—312. Şardənin «Səyahətnamə»sinin I cildində olduğu kimi, II cilddə 

də bir sıra yer adlarının etimoloji mənşəyini çox böyük ustalıqla açır. Məsələn, II 

cildin 72—74-cü səhifələrində Şardən Qara dənizin etimoloji mənşəyini belə izah 

edir: «Qara dəniz ilk dəfə Aşkenas (Aşkenas Yafəsin nəvəsinin adıdır) adlanmışdır. 

Qorxulu  və  bədbəxt  hadisələrə  səbəb  olan  coşğunluğuna  görə,  yunanlar  bu  adı 

dəyişib  Pont-Evksin  demişlər.  Bu  da  «yolagəlməz»,  «tərs»,  «inadcıl»  mənasını 

verir.  Türklər  də  bu  səbəbdən  ona  «qorxunc»,  «təhlükəli»,  «qəzəbli»  mənasında 

Qara  denqiz  deyirlər».  Şardənin  izahı  tamamilə  doğrudur,  çünki  «qara»  «qor» 

sözünün  variantıdır  və  yuxarıdakı  mənalara  uyğun  gəlir  (V.  A.).  ASE-də  verilən 

məlumat  isə  qeyri-elmidir  (bax:  ASE,  III  c.,  səh.  41—42.—B.,  1979).  Şardənin 

«Azərbaycan»  sözünə  verdiyi  etimoloji  şərh  bu  gün  də  aktualdır,  lakin  onun  əsas 

fikrinə  diqqət  verək.  O  yazır:  «...Bu  böyük  əyalət...  Assuriyanı  tərkibinə  daxil 

etdiyindən...  «Assur»  sözünü  özünə  ad  götürmüş  və  belə  adlanmışdır.  Mənim 

fikrimcə  də  bu,  elə  həmin  şeydir».  Burada  bir  şey  həqiqətdir  ki,  istər 

«Azərbaycan»,  istərsə  də  «Assur»  sözündə  «az»  və  ya  «as»,  «ər»  və  ya  «ur» 

tərkibləri işlənir. Üstəlik professional tədqiqatçılar «az» tərkibini etnonim mənşəli 

hesab  edirlər  (bax:  F.  Zeynalov.  Türkologiyanın  əsasları.—B.,  1981.  səh.  39;  T. 

Hacıyev  və G. Vəliyev.  Azərbaycan dili tarixi.—B., 1983,  səh. 26—27),  «Asiya» 

sözündə də «as» tərkibi işlənir. Deməli «as» tərkibi genoloji əsası olan etnonimdir. 

Bu  etnonim  Ön  Asiyada  geniş  yayılmış  Kaspi  («pi»  cəm  şəkilçisidir)  tayfaları  ilə 

bağlıdır.  «Az»  tərkibi  «kas»  sözünün  fonetik  variantıdır,  burada  «k»  samiti 

tələffüzə  uyğun  olaraq  düşmüşdür.  «Az»  və  ya  «as»  tərkibi  semantik  mənşəyinə 

görə «işıq», «günəş» deməkdir. «Ər» və ya «ur» tərkibi isə «qor» sözünün fonetik 

variantıdır, «od», «işıq» və s. deməkdir; k, q, x, h, y samitlərinin sözün əvvəlində 

düşməsi  (hesabəli  —  Əsabəli,  yüz-yüz  və  s.)  dilimiz  üçün  xarakterikdir. 

«Azərbaycan» sözünün üçüncü tərkib hissəsi «bay» sözüdür, tayfa adı ilə bağlıdır, 

dördüncü  tərkib  isə  məkan  bildirən  «can»  sözüdür  (V.  A.).  Şardən  isə  üçüncü  və 

dördüncü  tərkibi  bir  söz—«pekan»  kimi  təqdim  edir.  Ümumiyyətlə  isə  Şardən 

«Azərbaycan» sözünün etimoloji təhlilində doğru mövqe tutur. 

26.  Səh.  314.  Şardən  Mərəndin  etimoloji  izahında  səhvə  yol  verir.  Azərbaycan 

şəhərini  erməni  əfsanəsi  əsasında  (hər  halda  erməni  Azarinin  təhriki  ilə)  izah 

etməyə  çalışır.  Mərənd  sözü  də  etnotoponimdir.  Mar  tayfaları  ilə  bağlıdır  (V.A.). 

Tədqiqatçıların  fikrincə,  «mar»  etnonimin  sonrakı  formasıdır,  qeyri-irandilli  etnik 

nomenklaturaya  daxildir,  parfiyalılar  onları  «maday»  adlandırdıqları  halda, 

ermənilər  «mar»  adlandırırdılar.  Mar  (yəni  ilan)  totemli  bir  tayfa...  «mağ»  adı  ilə 

«mağday»  adlanmışdır  (bax:  И.Алиев.  История  Мидии.—Б.,  1960,  стр.  69-70; 

Ə.  Dəmirçizadə.  50  söz.—B.,  1968,  səh.  15).  Sufiyanın  etimoloji  izahında 

məhdudluğa  yol  vermiş  Şardən  az  qala  bu  şəhərin  tarixini  XVI  əsrin  əvvəllərinə 

bağlayır.  Halbuki  sufizm  IX  əsrdən  Azərbaycanda  bir  təriqət  kimi  mövcud 




66 

 

olmuşdur.  Hüseyn  Həllac  Mənsur  buna  parlaq  misaldır.  Hər  halda  Sufiyanın 



sufilərlə  əlaqəsini  ən  azı  VIII—IX  əsrlərə  aid  etmək  lazımdır  (V.A.).  Şardən 

Qeysəriyyə bazarının inşa tarixində səhv edir. Uzun Həsən h.850 (1446—1447)-də 

deyil,  1453—1478-ci  illərdə  hakimiyyətdə  olmuşdur  (bax:  S.  Onullahi.  XIII—

XVII əsrlərdə Təbriz şəhərinin tarixi.—B., 1983, səh. 24—25). 



27. Səh. 317. Xacə Əlişah məscidinin inşa tarixi təqribən verilmişdir. Çünki 1673-

dən 400 çıxsaq, 1273 qalar. Halbuki tədqiqatçılar Əlişah məscidinin 1310—1320-

ci  illərdə  tikildiyini  və  Ərk  adlandığını  qeyd  edirlər  (bax:  Əbu  Bəkr  əl-Qütbi  əl-

Əhəri. Tarix-e Şeyx Üveys. Tərcüməçilər: M. D. Kazımov və B. Z. Piriyev.—B., 

1984,  səh.  30—66,  qeyd  103).  Əmir  Şeyx  Həsən  Bozorq  məscidinin  inşa  tarixi 

Şardənin  hesablamasına  görə  1353-cü  ilə  (1673—320-1353)  düşür.  Tədqiqatçılar 

isə  həmin  məscidin  1342-ci  ildən  inşa  edilməyə  başlandığını  göstərirlər  (bax:  Əl-

Əhəri. Göstərilən əsəri, səh. 44). 



28.  Səh.  319.  «Bu  məscidi  türklər  tikdiyi  üçün,  farslar...  onu  natəmiz  saxlayırlar» 

ifadəsi  ilə  Şardən  eyni  bir  xalqı  zəhərli  qılınc  kimi  iki  bölən  şiə  və  sünni 

məzhəbləri  arasındakı  təriqət  düşmənçiliyinə  işarə  edir.  Burada  «farslar»  sözünü 

müstəqil  mənada  deyil,  «şiə»  sözü  kimi  başa  düşmək  lazımdır.  Şardən  «canavar 

rəqsi» barədə məlumat verən ilk səyyahdır. 

29. Səh. 324.  Şardən italiyalı  müəllif Minadeyə əsaslanıb Təbrizi Yekbatan hesab 

edir və ciddi bir səhvə yol verir. Halbuki Təbriz və Yekbatan (Həmədan) müxtəlif 

şəhərlərdir (bax: S. Onullahi. XIII—XVII əsrlərdə Təbriz şəhərinin tarixi.—Bakı, 

1982, səh. 33). 



30.  Səh.  325—326.  «Təbriz»  sözünün  etimoloji  təhlilində  Şardən  fars  dilinə 

söykəndiyi  üçün  səhvə  yol  verir.  S.  M.  Onullahi  «...Təbriz  tarixi»nin  40—41-ci 

səhifələrində  yazır:  «Təbrizin keçmiş adı Tarul,  Surxab  dağının  keçmiş adı Tarun 

və  Tori  ilə  əlaqədardır...  Bu  dağın  adı  keçmişdə  Tauri  və  ya  Tovri  olmuşdur». 

Başqa  bir  tədqiqatçı  isə  bu  sözün  «tavr»  tayfaları  ilə  bağlı  olduğu  qənaətinə  gəlir 

(bax: Ə. Fərzəli. Neçə Təbriz var? «Azərbaycan gəncləri» qəzeti. 9 fevral, 1984-cü 

il).  Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  Təbriz  sözü  «tavr»  və  ya  «təbr»  və  «iz» 

tərkiblərinə ayrılmalıdır. «İz» isə «ocuz», «gündüz», «ulduz» və s. Sözlərə qoşulan 

«uz»,  «üz»,  «ıs»,  «is»  tərkiblərinin  fonetik  variantıdır,  «işıq»  deməkdir  (bax:  M. 

Seyidov.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları.—B..  1983,  səh.  255—256). 

Belə  ki,  Təbriz  «işığa  tapınan  tavrlar»  deməkdir.  Bu  türkdilli  tayfa  və  tayfa 

birləşmələrinin ən qədim zamanlardan oda, işığa tapınmasına sübutdur. 



31.  Səh.  327.  Mahmud  Qazan  xan.  Hülakülər  sülaləsindəndir.  O.  h.695-ci  ilin 

məhərrəm ayından (10.XI— 9. XII. 1295) hakimiyyət sürməyə başlamış, h. 703-cü 

il şəvvalın 15-də  yekşənbə günü (21. V.1304) 33 yaşında vəfat etmişdir (bax: Əl-

Əhəri. Tarix-e Şeyx Üveys—B., 1984. səh. 23—26). 



32.  Səh.  328.  Sultan  I  Səlim  Yavuz  1467/68,  ya  da  1470/71-ci  illərdə  anadan 

olmuş, 1520-ci ildə İstanbulda vəfat etmişdir. 1514-cü ildə Çaldıran vuruşmasında 

Şah I İsmayıla qalib  gəlmişdir (bax: ASE, VIII c., səh. 372.—B., 1984). Sultan I 



67 

 

Süleyman  Qanuni  (Avropa  ədəbiyyatında  möhtəşəm  Süleyman)  1495-ci  ildə 



anadan  olmuş,  1520-ci  ildən  hakimiyyətə  keçmiş,  1566-cı  ildə  Macarıstana  yürüş 

zamanı Sigetvarda vəfat etmişdir (bax: ASE,. IX c., səh. 99.—B., 1986). 



33. Səh. 329. Sultan II Murad (1574—1595). O, hakimiyyətə keçən kimi Amasiya 

müqaviləsini  (1555)  pozub,  Səfəvilərə  qarşı  hərbi  yürüşlərə  başlamışdır  (bax: 

А.А.Рахмани.  «Тарих-е  алам  ара-и  Аббаси»  как  источник  по  истории 

Азербайджана»,  стр. 65.—B., 1900).  Şardən Təbrizin  1603-cü ildə  Şah  I  Abbas 

tərəfindən necə alındığını ətraflı təsvir edən ilk avropalı səyyahdır (V. A.). 

34.  Səh.  330.  «Erməni  şahı  Xosrov».  Bu  istilah  ayrılıqda  götürüldükdə  düzdür. 

Çünki III əsrin II yarısından Ermənistan Sasanilər tərəfindən zəbt edildi. Buna görə 

də,  Sasani  şahları  həm  də  erməni  şahları  hesab  olunurdu.  VI  əsrin  sonunda  isə 

Sasanilər Ermənistanın çox hissəsini Bizansa güzəştə getdi (bax: ASE, IV  c., səh. 

83.—B.,  1980).  Xosrov  məsələsinə  gəldikdə  isə,  iki  Xosrov  vardır.  I  Xosrov 

tarixdə Nuşirəvan və Ənuşirəvan adı ilə tanınır, 531—579-cu illərdə hakimiyyətdə 

olmuşdur.  II  Xosrov  tarixdə  Xosrov  Pərviz  adı  ilə  tanınır,  591—628-ci  illərdə 

hakimiyyətdə  olmuşdur.  Mehranilərin  Şimali  Azərbaycana  keçməsi  onun  adı  ilə 

bağlıdır (bax: Р.Б.Геюшев. Христианство в Кавказской Албании, стр. 47.—Б., 

1984). Xosrov Pərvizin hakimiyyətə gec gəlməsinin səbəbi odur ki, Bəhram Çubin 

579-cu ildə I Xosrovu (o həm də IV Hörmüzd  adlanırdı) taxtdan  salmış və özünü 

«şahənşah» elan etmişdi. Bu vəziyyət 591-ci ilə qədər davam etmişdir. 591-ci ildə 

Xosrov  Pərviz  Bizans  ordusunun  köməyi  ilə  Sasani  sərkərdəsi  Bəhram  Çubini 

məğlub etmiş, Bəhram Çubin türk xaqanının yanına qaçsa da, orada öldürülmüşdür 

(bax:  ASE,  II  c.,  səh.  154.—B.,  1988).  Deməli,  Xosrov  adlı  erməni  şahı 

olmamışdır. Şardən də bu barədə məlumat verən erməni müəlliflərinin heç birinin 

adını çəkmir. Çünki bu  məlumatın doğruluğuna  şübhə  edir. Əks  halda,  mənbənin 

323, 324, 325, 326-cı səhifələrində Təbrizin etimoloji mənşəyindən danışarkən, bu 

məlumatı  ora  əlavə  edərdi.  Təbriz  tarixini  uzun-uzadı  şərh  edəndən  sonra  «...fars 

şahları  orada  yaşayırdılar»,  «erməni  şahı  Xosrov»  Şahistan  adını  dəyişib  Təbriz 

adını  qoymuşdur.  Təbriz  ermənicə  hərfi  mənada  «intiqam  yeri»  deməkdir» 

cümləsinin işlədilməsi toydan sonra nağara kimi səslənir. Erməni dilində «intiqam 

yeri»  sözünün  «Təbriz»  şəklində  işlənməsi  isə  daha  gülüncdür  (V.  A.).  Kimin 

kimdən  intiqam  alması  da  yuxarıda  aydınca  göstərilib.  Sasani  hökmdarı  Xosrov 

Pərviz  hakimiyyəti  öz  əlinə  keçirən  Sasani  sərkərdəsi  Bəhram  Çubindən  intiqam 

alıb.  Qısası,  Təbrizin  etimologiyası  barədə  Şardən  tərəfindən  verilən  məlumatlar 

farspərəstlərlə  ermənipərəstlər  arasında  özünü  itirmiş  bir  fransızın  çaşqınlığından 

başqa bir şey deyildir. Bir sözlə, Şardənin Təbrizlə bağlı etimoloji şərhi elmilikdən 

və reallıqdan uzaqdır (V. A). Bax: qeyd 30. 

35.  Səh.331.  Şah  Süleyman  Səfəvi  hökmdarıdır.  1666-1694-cü  illərdə 

hakimiyyətdə  olmuşdur.  Onu  sonuncu  Səfəvi  şahı  Şah  Hüseyn  (1694-1722)  əvəz 

etmişdir. 



68 

 

36.  Səh.  332.  Mirzə  Tahir  tarixi  şəxsiyyətdir  (bax:  S.  Onullahi.  Göstərilən  əsəri, 

səh. 39, 126, 140, 160, 168). 

37.  Şardən  «aqvan»  termini  ilə  əfqanları  nəzərdə  tutur.  «Tatarların  eyni  olan...» 

ifadəsinin işlənməsi sübut edir ki, XVII əsrdə Əfqanıstanda xeyli türkdilli tayfalar 

yaşayırmış (V. A.). 

38.  Səh.  333.  Hindistana  gedən  karvanın  soyulması  və  ya  oğurluq  kimi  təqdim 

edilən  fakt  Səfəvi  imperiyasına  tabe  olan  əyalətlərdə  narazılığın  silahlı  toqquşma 

səviyyəsinə gəlib çıxdığını göstərir. 

39.  Səh.  334.  Qəndəhar  hakiminin  həbs  edilməsi  faktı  isə  ayrı-ayrı  əyalətlərin 

mərkəzi  hakimiyyətdən  ayrılmaq  cəhdi  kimi  qiymətləndirilməlidir.  Bir  sözlə, 

xanlıqlara  parçalanma  öz  tarixi  kökləri  ilə  XVII  əsrin  II  yarısına  bağlıdır.  Şah  II 

Abbasın (1643—1666) vəfatından sonra taxta çıxan Şah Süleymanın (1666—1694) 

dövründə  mərkəzi  hakimiyyətdə  başlanan  hərc-mərclik  (bax:  qeyd  21)  Şah 

Hüseynin dövründə (1694—1722) son nöqtəyə çatır və Səfəvi imperiyası ayrı-ayrı 

əyalətlərə və xanlıqlara parçalanır (V.A.). 

40.  Səh.  334.  «Oğrular  dünyadakı  şeylərdən  xəbəri  olmayan...  vəhşi  dağlılar 

olmuşlar»  ifadəsinə  tənqidi  yanaşmaq  lazımdır.  Bütün  orta  əsr  mənbələrində 

hakimiyyətə  qarşı  çıxan  xalq  «vəhşi»,  «dikbaş»,  «ovbaş»  və  s.  ifadələrlə  təsvir 

edilir. 


 

 



69 

 

MÜNDƏRİCAT



 

 

JAN ŞARDƏN VƏ ONUN «SƏYAHƏTNAMƏ»Sİ HAQQINDA.................... 3 



BİRİNCİ KİTAB ................................................................................................. 6 

İKİNCİ KİTAB .................................................................................................... 6 

İZAHLAR VƏ ŞƏRHLƏR ................................................................................ 62 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



70 

 

 



 

 

 



 

 

 



 

 

 



Jan Şardən 

PARİSDƏN İSFAHANA SƏYAHƏT 

 

Rəssamı V.Ustinov 



Texniki redaktoru T. Ağayev.  

Korrektoru S. Əliyeva. 

 

Yığılmağa verilmiş 19. 07. 93. Çapa imzalanmış 03. 01. 94.  



Kağız formatı 84x108

1

/



2

. Mətbəə kağızı № 2. Şrifti ədəbi  

qarnitur. Yüksək çap üsulu. Şərti çap vərəqi 5,04. Rəngli şərti  

ç. v. 5,04. Hes-nəşriyyat vərəqi 5,28. Tirajı 5000. Sifariş 436. 

 

«Elm» nəşriyyatı 370143. Bakı-143. Hüseyn Cavid prospekti, 31.  



Akademiya şəhərciyi. Əsas bina. 

Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin 

«Qızıl Şərq» mətbəəsi. Bakı, Həzi Aslanov küç. 80.

 

 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə