Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


LƏTİFƏLƏR Nadir şahla Nadir Qulunun fərqini bilməyən



Yüklə 2,22 Mb.
səhifə5/13
tarix01.02.2018
ölçüsü2,22 Mb.
#23029
1   2   3   4   5   6   7   8   9   ...   13

LƏTİFƏLƏR
Nadir şahla Nadir Qulunun fərqini bilməyən

adamın ölməyi qalmağından yaxşıdır
Deyərlər ki, Nadir şah cavanlıqda çox xoşsöhbət və xeyir-şərdə hazır olan bir adam idi.

Hər gün cavanlarla küçədə, bacada, güləşməyə və de­yib-gülməyə məşqul olardı. Ay keçdi, illər dolandı, Nadir Qu­lu Əfşar elinin böyüyü olub və sonralar şahlıq məramına ye­tişdi. Bunun bir yoldaşı vardı ki, cavanlıqda onunla dostluq edər­di. Atalar demişkən, onların təkcə halalı ayrıca olmuşdu. Günlərin bir günündə bu adam Nadir şahın yanına gedib baş­lar onunla şuxluq eləməyə. Və hər sözün başında da ona Na­dir Qulu deyirmiş.

Nadir şah dəstur verər ki, onun başını vursunlar. Nadirin ətrafında olan adamlar ki, bunların dost olmasından xəbərləri vardı, çalışırlar ki, Nadir şahı rəyə gətirsinlər ki, onu bağış­lasın. Nadir şah onlara deyər:

─ Nadir şahla Nadir Qulunun fərqini bilməyən adamın ölməsi qalmasından yaxşıdır. Və beləliklə, öz sözünə əməl edər.


Əsnəmək əsnəmək gətirər, rəhmət sənə,

ey saman altındakı
Bir nəfər bir evə qonaq gedir. Şamı yeyib doyandan sonra otururlar o yan-bu yandan danışmağa. Gecədən bir çox vaxt keçir, yavaş-yavaş yuxu bunlara təsir edir. Ev sahibi utanır ki, qonağı qoyub istirahətə başlasın. Qonaq da yavaş-yavaş yorğunluq hiss edir. Başlayır əsnəməyə. Qonağın bu əsnəməyi neçə dəfə təkrar olur. Ev sahibinin arvadı ki qo­naqla kürsüdə üzbəüz oturmuşdur, başlayır o da əsnəməyə. Arvadın əri bunların ikisinin də əsnəməsindən şübhələnir. Belə fikir edir ki, bunların arasında bir sirr var, söz var. Arvad kişinin ürəyində olan şübhədən xəbərsiz idi. Kişi bir azdan sonra arvadı mal-davara baxmaq bəhanəsilə tövləyə aparıb və orada onu öldürüb basır qızışmanın12 içinə. Özü qayıdır evə. Yenə də qonaq başlayır danışmağa, bu səfər ki, ev sahibi qonaqla üzbəüz oturmuşdu, o da başlayır, qonaqla birlikdə əsnəməyə. Kişi işi belə görüb bir az fikrə gedir. Düşünür ki, arvadı ilə qonaqın arasında heç bir sirr yoxmuş. Və onun şübhəsi də yersiz imiş. Bəlkə bir tərəfdən yuxusuzluq, bir tərəfdən də qonağın əsnəməyi arvada təsir edib, onu da əs­nədərmiş. Buna görə kişi peşiman olub deyər:

─ Əsnəmək, əsnəmək gətirər, rəhmət sənə, ey saman altındakı.


O xoş dil ki, səndədir, kərə də verərəm
Bir kənddə bir arvad varmış. Həm keçəl və həm də yalama-dodaq13 idi. Bu arvadın yaxşı südü, qatıqı, eyranı olarmış. Səliqədə bütün arvadlardan üstün idi. Hər kəs desə idi ki, yalama-dodaq, keçəl xala bərk narahat olardı. Bir gün bir nəfər dağda çox susuzluq çəkir. Üz qoyur kəndə, gedir o arvadın qapısına. Qapını döyür və belə deyir:

─ Yalama-dodaq, keçəl xala, bir bayda eyran ver, içim. Arvad çox hirslənib, tuluq ağzını götürüb düşür bunun canına. Və onu vura-vura belə deyir:

─ O xoş dil ki, səndə var, kərə də verərəm.
Sahibin ölsün, Allah
Şahsevənlərin bir zülmkar və rəhmsiz ərbabları varmış. Bu ərbab xalqa o qədər zor deyib, hüquqlarını ayaq altına salmışdır ki, onun adı gələndə xalq tir-tir titrəyirmiş. O yerdə olan yaltaq və alçaq din xadimləri də həmişə onu Allah nümayəndəsi və adamı mərif etməklə xalqın mövhumatını artırıb və daha da bu boğuntunu çoxaldırlar.

Bir gün xəbər gəlir ki, ərbab ölüb. Bir nəfəri kənddə bu xəbəri yaya-yaya belə deyir:

─ Ədə, nə oturmusuz ki, Mənuçehr xan ölübdür. Şah­sevənlərin bir ağsaqqalı ki ondan çox zülmlər görmüşdür, təəccüb edə-edə belə deyir:

─ Yiyən (sahibin) ölsün, Allah. Mənuçehr xanı öldürən Allah bizləri lap hövüc kimi gəmirər.


Öz evimdir, xalqa nə var, qatıq yeyirəm, ya eyran içirəm
Bir kişi arvadından çox qorxarmış. Arvad buna göz verib, işıq verməzdi. Evdə hər nə meyvə, yemək olsa idi, kişinin payı fəqət eyran idi.

Bir gün kişi küçədə gələ-gələ deyirmiş:

─ Bu gün nahara mən qatıq yeyəcəyəm. Gəlib yetişir evə. Uca səslə deyir:

─ Arvad, qatıq gətir.

Arvad hirsli-hirsli soruşur:

─ Nə istədin?

Kişi görür ki, arvad bərk hirslənib, buna görə də deyir:

─ Əyər olsa bir az eyran gətir içim.

Arvad gedir eyran gətirməyə, kişi təkbaşına deyir:

─ Öz evimdir, xalqa nə var, qatıq yeyərəm, ya eyran içərəm.



Sən də lap şorun çıxardın
Bir kəndli varmış, o, neçə mal-davar saxlayarmış. Bun­la­rın kərəsini yığıb gətirib şəhərdə satırmış. Getbəget bu kənd­linin müştərisi artır və gəliri çoxalır. Gəliri çoxalmaqla bunun tamahı da artır. Bir gün özü-özünə deyir: “Nə eləyim ki, gələn müştərini boş qaytarmayım”.

Axırda belə fikirə gəlir ki, eyrandan çıxan şoru bərni­nin14 altına töküb, üstünə bir qat kərə versin. Belə bu fikirlə bir gün şoru töküb bərninin təkinə və onun üstündən də bir qat kərə verir. Bir neçə vaxt kəndlinin işi bu olur.

Bir gün bir nəfər kərə almaqdan ötrü kəndliyə yaxın­laşır. Və deyir:

─ Ay qardaş, olar sənin bu kərəndən bir az dadım.

Kəndli də üzə qalıb deyir:

─ Ay qardaş, niyə olmaz, buyur dad.

O kişi bir barmağı ilə kərəni dadır. Kərə dadlı ol­du­ğuna görə yenə də bir barmaq dadır. Üçüncü dəfə barmağını lap dibdən vurur.

Bu zaman kəndli görür ki, belə getsə işin üstü açılacaq. Buna görə də belə deyir:

─ Bəsdir qardaş, sən də lap şorun çıxardın.
Böyüklərə peyvənd eləmişəm
Bir dəvə yatmış idi. Bir tülkü gedir atılır onun o yan-bu yanına. Dəvənin hövsələsi olmur ki, ayaqa dura. Tülkü işi belə görüb, başlayır onunla baş-başa qoymağa. Nəhayət, gedir öz quyruğunu bağlayır dəvənin quyruğuna. Başlayır dəvəni çəkməyə. Dəvə görür ki, bu əl çəkən canavar deyil. Buna görə də ayaqa durur.

Tülkü bunun quyruğundan asılanıb qalır çapalaya-çapalaya. Dəvə bisudə başını aşaqı salıb gedir. Bir qurdun gö­zü tülküyə sataşır. Soruşur:

─ Ay tülkü lələş, o nə vəzdir?

Tülkü cavab verir:

─ Böyüklərə peyvənd eyləmişəm.
Dəvənin biri bir dəngə

(keçmiş pul vahidinin biri)
Günlərin bir günündə bir ata ilə oğul gəzməyə çıxırlar. Görürlər ki, bazarda dəvə hərraca qoyublar. Hər birisi bir dəng. Oğul dədəsindən istəyir ki, bir neçə dəvə alsın. Ata oğulun sözünə baxmayıb, bazardan eşiyə çıxır. Oğul atasının bu işinin sirrini bilməyir. Bir müddət keçəndən sonra qəzadan ordan keçirdilər. Yenə də görürlər ki, o bazarda dəvə satırlar. Oğul ağzını açmamış atası deyir:

─ Gəl oğul, gedək bir neçə dənə dəvə alaq.

Gedirlər bazara, görürlər ki, dəvənin biri qabaqkı qiymətdən on bərabər artıqdır. Ata bir neçə dəvə alır. Atanın bu işi oğulu üçün çox təəccüblü gəlir. Axırda özünü saxlaya bilməyib atasına deyir:

─ Ata, bəs nə cür oldu ki, dəvə bir dəng olanda almadın, indi ki, dəvənin biri neçə bərabər artıb, on dənə birdən dəvə alırsan?

Ata dedi:

─ Oğul, o gün mənim pulum yox idi. Əgər dəvə bir dəng­­dən də ucuz olsaydı, mən almağa qadir deyildim. Vəli, in­di ki pulum var, mənə bir dəng olması ilə on dəng olmasına fərqi yoxdur.



Ay molla, ay molla, qazman düşdü
Bir kəndli vardı, onun atadan qalmış bir yerinin qəba­lə­si vardı. Bu kəndin ərbabı çox çalışır ki, o qəbaləni onun əlin­dən çıxarsın. Vəli təkcəsinə bir iş görmür. Çox fikirlə­şən­dən sonra kənddə olan mollanın köməkliyi ilə bir nəxşə çəkir­lər, molla bir gün bu kəndlini çağırıb və onun əlindən ata­sın­dan qalan qəbaləni bir bəhanə ilə çıxardıb və ərbabın adına onu köçür­dür. Bir müddətdən sonra ki, bu yazıq kəndli başına gələn bəlanı düşünür, mollaya müraciət edir. Molla ona hər­bə-zorba gəlib və onu qorxutmaqla sükuta məcbur edir.

Kəndli təslim olmayıb fürsət dalsınca gəzirdi ki, bu mol­lanı və dahi din xadimlərini xalqın içində rüsvay etsin.

Günlərin bir günündə həmin molla at üstündə keçirdi. Kəndlilər də kün qabaqında oturmuşdular. Əz-qəza mollanın qələmi yerə düşər. Bu kəndli görüb tez düşünər ki, elə çox­dankı arzusu bu gün çatmışdır. Buna görə də ucadan qışqırır:

─ Ay molla, ay molla, qazman düşüb. Molla kəndlinin bu sözünə təəccüb edib, çox ifadə ilə deyir:

─ Ay kişi, nə axmaq-axmaq danışırsan. Məyər mən fəhləyəm ki, özümlə qazma gəzdirəm?

Kəndli cavabında deyir:

─ Ay molla, mən bilmirəm buna nə deyərlər ─ deyə qə­lə­mi görsədir. Fəqət bunu bilirəm ki, mənim evimi bununla yıx­mısan. İndi sən buna qazma deyirsən, ya qələm deyirsən, de.

Molla işi belə görüb, çox rüsvaylıqla qələmin götürüb ata minib və uzaqlaşır.


Bir molla yüz itdən yaxşıdır
Bir nəfər kəndli danası naxırdan ayrı düşüb, gecəni qalar çöldə. Kəndli hər yeri axtarar, tapa bilməz. Əli hər yer­dən üzülər, naçar qalıb gedər kənd mollasının yanına. Ondan istər ki, bir dua oxusun, ta dağdakı qurdun ağzı bağlansın.

Molla yalandan ağız-dodağın tərpədib, bundan bir miq­dar pul alıb qoyar cibinə. Təsadüfən o kişi səhər gedər görər ki, danası bir çəmənlik yerdə otlamağa məşquldur. Və bir qurd da o həndəvərdə dolanır, amma danaya toxunmur. Kəndli bu cərəyanı görüb, mollaya bərk iman gətirir. Və buna görə də gedib kəndə bütün xalqı bir yerə yığıb deyir:

─ Məyər biz əqlimizi əldən vermişik ki, yüz dənə it saxlayırıq. Gəlin yüz it əvəzinə bir molla saxlayaq. Mən bilirəm, bir molla yüz itdən yaxşıdır.
Dedim ki, yer yalanı danışasan,

nə ki göy yalanı
Bir molla ilə bir sadəlövh adam kəndə gedirmişlər. Molla yolda bu sadəlövh kişiyə deyir:

─ Mən bir yalan danışacaqam, sən də onu təsdiq elə. O kişi də deyir ki, baş üstə.

Onlar gedirlər çatırlar kəndə. Camaat yağışır bunların başına. Molla danışır o yan-bu yandan. Birdən deyir:

─ Biz gələndə gördük göydə bir it hürür, bu kişi də gördü. Camaat bu kəndlidən soruşur:

─ Ay kişi, düzdür?

O da cavab verir ki, yox.

Molla orda xalq arasında rüsvay olub kənddən çıxır. Yolda bu sadəlövh kişini tutub deyir:

─ Ay kişi, sən mənə qol verdin ki, mən deyən yalanı təsdiq edəsən. Bəs nə cür oldu. O kişi cavabında deyir:

─ Mən dedim yer yalanı danış, demədim ki, göy yalanı.
Yəhudi taciri Təbrizdə
Bir nəfər varlı-karlı yəhudi gedir Təbrizə. Təbriz şəhə­rinin Əmir bazarında bir dükan alıb, başlayır alış-verişə. Bir qədər çəkmir ki, Təbriz tacirlərinin arasında hay-küy qopur. Nə oturmusuz ki, bir yəhudi Təbriz bazarının bütün işlərini özünə mənimsəyib.

Tacirlər öz içlərindən birini seçib yollayırlar yəhudinin yanına. Onlar istəyirlər ki, belə bir iş görsün ki, yəhudi orada qala bilməsin.

Təbrizli tacir gedib yəhudinin yanına baxır, görür ki, yəhudinin bütün dişləri qızıldandır. Tez ona deyir:

─ Ay qardaş, dişlərinə neçə xərc qoymusan?

Yəhudi bir qiymət deyir. Təbrizli tacir cibindən pullarını çıxardıb yəhudi deyən qiymətin on bərabərini qoyur onun qabağına. Sonra deyir:

─ Yəhudi qardaş, bu pul, bu sən. Sən nə vaxt ölsən, bu dişlər mənim.

Yəhudi aldanıb öz-özünə belə deyir:

─ Ədə, əcəb xam adama rast gəlmişəm. Yaxşısı budur ki, bu böyüklükdə pulu əldən verməyəm. Yəhudi pulu götü­rüb başlayır bu pulla alış-verişə. Bir neçə gün bu işdən keçir.

Bir gün tacir bir nəfəri yanına salıb, aparır yəhudinin dükanına. Belə deyir:

─ Ay qardaş, mənim pulum qurtarıb, istəyirəm dişləri satam bu kişiyə. Ağzını aç, bu baxsın dişlərinə. Yəhudi ağzını açır. Bu bir az o yan, bu yan edəndən sonra öz aralarında olduğu qərara görə belə dişləri bəyənməyib çıxır gedir. O gedəndən sonra tacir yenə də on-on beş nəfəri o gün aparır yəhudinin yanına və onlar istəyir ki, ağzın açıb dişlərini müştərilərə nişan versin. Hər müştəri ki, gedir yəhudini çoxlu incidəndən sonra qiymətdə yola gəlməyib, çıxır gedir. Yəhudi görür ki, Təbriz onun üçün qalmalı yer deyil. Buna görə də tez bazarda olub-qalanını satıb ordan qaçır.


Xoruz və tülkü
Bir gün vardı, bir gün yoxdu, bir kənddə bir xoruz vardı. Bu xoruz xərmən dibində buğda yeyib, bərk kökəlmişdi. O kəndin ətrafında olan tülkü bunun ətinə tamahsılanmışdı. Hey gəlib xoruza deyirdi:

─ Gəl qardaş olaq.

Xoruz ki, tülkünün fırıldaqını bilirdi, həmişə deyirdi:

─ Ay balam, sənlə mənim nə qardaşlığım?

Bir gün tülkü xoruzu tovlamaqdan ötrü dedi:

─ Əyə, sən mənlə qardaşlıq etməsən, daha burda qalan deyiləm.

Xoruz dedi: ─ Olmasa, olmasın.

Tülkü müsafirə getmək bəhanəsilə bundan ayrılıb getdi, bir yerdə gizləndi. Xoruz belə hesab etdi ki, tülkü müsafirətə gedibdir, asudə olub getdi girdi xərmənə və başladı eşinməyə. Birdən tülkü atılıb xoruzun boğazından tutub onu qaçırdır. Toyuqlar nə qədər qışqırırdılarsa, tülküdən eşidən-qulaq olmadı, tülkü xoruzu apardı bir qəbristanın yaxınlığına və orada dayandı. Birdən xoruz soruşdu:

─ Tülkü qardaş, bura haradı?

Tülkü cavab verdi:

─ Bura qəbristanlıq üstüdür.

Xoruz dedi:

─ Tülkü, sənin də ölün ölüb, mənim də. Sən ki, məni yeyəcəksən, icazə ver, mən bir ölülərimizə fatihə oxuyum. Sən də oxusan daha da yaxşı olar.

Tülkü xoruzun sözünə inanıb, fatihə oxumaq üçün ağzı­nı açdı, ağzını açan kimi xoruz qaçıb öz sahibinin damının üs­tünə və oradan başladı banlamağa. Tülkü işi belə görüb dedi:

─ Bu nə fatihədir gəldi dilimə

Bu cür fatihələr dəysin ölümə.


Guruslu şeytan aldadır
Gurus Cənubi Azərbaycanın Mahnışam, Divandərə, Tikantəpə, Qürvə şəhərlərinin arasında yerləşən bir ölkədir. Gurus mahalının mərkəzi Bicar şəhəridir.

Şeytan bir gün gedir Gurusa. Yolda bir yer suvaran kəndliyə rast gəlir. Guruslu şeytanı tanır və onunla başlayır salamlaşmağa. Sonra şeytana deyir:

Şeytan qardaş, hara belə? Uğur olsun.

Şeytan cavabında deyir:

─ Uğurun xeyir olsun, gəlmişəm görüm bir nəfər tapılar ki, bizə xeyir çatdıra?

Guruslu cavabında deyir:

─ Elə mən o bir nəfər. Sənin kimi şəriki göydə axtarırdım, yerdə əlimə düşmüsən. Nəyə gedirsən camaata qarışasan, gəl burada öz işimizi görək. Yer, su məndən, burda əkək, biçək, nə mənə xeyri çatsa, yarı bölək.

Şeytan soruşur:

─ Burda nə mənə əkə bilərik?

Guruslu deyir:

─ Hər nəmənə sevsən əkərik. Gəl indi soğan əkək. Vəli, mənim bir şərtim var. Soğanın kötüyü mənim, başı sənin olsun. Bir yol mən suvarım, bir yol sən suvar.

Şeytan qəbul edib, birlikdə o yeri soğanlı edirlər. Hər dəfə biri suvarır, soğan o ili çox yaxşı göyərir. Şeytan özü-özünə deyir:

─ Guruslunun betər xeyri çatdı mənə. Gün o gün olur ki, soğanları gərək çıxardalar.

Guruslu deyir:

─ Şeytan qardaş, gəl soğanın başını dər, çıx get. Qoy mən də yavaş-yavaş kolunu torpaqdan çıxardım.

Şeytan bir dünya soğan yarpağı dərir. Çox zəhmətlə apa­rır yığır bir anbara. Şeytanın işi-peşəsi olur müştəri dalı­sınca gəzmək. Hər kəs gəlir baxır, şeytanı məsxərə edib, çıxır gedir. Buna görə o qədər bu soğan yarpaqları qalır ki, orada lejlənir, kifir atır. Şeytan bir də zəhmət çəkib, onları çölə tökür.

Guruslu bir neçə günün ərzində soğanı yerdən çıxarıb pul edib tökür cibinə. Bir gün öz kefində ikən görür şeytan gəldi. Şeytan buna deyir:

─ Guruslu qardaş, sən mənim başıma papaq qoymusan. Mənə zəhmətdən savay heç nə qalmadı.

Guruslu deyir:

─ İncimə qardaş, yer yerində, su da yerində. Yenə bir dəfə də şəriklik edərik. Dünya başa çatmadı ki.

Şeytan deyir:

─ Qorxuram, bu dəfə də başıma börk keçə.

Guruslu deyir:

─ Heç eybi yoxdur. Bir ildən sonra soğan yerinə buğda əkərik. Bu il buğdanın başı mənim, kökü sənin.

Şeytan yenə guruslunun zirəkliyini başa düşməyib, razı olur. Yenə də bu dəfə suvarmanı bir dəfə o suvarır, bir dəfə şeytan. Bir müddət keçəndən sonra buğda qəşəng göyərir və saralır. Buğdanın başını guruslu biçir. Şeytan da başlayır buğdanın kökünü çıxarmağa. Görür ki, bunun kökündə heç zad yoxdur. Yenə də gedir guruslunun yanına. Deyir:

─ Guruslu qardaş, sən yenə də mənim başıma börk qoy­dun. Guruslu deyir: ─ Ay qardaş, mən ki, səni məcbur etmə­dim. Əgər şərikli havası başında olsa, bahar fəsli yenə də gəl görüşək. Şeytan görür ki, pis yerdə dükan açıb. Belə qaçır ki, dalısına da baxmır.


Əgər əzanın mal-heyvana zərəri yoxdur, qoy anqırsın
Cənubi Azərbaycanın Tikantəpə şəhərinin yaxınlığında Muslani adlı bir kənd vardır.

Günlərin bir günündə bir dəstə şəbeh o kəndə gedir. Nahara yaxın şəbeh çıxardanlar başlayırlar təbil çalmağa və əzan verməyə. Ta beləliklə xalqı ora yığıb və onlardan bir pullar yığsınlar. Bu zaman bir muslani əzan səsin eşidib, ora yaxınlaşır. Onların qışqır-bağrını eşidib çox uyuşur. Orada duran adamların birindən soruşur:

─ Ay ədə, o, niyə anqırır?

O birisi cavab verir ki, o, əzan verir.

Muslani soruşur:

─ Əzanın mal-heyvana zərəri yoxdur?

O cavab verir ki, yox.

Muslani belə eşidəndə deyir:

─ Əgər mal-heyvana əzanın zərəri yoxdur, qoy anqırsın.
Böyüdükcə əməlini azır
Günlərin bir günündə bir kəndlinin yolu Təbrizə düşür. O, şəhərdə gəzirdi. Görür ki, bir baqqalın dükanında qara-qara meyvələr vardır. Bir neçə şahı verib, baqqaldan bir az onlardan alır. Başlayır bəh-bəh deyə-deyə yeməyə. Demə ki, onlar qara alı (gavalı) imiş. Bu kəndli işin qurtarandan sonra gedir kəndinə. Bu işin üstündən bir müddət keçir. Günlərin bir günündə yenə də kəndlinin yolu şəhərə düşür. Bu zaman qara badımcan fəsli imiş. Kəndli bir neçə şahı pul verib, baqqaldan bir neçə dənə qara badımcan alır. Bir neçəsini yeyir, ağzı quruyur, öz-özünə təəccüb edir ki, bəs bunların nə üçün dadı bu cürdür? Belə fikr edir ki, bu qara alının dadı nə üçün belədir. Keçən ildə yediyinin dadın vermir. Bir cürlüklə ağzındakını udub, baqqala deyir:

─ Demə ki, bilmədim, sənin bu alıların da böyüdükcə əməlini azır.


Atanı yandıraram
Günlərin bir günündə bir ata oğluna vəsiyyət edir ki, mən öləndən sonra məni aparıb Kərbəlada və ya müqəddəs torpaqda dəfn edərsiniz. Aylar, illər keçir, atası ölüm şərbətini içib, bu dünyadan gedir. Oğulun atası ölən günlərdə işi çox dalı idi. Hər nə qədər çalışır ki, atasının vəsiyyətini yerinə yetirsin, heç bir vəchlə bacarmır. Buna görə də məcbur olur atasını islamda belə bir qayda var ki, öləni bir neçə müddət etmək olar ki, əmanət surətində dəfn edib, sonra imkan dairəsində onun vəsiyyətini yerinə yetirsinlər.

Naçar qalıb ölümü əmanət qoyur. Bu oğlanın işi get­bə­get pis olur. Bir neçə müddətdən sonra oğlan imkan tapır ki, atasının vəsiyyət etdiyi yerdə basdırın. Qəbri qazdırıb görür ki, atadan sümükdən başqa bir şey qalmayıb. Buna görə də fikirləşir ki, mən bu sümükləri belə aparsam, məni yolda inci­dər, yaxşısı budur ki, bu sümükləri dəyirman daşında dartım (üyüdüm), doldurum bir torbaya, atım dalıma, aparım basdı­rım. Buna görə də sümükləri un kimi üyüdüb torbaya töküb atır dalına. Bir müddət gedəndən sonra bir küləyə, borana rast gəlillər. Heç bir qədəm irəli getmək olmur. Belə halda məc­bur olur bir müsafirxanada bir neçə gün qalsın. Hər nə qədər çörəkləri var idi, yeyilib qurtarır. Bununla bir nəfər həmsəfər var idi ki, qatırçı idi. Aclıq qatırçıya təsir edir. Gözü düşür oğ­lanın kisəsinə. Belə fikir edir ki, kisədə olan un, yağ, qo­vut­dur. Buna görə də bir gün köz-köz edib kisəni ələ gətirib, onun yarısından çoxunu tələsə-tələsə ağzına atır, yeyir. Oğul bir azdan sonra gəlib görür ki, kisənin dibində bir az sümük­dən qalır. Anlayır ki, hər nə olsa qatırçının bu işdən xəbəri vardır. Buna görə də oğlan kisədə olan unun məcarasını tərif edib və anladır ki, bu kisədəki un yox, bəlkə onun atasının sümükləri imiş. Sonra qatırçıdan xahiş edir ki, bir yerə çatınca ayaqyoluna getməsin. O, ta bir məlum yerdə rəfi-hacət edib, yığsın aparsın. Beləliklə, dədəsinin vəsiyyətinə əməl eləsin.

Qatırçı kişi işi belə görüb, hər vaxt ki, oğlan ağzın açır ki, bir söz desin, onu qorxudub belə deyir:

─ Çox danışma, atanı yandıraram. (Zəhməti hədərə ver­mək və ya bir şeyi aradan aparmaq mənasında işlənir).


Özü bəs deyildi, nənəsinə də öyrədib

Günlərin bir günündə bir nənə balaca oğlunu misgər dükanına aparıb ustadan xahiş etdi ki, oğlumu şagirdliyə qə­bul edin. Bu oğlan bir neçə gün gedəndən sonra işə getmədi. Misgər bir müddət dözəndən sonra bir gün dedi:

─ Gedim, görüm oğlana nə olmuşdur ki, işə gəlmir. Bu­nu deyib gedir oğlanın qapısına. Qapını döyür, oğlanın nənəsi qapıya gəldi. Usta arvaddan soruşdu:

─ Nə üçün bəs oğlun işə gəlmir?

Nənə cavab verdi ki, usta, vallah oğlum deyir ki, mən misgərliyi öyrəşmişəm. Usta ki ömrünü misgərlik yolunda qoymuşdu, bu sözdən təəccüb edib nənəsindən soruşur:

─ Ay balam, bu oğlan nə tez misgərliyi öyrəşdi.

Nənəsi cavabında deyər:

─ Usta, oğlum deyir ki, misi qoyasan oda, olar isti, tapdalayarsan, olar yastı. Dövrəsini bir az qatlayarsan, olar məcməyi, bir az dərin olsa olar qablama...

Misgər nənənin bu boş sözündən hirslənib belə deyər:

─ Özü bəs deyildi, nənəsinə də öyrədir.


Demə ki, kəndlidir, bilmədi doşovun

(doşab) dadı yox idi ha...
Bir gün bir kəndli şəhrə gedir, işini görüb qurtarandan sonra aclıq buna qalib gəlir. O yana - bu yana bir yeməli bir şey tapa bilməyib, avara-avara gəzirdi ki, gözü bir başmaqçı dükanına düşür. Başmaqçının tağarı15 doludur su ilə. Bu su­yun rəngi qırmızı olduquna görə kəndli belə fikir edər ki, do­şabdır. Buna görə də bir neçə qran pul verib, başmaqçıdan bir kasa tağardan ona su versin. Başmaqçı da tağarın suyundan götürüb kəndliyə verir. Kəndli bir az bu tağara çörək doğrayıb yeyəndən sonra hiss edir ki, bunun dadı yoxdur. Üzünü baş­maqçıya tutub deyir: ─ Demə ki, kəndlidir, bilmədi, doşovun (doşab) dadı yox idi ha...
Bu yoğunluqda da şirbirinc16 olar?
Günlərin bir günündə bir zirək hoqqabaz gözlü ilə bir kor həmsəfər oldu. Burada, orada, bunlar getdilər çatdılar bir yerə. Yorqunluq, arqınlıq və aclıq bunları candan salmışdı. Gözlünün şirbirinci var idi. Kora təklif elədi, buyursun ye­məyə. Kor şirbirinci bilməyirdi ki, nəyə deyilir. Buna görə soruşdu ki, ay qardaş, şirbirinc necə bir zaddır?

Gözlü cavabında dedi:

─ Şirbirinc ağ rəngli bir zaddır.

Kor əfsusla dedi:

─ Məndə ki göz yoxdur rəngləri seçəm. Sən mənə onun rəngini yox, şəklini görsət, bəyan eylə, ta mən anlayım. Ya ona əl verməklə, bilim görüm nədir.

Gözlü dedi:

─ Şirbirinc qaza bənzər. Dirsəyin yerə dayayıb, əlini qaz forması şəklində tutaraq, gözsüzə nişan verir. Gözsüz də ona əl çəkərək öz hissi ilə onu hiss edib dedi:

─ Ay balam, bu yoğunluqda da şirbirinc olar?


Bacadan hürüb ona neyləyəcəksən?
Bir Şahsevənin17 dədəsi ölür. Soruşur ki, indi mən nə edim. Ordan-burdan yol qoyurlar ki, əgər bir molla gətirib onun qəbrinin üstündə quran oxusa, dədənin günahları ba­ğışlanar, həm də bir xeyr iş görəsən.

Şahsevən üz qoyur bu kəndə-o kəndə, axırda bir molla tapıb gətirir. Şahsevən bir iddəyə öz qohum-tayfası ilə molla­nı qabağa salıb dədəsini torpağa basdırmağa gedirlər.

Molla başlayır quran oxumağa. Şahsevənlər ha qulaq asırlar, bunun oxuduqdan bir şey başa düşmürlər. Axırda bu dədəsi ölmüş Şahsevən üzünü mollaya tutub deyir:

─ Ay molla, tutaq dədəm qoyun, ənkür-mənkür qurd, sən it olub bacadan hürsən ona neyləyəcəksən?




Nə yaxşı dedin, yoxsa mən tüklü-tüklü yeyəcəkdim
Bir yoxsul kişinin dəri-dünyada bir yaxşı xoruzu vardı. Günlərin bir günündə əli bərk dara düşdü. Öz-özünə dedi:

─ Nə edim, nə etməyim, axırda belə fikrə gəldi ki, du­rum bu xoruzu aparım şahın hüzuruna, şayət şahın xoşu gəlsə mənə bir ənam verər və mən də bu çətinlikdən qurtara­ram. Yoxsa bu xoruzu evdə saxlamaqla işlərim düzəlməyəcək.

Kişi belə fikirlə durar ayağa. Xoruzu vurar qısnağına,18 ge­dər çatar şahın sarayına. Vəzirdən, vəkildən gələrlər bu kişidən soruşarlar ki, nədən ötrü gəlmisən. Kişi öz ürəyinin sözünü bunlara deyər. Vəzir, vəkil bir nəfər öz adamlarından qoşarlar bu kişiyə, ta aparıb şahın xoruzxanasına təhvil versin. Kişi gedər yetişər xoruzxanaya. Baxar görər ki, şahın xoruz­xanasında elə xoruzlar var ki, bunun xoruzu onların yanında balaca bir cücə­dir. İşi belə görüb kor-peşiman üz qoyar ev­lərinə sarı.

Şahın vəziri buna ürəyi yanıb istər ki, onun ürəyini alsın. Buna görə də kişini çağırıb deyər:

─ Ay kişi, bu xoruzu apararsan, onun qəşəng-qəşəng başını kəsərsən, başını kəsəndən sonra tüklərini yaxşı yolar­san, sonra onu sarı yağda qızardarsan, qoyarsan düyünün üs­tünə və öz ailə-uşaqlarınla başlayarsan onu yeməyə.

Kişi yoxsulluqun əlindən ki cana gəlmişdi, vəzirin bu sözünə bərk nifrət edir. Və təkcə ümidi olan xoruz da belə­liklə görür ki, əldən gedir. Öz ürəyində belə deyər:

─ Bu başsız vəzir deyir bəs ki, mən xoruzun yeməyini bacarmamaqdan onu gətirmişəm şahın sarayına. Buna görə də çox hirslənib üzünü tutur vəzirə və deyər:

─ Nə yaxşı sən dedin, yoxsa mən tüklü-tüklü yemiş­dim.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə