Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə12/19
tarix02.10.2017
ölçüsü2,25 Mb.
#2990
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Göy muncuq
Günlərin bir günündə kəndlərin birində bir naxırçı var idi. Naxırçı hər gün Aşırı kəndinə naxırını bayıra aparıb ota­rır­dı. Sanki naxırçının arvadı doqquz aydan sonra yeriklədi. Naxırçının arvadı yerikləyirdi. Deməli, naxırçının dünya ma­lında nə bir şeyi yox idi. Faqat naxırı otarıb haqq alırdı. Na­xırçı arvadına istəyinə bir azca fikrə gedib və eşşəyin başını kəsib ciyərindən arvadına gətirdi. Arvadı eşşəyin ciyərindən yedi və doqquz ay, doqquz gün, doqquz saat, doqquz sani­yədən sonra bir oğlan doğur. Bu oğlanın bədəni adama, amma qulaqları eşşək qulağına oxşadı. On iki il uşağı evdə saxla­dılar. Uşağı abırlarına görə qoymadılar çölə çıxsın. Günlərin bir günü uşaq da atasıyla getdi. Günorta vaxtı idi ki, naxırçı susuzdayır oğluna deyir:

– Get gör obadan su ala bilərsən?

Oğlan oba sahibini çağıranda qarı qapıya çıxdı. Qarıdan su istədi. Qarı keçib obaya bir bardaq əlində qayıtdı. Bardağı oğlana verib dedi:


  • Oğul! Burdan uzaqlaşandan sonra bardağın ağzını açarsan.

Oğlan obadan uzaqlaşandan sonra bardağın ağzını açdı. Bardağın ağzını açanda bardaqdan bir ilan çıxdı. Oğlan qorxub dala çəkildi. İlan dedi:

– Qorxma. Əgər məni ilanlar şahının yanına aparsan, hər nə istəsən verərəm.

Oğlan dedi:

– Niyə, nə üçün?

İlan dedi:


  • Çünki mən ilanların şahının qızıyam, amma yadında saxla ki, biz ora çatanda ilanlar bizim dövrəmizi çuhura verə­cəklər. Sınavdan qorxmayacaqsan. Çünki onlar mənim istiq­balıma gəlirlər. Ondan sonra atam sənə deyəcək: “Məndən nə istəyirsən istə”. Onda deyirsən: “Şahın sağlığını istəyirəm”. Bu sözü səndən üç dəfə soruşacaq. Hər dəfə soruşdu, sən deyərsən “şahın sağlığını istəyirəm”. Axırıncı dəfə şah bir də sənə deyəcək “məndən nə istəyirsən istə” onda deyərsən: “Dilinin altındakı göy muncuğu istəyirəm”.

  • İlan oğlana yolu göstərib yola düşdülər. Getdilər-getdilər ta ilanların şahının yurduna yetişəndə hər yandan ilanlar puhrələndi. İlanlar bunları şahın yanına apardılar. Şah dedi:

– Oğul, məndən nə istəyirsən istə.

Oğlan dedi:

– Şahın sağlığını istəyirəm.

Üç dəfə soruşandan sonra oğlan şahdan göy muncuğu istədi. Şah titrədi, dedi:

– Məni yaman günə saldın.

Şah istədi ki, göy muncuğu verməsin, şahın qızı acıq­landı. Dedi:

– Bəs sən nə cür atasan? Bu mənə nicat verib. Sən onun istədiyini vermirsən?

Şah əlacsız qalıb göy muncuğu verdi. Dedi:



  • Oğul, göy muncuqdan hər nə istəsən olmalıdır .

Oğlan iki rükət namaz qılıb dedi:

– Həzrəti Süleyman eşqinə, mənim qulaqlarım adam qulaqları olsun və billurdan burda bir imarət tikilsin.

Həzrəti Süleyman eşqinə oğlanın qulaqları düzəlir, bir də billurdan bir imarət tikildi. Oğlan birdən aclığı duyğulandı. İki rükət namaz qılıb dedi:


  • Həzrəti Süleyman eşqinə, bir dənə atım, bir dəst təzə paltarım və bir boşqab xörəyim olsun.

Həzrəti Süleyman eşqinə bunların hamısı oğlanın əlinə çatdı və xörəyi yeyib, paltarı geyib və ata minib, atası evinə yollandı. Oğlan içəri girərkən oğlanı tanımadılar. Oğlan ba­şına gələni – ata-anasına söylədi. Qulağının beyindən getmə­yinə ata-anasını inandırdı. Oğlan atasına dedi:

  • Daha sabahdan naxıra getməyəcəksən.

Atası mal yiyələrinə dedi:

  • Daha mən sabahdan bir kəsin malın otarmayacağam.

Oğlan atasına dedi:

– Ata! Şahın qızını mənə elçilik etginən.

Atası dedi:

– Oğul! Şah qızın sənə verməz. Ağır otur batman gəl.

Oğlan atasını razı edib dedi:

– Qorxma! Sən qızına elçiliginə getginən.

Sübh aratoranlıqdan oğlanın atası elçi daşının başına çıxıb daşı bir-birinə çırpdı. Şaha xəbər apardılar ki, “naxırçı elçiliyə gəlib”. Şah dedi:

– Qoyun gəlsin.

Şah naxırçıya dedi:

– Əgər sənin oğlun mənim qızımı istəyir, gərək mənə min dənə dəvə gətirəsən, gərək mini də bir rəngdə ola. Hər dəvənin belində ona iki çoval qızıl olsun.

Naxırçı evə qayıdıb, şahla danışmağın oğluna söylədi. Oğlan atasına dedi:


  • Ata! Şahın istədikləri hamısı sübh çağı qapıda hazır olacaq.

Oğlan iki rükət namaz qılıb dedi:

– Həzrəti Süleyman eşqinə, min dənə dəvə, hər dəvənin belində on iki çoval qızıl olsun.

Həzrəti Süleyman eşqinə oğlanın istəyinin hamısı hazır oldu.

Naxırçı sübh alatoranlıqdan dəvələrin ovsarını çəkib şahın qapısına apardı. Şah təəccüblənib amma bir söz deyə bilmədi. Naçar qızı naxırçının oğluna verdi. Bir müddətdən sonra şahın qızı oğlanın sirrini anladı və göy muncuğu gecə yatandan sonra oğlandan oğurladı. Qız arzu elədi ki, dənizin ortasında bir evi və layiq bir kişisi olsun. Oğlan ayılıb gördü nə arvad var, nə heç zad. Əlini burnuna aparıb gördü göy muncuğu da yoxdur. İki əli oldu və bir başı dedi: “Evim yıxıl­dı, beçərə oldum, tamam malım, sərvətim əlimdən getdi”. Bir pişiyi, bir iti var idi. Onları götürüb göy muncuğu tapmağa yollandı. Gedib-gedib bir dənizə yetişdi dənizin ortasında bir imarət gördü. Öz-özünə dedi: “Bu imarət hikmətsiz ola bil­məz. Demək göy muncuq bu imarətdədir”. Oğlan gördü dəni­zə gedə bilməyəcək. Naümid oldu. Pişik dedi:

– Niyə yas tutubsan. İndi it ilə mən gedib göy muncuğu gətirərəm.

Pişik itin belinə minib dənizin dibinə üzə-üzə imarətə çat­dılar. Asta-asta imarətin içinə keçdilər. İmarətin içinə ke­çəndə gördülər şahın qızıyla bir dev yuxlayıbdır. Pişik göy muncuğu qızın başından götürüb qaçdı. Dənizin ortasında it dedi:

– Muncuğu mənə göstər görüm necə muncuqdur?

Pişik dedi:

– Dənizin ortasında göstərərəm.

İt dedi:


– Yox! Göstərməsən səni suya atacağam.

Pişik muncuğu göstərəndə əlindən sürüşüb dənizə düş­dü. Oğlan yenə də naümid oldu. Bir-bir torçular tor atmağını güdürdü. Bir gün torçuların birinin torunda bir qırmızı balıq eşiyə çıxdı və torçu balğın qarnını cıranda göy muncuq görsəndi. Oğlan torçuya dedi:

– Məndən nə istəyirsən istə. Ancaq o muncuğu ver mənə.

Torçu dedi:

– Yox! Bir dənə qızım var. Bu muncuğu qızıma apara­cağam!

Yenə də oğlan əlacsız qaldı. Yenə də pişik dedi:

– Qorxmaginan, mən muncuğu gətirərəm.

Pişik asta-asta torçunun evinin içinə keçib, göy mun­cuğu torçunun qızının əlində gördü. Pişik tezcə atlanıb qızın üzün-gözün diddi. Qız əlin aparıb üzünə ağladı. Ağlayarkən muncuq əlindən düzdü. Pişik tezcə muncuğu götürüb qaçaraq oğlana yetirdi. Oğlan padşaha xəbər aparıb dedi ki, “qızın baş­qa kişiy­nən oynayır”. Padşah qızını öldürüb şahlığını oğlana verdi.


Səbr daşı

Biri var idi, biri yox idi. Bir kişi var idi, bir arvadı. Bu ər-arvadın təkcə bir qızları var idi. Bu qızın adı Sitarə idi. Si­ta­rə yekəlib ərlik yaşına çatır. Bir gün Sitarə gedib kəndlə­rinin qırağında axar çayda paltar yuyanda bir qara qarğa gəlib, bir iydə ağacının budağına qonub deyir: “ Sitarə– bəxti qara! Sən bir ölüyə qismətsən”. Sitarə bu sözü eşidib ağlaya-ağlaya evlərinə gəlir. Ata-anasına qarğanın dediyini deyər. Sitarənin ata-anası bu sözün doğru olmasından qorxub bir az çörək ya­pıb, bir az yemək-içmək götürüb kəndlərindən çıxıb gedərlər.

Çox gedərlər, az gedərlər, dərə-təpə düz gedərlər. Bir qalanın qapısına çatarlar. Qalanın yanında dincəlib dağarci­ğlarını açıb yemək yeyərlər. Sitarənin anası atasına deyir:

– O kənddə qalsaydıq, gözümüzün ağı-qarası bu qızımız da ölüyə qismət olardı.

Sitarənin anası da bu səfərdən razı oldu.

Dincəlib nahar yedikdən sonra qalanın qapısını döydü­lər. Ata döydü, kimsə qapını açmadı, ana döydü, kimsə qapını açmadı. Sitarə döyəndə qapı birdən açıldı. Sitarə tək başına qalanın içərisinə gircək, qapı bağlandı. Ata-ana nə qədər qapı­nı döydülər, qapı açılmadı. Qapını əzmək istədilər, qapı də­mir­dən olduğundan əzilmədi. Sonra “qismət belə imiş” deyib ata-ana ümidsiz qalıb kəndlərinə qayıtdılar.

Sitarə qalanın içinə girib ağlaya-ağlaya qalada olan bir otağa girdi. Bu otaq çox gözəl xalı, gəvələrlə döşənmiş bir otaq idi. Otağın pəncərəsi eşiyə baxırdı. Otağın ortasında bir taxt üstündə bir gözəl gənc oğlan yuxuya getmiş kimi ölmüşdü. Onun başının üstə bir kağız da yazılmışdı: “Hər qız qırx surə Qurandan oxuyub oğlanın sinəsindən 40 mili çəksə oğlan dirilib onu alacaq”.

Sitarə otaqda hər cür yeməyi görüb yeyib içdi. Gündə bir surə oxuyub oğlanın döşündən bir mil çəkdi. Otuz doqqu­zuncu gün otuz doqquz surə oxuyub oğlanın köksündən otuz doqquz mil çəkdi. Qırxıncı gün Sitarə pəncərədən eşiyə ba­xanda qalanın yanında bir qaraçı qızı gördü. Gənc qıza ya­zıqlığı gəldi. “Bu yekə qız pəs kişilərin əlinə keçməsin” – deyə qızın əlindən yapışıb pəncərədən öz otağına saldı. Sitarə ona yemək-içmək verib dedi:

– Ay qız, Allah qardaşını saxlasın, bir az mən yatıram. Başıma bax sirkəsin düşür.

Sitarə başını yerə qoyub qaracı qızı Sitarənin başına baxmaqla oldu.

Bir azdan sonra Sitarə yuxuya getdi. Qaraçı qızı kağızı oxuyub, durub son surəni oxudu. Oğlan asqırıb ayıldı. Diri­lin­cə başının üstə qaracı qızını gördü. Öz-özünə dedi: “Qismə­ti­mə bax! Çirkin qızla evlənməliyəm”. Oğlan qaraçı qıza dedi:

– Qismət belə gəlmiş. İndi mən səninlə evlənməliyəm.

Sitarəni də yuxulamış görüb oğlan soruşdu:

– Bu yatan kimdir?

Qaraçı qız dedi:

– Bu da kənizimdir.

Oğlan Sitarənin gözəlliyini bəyənib öz-özünə dedi: “Kaş mənim qismətim bu gözəl qız olaydı”.

Ölü oğlan dirildikdən sonra qalanın qapısı açılmışdı. Sabah oğlan qaraçı qıza dedi:

– Gedirəm bazara pal-paltar alaram. Sənlə toy edib evlənnəm. Sitarəyə də dedi:

– Sən də nə istəsən bazardan sənin üçün alacağam.

Sitarə dedi:

– Mənə bir səbir daşı yolla, bir bıçaq al gətir.

Oğlan bazara gedib qaraçı qıza gəlin platarı, qızılı bilərzik, qızıl boyunbağı, qızıl sırğa, üzük alıb bir böyük boxşa bağladı. Bir dükana da girib bir səbir daşıyla bir bıçaq istədi. Yaşlı ağsaqqal dükançı soruşdu:

– Dözüm daşın özünə alırsan, ya başqasına?

Oğlan dedi:

– Yox, evimizdə bir kəniz var o tapşırıb.

Dükançı dedi:

– Səbir daşı alanın dərdi olar. Dərdini daşa deyib özünü öldürər. Sən bu daşı apardıqdan sonra get o kənizi güdgünən. O, bir xəlvət yerə gedib dərdini daşa deyəcək, ona yaxçı qulaq as, bıçağı qarnına çalanda tut əlindən al.

Oğlan bazardan qayıdıb aldığı pal-paltarı qaraçı qıza verib səbir daşıyla bıçağı da Sitarəyə verdi. Oğlan Sitarəni güdürdü. Sitarə cəld otağa girib səbir daşını qabağına qoydu. Oğlan qulaq asdığın Sitarə bilmədən başladı başına gələn dastanı səbir daşına dedi. Hər bölümün dedikdə daşa deyirdi:

– Sən də səbir, mən də səbir.

Dastanı deyib ora çatdı ki, qaraçı qızı gəlib son mili oğ­la­nın döşündən çəkib oğlan da onunla evlənmək istədi. Das­tan bura yetəndə Sitarə dedi:

– Dahi mənim ölməyim qalmağımdan yeydir. “İndi özü­mü öldürəcəm” dedikdə tez oğlan ona dedi:

– Dastanı eşitdim. İndi mən sənin, sən mənim. Özgə xiyal eləmə. Kimsə bizi bir-birimizdən ayıra bilməz.

Qaraçı qızını da ənam verib eşigə ötürürlər. Oğlan əvvəl tayfasını başına yığıb yeddi gün, yeddi gecə toy vurdular. Oğlan Sitarəylə evlənib şad yaşadılar.


Sarı inəyin nağılı
Biri var idi, biri yox idi. Tanrıdan suvay heç kim yox idi. Bir naxırçı var idi. O naxırçının bir arvadı var idi, bir də bir qızı. Qızının adı Fatma idi. Naxırçının arvadı neçə ildən onun bir ölən arvadının “dədə verdi”si olan bir inəgi var idi. O, öləndən sonra inək Fatmaya irs qaldı. O inək bir sehredici idi.

Naxırçı yenidən evləndi. Təzə arvadı çox özündən razı, ədəbsiz və qaşqabaqlı idi. O, Fatmiyə əziyət edirdi. Fatmanın bir ögey bacısı var idi. Ögey bacının adı Səryə idi. Səryə də anası kimi çirkin və gözügötürməz idi. Amma Fatma isə gözəl və mehriban idi. Naxırçının arvadı bir gün ərinə dedi:

– Malları sabah Fatma otaracağa aparacaq!

Sabah oldu və Fatma malları otaracağa aparanda nənə­ligi ona bir böyük bağlamada çiyidli pambıq verdi və əmr elədi ki, bu bağlamada olan pambığı da çiyidlər, ayrır və və düyəcələrini də tovlar və kələf edib gətirərsən. Fatma malları otlağa yaydı və pambıq bağlamasını qabağa açanda mallar ona macal vermədiyinə görə ağlamağa başladı. Sarı inək onun köməginə gəlib dedi:

– Niyə ağlayırsan?

Fatma dedi:

– Niyə ağlamayım, nənəligim mənə bir belə pambıq ve­rib, gərək axşam bunların kələfini evə aparam. Mallar da ya­vaş otlamır, bilmirəm onlara hayxıram, yoxsa pambığa yetişəm.

İnək dedi ki, bu ki bir şey deyil! Bu pambıqları ver mən yeyim və nahar vaxtı onların kələfini sənə verim. Amma mən pambıqları yeyəndə mənim piləmi özü ilə bir qarının evinə aparacaq. Sən də pilənin ardıyla gedib o qarının evinə çatarsan. O qarı səndən sorğular edəcək. Sən ancaq “hə” deyərsən.

Fatma pilənin ardilə gedib, qarının evinə çatdı. Qarı on­dan soruşdu:

– Qızım, de görüm, mənim bax tüklərim təmizdi, ya sənin ananın saçları?

Fatma gülə-gülə dedi:

– Səninki!

– Mənim evim və qab-qacağım təmizdir, ya sənin ananın evi?

Fatma dedi:

– Sənin.

Qarı dedi:

– Sən qayıdanda qarşıya ağappaq axar su çıxacaq. Sən o su ilə əli-üzüvi yuyarsan. Ay kimi olarsan. Sonra qırmızı su axacaq, onunla da dudağını və yanaqlarını yuyarsan. Sonra da qara su ilə qaşlarını və kipriklərini yuyarsan və daha da gözəlləşərsən.

Fatma qarının dediklərini yerinə yetirdi və çox gözəl oldu. O naxıra çatanda gördü ki, kələflər hazırdı. O, kələfləri götürüb mal dəstəsini də yığıb kəndə apardı. Fatmanın ögey nənəsi onu gördükdə daha da gicik elədi. Sabahısı malların otaracağa apar­masını qızı Səriyyə təklif elədi. Səriyəyə də bir bağlama pambıq verdi və onların kələfini axşam ondan alacağını bildirdi.

Səriyə malları otaracağa çatdırandan sonra işə başladı, o işin ağır olduğunu görüb ağladı. Sarı inək gəlib ona dedi:

– Niyə ağlayırsan?

O, dedi:

– Axı, bir belə işi görə bilməyəcəm. Anam da mənimlə savaşacaq.

Sarı inək dedi:

– Sən mənim sözümə baxsan, axşam kələfləri evə apa­racaqsan.

O, ertəsi gün Fatmaya hər nə demişdi Səriyəyə də dedi. Fatmanın başına gələn işlər onun da başına gəldi. Səriyə pilənin ardilə gedib qarının evinə çatdı.

Qarı ondan soruşdu:

– Mənim baş tüklərim təmizdi, yoxsa sənin ananın?

Səriyə dedi:

– Anamın saçları.

Qarı dedi:

– Mənim evim təmizdi, ya sənin ananın evi?

Səriyə dedi:

– Anamın evi.

Qarı Səriyəyə dedi ki, qayıdanda qarşına ağ su sıxacaq onunla saçlarını, qaş və kipriklərini yuyarsan. Sonra qara su ilə də əl-üzünü, bədənini yuyarsan. O, elə etdi və çox çirkin oldu. Gəlib otaracağa çatanda nə kələflərdən xəbər var idi, nə də mallardan. Ağlaya-ağlaya evlərinə gedib olanları anasına dedi. Naxırçının arvadı bildi ki, bu işlər Fatmanın inəginin işidi. Sabahısı gün özünü naxoşluğa vurub dedi:

– Dokturlar deyir sənin dərdinin dərmanı sarı inək ətidir.

Naxırçı arvadın halından baş açmadan inəyin başını kəs­mək istəyirdi ki, Fatma da bu sözü eşidən kimi narahat oldu.

Fatma gedib sözü sarı inəgə çatdırdı. Sarı inək dedi:

– Mənim ətim onların ağzında zəhər olacaq. Sənin ağ­zında isə dadlı olacağam. Sən mənim ətimi ye. Sümüklərimi bir dəstə libas və bir cüt başmaq olacaq. Onların hər ikisi qızıl olacaq. Onların yanında da bir dəstə qızıl gül olacaq.

Bir gün kənddə toy idi. Səriyə və anası toya getdi. Fatmanı da bir çalada dustaq elədilər. Fatma çaladan çıxıb qızıl başmaq və libasını geyib toya getdi. O, bir əlində qızıl gülləri və bir əlində bir az duz götürdü. Toya çatanda toz-torpaqlı duzu Səriyənin və ögey anasının gözünə səpdi və qızıl gülləri toya gələn adamlara verib evlərinə qayıtdı. O, qayıtdıqdan bir hovuz gördü. Gedib ondan su içəndə başmağının tayı düşdü suya. O, evlərinə gəldi libaslarını soyundu və aparıb yerinə qoydu və evdə oturdu. Şahın İsmayıl addı bir oğlu var idi. İsmayil atını suvarmağa aparanda hovuzdakı başmaq tayını tapıb onun yiyəsinə vuruldu. O qədər vurğun oldu ki, sevginin şiddətindən azarladı. Doktorlar dedi ki, bunun dərmanı qızıl başmaq tayının sahibinin tapılmasınnan asılıdı. Tədbir edənlər belə qərara gəldilər ki, bütün camaatı meydana toplasınlar və o qızıl başmaq tayı hər kimin ayağına gəlsə, o qız şahzadənin adaxlısı olsun və evlənsinlər. Səriyə və anası bu xəbəri eşidən kimi Fatmanı quyuda həbs edib, özləri meydana getdilər. Başmaq heç kimin ayağına gəlmədi, bu anda Fatmanın xoruzu birdən-birə banlamağa başladı, qışqırdı ki, Fatmanı evdə həbs edibdilər. Xoruzun sözünü eşidən şah əmr etdi ki, naxırçının evinə gedib onu da gətirsinlər. Məmurlar gedib Fatmanı gətidilər və başmağı imtahan etdilər. Fatmanın ayağına oldu. Fatmanı şahzadə İsmayılin adaxlısı elədilər.

Bir gün Səriyə anasilə Fatmanın görüşünə getdilər. Onu do­lamaq bəhanəsilə dərya kənarına apardılar. Onlar Fatmanı dər­­yaya atdılar. Səriyə Fatmanın libasını geyib şahın evinə qa­yıtdı. Şahın oğlu onların hoqqasını anladı və sabahısı gün Fat­manın xoruzu banlayıb dedi ki, Fatma dəryada bir bağılın qar­nın­­da sağdır. Şah bu xəbəri eşidən kimi üzgüçüləri dərya­ya yol­la­dı. Üzgüçülər Fatmanı tapıb gətirdilər. Fatma ərilə birgə yaşadı.


Qantarqa
Biri varımış, biri yox imış, kəndlərin birində bir naxırçı bir oğlu ilə yaşayır ki, bır az ağlunun azlığı var idı. Bir gun bu oğlan evlənmək istədi, ancaq atası dedi: “Oğlum, sənin düz əməlli işin gücün yoxudu, axı”. Bu üzdən oğlan atasından acığ eləyib gəldi şəhərə. Oğlan çox güclu və heyəkəlli olduğuna görə hamı fikir elədi o pəhlivandı və şaha xəbər yetişdi ki, şəhərimizə bir dev heyəkəlli pəhlivan gəlibdir. Şah onu öz sarayına çağırdı və pəhlivandan istədi qızıynan evlənə. Oğlan qəbul elədikdən sora ona yaxşı-yaxşı paltarlar geydirib və toy tutdular. Günlərin bir güni xəbər gəldi şəhərdə bir aslan əmələ gəlib və camaat qorxusundan çölə çıxa bilmir. Şah yeznəsindən istədi, gedib o aslanı ayrı yerlərə apara, ya da onu öldürə. Oğlan bunu eşitdikdən sora acığlanıb, şahın qızına dedi:

– Qara yollara, qara sahatlara sənin də bu dədən məndən əl çəkəməyəcək, mənim o çarığımnan petavami gətir, gedirəm öz kəndimizə.

Qız dedi:

– Sən bir iş görməyəcəksən, atam sənən qoşun yollala­yacaq, qoşun aslanı öldürəcək və ad sənin olacaq.

Oğlan bu sözü xoşlayıb yola düşdü. Meşəliyə yetişəndə oğlan o zamana kimi aslan görmədiyinə görə aslanı öz dana­larına oxşatdı və gedib aslanın qulağınnan tutub dedi:

– Sənə qurban olum, dədəmin ala danası, bə sən itmiş­din, burda nə gəzirsən? – belə deyib aslanı aparıb çöllüyə ötür­dü və evə qayıtdılar.

Bir gun də xəbər gəldi bir əjdər göl qırağında yaşayır və ha­mı qorxusundan oraya gedib su gətirə bilmir və mal-davar su­suzluqdan az qalır qırıla. Şah yenə də yeznəsinə buyurdu gedib o əjdəri öldürsün. Oğlan yenə də acığlanıb, şahin qızına dedi:

– Qara yollara, qara sahatlara sənin də bu dədən məndən əl çəkməyəcək, mənim o çarığımnan petavami gətir, gedirəm öz kəndimizə.

Şahın qızı belə deyib: “Sən bir iş görməyəcəksən, atam sənnən qoşun yollayacaq, qoşun əjdəri öldürəcək və ad sənin olacaq”.

Onu yola saldı. Qoşunnan oğlan gölə yetişəndən sora oğlan bir söyüd ağacı görüb və öz-özünə fikirləşdi ki, “mən qoşunu qabağa salaram və özüm çıxaram ağaca, əjdəri bil­məsələr də qoşunu əjdər yeyəcək.

“Sora ağaca çıxdı, qoşun əjdəri öldürə bilmədiyinə görə qaçdılar. Gecə oldu, oğlanı yuxu tutdu, əjdər də deməyəsən ağacın altında yatmışmış. Səhər çağı oğlan yuxulu-yuxulu düşdü əjdərin başına. Əjdəri görəndən sora qorxub qaçdı, ancaq gördü əjdər heç tərpən­mədi və gəlib gördü ki, ölübdü. Sönə-sönə (sevinə-sevinə) gəldi şahın sarayına və dedi:

– Bu dəyərsiz qoşun qaçdı, məni də tək qaldım və mən tək başıma o əzəmətli əjdəri öldürdüm.

Şah bunu eşidəndən sora çox söndü və çoxlu pul-para oğlana verdi. Günlər çox şən və gözəl keçirdi. Ayrı bir gun ayrı ölkənin şahı ki, adı “Qantarqa” idı bızım şaha dedi:

– Savaş qəsdim var, səhər döyüş meydanına gəlün.

Şah bunu pəhlivana xəbər verdi və ondan istədi gedə tövlüyə və bir yaxşı at seçə və savaşa hazırlaşa. Oğlan yenə qıza acığlanıb dedi:

– Qara yollara, qara sahatlara sənin də bu dədən məndən əl çəkməyəcək, mənim o çarığımnan petavami gətir, gedirəm öz kəndimizə.

Şahın qızı belə deyib:

– Sən bir iş görməyəcəksən, atam sənnən qoşun yol­layacaq, qoşun düşməni öldürəcək və ad sənin olacaq.

Oğlan gördü çara yoxdu və getdi atların birin seçə. Hansı ata baxdı, gördü çarpıb dağıdan atdı və onu xoşlamadı. Şahın bir yel atı var idı, pəhlivan getdi ona sarı gördü nə iş görür. Bu at dinməyir və dedi mən bu ata minəcəyəm. Şahın adamları şaha dedilər:

– Bizim böyük sultan, sizin bu pəhlivanız çox bilgili və məharətlı bir adamdı və bir baxışnan sızın lap yaxşı atız, yanı yel atızı bəyəndi.

Şah bunu eşidib çox söndü.

Oğlan savaş günü qoşuna dedi:

– Beş-altı metir – ərşın gətirün, mən istəyirəm özümü ata bağlıyam və tək qollarım açıq ola və beləsinə döyüşəm.

Olar bu işi gördülər. Savaş başlayanda at qızışdı və o qədər tez-tez qaçırdı ki, oğlan qorxdu və qişqir-bağır saldı ki, “qantarqanı (atın yəhərini) tutun”. Ancaq heç kəs ona yetişə bilmədi. Beləsinə gedə-gedə, oğlan yolda bir çınar ağacı gö­rüb ondan yapışdı, bəlkə bu ağaca yapışıq qala və atı bura­xılıb təkinə gedə. Ancaq aman-aman yaman gündən, bu ağaca yapışdıqdan sora ağac da kökündən qırılıb olarnan qabağa getdi və oğlan “qantarqanı tutun” sözünü qışqıra-qışqıra düş­mən şahin sarayına yaxınlaşdı.

Düşmənin qoşunu bunu görüb ki, necə sürətnən və “qan­tarqanı tutun!” deyə gəlir və düşmən şahının da adı “Qan­tarqa” olduğuna görə qorxub dalı-dalı gedib, şahlarına xəbər verdilər:

– Bir dev heyəkəlli adam ki əlində bir köklü-zuğul çınar ağacı var sürətənən “qantarqanı tutun!” deyə-deyə bura gəlir.

Pəhlivan gəldi və düşmən şahın sarayına keçdi, şah bunu qorxmamazlığını və cəsarətini görüb, öz-özünə dedi:

– Buna əgər baş əyməsəm bizim hamımızı qırıb dağı­dacaq yaqın.

Şah qorxub və pəhlivannan istədi oları öldürməyə və özü də yeddi ilin bac-xəracın oğlana verələr və bu işi gördülər.

Oğlan düşəmənə üstün çıxıb yeddi ilin bac-xəracın alıb gəldi öz şəhərlərinə. Bu xəbər şaha yetişdi. Şah çox sönüb şəhərin meydanında onun qabağına çıxıdı və onu qarşıladılar. Ömrünün sonunacan belə şadlıqda, şən yaşadılar. Belə oldu, nağılımız sona çatdı. Göydən bir alma düşdü, paylaşdıq biri küsdü, nağıl sona yetişdi, üçü getdi bölüşdü.


Süleyman peyğəmbərin üzüyü və

tacir oğlu Məhəmməd
Biri var idi, biri yox idi, Allahdan suvay heç kim yox idi. Qədim zamanlarda bir şəhərdə bir tacir yaşayırdı. Qəza­dan bu tacir bir əlacsız mərizəligə duçar olmuşdu. Və bu sə­bəb ilə dünyadan getdi. Amma bu tacirin bir oğlu varıdı, adı da Məhəmməd idi. Bir gün Məhəmməd anasından soruşar ki, anacan, mən nə iş görüm. Məhəmmədin anası deyər:

– Məhəmmədcan, çox qəmgin olma.

Məhəmmədin anası bir miqdar pul yığıb saxlamışdı. O puldan bir az verər və deyər:

– Məhəmmədcan, oğlum, get şəhərə həm özüvə paltar al və həm də bir miqdar azüqə yemək al, evə gətir. O zaman Məhəmməd yola düşür, gedir bir meydana yetişir. Görür ki, orada çoxlu camaat yığışıb və bir ocaq qalayıblar və ocağın aluvu göyə qalxır. Məhəmməd soruşar ki, nə olub? Bir nəfər deyər ki, bu tula mənə yuz tümən ziyan vurubdu, istirəm onu atam odun içinə yansın. Məhəmməd deyər:

– Ay kişi! Bu iş insafsızlıqdır, düz iş deyil, siz bu işi görməyın.

Onlar qəbül elər.

Məhəmməd o zaman tutar yuz tüməni verər, tulanı alar və özülən gətirər evə. O zaman Məhəmmədin anası durar onun qabağına və gələr ki, azuğa almayıb. Deyər:

– Məhəmməd! Bəs aldığın azuğa və yeməklər hanı?

Məhəmməd deyər:


  • Anacan, pulu verdim bir tulanı aldım.

Və dastanı anasına söylər. Anası da bir süz deməz və bir neçə gün macəranın üstundən keçər. Məhəmmədin anası genə Məhəmmədi çağırar. Bir miqdar pul verər və deyər ki, Mə­həmməd, get bir az yemək vəsaylı al evə və özüvə də paltar al, mənə də paltar al gətir.

Məhəmməd pulu anasından alır və bazara sarı yollanar. Genə Məhəmməd yetişir bir meydangaha və genə gələr ki camaat tuplaşıb və genə bir ocaq yandırıblar. Gedir qabağa soruşur, deyərlər ki, bir dənə pişik bir nəfərə yüz tümən ziyan vurub. İstəyirlər onu atsınlar bu ocaqda yansın. Burda da Məhəmməd genə taqət gətirmir yuz tüməni verir, pişigi alır, gətirir evə. Məhəmmədin anası genə soruşar ki, Məhəmməd, bu dəfə də pişig alıp gətirmisən. Məhəmməd macranı genə anasına tərif eylər, bu dəfə də anası bir söz deməz.

Bir neçə gün keçir, daha onların yeməkləri qurtarır. Anası Məhəmmədi çağırır və genə bir miqdar pul verir, deyər:


  • Məhəmməd! Get özüvə paltar və mənə də paltar al və evdə də yemək üçün heç zad yoxdu. Bir miqdar azüqə də al gətir.

Amma bu dəfə öz-özünə deyər ki, şayəd orada mənə tələ qoyurlar. Bu dəfə başqa səmtilən gedib şəhərin o başından vəsail alacağam. O, bu fikirilə yola düşür. Gedir bir müddət­dən sonra yetişir bir meydangaha. Görür genə bir ocaq yan­dırıblar. Alov lap güyə qalxır, camaat da toplaşıb. Genə yaxınlaşıb soruşar ki, burada nə xəbərdi? Deyərlər ki, bir qarğa bir nəfərə yuz tümən ziyan vurubdu. İstirlər onu atsınlar ocaqda yansın. Genə Məhəmmədi fikir götürür. Öz-özünə deyər ki, sən bu yüz tümən ilən nə qayracaqsan? Gəl bu yüz tüməni ver, qarğanı al qoyma bu heyvanı yandırsınlar. Bu işi də görür və qarğanı alar gətirər evə. Amma bu dəfə anası əsəbləşər və deyər:

– Məhəmməd, sənə pul verirəm ki, sən gedib azüqə alıb gətirəsən. Sən də gedib heyvan alıb gətirirsən.

Məhəmməd acızliklə deyər:

– Anacan, urəgimdən gəlmədi, nə iş görüm.

Amma günlər keçirdi, evdə azüğə qurtarırdı və paltarlar da kühlənəlirdı.

Məhəmmədin anası genə Məhəmmədi çağırdı və dedi:

– Məhəmməd, bu pul evimizin axıra qalan puludu. Nə yemək varımızdı, nə də paltar. Bu dəfə paltarılan və azüqə ilən gələrsən!

Məhəmməd pulu alır və şəhərə tərəf yola düşür. Bu dəfə genə bir ayrı səmtilən gedir və bir az müddətdən sonra yetişir bır meydana. Genə görür ki, camaat cəmləşib və genə büyük bir ocaq yandırıblar. Yaxınlaşıb soruşar:

– Deyərlər bu qutu bir nəfərə yuz tümən zərər– ziyan vurub, istirlər bu qutunu atsınlar bu ocaqda yansın kül olsun. Genə Məhəmmədin urəyi taqət gətirmir. Deyər, mən bir belə pul vermişəm, gəl bu dəfə də bu işi gör. Yuz tüməni verər və qutunu alar və gələr evə. Amma evə gedə-gedə qutunun ağzın açar və gürər ki, qutuda bir şey var, ya yox!? Qutunun ağzını açar və gürər ki, bir ilan qutunun içindədır. Tez qutunu atar o tərfə qaçar. Amma bu ilan dil açar. Səslər:

– Ay Məhəmməd, qaçma, hara qaçırsan? Qayıt!

Məhəmməd səsi eşidəndə təəccüb eylər və genə istir qaçsın. O səs yenə təkrar olar. Məhəmməd qayıdar və ondan qədrdanlıq eylər və deyər:

– Məhəmmədcan, sən mənim canımı satın aldın və yuz tümən pul verdin, məni azad elədin. Mən onların oğlanlarının birini çalmışdım və oğlan da ölmüşdü. Ona xatır istirdilər ki, məni yandırsınlar, sən mənə nicat verdin. Mən ilanlar padşa­hi­nin qızıyam. Atam da cəryanı bilər. Mən səni aparram atamın yanına. Mənim atam sənin bu işinin üzərində istər sənə çoxlu ənam versin. Mən sənə bələdçilik edəciyəm. O zaman kı, yeti­şərik atamın yanına, o soruşar ki, Məhəmməd məndən nə istir­sən de ki, “sənin sağlığını” və genə təkrar elər. Genə də deyər­sən sənin sağlığını. Üçüncü dünə denən mən səndən Süleyman padşahın üzüyünü istirəm. Üzüyü çox istəsə də, onu sənə verəcək, çünki məni çox istəyir. Əgər verməsə də mən onu alıb sənə verrəm. Sən də huşuvu başıva yığ ki, bu sirri bir kəsə açma. Sənə çətinliklər yaradarlar. Üzüyün xasyətlərindən sənə deyəm ki, hər vaxt Süleyman peyğəməbərin eşqinə iki rükət namaz qıldınsa, hər nə istəsən sənin üçün hazır və amadə olar, bu üzük bir tükənməz sərvətdir. Heç vaxt onun sirrini bir kəsə açma. Və sonra Məhəmmədə deyər, mənim arxamca gəl və gedirlər.

Bir böyük sal daş var idi. Deyər Məhəmməd bu daşı quvza. Məhəmməd daşı quvzayır və görür ki, bura ilanla doludur. İlanlar rəngbərəng, cıqlı, buyuk, buynuzlu, qanadlı var. Amma Məhəmməd qorxurdu, ilan dedi:

– Məhəmməd, qorxma ardımca gəl.

Bir böyük uzun yolnan yerin altilən gedirlər, bir yerdən keçirlər, elə bil lap ilanların qoşunu idi. Yetişirlər büyük bir mağaraya. Saray kimi ki, ilanlar padşahı qızıl təxtin üstündə əyləşib və dürəsin də güzətçilər alıplar.

Padşah qızından soruşar ki, bu kimdi? Qızı cərəyanı birbəbir atasına təərif elər.

Padşah üz tutar Məhəmmədə və ondan təşəkkürünü bildirər və deyər:

– Məhəmməd, məndən istə görum, nə istirsən?

Məhəmməd deyər:

– Qurban, sənin sağlığını.

Genə suruşar və Məhəmməd genə deyər:

– Qurban, sənin sağlığını.

Üçüncü dünə deyər:

– Qurban, mən səndən Süleyman peyğəmbərin üzüyünü istəyirəm.

Padşah deyər:

– Məhəmməd, bu üzüyü sənə verirəm, amma gərək çox huşuvu başıva yığasan. Bunu diqqətlə gizləməlisən və heç vaxt bu sirri açmamalısan. Sənin üzüvə dərd-sər düzlər.

İlanların padşahı üzüyü verir Məhəmmədə. Məhəmməd qayıdır evə. Məhəmməd bu müddətdə çox yorğun idi. Yetişir bir xəlvət dinc yerə, çox səfalı və bulaq qıraği idi, dəstamaz alır, iki rükət namaz qılır. Allahdan Süleyman peyğəmbərin eş­qinə bir xüşməzə yemək özünə və anasına paltar və bir miq­dar azuqə də evlərinə istəyir və göz açır görür ki, onların ha­mısı hazır idi. Çox xoşhal olur, təamı eylər və vəsaylı da gö­türər gələr evə və yetişir evə. Amma bu dəfə anası görür Mə­həmməd əli dolu gəlib, çox da gəlib və çox xoşhal olur və deyər:

– Məhəmməd! O pula bir belə vəsayıl almaq olmazdı, bu nə hikmətdir. Nə iş gördün?

Məhəmməd deyər:

– Anacan, nə işin vardı? Allah yetirdi işin olmasın.

Tula, pişik qarğa da hərəsi bir tərəfə getməmişdi. Onlar da ahvali xanvadə olmuşdular ki, bir gün Məhəmməd anasına deyər, anacan mən istirəm evlənəm və padşahın qızını da istirəm və amma Məhəmmədin anası deyər:

– Məhəmmədcan, padşah qızını sənə verməz. Onlar şahın vəzirilən, vəkilən cənaqdılar. Gəl bu işdən vaz keç.

Amma Məhəmməd israr eylər ki, anacan, sən get Allah büyükdü. Məhəmməd anasını məcbür elər, anası bir gün tə­səmim tutar ki, əzmini cəzəm eyləsin getsin padşahın qızına elçiligə.

Amma o zaman rəsm idi ki, hər kəs birini istəsə idi gedib bir elçi daşı var idi, onun üstündə oturardı, taa kı ağ səqqəl, qərə səqqəl gəlib soruşardılar, ya padşahın gözətəçi­ləri, məmurları gəlib onu aparıb mətəl olardılar. Bir gün növbə Məhəmmədin anasına yetişər. Bir az ənlik-kirişanla özunu bir əl bəzək keçər. Gedər elçi daşının üstundə oturar, əz qəza o saat padşah həyətdə qədəm vururdu, gördü ki, bir nəfər elçi daşının üstündə oturub, vəzirə deyər. Vəzir deyər:

– Qebleyi-aləm sağ olsun, eybi yoxdur, sən icazə ver məmurlar getsin, gətirsin və soruşaq. Bir şey istərik ki, tapa bilməz vaz keçər, bir daha gəlməz.

Amma sonradan padşah əmr elər məmurlar gedib o qoca arvadı gətirərlər. Vəzir soruşar ki, ay xanım, o elçi daşının üstündə nə üçün oturubsan. Deyər:

– Qurban, padşahın qızını oğlum Məhəmmədə elçiligə gəlmişəm.

Padşah vəzirilən məşürt eylər və belə deyərlər ki, ay qoca arvad, Məhəmməd nənəsı! Gedərsən hamısı böyük bir heykəldə bir qədədə və bir rəngdə və güzləri qara kı dörd dənəsi nər olsun və üç dənəsi dişi olsun və onların ovsarını uç dənə cavan xoş heykəl, güzəl və qədərətli adamlar olsunlar, dəvələrin yükünün bir tayı qızıl, bir tayı gümüş evə gətir. Əgər təhiyə eyləyə bildin, gələrsən elçiliyə.

Məhəmmədin anası qayıdır evə gəlir, cəryanı Məhəm­mədə deyər. Məhəmməd deyər:

– Anacan, nigaran olma, Allah büyükdü.

Gecə olur. Məhəmməd gedir, dəstəmaz alır və iki rükət namaz qılır, Süleyman peyğəmbərin eşqinə tamam padşah istədigi vəsaylları və təşkilatı istir, sübh dan yeri ağaranda Məhəmməd istədigi karvan ovsarçılarıynan və yükələrinən hazır olur. Məhəmmədin anası dəstür verir, karvanı padişahın sarayına tərəf hədayət eylərlər, bu macranın padşah vəzir-vəkil görüllər. Bəli, Məhəmmədin anası padşah və vəzir dediklərinin hamısını təhiyə eyləyib və gətirir. Padşah deyər:


  • Vəzir, tədbir tök.

Vəzir deyər:

  • Qebleyi-aləm sağ, olsun tədbirə nə tədbir, şərt şərtidi. Sənin sarayında bir belə sərvət yox idi.

Və amma burda padşah qəbul eyləyir və Məhəmmədin anasını hüzuruna çağırır və deyər:

– Ey qoca arvad, Məhəmmədin anası, sən gedərsən əgər eyliyə bildin bir ev– mərtəbə saray ki, bir kərpici gümüş və ici bağlı çarhuuzu güllü çiçəkli ki, dünyada binəzər ola. Və iki dəst toy lıbası ki, nazik tərin ipəkdən ola və onun bəzək muncuqları güzəl cuvahiratdan ola ki, onların biçim yeri, tikiş yeri də məlum olmaya və bir-birdən də kiçik-büyük olmaya. Və iki cüt başmaq da ki, bir cütü qızıldan, bir cütü də gümüşdən ola bir rəngdə. Qırx nəfər də mahir atlı ki, hamısı bir rəngdə, bir qiyafədə və atları da qərə qəmər ki, onların hamısını qabaq ayaqları qərə və ağ ola ki, tammam ahəl şəhəri heyrətləndirə və huyur qandıra (hoyun qandira). Əgər bu şeyləri düzəltdin gəl. Eyləyə bilmədin bü şəhərdən gedin və əmr verrəm böynüzü vursunnar.

Amma Məhəmmədin anası çoxlu narahat olur, qayıdır gəlir evə və tamam cəryanı birbəbir Məhəmmədə təərif eylər və sonra ağlar ki, məgər olar ki, bu paltar və saylı adam tapa cütləyə. Məhəmməd deyər:

– Anacan, nigaran olma, inşaəllah düzələr.

Gecə olur və genə Məhəmməd dəstəmaz alır. İki rükət namaz qılır. Süleyman peyğəmbərin eşqinə Allahdan istir padşah istədigi üç mərtəbə sarayı, atıçıları, atlarınan və toy paltarın cəvahratınan və başmaqıynan.

Bəli, genə sübh dan yeri ağarandan padşahın istədigi xəyalı atlar və atçılar, toy paltarı, başmaqlarınan, mərtəbə sa­ray, çarhuznan hazır olur. Şəhərdə elə bil iki gün çixibdı. Saraya gün düşüb adamın gözünü qamaşdırır, ama bu dəfə Məhəmmədin anası lap tamam cürətlə atıçıları hədayət eylər, padşahın sarayaının qapısına vara. Padşah sübh ki, yuxudan durur, vəzirinən baxırlar şəhərə görürlər şəhərin vəziyyəti əsla dəyişilibdi. Cərəyanı soruşurlar, görürlər ki, padşahın yeznə­sinin təşkilatıdır burda. Vəzir deyər:

– Padşah, daha bu şərti dalı vurmaq olmaz. Dünyada rusu­vay olarsan. Mən bu işi ömürümdə nə görmüşəm, nə eşitmişəm, bu xəyalı bir dəstandı.

Məhəmmədin anası keçir qürurnan saraya. Amma bu dəfə sarayda şən və şadlıq bərgüzar olur, burda Məhəmməd padşahın yeznəsi olur. Qırx gün, qırx gecə saz qaval oxuyan aşıqlar, xuanəndələr, balabançılar, zırnaçılar, oynuyanlar, burda bir şadlıq vardır ki, gəl ki gürəsən. Burda Məhəmmədin anası dərisinə yerləşmirdi. Sonradan padşahin qızı və Mə­həmmədnən gedirlər öz saraylarına, başlayırlar zəngədan­lığa.

Amma burda bir gün padşahın qızı öz xidmətkarlarınan, vəzir, vəkil qızlarınan seyrə çıxıb bir çəmənzara getmişdir ki, padşahın qızının qızıl başmağının bir tayı çəməndə otların, budaqların arasında itir və tapılmır. O zaman bir qərə qu güydə şikar dalısıca idi. Qəfildən güydə uçanda, dövr vuranda gözü düşür qızıl başmağa. Onun şöqina deyər, bəs ki bir tikə qırmızı ətdi, şığıyar vurar qeynağina və bir müddət güydə uçar və gedər bir vəlayətdə ki, cinlər padşahının məntəqəsi idi, gələr yerə. Bir dimdik vurar gürər ki, yeməli deyil, tərk idər gedər.

Və amma o günü cinlər padşahının oğlu o məntəqədə at çapırdı. Qəfildən gözü düşür başmağa, onu götürür və baxır, onun iyisinə aşiq olur və gedər saraya və başmağı qoyur balıncının altına və əşqin şəddətindən məriz ulur. Düşür yurğan düşəgə və amma bu zaman padşah cinlərə əmr elər ki, təbib yiğişsınlar buna dərman eləsinlər.

Yığışırlar və bu nəticəyə çatırlar ki, bunun bir şey deyil, aşıq olubdu. Və sonradan o bilici adamlar bunun öz şən və salın­dan olan dostlarını bunun yanına yollayarlar ki, bu təriqinən əla­cını bilsinlər. Bu cürnən oğlan sözə gəlir, başmağın tayını başı­nın altından çıxardır, nişan verir ki, mən bu başmağın sahibinə aşiq olmuşam. Padşah əmr eylər ki, bir cəlsə bərgüzar olsun və bir raəhəl tapılsın. Amma vəzirlərin biri çox, bilən və bahuş idi.

Deyər:


– Qurban, filan yerdə bir qoca arvad vardı ki, küpü və çox da hiləgər və hoqqadı. Əgər tapılsa onun əlinən tapıla bilər.

Əmr elədi o qoca arvadı gətirdilər. Və onnan sual elə­dilər, dedi:

– Bəli, o mənim işimdi, dunyanın harasında olsa, onu mən taparam və gətirrəm.

Bu qoca qarı arvad küpünü minər. Qalxar güyə, uçar güy­də o tərəfə, bu tərəfə gedər, o torpaqdan çıxar bir şəhərin üs­tundən keçirdi gözü düşər Məhəmmədin sarayına və öz-özünə deyər ki, əgər başmağın sahibi olsa, hətma bu sarayda olar.

Bu qoca qarı arvad şəhərin qırağına gəlir, yerə küpün gizlədər və bir dəst kühnə paltar geyər, gələr sarayın qapısının qabağına. Hava da çox suyuq, sazaq idi. Payız fəsli idi. Özünü salar titirətməyə.

Sübh idi, Məhəmməd çıxmışdı eşigə, gözü düşür bu arvada, deyər:

– Anacan, burda nə qayırırsan?

Deyər:


– Sənə qurban ulum, mən bir qoca arvadam, köçümüz burdan keçirdi, oğlum əsabı oldu, dedi daha sənin əlindən bir şey gəlmir, sən daha dərdə dəyməzəsən. Məni öküzün üstün­dən götdü qoydü yerə, getdi. Mənim də burda heç kimim yoxdu, səni Allah cavan, mənə kömək elə. Və amma Məhəm­mədin bu arvada ürəyi yandı, onu gətirdi evə. Məhəmmədin arvadı gəldi, soruşdu Məhəmməd cərəyanı dedi, amma Mə­həmmədin arvadı dedi:

– Məhəmməd, buna bir miqdar pul ver, qoy burdan getsin, bu qoca arvad yaxşı adam deyil.

Məhəmməd qəbul eləmədi, dedi:

– Ay xanım, büyüklük ver, sarayın bir güşəsində bu qal­sın. Ömrünün axırında mən bunu nə cürə burdan salım eşigə.

Amma Məhəmmədin arvadı daha bir söz demədi.

Bir neçə aydan sonra ki, bu qoca arvad öz hədəfinin dalıncaydı. Məhəmmədin arvadı bir gün görür və bir söhbət­ləri elər və onların arası yaxşı olar və soruşar ki, mən təəcüüb eləyirəm sən ki, bu sarayda yaşayırsan hər bir şey vardı, olar məəlum deyil, nə cur gəlir və nə cur gedir. Məhəmmədin arvadı deyər:

– Mən bilmirəm. Həmə karə Məhəmmədədi.

Amma o zaman qoca arvad deyər:

– Allah eləməsin, dilim lal, əgər bir gün Məhəmmədə bir ətfaq düşəsən nə cür istərsən yaşayasan? Sən padşah qızısan, sən gərək mələklər kimin yaşayasan, gərək biləsən.

Amma bu sözlər Məhəmmədin arvadına əsər qoydü ki, bir gün Məhəmmədin arvadı deyər:

– Məhəmməd, əsla nə cur bu təşkilat dolanır cəryanı, nəmənədi? Mən baş çıxartmıram. Nə cür gəlir, nə cür gedir..

Amma Məhəmməd burda xahiş eylər ki, bu sirri məndən soruşma. Gəl, zəndəganlığmıza dəvam verək.

Bir gecə Məhəmmədin xanımı Məhəmmədin otağına getmir və Məhəmməd çağırır və arvadı deyər ki, daa sənnən işim yoxdu. Amma, Məhəmməd deyər ki, gəl buraya deyə­rəm. Məhəmməd arvadına əsrar elər ki, gəl bu sirri faş eylə­məyək. Amma Məhəmmədin arvadı iki əyağını dirəyər bir başmağa ki, gərək mənə deyəsən. Amma Məhəmməd arvadını çox istirdi, ona deyər ki, xanım, Süleyman peyğəmbərin üzü­yü məndədi. Mənim hər nə hacətim olsa iki rükət namaz qılıb, Süleyman peyğəmbərin eşqinə Allahdan istərəm fərahim olar.

Amma sizə kimdən deyim, o qoca biiman arvaddan. Ge­cənin birində barmağını kəsib bir az da duz töküb ki, ağrıdan yata bilməsin və Məhəmmədin sözlərinə qulaq assın. Amma onların sözlərinin hamısını dalı otaqdan qulaq asdı və eşitdi. Bildi üzüyü hardadı və bundan sonra ki, Məhəmmə­dinən ar­vadı yuxuya düşərlər. Qoca arvad durur gedir, Məhəmmədin məxsus otağına üzüyü götürür və gəlir dəstəmaz alır, iki rükət namaz qılır və Allahdan istir ki, Süleyman peyğəməbərin eş­qi­nə bu sarayı tamam əmkanatınan və Məhəmmədin arvadı cin­lər padşahinin vəlaytinə gəlsin, yerə bərqərar olsun. Qoca arvad gözün açır görür ki, öz vəlaytındədir və sonra Məhəm­mədin xanımı bilir ki, ayrı bir vəlayətə gəlib və nə Məhəm­məd var, nə Məhəmmədin anası, nə pişik və qarğa və nə tula.

Burda qoca küpəcü qarı xəbər verir cinlər padşahına ki, qebleyi-aləm sağ olsun, bu saray və bu da başmağın sahibi ki, sənin oğlun ona aşiq olubdu. Onlar hər nə qədər eylərlər Mə­həm­mədin xanımı icazə vermir cinlər padşahın oğlu sara­ya gələ və deyər ki, mən Məhəmmədin arvadıyam, harda olsa gələr. Qə­ziyə elə bu cur qalır və qoca arvad sarayda yaşayır, naz və nemət içində itir və həm də cinlər padşahı ona böyük pay da verdi.

Burda sizə kimdən deyim, Məhəmməddən. Onlar ki, sübh yuxudan dururlar, görürlər ki, o həmən qədimnən olan evdədirlər, nə vəsayl var, nə də pul, fəqət uç dənə heyvanlar ki, qabaqdan pul verib alıbdı, yəəni tula, pişik, qarğa. Həsab­sız o qədər ağladılar ki, gözləri tutuldu. Onlara hammayət eliən, fəqət o üç dənə heyvan idilər, gedir şəhərdən bir az qı­rım-qırtı çürək, meyvə tapır gətirirdilər ki, onlar acından öl­mə­sinlər. Oğurlayıb gətirib qoyurdılar bunların dizinin üstünə.

Bir gün pişik bir cəlsə qoydü, dedi mənim dostlarım hər nə bəla gəlib bu qoca arvadın vəsiləsi ilə gəlib bizim başımıza. Günlərimizi xərab eləyib. Gəlin and içək ki, bahəm mətəhəd olaq, bir rah həll tapaq ki, Məhəmmədin həqqi bizim boynu­muzda çoxdu. Bizi nicat verib ölümdən. Təsəmim tuturlar və qarğaya deyərlər ki, sən uç get dolan, gör ağ sarayı tapa bi­lər­sən, ya yox. Əgər saray tapılsa, pişik deyər mən geib Məhəm­mədin üzüyünü gətirrəm, nigaran olmayın. Təsəmim tuturlar, qarğa uçur göyə. Gedir gözdən itir. Vilayətdən uzaqlaşır və bir neçə aylar, günlər dolanır gəzir və bəlaxrə uzaqdan bir saray görür və yaxınlaşıb onu tanıyır ki, devin sarayıdı. Uçur gedir bağda qonur çınar ağacına. O tərəfə, bu tərfə baxır, Məhəm­mədin arvadını görür və qoca biiman qarı arvadı da tanıyır. Və sonradan qayıdır, gəlir dustlarının yanına. Cəryanı təərifləyir. Deyər, tapdım amma yol çox uzaqdı.

Amma yolun uzaq olmağı mühüm deyil, amma yarı yolda gərək bir dəryadan geçək. Siz nə curasına gələrsiz? O zaman tula deyər, mən uzməyi başarıram və sonradan da pişik deyər, qorxmayın, mən də üzməyi bacarram. Qərar qoyurlar və yola düşürlər, mənzəlbəmənzəl dəryanı üzüp keçirlər o taya, cinlər vəlaytinə. Ta sarayin yaxınlığınacan gedirlər. Orda pişik deyər, qarğa qardaş, sən uç get bağın içində və sonra da deyər, tula qardaş, sən də sarayın kənarında müntəzir qal və uzaqlaşma. Çunki itlər səni gürsə azar– əzit olarsan, mən də gedim sarayın içinə. Burda pişik divarın gilifindən keçir sarayın həyətinə və sonra vared ulur sarayın içinə. Çox huşunu başına toplamışdı, o tərəf, bu tərəfə baxırdı ki, getsin Məhəmmədin arvadının yanına. Qoca biiman gəlir. Girir Məhəmmədin xanımının tumanının altına və orda Məhəmmədin arvadı bilir ki, öz pişikləridi. Qoca arvad gəlir, keçir gedir. Amma burda deyim qoca arvad təsəmim tütmüşdu ki, bir az müddətdən sonra dəstəmaz alıb, iki rükəət namaz qıla ki, Məhəmmədin arvadı razı ola cinlər padşahinin oğlunu qəbül elyə. Burda istirdi ki, bir az da padşahı kəsə öz işini də yekələdə ki, o zaman qəfildən huşlu pişik yetirər. Amma huşlu pişik ondan sonra kı, qoca arvad gedir otağında yemək yesin, bir az da yemək götürər gedər məxəsüs otağına ki, özü ordaydı, otaqda göydən asmışdı, o otaqda bir neçə siçan var idi. Onlara yemək apardı və dedi:



  • Ey heyvanlar, yeməkləri yeyin və mənim də aman­tımdan də muazəb olun.

Bir azdan sonra qoca arvad getdi otağına yatdı və xuruldadı amma burda huşlu pişik aman vermədi siçanlar ye­məklərini yesin. Onları qovdu, yeməgi yedi və tullandı üzüyü aldı qeynağina, qapıdan çıxdı və yoldaşlarını tapdı və hamısı şad, xuraman yola düşdülər və yetişdilər dənizin qırağına.

Burda qarğa qardaş deyər ki, üzüyü verin mənə, vama, huşlu pişik deyər, sən salarsan. mən özüm çox muazəbəm, vama tula deyər ki, söz eyliyə bilməssiz mən gətirrəm. Amma huşlu pişik deyər ki, qardaş, dəryada balıqlar göyə hupılanda sən də balığı çox sevirsən, dilim lal, tamahıvı saxlayanmadın ağız atdın balığa uzuk düşər suya. Onda biz eliyə bilmərik Məhəmmədə nəcat və intiqamımızı o qoca biimandan alaq. Vama tula qardaş qəbül eyləməz. Nəsbət onlara zuru çox idi. Üzügü onlardan aldı vurdular suya, biz az qabağa gedəndə bir balıq tullandı göyə. Tula ac idi istədi, huşlu pişik qoymadı verdi keçdi. Amma bir azdan sonra genə balıq tullandı. Bu dəfə də bir balıq göyə tullandı, tula da tullandı ki, tutsun üzük düşdü suya. Amma huşlu pişik qulaqbəqulaq tula qardaşınan üzürdü, hamman müqəfiəlfür şığıdı, üzüyü tutdu və demədi. O vaxtı ki, dəryanın qırağına yetişdilər tula qardaş başlayır ağlamağa deyər:

– Mən day getmirəm.

Onlar soruşur ki, niyə? Deyər:



  • Mənim üzüm ağ deyil. Üzüm qərədi, bəs mən nə təhər gedim Məhəmmədin yanına? Mən özmə ğələbə eliyə bilmə­dim, üzük düşdü suya.

Qarğa qardaş vurdu başına ağladı. Vama o zaman pişik deyər:

  • Dostlar, nigaran və narahat olmayın, qəsdən bir zad çıxmaz. Mən üzüyü tutmuşam, qəmgin olmayın.

Onlar bir-birlərini öpürlər və düşürlər yola. Vama, burda belə deyim ki, Məhəmməd və anası daha da qadır deyildilər yol getsinlər və yavaş-yavaş aradan gedirdilər. Daha dir kəs yox idi onlara yetişsin, çünki gözləri tutulmüşdu. Burda belə deyim, üstü bağlı qalmasın padşah da bir neçə nəfəri məmur eləmişədi ki, qızını tapsınlar. Amma onlar da bir iş görə bilməmişdilər. Bəlaxrə huşlu pişik, tula qardaş və qarğa qardaş gəldilər yetiş­dilər və getdilər Məhəmmədin yanına. Huşlu pişik yaxınlaşdı Məhəmmədə, nəfəs elədi və üzüyü qoydu Məhəmmədin dizinin üstünə. Məhəmmədin əlini gətirdi qoydu üzügün üstünə. O zaman Məhəmməd bildi ki, pişik tapılıb və bir az üzügünən əlləşdi, bildi ki, üzük Süleyman peyğəmbərin üzügüdü. Çox çətinniginən durdu ayağa. Bir az su tapdı, dəstmaz aldı. İki rükət namaz qıldı və Allahdan istədi ki, Süleyman peyğəməbərin eşqinə arvadı və sarayı, təmam bağ-bağat və saylları öz yerinə qayıtsın və o qoca arvad olsun və anasının və üzünün güzləri də görsün və şəfa tapsın. Bəli, vəqti ki Məhəmməd gözünü açdı, gördü ki, qəsr öz yerində, dustları da vardı. Məhəmməd heyvan­lardan qədrdanlıq və təşəkkür elədi və arvadı Məhəmməddən özr istədi ki, o bais oldu ki, onun sirri açılsın, yan olsun və am­ma qoca biman da bu bəlanı onların başına gətirsin. Hamılıqdan gedirlər o qoca arvadın yanına deyərlər ki, ey bədcins qoca, biiman qarı, sənə ki, biz pislik eləməmişdik ki, sən bu bəlanı bizim başımıza gətirdin. Amma qoca biiman deyər ki, siz əşt­bayə eləyirsiz. Sizin hamız yatmışdız, siz yuxu görmüsüz. Heç ətfaq düşəmyib. Amma burda huşlu pişik gəlir qabağa və həm­çinin tula qardaş və qarğa qardaş. Şəhadət verirlər– biz bu vila­yətdən o vilayətə gedib gəlməklərini söyləyirlər və Məhəmmə­din arvadı gəlir qabağa şəhadət verir, o vilayətdən cəryanı, ma­cəranı təərif eylər. Daha qoca biiman arvadın sözü olmur danış­mağa. Burda hamı təsəmim tutarlar, Məhəmmədin arvadı, tula qardaş, huşlu pişik və qarğa qardaş qoca biiman arvadı bəsdi de­yincə vururlar və sümüklərini əzirlər və sonradan hamı qayıdır öz yerinə. Sarayda şad– xuraman zəndganlıqlarına davam verər­lər. Nağıl burda sona çatır. Deyər yedi, içdi, yerə keçdi, göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin.
Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə