Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə15/19
tarix02.10.2017
ölçüsü2,25 Mb.
#2990
1   ...   11   12   13   14   15   16   17   18   19

Keçəlin dostu
Bir keçəl utandığından börk qoyar və qırx neçə il idi heç kim bu keçəlin başını görməmiş idi. Bir gün yellik bir havada bir adam gəlib keçəllə görüşüb öpüşdü. Öpüşəndə yel keçəlin börkünü qapıb apardı. Keçəl bu adamı yaxalayıb qeyzlə dedi:

– Hansı köpək oğlu səni mənə dost elədi!.


Ey imamzada
Bir kişi axşam yorğun-arğın evə gəlir, görür şam hazır deyil. Soruşur:

– Arvad, bəs şam hanı?

Arvad deyir:

– Getmişdim İmamzadaya şam bişirməyə.

İkinci gün kişi axşam evə dönəndə görür yenə evin işləri qalıb yerdə, şamdan xəbər yoxdur. Deyir:

– Arvad, yenə şam bişirməmisən?

Arvad deyir:

– Getmişdim Ağanın qəbrinə.

Kişi dedi:

– Arvad, mən səhərdən axşama dədəm yanır işləyirəm. Sən də barı ev səliqəyə sal, şam bişir gəlim bu xarabada qıçımı uzadım. Bir az da dincəlim.

Necə gün bu cür kecir. Kişi axşama gəlir, görür gündə­kinə tay. Şam yoxdur ki, heç ev yallı gedir. Zibillər ayaq tutub yeri­yir. Soruşanda deyir: Getmişdim İmamzadaya. Daha kişi zara gəlir. Gecə süfrənin başında əllərin göyə götürür və deyir:

Ey İmamzada,

Gəlmişəm dada.

Ey İmamzada,

Yetmiş iki bəlanı

Göndər bu arvada.


Çiban
Qədim zamanlar ölkənin adlı-sanlı şücaətli bir qəhrəma­nı ki eyni halda ordu sərkərdəsi idi bu adamın qıçına çiban çıxmış və əzabından kaf-kuf edirdi. Bu əhvalda xəbər gəti­rirlər ki, ata vəliyətdən görüşünə gəlir. Düşünür atası onu belə gördükdə nə deyəcək? Qəhrəman oğlum bir çibanın ağrısına dözənməyir. Özünə ar bilib xəncərlə ətini yarır və çibanı kə­sib çıxarır. Atası gəlir oturub söhbət etdikdə görür oğlunu çox ax-vay eləyir. Halətin soruşur, cavab verir:

  • Heç zad qıçımda qılınc yarası vardır.

Atası deyir:

  • Yaxşı, mən dedim çiban çıxardıb.


Qoca öküz
İki gənc bir düyənin dalınca düşüb qovalayırlar. Bir qoca öküz onlara qoşulmuşdu. Qoca öküzdən soruşdular:

– Bəs sən niyə?

Dedi:

– Mən də öz qorxumdan bunlara qoşulmuşam.


Keçəl dəyirmançı
Bir keçəl dəyirmançı var idi. Bir gün hay düşdü, şahın əmri ilə keçəlləri tuturlar. Dəyirmançı başını daşa vurur. De­di: Qoy səndən də olsun, məndən də.
Daha bəsdir
Qədim zaman millətdən vergi alınandan sonra şah əmr edir, gedin görün rəiyyət nə deyir, nə qayırır. Gedib görürlər hamı ağlayır, şikayət edirlər.

Şah deyir:

– Gedin, yenə vergi alın!

Məmurlar gedib yenə vergi yığırlar. Şah deyir:

– Gedin, görün millət neyləyir, nə qayırır.

Gəlib görürlər ki, rəiyyət yenə ağlayır və şikayət edir və deyirlər:

– Divan var-yoxumuzu yığıb apardı.

Şah deyir:

– Gedin yenə alın!

Məmurlar gedib kötək gücünə camaatdan vergi alırlar. Şah deyir, gedin görün camaat nə edir, nə qayırır. Gəlib gö­rürlər bu səfər hamı gülür və çalır oynayır. Gedib şaha xəbər veririlər deyir, daha bəsdir, rəiyyətin heç zadı qalmayıb.


Məmurları çoxaltsınlar
Qədimlərdə bir qalanın ətrafındakı kəndlilər qalaya gəlib özlərinə azuqə alıb aparardılar. Bir il qıtlıq üzrə qalanın ha­kimi kəndliləri o qədər incitdi ki, qaladan ayaqların kəsib və qalanın azuqəsini çəkib kəndlərə daşımasınlar. Öncə gəlmədi. Axırda əmr elədi ki, hər kəndli qalanın qapısından içəri gi­rərsə məmurlar tutub başına pis iş gətirsinlər. Bəlkə ondan son­ra bir daha qalaya gəlməsinlər. Sabahısı məmurlar qala qa­pı­sından hər içəri girən kəndlini hakim deyən kimi etdilər. Ha­km adam göndərib içəri girən kəndlilərdən soruşdu:

– İndi hakimdən razımısınız?

Kəndlilər dedilər:

– Fəqət məmurları çoxaltsınlar. Qapıda bizi safə düzüb yubadırlar.


Ölən ölsün
Qədim zamanlar Xoyda bir bulaşıçı xəstəliyin nəticəsin­də o qədər adam qırıldı ki, məzarlıqlar dolmaq üzrə idi. Ca­maat yığışar məsləhətləşər bir adamı aparıb məzarlığa qo­yar­lar. Eşikdən durub soruşarlar ki, yeri var. O adam ki gərəkidi desin, görürsünüz yer yoxdur, camaat ölməsinlər. Deyir:

– Yer çoxdur. Ölən ölsün, qara quşun burnuna kimi yeri var.


Həkimin sözü
Xoyda bir həkim var idi. Bir qəssabın gözü ağrayır. Gündə girdə bud, davar əti həkimə gətirər və həkim onun gözünə dərman qoyub hələlik toxtadırdı. Bir gün həkim otağında deyildi. Qəssab girdə budu gətirər. Həkimin şagirdi qəssabın gözünə baxar. Görər gözünə balaca bir şey batıbdır. Çıxardar. Qəssab toxtayır gedir. Həkim gələr soruşar:

– Nə var, nə yox? Kim gəlib, kim gedib?

Şagird deyir gündəki qəssab gəlmişdi. Gözünə bir sü­mük qırığı batmışdı. Sümüyü çıxartdım getdi. Həkim qeyzlə şagirdinə baxar və deyər:

– Sabahdan da görərsən.



Heç, keç
Əski zamanlarda bir kənddə bir varlı adam var idi. Bu­nun da bir yoxsul qardaşı var idi. Bir gün dövlətli qardaş ölür. Dövləti yoxsul qardaşına çatır. Yoxsul çoban belə bir mal-döv­ləti görəndə özündən çıxır. Daha qabaqkı adam deyildi. Özündə bir qüdrət duyur və özünü bir şey bilirdi. Gedib çı­xardı dağın başına yoldan keçəni səsləyirdi: ohe...y!

Cavab verirdi: ho...y!

Çoban deyirdi:

- Heç, keç!

Bir gün kəndin ağsaqqalı dedi:

- Gedək görək bu niyə belə eləyir? Buna nə olub? Yoxsa başına hava gəlib.

Necə nəfər ilə gəlirlər. Çoban bunları görəndə uzaqdan səslənir:


  • Ohoooo.

Ağsaqqal cavab verir:

  • Hoo...y!

Coban deyir:

- Heç, keç!

Gəlirlər çobanın yanına. Kəndin ağsaqqalı soruşur:


  • Bu nə oyundur çıxardırsan? Yəni nə olsun özünü gülüncə qoyubsan.

Çoban deyir:

  • İstəyirəm biləm ki, hamı mənim fərmanımdadır, ya yox!


Pis əxlaq ərbab
Bir pis əxlaq ərbab var idi. O yana keçirdi nökəri danla­yırdı, bu yana keçirdi nökəri danlayırdı. Bir gün ərbaba qonaq gəlir. Yenə nökəri danlaq altına salır. Ərbab aftaba götürməli olur. Nökərinə acıqla deyir:

– Aftaba doldur, qoy ayaq yoluna.

Əlinə döndüyüm nökər samabarın dağ suyun açır, dol­durur aftabaya. Ərbab aftaba götürəndə.... g.... yanır. Gəlib nö­kəri salır kötüyün altına. Ərbab vurur, nökər gülür. Qo­naqlar deyirlər:

– Kişi, niyə vurursan onu?

Ərbab deyir:

– Siz bilmirsiniz elə! Hələ pis-pis də gülür.

Nökər deyir:

– Mən bilirəm ərbabın harası yanır.


Keçəl
Bir keçəl şahın qızın istəyirdi. Soruşdular:

– Necə oldu?

Dedi:

– Necə olacaq, işin yarısı qurtulub, atam, anam və mən razıyıq. Qalır şaha və şahın qızı. Onlar da razı olarsalar, iş bitər.


Gənc və qoca
Mən bu hekayəni elə bu cür eşitmişəm. Bir gün şah Abbasın oğlu Allahverdi xan vəzirdən soruşdu:

– Dədəmin vaxtında xoş keçirdi sənə, ya mənim vax­tımda?

Vəzir cavab verdi:

– Heç birində.

Şah soruşdu:

– Niyə?


Allahverdi xan vəzirə cavab verdi:

– Atan qoca idi, mən gənc idim. Indi sən gəncsən, mən qocayam. Bir-birimizinki tutmur.



Günahın cəzası
Bir Tanrı qulu molladan soruşur:

– Əgər bir adam indi bir günah iş görə, Allah cəzasın nə vaxt verəcək?

Molla dedi:

– Məsələn yeddi, səkkiz il sonra.

O adam mollanın əmmaməsini alıb qaçır və deyir:

– Hələ hanı yeddi, səkkiz il, onda da Allah kərimdir.

Bir az gedir yıxılır, qıçı sınır. Mollaya deyir:

– Bəs sən deyirdin, günahın cəzasın yeddi, səkkiz ildən sonra verir!

Molla dedi:

– Bu sənin qabaqkı günahının cəzasıdır, indiki güna­hı­nın cəzasını sonra çəkəcəksən.


Bu da sənin borcun
Qış idi. Kəndin camaatı məsciddə idilər. Bir kəndli mol­laya iki çanaq buğda boyun alır, molla bunun ata-anasına dua eləyir. Xərmən vaxtı çatanda molla kəndlidən o iki çanaq buğ­danı istəyir. Kəndli deyir:

– Yaxşı qoy, ərbab sovuruq versin.

Xərməni sovurandan sonra bir gün kənd əhli yığışmış­dılar məscidin qabağına. Molla ucadan o kəndliyə dedi:

– İki çanaq buğda boyun alıbsan. Bə niyə vermirsən?

Kəndli bir kətil gətirir, altına qoyub oturur, deyir:

– Camaat, mən dua edəcəyəm, siz də amin deyin!

Deyirlər:

– Yaxşı.


Kəndli deyir:

– Allah mollanın atasına rəhmət eləyə!

Camaat:

– İlahi, amin!

– Allah mollanın anasına rəhmət eliyə!

– Ya ilahi, amin.

– Allah, mollanın ölüb gedənlərinə rəhmət eliyə!

– İlahi, amin!

Sonra kəndli üzün tutur mollaya deyir:

– Bu da sənin borcun. Mənim ata-anama dua eli­yəmə­mişdinmi?


Qamadanağı xala
Bir arvad evdə nehrə çalxalayırdı. Bu arvad keçəl oldu­ğuna beləsinə Qamadağı (bərk kecəl) deyirdilər. Bu arvadın qonşusu balaca qızına deyir:

– Get keçəl qamadanağı xalaya de, anam deyir, bir tas ayran versin. Aş bişirmişəm.

Qız gəlir deyir:

– Anam deyir keçəl qamadağı xalaya de, bir tas ayran versin, aş bişirmişəm.

Arvad cavab verir:

– Ananın dədəsinin goruna..... o şirin dil anandı, bir az da kərə salaram içinə.


Gördün səninlə idi
Bir arvad çörək yapırdı. Toyuqlar yığışıb xəmiri və çö­rək­ləri dimdikləyirdilər. Arvad qoluna hərəkət verib dedi:

– Kiş!


Toyuqlar bir-birinə, o dedi, səninlədir, bu dedi, sənin­lə­dir. Arvad neçə dəfə toyuqları kişlədi. Toyuqlar yenə bir-bi­rinə atıb yığışdılar. Arvad hirslənərərk yanındakı ağacı gö­tü­rüb atar və dəyər toyuqların birinin qıçı sınar. Qalan toyuq­lar onun başına yığışıb dedilər:

– Gördün səninlə idi!



Sən nə deyirsən, mən nə deyirəm!
Erkək eşşək dişi erkəyə yalvarırdı. Dişi dedi:

– Qoduğumuzu kim saxlayacaq?

Erkək döşünə döyüb dedi:

– Mən.


Dişi razılıq verir. Erkək eşşək dişi eşşəyə atlanır və enir. Dişi deyir:

– Hən, tərtibin de, balamızı necə saxlayacaqsan?

Erkək eşşək başın tovlayıb deyir:

– Sən nə deyirsən, mən nə deyirəm.


Püfü qalır
Bir adam şüşə qayıran iş yerində bir müddət işləyəndən sonra gedib özünə iş yeri açıb şüşə qayırmaq fikrinə düşür. Us­tası deyir:

– Yalnız püfü qalır, bir az da qal işlə, onu da öyrən sonra get.

O adam deyir:

– Yox. Öyrənmişəm.

Gedir özünə iş yeri açır. Öyrəndikləri ilə şüşənin xəmi­rin tutur. Amma hər neyləyir şüşə əmələ gəlmir. Qayıdır usta­sının yanına. Ustası deyir:

– Bə sənə demədimmi qal mükəmməl öyrən, sonra get. Gərək bir il də qalıb işləyəsən.

O adam bir ildə qalıb işləyəndən sonra usta deyir:

– İndi gəl mükəmməl öyrən!

Usta xəmiri püfləyir və deyir:

– İndi oldu şüşə. Sənə deməmişdim bir püfü qalır!



Salavat çevirin
Bir gün Təbrizin Saman meydanında qabaqdan bir qatar dəvə malı-ticarə yükləri ilə meydana girmək istəyirdi. Bu tə­rəf­dən də bir nəfər eşşəkci yüklərini boşaldıb meydandan cıx­maqda idi. Bunlar meydanın çıxış yolunda bir-birinin yolu­nu kəsirlər və hec biri də geri qayıdıb yolu açmaq istəmir, nə­ticədə dava düşür, bu arada bir necə nəfər aracılıq edir deyir:

– Neylək, hələ bir salavat çevirin, iş düzəlsin.

Təsadüf üzrə həkim Ləli ordaymış, bu sözü eşidərkən de­yir:

– Salavat çevirincə, eşşəyin başını çevirin, dəvələr kec­sin dayna.


* * *

Bir gün bir necə eşşək oturub öz ürək ağrılarını bir-birlərinə deyib şikayət edirdiər ki, bu qədər zəhmət və əziy­yətdən hacan can qutaracağıq. Cox fikirləşdilər, lakin bir nəticəyə catanmadılar, nəhayətdə bir qərara gəldilər ki, böyük eşşəyin yanına gedib məsləhətləşsinlər. Onlar birgə baş ulağın hüzuruna gəlib öz istəklərini söylədilər, eləcə də böyükləri onlara amiranə – o zaman zəhmət və fəlakətdən qurtaracaq­sınız ki, təzəklərinizdən gülab qoxusu gəlsin, dedi. Demək buna görə isə əvam icrə eşşək təzəyi görərkən iylər ki, görsün gülab iyi gəlir, ya yox deyiblər.


Dul arvad
Bir dul arvad aparır dəyirmanda un üyüdər. Dəyirmançı deyir:

At bu dəni başdan olmaz,

Su gəlib nova dolmaz.

Hamıya növbət olsa,

Xanım, sənə növbət olmaz.

Dəyirmançı razı olandan sonra deyir:

Lap bu dəni başdan ol,

Su gəlib nova dolar.

Heç kimə növbət olmasa,

Xanım, sənə növbət olar.



MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ,

RƏVAYƏT VƏ XATİRƏLƏR
Zənganın İmam Güllücəsində

Al arvadı” rəvayətləri

Keçmişdə bir kişinin arvadı, al arvadı imiş. Kişinin bundan xəbəri yoxdur. Bir dərviş buna qonaq olur. Dərviş bu sözü kişiyə deyir. Kişi inana bilmir. Dərviş deyir:

– Sən bir gün evdə əti qovurma elə, ver arvadın yesin. Ancaq evdə əl altında su olmasın. Əti yeyəndən sonra yapış bunun belindən qucaqla. Gör nə olur.

Kişi dərviş deyən kimi edir. Yapışır bunun belindən. Gö­rür bu uzandı getdi bulaqdan su içdi gəldi. Kişi bunu görəndən sonra arvadı təndirə atır. Al arvadı yanır.
* * *

Güllücəli bir kişinin arvadının uşağı olur. O, evdə qalır. al arvadı gəlir bunun arvadın apara. Bacadan, qapıdan evə girə bilmir. Bacadan bormağını uzadır. (deyirlər bormağı uzun olar. İçində bir muncuq var. Al arvadı onu çox istər, ona da al muncuğu deyərlər). Deyir:

– Uşağı asın bormağa, mən onun üzündən öpüm.

Kişi deyir:

– Salla gələ.

O da salır aşağı. Kişi ərsinlə vurur. Al arvadının bor­ma­ğı qırılır, tökülür. Al arvadı evdən əl çəkmir. O yan, bu yan­dan evə soxulmaq istəyir. Kişi görür al arvadı kəndinin yanın­dan istəyir evə girə. Bu da güclü, qorxmaz bir kişi idi. Al arvadını tutur. Bu bilirdi al arvadıya nə desin: “Xalanı yandı­ra­ram”. Al arvadı dayanar, qaça bilməz. Ona görə deyir: “Xa­lanı yandıraram”. Al arvadı yerində quruyur. Bu da onunla əlləşir və al arvadını vurur.



YER ADLARI İLƏ BAĞLI RƏVAYƏTLƏR
Xudafərin” bölgəsinin adı ilə bağlı rəvayətlər
Deyirlər, Xudu adlı bir ustad olur və bu körpünün inşa­sını ona tapşırırlar. Deyirlər, Xudu ustanın göstərişi ilə sürü cey­ranın dövrəsini alıb, Arazın bir tayından, o birisi taya ke­çirmək istəyirlər. Sürü Araz boyu gəlir və o körpülər salınan yerə gə­lincə sudan dışarıya baş qovzamış bəzən də başı suyun üzərinə qədər çatmış, kiçik-kiçik adalara bənzər yerli daşların üzərilə hopbula-hopbula adlayır və o birisi taya keçir.

Bunu görən Xudu usta körpünün binasını ancaq bu daşların üzərində qurmağa qərar verir. İş tamama yetdikdən sonra, körpülərin açılış törəni zamanı körpünü açmağa gələn Azərbaycan şahlığı körpünü görüncə, təkrar “Xudu, afərin”, “Xudu, afərin” sözcükləri ilə sevincini paylaşmağa başlayır və elə ordan da deyiblər: bu körpünün adı “Xudafərin” olsun. Hindi bu yerin adı onunla birgə çəkilir.


İkinci rəvayət
Başqa bir yozumda deyirlər ki, ipək yolu zamanı xutay (xətən) ətiri Çin ölkələrindən gətirilib buralarda alver olunur­muş. Deyirlər, o vaxt bunun lap aparıcı bazarlarından birisi olur bu yer. Elə ki:

– Nə istəyirsiniz?

– Xutay verin.

– Siz nə istəyirsiniz?

– Xutay verin.

Cavablamaları o qədər önəm daşıyır ki, uzun sürə çək­diyindən bu günkü “Xudafərin” şəklinə dolur.


Üçüncü rəvayət
Bir rəvayətdə deyillər, bu yerdə çayın quzey tayında Xudu adlı oğul, güney tayında isə Afərin adlı bir qız olur. Bun­lar bir-birlərini sevər və adaxlanırlar. Günlərin birində Xu­du çayı üzə-üzə keçib, adaxlısının görüşünə gəldiyi zaman cayda boğulur. Axır bunu izləyən, olayın şahidi olan xalq bunların xatirəsin əziz tutsunlar deyə və bir də belə-belə hadi­sələr başqa oğul və qızların həyatlarında üz verməsin deyə, bu körpünü salır və adını da “Xudafərin” qoyurlar.
Vəşlə
Təbrizin qırağında bir-birinə yaxın iki kənd var. Biri “Yuxarı Vəşlə” və “Aşağı Vəşlə”. Yuxarı Vəşlənin yaşlıların­dan eşitmi­şəm deyirlər: “Bu kəndlər yox idi, hələ beş qardaş gəlir, üçü bu yanda, ikisi o yanda yerləşir. Dam-daş tikirlər. Bunların yerlərinə üst-üstə beş qardaş olduqlarına görə “Beş­lər” deyərmişlər. Ağız­larda deyildikcə bu kəlmə vəşləyə dö­nür. Qardaşların törəməsi ilə kəndlər böyüyür və yuxarı Vəşlə və Aşağı Vəşlə adlanır.
Həmzəyan
Həmzəyan kəndi Xoyun şimal tərəfində yerləşir. Deyir­lər, qədim zamanlarda bu kənddə Həmzə adında bir adam var imiş. Bu adamın iki yüz qoyunu, bir qoçu var idi. İlin bir vaxtı qoyun yiyəsi və çobanlar qoçu qatarlar. Qoçları cütləş­mək üçün qoyun sürüsün içinə qatarlar. Həmzə qoçu qatır qoyun sürüsünün içinə.

Görür qoçun qoyunlarla işi yoxdur. Elə durub baxır. Hir­sindən tutub qoçu kəsir. Gedir ayrı qoç alır və cütləşmək ücün sürüyə qatır. Bu qoçun da qoyunlarla işi olmur. Həmzə acı­ğın­dan deyir: bu il qoç qatmayacağam. Cəhənnəmə, qo­yun­lar doğmasınlar. Qoyunların doğan vaxtı yetişəndə Həmzə görür, bay, qoyunların hamısının qarnı şişib boğazdırlar. Bar­mağın dişləyir: pəh, deyirəm axı başını kəsdiyim qoç niyə qoyunlara dəymədi. Demək gecə vaxtı qoyunları sürmüş imiş. Həmzə dizinə çalır, başına döyür və deyir: Həmzə yan! Niyə o cür qoçun başını kəsdin? Elə o vaxtdan kəndin adı qalır Həm­zə­yan. Dillərdə deyildikcə, Həmzəyan olur.


DAŞLAR
Gültəpə və Gəlindaşı

Qoduq boğan çayının şərq qırağında böyük bir təpədir. Bu tə­pə zəlzələ bulağının tuşundadır. Qazi məhəlləsinin əhli bu tə­pə­yə “Gül təpə” deyərlər. Həmin bu Gül təpədə böyük bir ağ daş var idi. Bu daşa “gəlin daşı” da deyərlər. Yanındakı neçə ba­la­ca daş­­la­rı gəlinin darağı sanardılar. Deyərlər, qədim zamanlar bir gə­lin bu­ra­da yuyunurmuş qayınatası gəlir və gəlini lüt görür. Gəlin utan­cağından Allahdan istəyir onu daş eləsin. Allah duasın qəbul edir.


Dəvə daşı

Pir kəndinin Kafir qalası dağının təqribən boynunda bir daş var. Dəvəyə oxşayır. Deyirlər, kafirlər dəvə ilə su apa­rarmışlar. Bir xurcunun hər gözünə bir səhəng qoymuş də­vənin belinə aşırmışdılar. Səhənglərin başında su tökülməsin deyə tıxacları var idi. Dəvə kafirlərə su aparıb yetirməsin deyə imamlar qarğış etmiş, dəvə xurcun və səhəngləri ilə daş olmuşdur. Deyirdilər ki, onların yanında bir adam qeyb olmuş və ayaqlarının yeri qalıbdır. Mən bu mətləbi uşaqlığımdan eşitmişdim. Amma bilmirdim ki, daş hayandadır.



İmam ayaği

Pir kəndinin qırağında bir dağ ətəyində bir İmam ayağı var. Qədimdən heç kəs həftə günlərini bilməzdilər. Burada qeybdən çırağ yananda deyərdilər: Bu gün cümə axşamıdır. Mən bu mətləbi də uşaqlığımdan eşitmişəm.



MÜXTƏLIF MÖVZULU RƏVAYƏTLƏR
Usta Cəfər
Otuz qırx il bundan əvvəl Xoyun İmamzada məhləsində çox qabil bir bıçaqçı var idi, usta Cəfər adında. Xoyda usta Cəfər bıçağı məşhur idi. Deyirlər, bu usta dəmiri kürədə qı­zardır, sovurmağa yaxın iki oğlunun bəhanə ilə dükandan başın əkər, onlar gəlincə dəmiri sovurarmış. Nə var ki, onun özünə məxsus dəmir sovurmaq fəndini öyrənərlər.
Bərəkəllah oğlum
Bir oğrunu dardan asırdılar. Anasını gətirdilər yanına. Dedi:

– Ana, qoy dilini ağzıma alım.

Ana dilini çıxartdı. Oğru ananın dilini ağzına alcağın dişləri ilə xıncıyıb qopardır və deyir:

– Mən uşaqlığımdan yumurta oğurlayanda anam mənə, “bərəkallah, oğlum “ deməsəydi, mən oğurluğa alışmazdım. İndi dar ağacının dibinə gəlməzdim.


İngiliscə yoğurt
Eşitdiyimə görə, Amerikada qatıq çalmağı bacarmazlar. Bir təbrizli ki, Amerikaya köçmüş idi, orada dükan açır və qatıq çalıb satır. Amerikalılar soruşurlar: Bu nəmənədir? Təb­rizli cavab verir, bu yoğurtdur. Bu kəlmə amerikalıların dilinə düşür və indi ingiliscə qatığa yoğurt deyirlər. Mən qulaq günahkarıyam. Bu söz yalan olarsa, günahı özündən çıxardıb deyənin boynuna.
Gör, fələk nə sayır
Bir kəndli ışqırtmaq tutub yorğan döşəyə düşür. Kəndli­lər deyirlər, daha bu qalmaz ölər. Xəstənin qardaşı bir məc­lisdə deyir:

– Bu öləcək, arvad-uşağı mənim üstümə düşəçək. Mən yazıq bunları necə saxlayacağam.

Fələkin işinə bax, xəstə sağalıb ayağa durur, əvəzində bir qısa müddətdən sonra o sözü deyən qardaş ölür. Kənd içində bu söz gəzirdi: sən saydığını say, gör fələk nə sayır. O adam on ildir Xoyun Zərvan kəndində hələ də sağdır.
Bəd nəzər
Təbriz ətrafında İncədərə adında bir kənd var. Bu kəndin əhlindən biri deyirdi, mənim yüz on yaşında bir atam var. Deyir, qədim zaman dörd gün dalbadal kəndə yağmur yağdı. Dağın başında bir böyük qaya var idi. Yağmur bu qayanın altın şumladı və qaya dığırlanıb gəlib yolu tutdu. Camaat yığışar neçə kəndir və siçim gətirib bir uclarını daşa və bir uclarını da mal heyvana bağlayıb sürərlər.

İplər davam gətirməyib qırılar və daş yerindən tərpən­məz. Hər nə eləyirlər çarə olmaz. Kənd əhlindən biri deyir, filan kənddə bir nəzər var, gedin onu gətirin. Bir güclü şam eşşəyi var idi. Onu minər və gedib bəd nəzəri gətirirlər. Bəd nəzər daşa baxıb deyir, pəh, nə böyük daşdır. Daş aradan parçalanıb iki bölünər. Bir parçası o yana, bir parçası bu yana düşər. Daşın tikələrin çəkib yolu açarlar.


Üzlü qonaq
Bir evə qonaq gəlir. Bir gün, iki gün on gün qalır get­mək bilmir. Bir gecə ev yiyəsi çıxır həyətə, bir güllə atır, gəlir oturur. Qonaq soruşur:

– O nə gülləsi idi?

Ev yiyəsi deyir:

– Keçən ay mən güllə atmışam, qonşunun qonağı ölüb. Indi o güllə atır ki, sənin qonağını öldürəcəyəm. Sən arxayın ol, sənə bir şey olarsa, mən bu kəndi dağıdaram.

Qonaq deyir:

– Mən öldüm, sən kəndi dağıtdın, mənə nə xeyri olacaq? Mənə yol göstər, gecənin qaranlığında çıxım, gedim.

Ev yiyəsi ha yapışır qal, sənə bir şey olmaz, qonaq deyir:

– Yox gərək gedim.

Ev yiyəsi yol göstərir, üzlü qonaq gecə ilə çıxıb gedir.
Qurdalama şoru çıxar
Qədim çamatın sarı yağ yeyən vaxtı Şuvan kəndində Hacı Kərim adında bir adam var idi. Şəhərin böyük başlarnın birini görür və deyir:

– Bizim kənddə bir yer var, bu yerin qəbaləsin mənim adıma keçirdərsən. Sənə bir çəllək yağ gətirərəm.

Böyük baş ağa iş düzəldir, yeri hacı Kərimin adına ke­çir­dib qəbaləni verir. Hacı Kərim bir çəlləkə şor doldurur, üs­tünə bir az yağ tökür, aparıb ağanın qapısından verib qayıdır. Ağa barmağın yağa batırıb çıxardır görsün nə cür yağdır. Bar­maq yağın altından şoru qazıb çıxardır üzə. Görür başına börk keçib. Hacı Kərimə adam göndərir, o qəbalədə işkal var, gə­tirsin. O işkalı qaldırım. Hacı Kərim o adama deyir, gedib ağa­ya dəərsən, qurdalama şoru çıxar.

ETNOQRAFİK MƏTNLƏR:

NOVRUZ ADƏTLƏRİ

Axır çərşənbə
Kəndlilərin dediyinə, böyük çərşənbə çıxandan sonra kiçik çərşənbə başlar ki, 21 gündə 3 çərşənbəsi var: xəbərçi (yalançı) çərşənbə, külə çərşənbə, axır çərşənbə.

Axır çərşənbədə ağaclar ayılar, sular təzələnər, yer ayı­lar, söyüd ağacları ayılıb yerə bağır basarlar (təəzim edərlər), noruz gülü çıxar.

Axır çərşənbə axşamı hər kəs öz qapısında tonqal qa­layar. Kənd əhlinin dediyinə görə, qədimlər biri evdə olma­saydı, kəndlilər yığışıb onun qapısında tonqal qalardılar. Ton­qal qalanandan sonra “ağırlığım-uğurluğum tökül, qal burda” – deyə odun üstündən atılarlar. Bu gün də neçə dəb var ki, hərə özünə görə onu edər. Bunlar belədir:

Pilov bişirmək – Bu gecə xanədə bir yerə yığılar, xe­yirli söz danışarlar. Bütün evlərdə pilav pişər. Qədimki yox­sulluğa görə bir para evlərdə təkcə bu axşam uşaqlar pilav yeyə bilərdi.

Bacadan su tökmək – Qohum-qonşu zarafat üçün pilav pişən ocağa dam bacasından su tökərlər ki, sönür.

Şal sallamaqCavanlar sallamaq üçün qurşaq, şal, yay­­lıq, ya da çadra götürüb evlərin birinin bacasından salar­lar. Ev yəəsi şala boyalı yumurtadan, puldan, yemişdən bağ­lar. Bəzən də biri evin qızına müştəri durar, evin bacasından şalı sallar, evin anası gərək şala bir pay bağlasın:

– Bala, yumurta bağladım.

– İstəmirəm.

– Pul bağladım.

– İstəmirəm.


  • Yaxşı, qızı bağladım çək apar.

Adaxlı olmayan oğlanlar sevdiyi qızın evinə şal salla­yanda, qızlar onlara hisslərini belə sözlərlə bəyan edirlər. Mə­sələn, əgər qız da oğlanı sevsəydi, belə oxuyardı:

Ay bacadan salan,

Bayramlığını alan.

Çək şalıvı, sevmişəm,

Bayramlığın qoymuşam.

Əgər sevməsəydi belə söylərdi:

Ay bacadan şal salan,

Tez mənə mail olan,

Məni sənə verməzlər

Ged ayrı evdə dolan.

Və ya:

Ay bacadan sallanan,



Tez şalıvı sallama.

Məni səni verməzlər,

Day xalavı yollama.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə