Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə11/19
tarix02.10.2017
ölçüsü2,25 Mb.
#2990
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

Ah nağılı
Bir tacir var idi, üç dana qızı. Bir gün gedirdi ayrı şəhərə ticarətə, deyər:

– Hər kim, hər nəmənə istər, desin, qayıdanda alım gəti­rim.

Biri deyər don, biri corab, kiçik qız da deyər baş gülü. Tacir gedər. Don, corab alar, baş gülü yadından çıxar, gələr. Evdə oturmuşdular, yadına düşər, ah çəkər. Bir anda görərlər qapı döyüldü. Tacir gedər qapıya görər bir nəfər əlində qutu durub, deyər:

– Kimsən?

Deyər:

– Mən Aham, baş gülü gətirmişəm.



Tacir baş gülün alar, sevincək verər kiçik qıza. Qız qutunu açar görər qəribə gözəl güldü.

Üç gün ondan sonra yenə qapı döyülər. Ah gələr.

Deyər:

– Gəlmişəm baş gülünün sahibin aparam.



Tacirin iki əli olar, bir təpəsi. Öz-özünə deyər, qıza necə deyim? Axırda olmaz, Ah deyər ki, gərək qızı aparam. Kişi görər olmıyacaq, qızı tapşırar Aha. Ah gözlərin bağlar alar atın tərkinə götürər gedər. Qızın gözlərin açanda, görər, pəhu bir dana bağdadı ki, nə gözəllikdə! Hər gülün üstündən bir avaz gəlir. Ah deyər:

– Bura sənin yerindi.

Qız bir qədər qalar. Bir özün görürdü, bir də Ahı. Yeyirdi, içirdi, dolanırdı. Bir gün dədəsi, nənəsi yadına düşər. Ah çəkər, Ah gələr deyər:

– Niyə ah çəkdin?

Deyər ki, bəs dədəm, nənəm yadıma düşdü. Ah deyər ki, saxlayın apararam görərsən.

Sabah qıza deyər:

– Dur geyin gedək.

Yenə qızın gözlərin bağlar alar atın tərkinə aparar qapılarında qoyar yerə, ötürər içəriyə gedər. Öpüş, görüş, qızı apararlar evə. Yığışarlar başına, danışarlar. Qız deyər:

– Vallah, gündə tək-yalqızam. Bir dana kişi var, hər nə desəm elər. Yemək-içmək də boldu. Da heç kim görmərəm. Qızın bir dana xalası var idi. Deyər:

– Qızım, işsiz dəgil. Sənin ayrı ərin var. Gecə yatanda sənə nəmənə verərlər?

Qız deyər:

– Çay.


Deyər:

– Çayı içməzssən.

– Yaxşı.

Axşam olar. Ah gələr. Yenə qızın gözlərin bağlar, apa­rar. Gecə çay gətirəndə qız göz-göz elər çayı içməz. Tökər fərşin altına. Özün vurar yuxuya. Gecənin bir zamanı görər çıraq işığı gəlir, bir dana gözəl oğlan düşüb nökərin dalıyca gəlir.

Yetişəndə deyər, xanım narahat deyil ki?

Nökər deyər:

– Yox.

Deyər:


– Çayı içib?

Deyər:


– Bəli.

Nökər gedər. Cəvan soyunar bunun yanına girsin, qız qalxar deyər:

– Sən kimsən?

Deyər:


– Dinmə, mən sənin sahabınam.

Qız deyər:

– Bə indiyəcə niyə özünü bildirmirsən?

Deyər:


– Bəni adəm ağ süt əmib. Odu ki, mən özümü nişan vermirdim ki, bəfası olmaz. İndi sirrimi bildin, da özümü gizlətmərəm.

Səhər nökər gələr ağanı oyatsın, deyər:

– Da getməgim olmadı. Ver qızıl gül bağın döşəsinlər, gətirin.

Durarlar, gedərlər qızıl gül bağına. Qız görər elə gözəl bağdı ki, gəl görəsən. Əğl heyran qalır. Hər yan doludu baş güllərindən. Yeyərlər, içərlər, durarlar dolanmağa. Qız istər baş güllərindən dərsin, əli yetimişməz. Oğlan əlin uzadar. Qız gö­rər qoltuğu altda bir dana lələk var. Pis gələr ki, bəs bu lələk burada nə qayırır. Əlin uzadar lələgi çəkər. Bir anda görər heç kim yoxdu. Ağa uzanıb ölüb. Ah çəkər. Nökər gələr, deyər:

– Qərə paltar gətir.

Paltarları gətirər, oturar hey Quran oxur ağlar. Görər ol­madı, deyər məni apar bazarda qul elə sat. Nökər aparar satar. Bir nəfər alar, aparar evlərinə. De bir gün, bir iki gün, qız evə yer elər. Ağa görər xanım qərə geyib. Külftələrin birindən so­ruşar ki, xanım niyə qərə geyib? Deyir, xanımın bir oğlu var idi. Aparıblar, yoxdu. Xəbər çıxmır. Xanım da qərə geyib.

Qızın fikri xərab idi, gecələr yatanmırdı. Bir gecə görər oğlanın tayası durdu ayağa, fanus götürdü çıxdı həyətə. Qız da onun dalınca, dalbadal gedər. Taya neçə həyətdən keçər yetişər bir ayrı həyətə, arasında hovuz var idi. Ayağın çəkər. Suyu boşaldar. Bir təxtə sənd var idi. Qavzar pilləkandan düşər gedər zirzəmiyə. Qız da dalıyca gedər. Bir oğlan çəkmişdilər dara. Qabağa yerir deyər:

– Mənlə başını bir elirsən, ya yox?!

Oğlan deyər:

– Yox.


Yenə deyər, oğlan deyər yox. Üç dəfə deyər əlində şallaq var idi. Çəkər vurar oğlanın ağzı-burnunun qanı bir olar. Bir dövrü pilo gətirmişdi. Onu da yedirdər. İstər qayıt­sın, qız ondan qabaq çıxar, gələr, girər yerinə yatar.

Səhər taya durar gedər hamama. Qız külfətlərin birinə deyər:

– Gecə bir yuxu görmüşəm. Xanımın bağrı çatlamasaydı deyərdim.

Söz gedər çatar xanımın qulağına. Qızı çağırar deyər:

– Nə yuxunu görmüsən?

Deyər:


– Xanım, mənlə dalbadal gəl, deyim.

Bir-bir həyətlərdən keçərlər keçdikcə qız deyər:

– Bura bax, gecə buranı gördüm. Bax, o qapını da gör­düm, oranı da, buranı da.

Yetişərlər hovuzun qırağına. Qız deyər:

– Yuxunun içinə bax. Bunların hamısın görmüşdüm. Hozun ayağın çəkərlər, təxtə səngi götürərlər, gətirərlər içəri. Oğlan ayaq səsi eşidər, deyər:

Vay çəpəl həramzadə, gecə gəlməgin bəs dəgil, gün­düz də gəlirsən?

Xanım gələr görər öz oğludu, dara çəkiblər. Qız deyər:

– Xanım, bura bax. Elə gecə gördüyüm oğlandı.

Oğlanı açarlar, gətirərlər. Dəh, həkim-təbib, yaralarına dava qoyarlar. Oğlan açar, başına gələni deyər. Bir anda qapı döyülər. Xanım bilər tayadı, deyər:

– Açmayın.

Elə ki, bir az qapıda qaldı, açarlar. Taya girər kəniz-kələyi qatar yamana ki, niyə gec gəlirsiz qapıya. Dörd saatdı qapı döyürəm. Otağa girəndə gözü sataşar oğlana, rəngi zəfə­ran təkin olar. Verər tayanı öldürərlər. Xanım qıza deyər:

– Gəl, səni alım oğluma.

Deyər:

– Qoy mənim iddəm çıxsın sonra.



Bilər ki, buradan dərdinə bir çara olmadı. Atı çəkər. Nökər gələr. Deyər:

– Ağan yatıb?

Deyər:

– Xanım, elə sən görən kimi.



Deyər:

– Məni apar başı üstə.

Yenə bir müddət başı üstə Quran oxur, ağlar. Görər iş çıxmadı, deyər:

– Apar məni qul elə sat.

Nökər yenə aparar qızı qul yerinə satar. Bir nəfər alar, aparar evlərinə. Qız görər ora da yaş kimidir. Soruşar, nə var? Deyərlər ki, çoxdandı xanım uşaq doğub, əjdəhadı. Salıblar zərzəmiyə. Nə ürəgindən gəlir öldürə, nə də eşigə çıxarda bilir.

Bir gün qız xanıma deyər:

– Xanım, nə olardı, məni verərdiz əjdahaya, yeyərdi!

Xanım deyər:

– Qız, səfihləmisən. Bu nə sözdü?

Qız o qədər elər ki, xanım razı olar. Qız deyər:

– Məni qoyun dağarcığa, ağzın bağlayın, atın zerzəmiyə.

Qızı soxarlar dağarcığa, atarlar əjdahanın qabağına. Əjdaha deyər:

– Qız, cildindən çıx, səni yeyim.

O deyər, bu deyər, axırda əjdaha cildindən çıxar, olar bir dana gözəl oğlan. Qız da dağarcığından çıxar, oturarlar danı­şarlar.

Bu yandan xanım deyər ki, durun gedin, görün qız necə oldu. Gəlirlər, görərlər əjdaha oğlan olub. Xanım sevinər. Qızı oğlanı gətirərlər evə. Xanım deyər:

– Gəl səni alım oğluma. Səndən yaxşı qız hardan tapacağam?

Qız deyir:

– Qoy mənim iddəm çıxsın sonra.

Görərlər ki, oradan da bir zad olmadı. Ah çəkər. Nökər gələr, deyər:

– Ağan yatıb?

Deyər:

– Necə ki, görmüsən, o cürdə yatıb.



Yenə qız gələr baş üstündə Quran oxur, ağlar. Görər həray olmadı, nökərə deyər:

– Götür məni qul yerinə sat.

Nökər aparar qul yerinə satar. Bir kişi alar gətirər evlə­rinə kəniz-külfət deyər:

– Taza kəniz olan gecə ağayla xanımın otağında yatar, evin qaydasıdı.

Gecənin bir zamanı görər xanım durdu ayağa, getdi şəmşır gətirdi. Ağanın başın kəsdi. Xoşkaladı qoydı taqçaya. Ayaqdan geyindi, başdan qıfıllandı, başdan geyindi ayaqdan qıfıllandı, çıxdı. Qız da çıxar, görər nökər bir cüt at saxlayıb. Hərəsi birin mindi getdilər. Qız da dallarıyca gedər. Bir dana qapını döyərlər girərlər. Qız görər qırx həramilər durhadur, oturublar. Qırx həramıbaşı deyər:

– Cəpəl həramzada, indiyə kimi haradaydın?

Arvad deyər:

– Mən nə eliyim? Gəlin öldürün yəxəm qurtarsın. Keçər saqini dolandırar. Deyərlər, danışarlar. Səhrə yaxın arvad istər qayıtsın qız ondan qabax gələr yatar.

Görər arvad gəldi soyundu. Bir dana lələk, bir dana yağ gətirdi. Yağdan sürtdu kişinin başına, boğazına. Kişi asqırdı ayıldı.

Kişi deyər:

– Arvad, hardaydın?

Arvad deyər:

– Elə ərsən də! Neçə gündü zöhr azarına düşmüşəm bilmirsən.

Sabah gecə olar. Qız deyər:

– Mən bu gecə də yatacağam ağayla xanım yatan otaqda.

Yenə dünən gecəki kimi arvad durar kişinin başın kəsər gedər. Qız durar yağdan sürtər kişi oyanar görər xanım yox. Qız deyər:

– Dur mənlə gedək gör nə var. Arvadın oynaşı var.

Kişi acıqlanar ki, bu nə sözdü. Qız deyər:

– Düz deməsəm onda öldür.

Durarlar gedərlər haman qapıya. Kişi görər qırx hərami­lar dörhadör oturublar, arvad da saqi dolandırır. Atları açar-qatar bir-birinə. Özü də durar qapı ağzında.

Çıxanı vurar öldürər. Qalar hərami başla arvadı. Girər içəri. Arvad deyər:

– Budu, bax! Özü gəldi.

Həramibaşı dik duranda ayağa, şəmşiri vurar kəlləsin­dən, arvadı da qatar ona öldürər. Qızla qoyarlar, gələrlər evə, deyər:

– Qız, gəl səni mən alım, bu dəstgaha-zada sahab ol.

Qız deyər:


  • Yox, mən gərək gedəm.

Lələgi götürər, ah çəkər.

Ah gələr, deyər:

– Ağan yatıb, ya oyanıb?

Ah deyər:

– Elə gördügün kimidi.

Qız deyər:

– Məni apar.

Ah qızı aparar ağanın başı üstünə, qız haqqani çıxardar, yağdan sürtər, oğlan asqırar durar ayağa. Ağaclar yenə gül açar. Quşlar başlar oxumağa. Oğlan çəkər qızın alnından öpər. Yeyərlər-içərlər, mətləbinə yetişərlər.


Haqq yolu
Qədim zamanlar şahların biri öz qoşunu ilə çıxmışdı ov­çuluğa. Bir az şəhərdən uzaqlaşmışdılar. Bir dənə qocaman ki­şiyə rast gəldilər. Orada öküzilən cüt sürürdü. Şah vəzirə dedi:

– Vəzir, gedək bu qoca kişidən soruşaq nə cür yaşayır.

Vəzir qəbul edib, birlikdə qoca kişinin yanına getdilər. Şah soruşdu:

– Qoca necə yaşayırsan, halın necədir?

Qoca dedi:

– Şah sağ olsun, ömürdü keçir də.

Şah neçə dəfə soruşdu, qoca elə o sözü dedi. Şah narahat oldu, vəzirə dedi:

– Vəzir, bu kişi mənə bir düz cavab vermədi.

Vəzir dedi:

– Qurban sağ olsun, gedək ov vuraq, qayıdanbaş soruşaq, cavab verər.

Birlikdə getdilər ovçuluğa. Qayıdan baş yenə bu qocanın yanına gəldilər. Şah yenə elə o sorğusun dedi. Qoca da həmən cavabı dedi. Şah yenə narahat oldu. Dedi vəzirə, bu qoca kişini gətirin mənim sarayıma. Qoca kişini özlərilə saraya gətirdilər. Ona bir həftə sarayda gönlü sevən yeməli, içməli verdilər. Habelə, ona gözəl xidmət etdilər, həftə başa çatanda, şah yenə qocadan soruşdu:

– Qoca halın necədir?

Qoca kişi dedi:

– Qurban sağ olsun, ömürdü keçir də!

Şah narahat olub dedi:

– Bunu salın dustağa.

Bir həftə də dustaq qaldı. Yenə həftə sonu şah soruşdu:

– Qoca, halın necədir?

Qoca kişi dedi:

– Qurban sağ olsun, ömürdü keçir də!

Şah lap narahat olub dedi:

–Bunu boşlayın buradan getsin.

Qoca şaha dedi:

– Mən buradan gedərəm, amma bir həftədən sonra mən ölərəm, onda gələrsən, qəbrimin üstünə, mən sənə deyərəm halım nə xordur.

Şah inanmadı dedi:

– Qoça boş söz deyirsən. Çıx buradan get.

Qoca gəldi öz evinə, amma bir həftədən sonra öldü. Bu xəbər şahın qulağına çatdı. Yaman kədərləndi. Şah bu qoca kişini yaxşı şəkildə kəfən və dəfn etdi, bir həftədən sonra getdi kişinin qəbri üstə. Dedi:

– Qoca, halın necədir?

Birdən qəbir aralandı, şah baxdı gördü bir böyük və gözəl göyçək bağ, hər nemət meyvə ağacı var. Bağın arasın­dan bir böyük çay keçir, qoca da bir ağacın kölgəsində oturub. Şah getdi qocanın yanına dedi:

– Qoca, halın necədir?

Qoca cavab verir, indi halım yaxşıdı. Çünki öz istəgimə çatdım. Mən dünyada Allah deyənə baxdım, haqq yolu getdim. İndi də Allah mənə yaxşı padşah verib. Qoca dedi:

– Şah, sən də gəl qal burada, Allah mənə görə səni də bağışlayar.

Şah qəbul etmədi, dedi:

– Mən bir ölkənin şahıyam. Nə qədər mal və dövlətim var, mən burada qala bilmərəm.

Qoca dedi:

– Sonra peşman olarsan. Mən indi bu sözü sənə dedim.

Şah oradan qayıdıb gəldi. Bu sözləri öz yanındakılara dedi. Onlar şaha dedilər:

– Qurban sağ olsun, kaş qalaydın.

Şah ürəkdən kədərləndi. Amma day bu əfsus heç dərdə dəymədi. Onlar yedilər, içdilər şah oldular. Siz də evizdə şah yaşayın.
Qaz almışam, qaz almışam
Bir gün var idi, bir gün yox idi. Bir kişi var idi, bir ar­vad. Arvad əxlaqsız olduğuna görə oynaşı var idi. Bir gün kişi gedər bazara, bir qaz alıb gətirər evə. Arvadına deyər:

– Bu qazı bişir ikimiz yeyək.

Arvad qazı təmizləyib bişərər, saxlar oynaşı ilə yesin. Gecə kişi gələr evə. Arvadına deyər gətir qaz ətini yeyək. Arvad deyir:

– Nə qaz əti?

Kişi deyir:

– Sabah çağı aldığım qaz ətini.

Arvad deyir:

– Kişi qaz əti göylünə düşüb? Çox istəyirsən birini al, bişirim yeyək.

Kişi deyir:

– Bəs mən qaz almamışdım?

Arvad deyir:

– Kişi sən elə gahdan belə sözlər deyirsən. Yuxu görürsən?

Kişi deyir:

– Mən yuxu görmürəm, mən qaz almışam.

Söz bura çatanda arvadı qışqırıb deyir:

– Get qaz al gətir bişirim ye! Sözü uzatma.

Sabah kişi gedər bazara, bir daha bir qaz alar, həm də bir dəvə kirayə edər. Minər dəvənin üstünə, qazı əlində sallayıb, şəhəri küçə bə küçə gəzib belə deyər:

– Qaz almışam, qaz almışam, ördək, inək saz almışam. Ca­maat eşidin, bilin ki, mən bu gün qaz almışam, qaz almışam.

Beləliklə, şəhər əhalisinə andırar ki, bu kişi qaz alıb ki, arvadı bişirsin, birlikdə yesinlər. Qazı evə aparıb arvada göstərər. Arvada deyir:

– Bu nədir?

Arvad deyir:

– Qazdır, a kişi.

Kişi deyir:

– Bəs, bunu bişir birlikdə yeyək.

Arvad qazı bişirər, kişi axşam gələndə bir kişi qarşısını tutar:

– Ay qardaş, mən qəribəm. Evim yoxdur, mümkün olsa məni də qonaq apar. Dua eylərəm.

Kişi deyər:

– Çox da şad olaram. Mənim qonaqdan çox xoşum gələr. Bu gecə də bizim arvad qaz əti bişirib. Gedək.

Kişi qonağı özü ilə birgə evə aparar. “Arvad, qonaq gətirmişəm”, – kişi deyər.

Arvad cavab verir:

– Çox yaxşı. Qonaq ruzulu qonaqdır. Buyurun içəri.

Evə girərkən arvad pıcıldar:

– A kişi, duzumuz yoxdur, tez qaç get duz al.

Kişi tez qaçar duz almağa. Kişi evdən eşigə çıxan kimi arvad qonağa deyər:

– Bizim kişi hər gün bir qonaq gətirər, onun var-yoxunu əlindən alıb, çılpaq buraxar.

Qonaq bu sözü eşidəndə başmaqlarını götürüb ayağı yalın-başı açıq gütürlənib qaçar.

Kişi evə qayıdıb arvadından soruşar:

– Bəs qonaq nə oldu?

Arvad deyər:

– Elə eylə qonaq gətirmişdin, qaz ətini götürüb qaçdı. Kişi ki qaz ətində gözü qalmışdı, bir tikə çörək əlində burub qonağın dalınca qaçar:

– Sən Allah bircə tikə ver yeyim, gözüm var onda.

Qonaq dalına da baxmayıb yel kimi qaçıb aradan çıxar. Arvad da qazın ətini öz oynaşı ilə yeyib öz kişisinə gülər.



Gülüzar
Günlərin birində iki bacı var idi. Biri dövlətdi idi, biri kasıb. Kasıb bacı o qədər mehriban idi ki, bütün var-yoxun verir dövlətdi bacısına ki, təzə doğmuşdu. Bir top məxmər alır. Amma dövlətdi bacı onu bəyənməyib atır itdərin qaba­ğına, kasıb bacının ürəyi sıxılır və elə narahat olur ki, evə gə­lib çıxınca vaxtınnan qabax sançısı tutur. Allaha yalvar-yaxar eləyib və kömək istir. Bu heyində üş pəri onun dövrəsin alır və bir qız dünyaya gətirir. Pərilərdən biri deyir ki, mən gül­mə­yimi bu uşağa verirəm və o ha zaman gülsə ətrafı gül-çi­çəyinən dolacağ. Biri də deyir, mən ağlamağımı ona verirəm ki, hər vəqt ağlasa, Allah onu darda qoymuya. Üçüncü Pərinin də bir şəvə gərdənbəndi var idi ki, onu bağlır onun boynuna.

Kasıb bacının dizlərinə qüvvət gəlib uşaq qucağında özün yetirir evlərinə və çox çəkmir ki, qızının gülməhləri hər yeri gül-çiçəyinən doldurur və onnarı satıb dövlətdənillər. Qızın da adın Gülüzar qoyurlar.

On-on beş il keçir və gün o gün olur ki, dövlətdi bacı kasıblır və qızın da götürüb gedir qalır bacısıgildə. Bir gün Gülüzar bağ-bağatı dolanırdı ki, şahın oğlu onu görür və ürəh­dən aşiq olur. Gedir qəsrə və hal-əhvalı ata-anasına anladan­nan sora Gülüzara elçi dururlar. Kəbinnərin kəsillər və xalası döşün verir qabağa ki, gərəh mən onu aparam qəsrə. Qəsrə getməyə gərəh otsuz-susuz bir çöl-biyabannan keçirdilər ki, xalası ona şor kabablar pişirib verir və nə qədər su istər deyir su yoxdu. Az qalır ürəyi kabab ola ki, xalası deyir suyu fəqət bir şərtinən verirəm ki, qoy gözlərini çıxardam. Gülüzar su­suz­luq harayı çəkib huşdan gedir və xalası tez onun gözlərin çıxardır. Onun toy paltarlarını da qızına geydirib Gülüzarı da o cürəsinə çöldə qoyur.

Gedib çatıllar şahzadənin qəsrinə və şahzadə görür ki, bu qız Gülüzar deyil, amma səsini də çıxartmır ki, görə qəsdi nədi.

Gülüzar ac, susuz qalır çölün ortasında və gözlərinin ağ­rı­sınnan az qalır nəfəsi kəsilə ki, bir tikançı onun səsin eşidir. Tikançı deyir:

– Sən təh canına burada nə qəyirrərsən, gözlərinə nolub ki?

Gülzar deyir:

– Vəqt məni buradan apar ki, susuzluxdan az qalır ciyə­rim çıxa.

Tikançı onu aparır evlərinə və qızlarına deyir:

– Allah qonağıdı və gərəh muğayət olax, görəh kimdi. Başının sərgüzəşti nədi.

Tikançının üç qızı var idi ki, hamısı əl-ələ verib Gülü­zara dava-dərman elirlər. Neçə günnən soora ki, Gülüzarın halı düzəlir və onu özlərinnən aparıllar bulax başına. Bulax başında bir ağac var idi ki, Gülüzar onun kölgəsində uzanıb yuxuya gedir. Yuxuda iki quş görür ki, ağacın şaxəsində danışırdılar. Bir-birilərinə deyirlər:

– Kaş Gülüzar bizim səsimizi eşidərdi. Onun gözləri xala qızısındadı. Bu ağacdan iki yarpaq qopardıb atıram ki, yerinə qoyandan əgər onları bu yarpaxlarınan bağlıya gözləri əvvəlki kimi sağ-səlamət olacax. Həmi də kaş gülərdi ki, hər yan gül-çiçəh olub, tikançı onları qəsrə aparıb satardı.

Gülüzar yuxudan ayılmaxda həmi gülür və tikançının qızları görürlər hər yan doldu gül-çiçəyə. Qızlar gülləri yığıb aparılallar evə və Gülüzar tikançıdan istir o gülləri şahzadənin qəsrinə aparıb sata. Amma bir şərtinən ki, gülləri pulunnan yox, bəlkə iki gözünən əvəzliyə.

Tikançı qəsrə gedib gülləri istir sata ki, Gülüzarın xala qızısı onnara müştəri durur. İstir ala ki, tikançı deyir:

– Bunnarı nə qızıla satıram, nə pula. Bəlkə iki gözünnən əvəzliyəcəyəm. Hər kəsin varıdı o müştəri olsun.

Gülüzarın xala qızısı tez o gözləri verib çiçəkləri alır və tikançı qayıdır evə. Qızlar köməkləşib Gülüzarın gözlərini qoyullar yerinə və o quşların verdiyi yarpaxlarınan bağlılar. Çox çəkmir ki, Gülüzarın gözləri toxtur və əvvəllər kimi işıldamağa başlır.

Xalasının ki, xəbəri olur qızı neçə dəstə güldən ötrü Gülüzarın gözlərin verib bir əli olur, bir başı və soruşa-soruşa gedir tikançının evinə. Xalası Gülüzarı sağ-salim görməh, həmən başlır dil töhməyə onu bağışlasın ki, birdən-birə əli ilişir onun gərdənbəndinə və Gülüzar huşdan gedir. Xalası Gülüzarın o halda buraxıb şəvə gərdənbəndini götürüb qaçır. Tikançıynan qızları ki, görürlər Gülüzarı yuxu apardı və neynillər ayılmır.

Eşidəh şahzadədən ki, gecəni yatıbdı və yuxusuna bir Pəri gəlir. Pəri başlır bütün olub keçəni şahzadəyə təriflir və şah­zadə yuxudan durması həmən gedir şəvə gərdənbəndi Gülü­zarın xalasınnan alır. Sora gedir tikançının evinə və şəvə gər­dənbəndi Gülüzarın boynuna bağlır. Gərdənbəndi bağla­max həmin Gülüzar yuxudan ayılır və iki sevgili bir-birlərini tapıb qəsrə qayıdıllar. Şahzadənin əmrinən yeddi gecə, yeddi günüz toy tutullar və Gülüzarın xalasıynan qızını zindana verillər. Tikançının qızların da padşah əmr verib onnarı qəsrə gətirtdirir.


Hah çəpişim, xuh çəpişim
Biri var idi, biri yox idi. Allahdan suvay heç kim yox idi. Key bir ər və arvad bir vilayətdə yaşayırdılar. Bu kişi çox zəhmətkeş, talaşlı, övrəti tünük bir adam idi. Arvadını da çox-çox istirdi. Arvad kişisini çox istəmirdi və adı da Sərinə idi. Bu arvad o qədər bu kişiyə kənayə vırırdı ki, deyirdi sənin ağlın yoxdu, bir şey bilmirsən. O qədər bu kişiyə deyinirdi ki, bu kişi bildiyin də əldən vermişdi və qocalırdı. Dişlərini də yavaş-yavaş əldən verirdi.

Bir gün kişi getmişdi yerlərin əksin. Çox yorğun idi. Axşamçağı çöldən gəldi evə. Bu arvad bir az quru çörək gə­tirdi qoydu bunun qabağına. Əma bu kişi çox əsəbi oldu dedi:

– Ay bimürvət, mən bir belə işləyirəm və dişim də yoxdu, axı, mən bu quru çörəyi nə təhəri yeyim? Mənim ək­diyim-biçdiyim çox yaxşı buğdadır, bu çörəyi elə bil qərə­çədən pişirmisən. Çox da qərə və bərkdi.

O vaxt arvad deyir:

– Əsla sən danışma. Xoşum gəlmir.

Kişi çox əsəbani olur istir ki, arvadın döysün. Arvad deer ki, mənim günahım deyil ki, çörəgimiz belə olur, inək­lərimizin südü xərab olur. Sənin bacın Bəğdadda bizim evi­mizin bərəkətin qaçırdıbdı. Kişi əsəbani olur bir az yol azu­qəsi götürür. Yollanır Bəğdada. Bir ay, iki ay yetişsin bacısı­na. Xəbər aparırlar ki, muştuluq ver, neçə illərdən sonra qar­daşın gəlir səni görə. Kişinin bacısı çox xoşhal olur. Durur gedir qardaşının pişvazına. Ta ki yetişir qardaşına. Qardaşı bunu salır ağacın altına ki, sən o işi niyə görübsən ki, mənim evimin bərəkəti qaçsın!

Bacısı ağlaya-ağlaya soruşur ki, ay qardaş, başıva dola­nım axı, mənim günahım nədi? Deyir sənə dedim ki, o, işi niyə gör­misən mənim evimin bərəkəti və inəklərimin südü xə­rab olub­du. Camaat yığışır. Əma kişinin bacısı çox huşyar idi. Deyir:

– Qardaş, bu sözü sənə kim deyir?

Deyir:

– Mənim arvadım.



Deyir:

– Yorulubsan, keç gedək evə, orada danışaq.

Gəlirlər evə.

Bu kişinin bacısı olan məhlədə bir dua yazan var idi, ge­cə onu evlərinə çağırır hal-qəziyyəni buna deyir. Bu dərviş deyir:

– Ay kişi, sənin arvadın sənə kələk vırıbdı. Sənin arva­dının oynaşı vardır. Sənin evinin bərəkəti yerindədir və inək­lərin də südü xərab deyil. O, onları özü oynaşıynan yeyir, sənə də artıq qır-qırdıdan verir ki, mərizləyib öləsən.

Kişi bir az fikirləşir deyir:

– Mən, bəs nə eləyim? Mənə bir yol göstər. Bu dərviş kişi buna deyir ki, mən sənə bir dua yazaram və sənə bir də çəpiş verrəm o çəpişin adı “hax çəpişim” və “hux çəpişimdi”. Bu çəpişdə çoxlu hikmət vardır. Sən bu çəpişdən hər nə istə­sən olar. Qəziyə də qutaranda görərsən çəpiş də düşdü yola gəldi.

Kişi bir-iki gündən sonra bacısından qədrdannıq elər. Könlün alar. Dərvişdən də təşəkkür edər, barbəndalin cəm elər, çəpişi də götürər düşər yola. Öz vilayətinə tərəf yollanır, gəlir yolda çox acır, oturur deyir:

– Hax çəpişim, hux çəpişim, mənə bir dəst yaxçı libas, başmax və barmaq üzüyü, bir da acmışam yaxçı bir quzulu pilov al, çəpişim.

Kişi gördü, bəli bir süfrə açıldı, bu istədigi təam və sayılan libaslar yönbəyön hazır – amada oldu. Kişi xoşhal olur, quzulu pilovdan yeyir və sayılanları da götürür, yola düşəndə görür çəpiş də hopbuldu. Yola düşdü bunun yanına. Daha kişi məmun oldu ki, işdə hoqqa yoxdu. Şad xuraman gəldi, bir müddətdən sonra yetişdi evinə. Arvada çoxlu sovqat gətirmişdi. Paltardan, qızıldan, başmaqdan...

Arvada deyir:

Ay arvad, sən düz deyirsən, mən getdim bacımı da öldürdüm, bərəkət qayıtdı evə. İndi bir çəpiş alıb gətirmişəm daha sən zəhmətə düşməyəcəksən. Hər nə yemək, içmək istə­sən hazır olacax. Daha heç qəm və qüssə olmıyacaq. Bir neçə dəfə də imtahan edərlər. Hazır olar yemək və içmək. Amma bir gün kişi gedir eşigə, zəmilərinə, bağına baş vursun. O vaxt bu arvadın oynaşı deyir, vaxtı ki, sən düz deyirsən, nahar­çağıdı, bu çəpişdən bir yaxçı şorba və isti çörək istə.

Arvad deyir:

– Hax çəpişim, hux çəpişim bir yaxçı şorba və isti çörək ol, çəpişim.

O zaman çəpiş məsxərə altında deyir, yə yə, eləməm. Arvad əsabani olur. Çəpişə bir oxlov vırır, oxlov yapışır çəpi­şə, arvad da oxlava. Arvadın oynaşı tullanır, arvadı qucaqlayır ki, çəksin çəpişdən aralsın, oynaş da yapışır arvada.

O zaman arvadın qonşu arvadı başını yuyurdu. Qızın yollur bu arvada ki, bir yumurta versin başımı yuyuram. Qız gedir səhnəni görür. Arvad deyir, ay qız, tez ol bu kişini çək dalıya, ta qız gəlir kişini daldan qucaqlır. Qız da yapışır kişiy­nən. O zaman qonşu arvadı ki, qızı yollamışdı ki, gəlsin iki dana yumurta alsın, qız yubanmışdı, arvad yapışdı qızına. Qə­zadan həman zaman bir dərviş qapılardan köməklik yığırdı ki, macəranı görür ki, burda bir neçə nəfər yapışıbdı bir-birinə. Am­ma axırdakı bir gözəl xanım başı açıq və bədəni də ağap­bağ elə bil mayadı. Bu tərəfə baxır, o tərəfə baxır görür ki, bir kəs yoxdu. Gəlir arvadı qucaqlır ki, bədənindən bir öpüş götürsün, amma dərvişin də ağzı yapışır arvadın bədəninə.

Amma sizə kimdən deyim, ev yiyəsi işdən gəlir evə, ma­cərnaı görür, çox aramlıqla əlini-üzünü yuyur, çarıqlarını çı­xar­dır, bir az istirahət edir. Sonra durur dəhrəni götürür deyir:

– Hax çəpişim, günahsızları at, günahlıları tut, çəpişim.

Çəpiş hamını boşlur, ama arvadı və oynaşı saxlır. Dər­viş, qız, qonşu arvadı qaçırlar və amma kişi burada dəhrəni çəkir arvadı, oynaşı qol-bud doğrayır və öldürür. Deyir:

– Hax çəpişim, hux çəpişim məni Bəğdada qoy çəpişim.

Bir azdan sonra kişi gözünü açır görür Bəğdaddadır.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə