Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə2/13
tarix01.02.2018
ölçüsü2,22 Mb.
#23029
1   2   3   4   5   6   7   8   9   ...   13

Təndirə girən keçəl

Biri var idi, biri yox idi. Bir keçəl var idi, bir də qoca nənəsi. Bu keçəl çox əyyar 6idi. Bu keçəl təndirdən eşigə çıx­mazdı. Nənəsi bir gün bu keçəli təndirdən eşigə çıxartmaqdan ötürü çoxlu qırmızı alma aldı. Bu almaları külbədən düzdü ta eşik qapıyacan. Keçəl almaları görüb nənəsinə dedi:

─ Bu nəmənədi?

Nənəsi dedi:

─ Almadı da.

Keçəl dedi:

─ Bir dana ver, yiyim da.

Nənəsi dedi:

─ Allah səni boynuna qoysun. Koxa hər yanı belə alma eliyib. Keçəl əl uzatdı, külbədən bir dana alma yedi. Gördü yeməli almadı. Keçəl də qorxardı ki, təndirdən çıxsın, tülkü qulaqlarını yesin. Çıxdı, bir dana, iki dana, üş dana, ta beş-altı danayacan bu almalardan yedi. Nənəsi də bunun dalısıycaydı. Bu eşik qapıyacan bu almaları yedi. Nənəsi bunu eşik qapıdan çıxardıb ta evə qoymadı. Keçəl dedi:

─ Ay nənə, aç qapını, tülkü mənim qulaqlarımı yedi. Nənəsi açmadı. Dedi:

─ Get, köpəyoğlu, indiyəcən mən işləmişəm, yemisən, indi get, işlə, özün ye. Keçəl durdu, başın saldı aşağı, getdi öz kəndlərinə bir yaxın kəndə yetişdi. Bir arvadın oynaşı varı­mış. Adı Mədinə imiş. Bu keçəl qaçar görər oların qapıları açıqdır, girər oların kəndi dalısına. Görər bir nəfər gəldi. Xurcunun atdı kəndi dalısına. Bu xurcun doludu pulunan. Bir az ondan sonra biri gələr, bir dəsmal pul atar kəndi dalısına. Birdən Mədinəgilin qapısı çalınar, Mədinənin əri gələr. Oynaşlar da qaçar girər kəndi dalısına. Görərlər orda bir nəfər var. Keçəl üş dəfə öz-özünə deyər:

─ Deyim. Deyim. Deyim.

Birdən buları itələr evin arasına, xurcundakı puli və dəsmaldakı puli götürər qaçar. Yavaş-yavaş gəlirmiş evlərinə sarı, birdən öz kəddilərindən biri görər. Diyər:

─ Ey keçəl, uğur olsun, sən təndirdən eşigə çıxmazdın, indi hardan gəlirsən?

Keçəl diyər:

─ Nəmə eliyim, bir dana dana dərimiz var idi, apardım onu qonşu kəndə satdım. Bu belə pul eliyib.

Dedi:

─ Keçəl, bir dana dana dərisi bu belə pul elər?



Dedi:

─ Bəli.


Kəddə xəbər oldu, keçəl bir dana dana dərisi satıb, bir xurcun, bir dəsmal pul eliyib. Kəddə hay düşdü. Bir inəgi olan kəsdi, iki inəgi olan kəsdi, üç inəgi-öküzü olan kəsdi. Keçəl, beləliklə, bir kəndi qərə qəni elədi. Qoymadı bir dana mal qalsın. Bular hamısı dəriləri atdılar dallarına, apardılar keçəl deyən kəndə. Bir “dəri alan, gön alan” saldılar ki, gəl görəsən. O yannan kədxuda çıxdı, dedi:

─ Ay rəhməttıx uşağı, burda əgər başmax tikən vardı, bu belə “gön alan” eliriz. Dedilər:

─ Rəhməttıx oğlu, özünüz niyə keçəlin bir dana dərisinə bir xurcun, bir dəsmal pul veririz? Bizim öküz dərimizə diyi­riz burda başmax tikən yoxdu. Keçəl evə gedib nənəsinə dedi:

─ Hamini qərə qəni eləmişəm. Gəlsələr məni öldürə­cəx­lər. Mənim yerimi sal, içinə bir yastıx qoy. Gəlsələr, yas­tığı vursunnar.

Özü kəndi üstə gizləndi. Keçəl dedi:

─ Nənə, olar yastığı vuranda sən əl-üzüyü cırmaq sal. Va­veylan sal, deynən: “Bir dana keçəl oğlum vardı, onu da siz öldürdüz.

Bular töküldülər. Hamısı gəldilər keçəlin evinə, dedilər:

─ Keçəl hardadı?

Nənəsi dedi:

─Yatıb.


Dedilər:

─ Biz onu öldürəciyik.

Bular yastığa kötək vurıllar, qarı da əl-üzünə əl çalır. Keçəl də kəndi üstündən baxır. Qabaxdan nənəsinə tapşırar, bular bir az vırandan sora denən: “Öldür­düz, çıxın gedin”. Bu­­lar gedərlər. Keçəl nənəsinə deyir:

─ Məni aparacaqlar, quyliyələr. Sən mənim ağzıma bir duzkeş qoy və denən: “Mən bivarisəm. Gözlərim görməz, bu­ni qoyuram, bunnan taniyim”.

Qarı çıxar, havar eylər diyər:

─ Gəlin, öldürdüz, aparın, quyliyin. Kənd əhli də hamısı gələr. Çün hamısının ürəgi oddu idi. Hamini qərə qəni eylə­mişdi. Keçəli aparallar quyləməcə. Qarı da duzkeş götürər. Keçəli quylarlar. Bular duzkeşi görüb soruşallar:

─ Bu nədi?

Qarı deyər:

─ Bu bivarisdi, mən bunnan gəlləm taparam. Bular qe­yidəllər, gələllər öz evlərinə. Qarı da qeyidər öz evinə. Keçəl demişdi: “Nənə qorxma, mən diri qallam”. Gecə düşər arayə. Üç nəfər gedər keçəlin qəbri üstə. Diyəllər, məlumdur, bu qə­bir bivaris qəbridir. Gedəx, filan Hacinin evini oğruyək, gə­tirək, gələx bu qəbrin üstünü götürax. Bular gedəllər evi oğur­lallar, gətirəllər keçəlin qəbri üstündə başlıllar bölmağa. “Bu sənin, bu mənim” böləllər. 2 nəfər artıx qalar. Bunun üstündə oğrular dava eləllər. O deyər “mənim”, bu deyər “mənim”. Keçəl atdan əlini duzkeşin içinnən uzadıb diyər:

─ Yaş ölünün də payını verin. Bu oğruların üçünün də bağrı çatdar, öləllər. Keçəl qəbirdən çıxar, üçünü də qoyar öz qəbrinə, keçəl öz-özünə deyər, gecə getsəm, heç kəs inanmaz. Qalsın günüz gedim, hamı inansın. Gecə sübh olar. Keçəl bi­lirdi ki, kənd əhli sadədi. Buna görə çağırar:

─At-ulax gətirin, mənim ev-eşigimi aparın.

Kənd əhli diyər, bu keçəlin səsidir. Diyəllər:

─ Keçəli öldürdüx, quyladıx, necə keçəlin səsidir. Gə­ləllər, keçələ diyəllər:

─ Keçəl, Allah sənin boynuna qoysun. Getdin dana dərisini satdın, bir elə pul gətirdin. Bizim dərimizi alan olma­dı. İndi səni də öldürdüx, öz əlimizlə quyladıx, getdin, bu qədər ev-eşik gətdin. Keçəl deyər:

─ Allah boynunuza qoysun. O dünyada işləyənə minnət. İntəhası, mənim başım keçəl idi, üstüörtülü bazarda bu belə pul işlədi. Əgər üstüaçıq bazara getsə idim, üç bu qədər pul gətirərdim. Kənd əhli dedi:

─ Keçəl, indi biz nəmənə eliyək?

Keçəl dedi:

─ Özünüz biliriz. Əgər dünya malı istiriz, uşağız var uşağızı, qardaşız var qardaşızı öldürüz. Mənim bir nənəm idi, bir özüm, bir belə qazandıx. Neyniyirəm dünya malın.

Bəli, kəddə bir neçə kara gəlmiyən qoca qaldı. Hamı quy yaşdan yuxarı olani öldürdü.

Keçəl nənəsinə dedi:

Əgər bu dəfə məni tutsalar, tikə-tikə doğrallar.

Bu kənd əhli axşamacan qəbir qazdılar, ölü quyladılar ki, dünya malı gətirələr. İki gün belə, üç gün belə, soruşdular:

─ Ay keçəl, niyə bizim ölülər gəlmir? Sən bir günə qayıtdın.

Keçəl diyər:

─ Bular hətmən utanıllar. Guş-guş dolanana o dünyada iş vermillər. Gərəy diribaş olasan.

Dedilər:


─ Keçəl, indi biz nəmənə eliyək?

Keçəl dedi:

─ Gözüzün qabağında məni öldürdüz, apardız quyladız. Bir günə ev qazandım.

Keçəl getdi nənəsinə dedi:

─ Bular istillər məni öldürsünlər. Mən qaçıram, sən qorxma. Mən genə bu kələylərnən sənin sorağına gəlləm. Tez gələm, gej gələm, sən darıxma. Sonra dedi:

─ Nənə, mənə bir dəst yaxşı kom-şalvar qoy buxçaya. Bu atdılar düşüblər mənim dalıma öldürələr.

Keçəl bir buxça libası götürər, qaçar, atdılar da bunun dalısıca. Hamının ürəgi oddudur. İstillər keçəli bu dəfə doğ­rasınlar. Keçəl olardan qabaq bir yerə yetişər. Görər bir bədbəxt çoban davar yayır. Diyər:

─ Ey çoban, tez ol, məni istillər eliyələr padişah. Başım keçəldi, utanıram. Tez sən paltarlarını ver mənə. Sən get padişah ol, sən heyifsən. Gəl mənim kom-şalvarımı gey, mən taxta çıxsam, mənə güləllər.

Benəva çoban söyünürdü ki, çobanlıxdan qutardı. Paltarların keçəl alıb dedi:

─ Görürəm, bu atdılar gəlir, tez qaç olara qənşər.

Keçəl tez çobanın paltarlarını geyib dayandı. Hey-hey­nən durdu bir sürü davarın qabağında. Atdılar gəlib dedilər:

─ Ay çoban qardaş, burdan görmədin bir keçəl qaça.

Keçəl dedi:

─ Gördüm, odu, bax, istir yetişsin dəryanın qırağına. Bu atdıların ürəgi oddu imiş. Yetişax həman. Vurdılar bu çoban düşdü dəryaya. Genə keçəl qurtardı. Kənd əhli dedi:

─ Ah, bu dəfə yaxamız qurtardı. Ta dəryadan gələ bil­məz.

Bular qeyitdilər, gəldilər kəndə sarı. Keçəl iki günnən, üç günnən sora hoy-hoynan çobannan alan davarları tökdü kəndə. İki-üç dənə yarımsen qəri-qocadan dedilər:

─ Ay keçəl, Allah sənin boynuna qoysun. Qəbirə qoy­dux, bi belə ev gətirdin. Dəryaya atdıx, getdin bi belə qoyun gətirdin.

Keçəl dedi:

─ Allah boynuza da qoysun, canız da çıxsın. Dəryada məgər nə var, dərya doludu qoyunnan. Həmi süddü, həmi süd­­süz. İndi qalıb adam özi necə seçə gətirə.

Bular dedi:

─ Keçəl, indi biz neyniyək?

Keçəl dedi:

─ Öküzlərizi kəsdiz, baltalarız olmazı olduz qərə qəni. İndi istiriz gəlin, qoyun sahibi olarız, gəlin aparım sizi atım dəryaya.

Buların hamısını apardı tökdü dəryaya. Kənd əhlindən bir nəmənə qalmışdı. Bir dana qəri arvad qaldı, bir dənə körpə nəvəsi. Qarı dedi:

─ Ey keçəl, sən allah, bunu da at dəryaya. Keçəl uşağı da atdı dəryaya. Uşax boğulub sudan çıxmışdı üzə. Qarı diyər:

─ Keçəl, qari nənə qurban, bu nəmə deyir?

Keçəl dedi:

─ Heç nə, deyir: “Qarı nənə, əmcəgi uzunundan seçim, ya əmcəgi kolasından?”

Dedi:

─ Keçəl, qarı nənə qurban, birdəfəlik özümü at dəryaya, çün qocayam, əmcəyi kolanı sağa bilmərəm, əmcəgi uzununu seçim.



Keçəl qarı nənəni də atdı dəryayə. Qeyidib evə gəlib nənəsinə dedi:

─ Bir kəndi korradım. Olar orda boğulmaqdadır, sən də burda şad ol.



Ədi, budi nağılı
Bir gün var idi, bir gün yox idi, bir qari var idi, bir qo­ca. Buların birin adi Ədi və birininki Budi idi. Buların dəri-dünyadə bir qızları var idi ki, onu da şəhərdə bidur varrı- karrı tacirə ərə vermişdilər. Bular bir gün aş bişirirdilər, birdən qızları yadına düşər. Budi deyər:

─ Ədi.


O da diyər:

─ Can Budi.

Budi deyər:

─ Neçə vaxtdı qızımızdan xəbərimiz yoxdu, gedax bir onu gorax.

Ədi diyər:

─ Qoy əvvəl aşi içax, sora gidax.

Budi diyər:

─ Qoy qalsın təndirdə, biz qayıdanda bişər, yiyərix.

Sazlanallar, durallar qızlarının evlərinə getmağa. Küçə­də bir atdıya rast gələllər. Atdını saxlayıb diyəllər:

─Atdı qərdəş, gedib bizim noudan altından haçarı gö­türmüyəsən. Qapımizi açmıyasən. Təndirdəki aşi içmiyəsən. Çölməyini sındirmiyəsən.

Atdı deyər:

─ Bacı-qərdəş, arxayın olun, bu işi görmərəm.

Atdı gedər, bular diyən kimi noudan altından açarı gö­türüb, qapını açar, təndirdəki aşı götürüb içər və çölməyi sın­dırar.

Sizə kimnən deyim, Ədidən, Budidən. Bular gedəllər yetişəllər, qızlarının evinə. Xoş gəldin edəllər, yiyib-içib gecə yatmax vəqti olar. Qızı fikr elər, buların yerin harda salım, harda salmıyım. Axırda qız dəstur verər, buların yerini qəpa­rələr otağında salalar. Bular kəddi babanın biri, rahat ev, tə­miz ev görmüyürlər, buna görə gecə yata bilməzlər. Gecənin bir zamanı Budi diyər:

─ Ədi.

O da diyər:



─ Can Budi.

Diyər:


─ Binəva qızımızın o qədər başı qarışıb ki, bu qəparə­lərə yetişə bilmir. Bit buları qoymur, yatsınlar. Neyliyax, ney­ləmiyax, gəl qəparələrin yuvundurax.

Tez durub bir qazan qeynər su hazırlallar. Qəpəraləri bir-bir salar qeynər suva, qoyallar qəfəsə. Qəparələri basmax həman, ölməx həman.

Budi diyər:

─ Ədi.


O da diyər:

─ Can, Budi.

Diyər:

─ Gör nə rahatdaşdılar.



Qəparələr öləndən sonra bular da baş atıb yatallar.

Səhər qızı gələr qəparələr otağına. Görər, nəmənə qəpa­rə var idi, ölüblər.

Ədi, Budi diyərlər:

─ Qızım, gör nə sənin işini rahatdamışıx.

Qız da pərtdəşir ki, siz bütün qəparələri öldürmüsüz. Gi­nə yiyəllər, içəllər, yatmax vaxtı olar. Qız fikirrəşər ki, bula­rın yerini harda salım ki, ziyankarrıx eləməsinnər. Axırda bu­ların yerrərini salallar un otağına. Bir böyük otax dolu idi tay-tay ununan. Budi deyər:

─ Ədi.


O da cavab verər:

─ Can Budi.

Diyər:

─ Bu nənəsi ölmüş qızın vəxti yoxdu ki, buları çörəy yapsın. Dur, bu unnarı xəmir eliyək, çörəy yapax.



Bir tərəfdən su gətirəllər, bir tərəfdən xəmir eləllər, bular dünyanı vurallar bir-birinə. Bir anbar ev fətir eləllər.

Səhər olar, qız genə də gedər buların otağına, görər, bir anbar unnan bir tay da qalmiyib. Qız dava eliyib diyər:

─ Deməmişəm, əlizi heç zada vurmıyın.

Bir az keçər, genə də yimax-içmağa başları qarışıb gecə yatmax vəqti olar. Bu dəfə buların yerini aparıb aynabənd ota­ğa salallar. Gecənin bir vaxtı Budi diyər:

─ Ədi.

Cavab verər:



─ Can, Budi.

Diyər:


─ Gəl, gör, bu kimdi?

Olar ikisi də aynıya baxıb görəllər ayrı bir nabələd qari və qoca var. Hər nə bular edələr, olar da buları yamsılallar, ağızların büzəllər, olar da büzər, yaman diyərlər, olar da di­yər, bular hirslənib hərəsi bir daş götürüb səhərəcən bütün bu otaxda olan aynaları vurub sındırallar və beləliklə, Ədi­ynən Budi nabələd adamları o otaxdan qovalallar.

Qız səhər gəlib bu vəziyyəti görüb öz-özünə diyir:

─ Əgər bular bir neçə gün də burda qalsalar buranı bütün virana qoyallar. Buna görə qız ərinə diyir:

─ Gəl buları yola salaq getsinlər.

Qız və əri bulara bir az qumaş, bir cüt başmaq, bir az doşab verib yola salıllar. Ədi və Budi yola düşüb bir az yol gedəndən sonra bir qələməyə rast gəlillər. Bular görüllər, qə­ləmə əyilir-düzəlir, yarpaxları titriyir, əsir. Bilmirlər ki, yel qə­ləməni bu hala salır. Belə fikr edillər ki, qələmə soyuxdan üşüyür. Budi diyir:

─ Ədi.

Cavab verir:



─ Can Budi.

Diyər:


─ Qızımız verdiği qumaş bizim nə dərdimizə dəyər? Al­laha xoş getməz. Qələmə, gör nə üşür. Gəl bu qumaşi do­luyax qələməyə ki, üşüməsin.

Arvad-kişi çox çalışmadan sonra qızlarınnan aldığı qu­maşi sərillər qələməyə. Sora yola düşüb gedəllər, qış bətər so­yux olduğuna görə yer donub cırılmışdı. Ədiynən Budi yeri be­lə görüb diyəllər, heyvan acından gör nə ağzın açıb. Budi diyər:

─ Ədi.

O da diyər:



─ Can Budi.

Diyər:


─ Gəl bu doşabi verəx, yer yesin. Heyvan acınnan ölür. Yazıxdı, gör necə ağzın açıb. Qızıgildən sovqat aldıxları do­şabi yerin qatdağına töküb yola düşəllər. Bir az gedənnən son­ra bir qarqayə rast gəlillər. Görüllər qarqa bir cür yeriyir. Fikir edəllər qarqanın ayaxlarını soyux incidir. Budi deyər:

─ Ədi.


O da diyər:

─ Can Budi.

Diyər:

─ Gəl başmaxları da verəy qarqayə. Allaha da xoş getməz. Biz neyniyəciyix.



Başmaxları da qoyallar yerə, ta qarqa gəlib giysin. Evə sarı yollanıllar. Gedəllər noudan altından açarı götürüb qapını açallar. Birbaş gedəllər təndirin başına ta aşi içsinnər. Görəl­lər çölməy boş və sınıxdı. Beləliklə, biləllər ki, olara rast gə­lən dərviş gəlib aşı içib və çölməyi də sındırıbdı.

Keçəlin nağılı
Keçəlin tükləri uzanıb ona bərk əziyyət edirdi. Bir gün öz-özünə deyər:

─ Gedim dəlləyə, bir az başımı yüngülləşdirim.

Keçəl ki pulsuz idi, bir tərəfdən fikirləşir ki, dəlləyə nə versin, bir tərəfdən istəyir ki, getsin. Axırda belə fikrə gəlir ki, gedərəm görüm başıma nə gəlir, beləliklə, gedir dəlləkxanaya. Gedir oturur stulun üstündə. Stul elə rahat idi ki, oturan kimi onu yuxu aparır. Şirin yuxuda görür ki, şahın qızına aşiq olub. Gedir elçiliyə. Bir az yol getmişdi ki, bir nəfərə rast gəlir. O, salam verib deyir:

─ Salam, keçəl, hara gedirsən?

Keçəl deyir ki, heç yana.

O adam deyər ki, ay keçəl, mən səni tanıyıram. Nəyə ürəyinin sözünü mənə demirsən. Keçəl bunun sözünü eşi­dən­dən sonra deyər:

─ Allahdan gizli deyil, səndən nə gizlədim. Gedirəm şahın qızına elçiliyə.

O adam deyər:

─ İstiyirsən sən bu işi görəsən, məni də özün ilə apar. Şayət dərdinə deyərəm. Mənim adıma Yeldən Əlibəy deyər­lər. Dünyanın o başında bir işin olsa mən bir ləhzədə gedib onu yerinə yetirərəm.

Keçəl öz-özünə deyər:

─ Bəlkə, bu kişi mənə lazım oldu. Qoy bunu götürüm, birlikdə gedək.

Beləliklə də onunla birlikdə düşərlər yola. Bir az gedən­dən sonra yenidən bir nəfərə rast gələrlər. O adam keçələ sa­lam verib soruşar:

─ Keçəl qardaş, hara gedirsən?

Keçəl öz ürəyinin sözünü ona deyər.

O kişi keçələ belə deyər:

─ Mənə Dürbin Əlibəy deyərlər. Əgər dünyanın o ba­şında bir milçək qanad çalsa, mən buradan onu görərəm. Mə­ni də apar, şayət bu yolda sənin dərdinə deyərəm.

Keçəl onu da götürüb yola düşər. Bir az gedəndən sonra üçüncü adam rast gəlir. O deyər:

─ Keçəl, salam, hara gedirsən?

Keçəl cavabında deyər:

─ Mən şahın qızına vurulmuşam. İstəyirəm gedəm elçiliyə. Bunlar da mənim dostlarımdır.

O adam deyər:

─ Keçəl, məni də apar, əlimdən gələni köməklikdən əsirgəmərəm. Mənim adımı istəsən biləsən, Oxtan Əlibəydir. Əgər dünyanın o başında bir milçək olsa, desən vur sal qanadından, mən onu vuraram.

Keçəl öz-özünə deyər:

─ Mən ki bu neçə nəfəri götürmüşəm. Qoy bir nəfər də artıq olsun.

Beləliklə, onlar birlikdə düşərlər yola. Bir az gedəndən sonra yenə də bir nəfərə rast gələrlər. O, keçəli görən kimi tez salam verib, deyər:

─ Ay keçəl, məni də qoş özünə. Şayət mən sənin dər­dinə deyərəm. Mənim adım Yerdən Əlibəydir. Allahta­laların yeddi yeri, yeddi göyü vardır. Mən göyünü yox, vəli yedd,i yerini dana-dana torpaqlarını tanıyıram.

Keçəl Yerdən Əlibəyi də götürüb düşər yola. Burada-orada gedərlər, çatarlar şahın sarayına. O zaman belə bir qayda var idi ki, hər şah öz sarayında elçilər üçün elçi daşı qoyardı ki, hər kəs elçi gəlseydi, o daşın üstündə oturardı. Məlum olardı ki, o adam elçidir.

Keçəl yanındakı adamlarla gedər oturar elçi daşının üstündə. Şah baxırdı. Gördü ki, bir neçə nəfər oturub elçi daşının üstündə. Onların içində bir keçəl vardır ki, hamıdan başda oturub. Şah görər ki, bunlar çox əyni-başları çılpaq adamlardır. Buna görə də vəziri çağırıb deyər:

─ Vəzir, gedərsən onları bir cürlük rədd edərsən.

Vəzir gedir elçi daşının yanına. Soruşar ki, siz kimsiniz, haralısınız, haradan gəlmisiniz?

Keçəl onların içindən ayaqa qalxıb deyər:

─ Mən çobanam. Şahın qızına elçi gəlmişəm. Bunlar da mənim yar-yoldaşımdırlar.

Vəzir şahın yanına qayıdıb qorxa-qorxa keçəlin sözlə­rini şaha deyir. Şah ta eşidir ki, bir keçəl onun qızına elçi gəlib, hirslənib vəzirə deyir:

─ Nə üçün onların cavabını sən vermədin?

Vəzir deyər:

─ Qibleyi-aləm sağ olsun, mən sizdən icazəsiz bir iş görmərəm.

Şah bir az yumşalandan sonra belə deyər:

─ Vəzir, yaxşısı budur ki, onların ürəyini sındırmayaq. Vəli, belə bir iş onlara demək lazımdır ki, onu yerinə yetirə bilməsin. Sən get keçələ denən ki, şahın qızı Turan məmləkə­tindədir. Əgər istəsə biləsən ki, o, ərə getmək istəyir, ya yox, get özündən soruş.

O şəhərdən Turana dördillik yol idi. Sonra vəzir keçələ şahın dediyini deyir ki, Turana gedib qızın rəyini alsın. İki günə qədər gərək qızdan mənə bir məktub gətirəsən.

Vəzir şahın dediklərini namə yazıb keçələ verdi və on­dan cavabını istədi. Keçəl naməni oxuyub gördü ki, olmayan bir işi şah bundan istəyir. Bərk fikrə getdi. Birdən yoldaş­larının içərisindən Yeldən Əlibəy ayaqa qalxıb dedi:

─ Keçəl, nə ürəyini sıxırsan, məyər mən ölmüşəm ki, sənin işin yoxdur. Mən şah istədiyi vaxt tez bu məktubun cavabını sənə yetirərəm.

Beləliklə, keçəldən naməni alıb, yola düşür. Bunlar bir az gözləyib görürlər ki, Yeldən Əlibəydən bir xəbər çıxmadı. Keçəl hirslənib yoldaşlarına dedi:

─ Bu da gedər-gəlməzə getdi. İndi bəs biz nə edək?

Dürbin Əlibəy ayaqa qalxıb dedi:

─ Keçəl, mən sənə demişəm ki, hər nə işin olsa, mən hazıram. Bu bir çətin iş deyil ki, özünü narahat edirsən. İndi mən baxıb deyərəm. Dürbin Əlibəy Turana sarı baxıb, dedi:

─ Keçəl, keçəl, tapdım.

Yeldən Əlibəy bir yuxudan oyanıb baxdı gördü ki, yuxuya gedib, ondan tez gərək keçəlin yanına yetişəydi. Buna görə tez ayaqa qalxıb bir ləhzə çəkmədi ki, özünü yetirdi keçəlin xidmətinə. Şahın qızından aldığı naməni verdi keçələ. Keçəl naməni götürüb apardı şahın hüzuruna. Şah naməni alıb, gördü ki, qızından gələn məktubdur. Gördü ki, məktubun üstündə də Turan möhrü var. Şah təəccüblənərək soruşdu:

─ Ay keçəl, sən bu dördillik yolu necə bu tezliklə gətirdin gəldin?

Keçəl güvənə-güvənə dedi:

─ Biz gedərik.

Şah işi belə gördükdə vəzirlə məşvərətə oturdu. Dedi:

Keçəli ki mən belə görürəm, o, bizim əlimizə bir iş verəcək. Hər nə cür olursa-olsun bunları aparasan salasan o yeddi minlik metrlik dərin zindana.

Vəzir yağlı dilini işə salıb gəldi keçəlgilin yanına. Bun­ların başlarını oxşadı. O yandan, bu yandan bunları danışa-danışa, bişim-bişimlə apardı saldı o dərin qaranlıq zindana.

O zindan elə bir zindan idi ki, bəni adəm yaranandan hər kəsin ki ora yolu düşmüşdü, nicat yolu olmamışdı. Vəzir bunları zindana salandan sonra yeddi dənə böyük qıfıl yeddi qapıya vurdu.

Bunlar bir az keçəndən sonra gördülər ki, vəzir bunların başına nə bəla gətirib. Keçəl yoldaşları ilə başladı məşvərət etməyə. Birdən Yerdən Əlibəy dedi:

─ Ay keçəl, yadındadır ki, mən səni görəndə nə dedim? Mən sənə demədim ki, Allahın əgər yeddi köyü, yeddi yeri olsa mən o göyləri tanımasam, vəli arxayınam ki, o yeddi yerin hər qapısını tanıyıram. Heç narahat olma. İndi mən sizə bu zülmətxanadan nicat verərəm. Qoy şah və onun vəziri bilsinlər ki, analar necə oğlan doğublar.

Yerdən Əlibəy ayaqa durub zindanda bir o yan-bu yana qədəm vurub yoldaşlarına dedi:

─ Gəlin, tapdım.

Yoldaşlarını dalınca salıb, bir qədərdən sonra bunları düz gətirdi elçi daşının düz yanına. Bunlar orada oturub bir-birlərilə danışıb gülürdülər. Şahın birdən gözü elçi daşına düş­dü. Bunları görən kimi qorxudan az qala bağrı çatlasın. Tez vəziri çağırıb dedi:

─ Vəzir, tədbir. Əgər biz bunların sözünə baxmasaq, mən arxayınam ki, bu keçəl mənim başıma bu bəla gətirəcək. Lazımdır ki, tez qızı Turandan gətirib əlin verəsən bir keçəlin əlinə. Vəzir hər nə cür olsaydı qızı Turandan gətirib özü ilə bərabər apardı elçi daşının üstünə. Üzün tutub keçələ dedi:

─ Ay keçəl, bu siz, bu da qız. İndi nə edirsiniz edin.

Vəzir onların içinə fitnə saldı. Bunlar düşdülər bir-bir­lərinin canına. Yeldən Əlibəy dedi:

─ Əgər mən olmasaydım, kim qızı Turandan bura gətirərdi?

Dürbin Əlibəy dedi:

─ Əgər mən olmasaydım, sən indi də o dağın ətəyində olan ağacın kölgəsində yatıb xoruldurdun.

O yandan Oxtan Əlibəy hirslənib dedi:

─ Ay kişi, siz elə bil məni yaddan çıxarmısınız. Əgər mən olmasaydım kim oxnan bu uzaq fasilədən sənin dabanın­dan vurub yuxudan ayıldardı.

Yerdən Əlibəy dedi:

─ Əgər mən olmasaydım, siz indiyə qədər o yeddi min metrlik və qaranlıq zindanda can verirdiniz. Mən idim ki, oradan sizə nicat verdim. Yadınızdan çıxmasın ki, bu zindan tikilən əsrdən bir nəfər oradan işıqlı dünyaya çıxmayıb.

Vəzir ordan fitnəni salandan sonra qızın əlindən tutub işin axırını gözlədi. Keçəl işi belə görüb, öz-özünə dedi:

─ Yaxşısı budur ki, mən vəzirin əlin dişləyib, qızın onun əlindən qapıb qaçırdım. Keçəl birdən qalxıb ağzın atar vəzirin əlinə. Nə gücü varsa onu dişləyər. Birdən qışqırıq sə­sinə ayılar görər ki, dəllək dükanında oturduğu zaman bun­ların hamısını yuxuda görür. Dəlləkin əlini elə dişləyib ki, onun qışqırıqından yuxudan ayılıb.


Fırıldaqçı molla
Bir kəndin utanmaz bir mollası vardı. Bu xalqın çörə­yini yeyib, xalqın namusuna toxunardı. Günlərin bir günü molla məktəbdə olan bir uşağa deyər:

─ Get nənənə de ki, hi...hi...

Balaca uşaq evlərinə gedib molla diyən sözləri nənəsinə deyər. Nənə mollanın bu məqsədinə baxəbər olub, öz ərinə belə deyər:

─ Ay kişi, bu utanmaz mollanın başında pis fikirlər var. Gərək bunun başına elə bir oyun gətirək ki, ömrünün axırına qədər yaddan çıxarmasın. Sənin ürəyin pak olsun. Mən əhdə vəfasız deyiləm.

Kişi bu sözləri eşidib dinə və din xadimlərinə görə ürə­yində nifrət edər. Kişi və arvad fikirləşəndən sonra belə qəra­ra gəlirlər ki, bu abırsız mollanı evlərinə gətirib onu daha dinə və din xadimlərinə inanan adamların yanında rüsvay eləsinlər.

Arvad oğluna deyər:

─ Gedərsən, mollaya deyərsən ki, nənəm dedi hi...hi... Molla bir dənə qaz yollasın, onu bişirim. Gəlsin evə bir az oturaq. Ərim gedib müsafirətə.

Oğlan məktəbə gedib, nənəsi deyən sözləri mollaya yetirər. Molla sevincək bir dənə qaz alıb onlara yollar. Özü də gedər arvadın evinə.

Molla evə girməkdən bir neçə dəqiqə sonra kişi qapını döyər. Molla ta qapının səsini eşidib, əl-ayaqa düşər. Arvad deyər:

─ Vay, evim yıxıldı, kişi indi səni də öldürər, məni də.

Molla deyər ki, bəs nə edək?

Arvad deyər:

─ Gəl, səni aparım tövlədə bağlayım inəyin yanına.

Molla qorxusundan naçar qalıb tövləyə sarı qaçar. Ar­vad mollanı boynundan bağlar inəyin yanına. Və bir dənə də buzov dərisi salar onun üstünə. Kişi evə gəlib, arvada deyər:

─ Arvad, çox acam, bir az çörək gətir, yeyim.

Arvad molla gətirən qazı gətirər qoyar kişinin qaba­ğına. Kişi qazı yeyib arvaddan soruşar:

─ Arvad, bu qazı nə üçün bişirmişdin?

Arvad cavabında deyər:

─ Kişi, sən gedəndən sonra inəyimiz doğdu. Ona görə qaz bişirdim ki, bu gün şadlıq eləyək.

Kişi deyər:

─ Dur gedək görüm inəyin balası necədir? Mən and içmişdim ki, əyər inəyin ərkək doğsa onu minəcəyəm.

Kişi ilə arvad tövləyə gedib düşərlər buzovun canına. Kişi buzovu ağac altına salandan sonra minər onun belinə. Mollanı ölümcül eləyəndən sonra salarlar eşiyə. Molla gedə-gedə özü-özünə deyir:

─ Arvad qaz ətinə yerikləyib, kişisi də yerikləyib buzov ətinə.

Beləliklə, molla o kənddə rüsvay olub, kənd əhlinin tək­lifinə görə o kənddən qaçmalı olur.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə