Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə7/13
tarix01.02.2018
ölçüsü2,22 Mb.
#23029
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Keçi nağılı
Keçinin dörd dənə balası vardır. Şəngilim, Məngilim, Küleyi, Təndiri. Keçi bir gün balalarına deyər:

– Balalarım, oturun, gedim sizə buynuzumda ot, əmcək­lərimdə süd, ağzımda su gətirim. Əgər qurd gəlsə qapını açmayın ha. Təndiri deyər:

– Əgər desə mən sizin ananızam, onda nə edək? Keçinin bir əli qırmızı idi. Buna görə balalarına deyər:

– Siz hər kəs gəlsə, ondan istəyin ki, öz əlini sizə göstər­sin. Əgər əli qırmızı olmasa, bilin ki, o, sizin ananız deyil. Keçi sözün qurtarıb çıxar gedər otlamağa. Qurd bir azdan sonra gəlib qapını döyər. Təndiri deyər:

– Kimdir qapını döyür?

Qurd deyər:

– Mən sizin ananızam. Açın.

Təndiri deyər:

– Əgər sən bizim anamızsansa, əlini göstər.

Qurd işi anlayıb deyər:

– İndicə gəlib əlimi sizə göstərərəm. Qurd tez gedər əlini basar boyaqxana küpünə. Qırmızı rəngdə boyayıb qayıdar keçinin evinə. Qapının dalısından deyər:

– Açın qapını. Təndiri deyər:

– Əgər sən anamızsansa, əlini göstər. Qurd qırmızı rən­gə boyanmış əlini qapının aşaqısından onlara göstərər. Balalar baxar görərlər, əl qırmızıdır. Qapını aldanıb açarlar. Qurd qa­pı açılan kimi cumar bunların üstünə. Şəngilimi, Məngilimi, Küleyini bir dəfədən udar. Amma Təndirini nə qədər çalışar ələ gətirə bilməz. Çünki, o qurdu görən kimi qaçar girər tən­dirin kül yerində gizlənər. Qurd işi belə görüb ordan çıxıb ge­dər. Bir az keçəndən sonra keçi daldan gələr. Nə qədər qapını döyər və uşaqlarını səsləyər, onlardan bir xəbər çıxmaz. Buna görə içəri girər. Bu yana, o yana birdən görər ki, bir yerdən bir səs gəlir. Görər Təndiri bunun səsini eşidib təndirdən çıxmaq istəyir. Anası təndirini görüb, bundan soruşar:

– Bəs o birisi qardaşların hardadır? Təndiri başlarına gələn qəza-qədəri anasına söyləyər. Keçi dözə bilməyib gedər qurdun evində çıxar dama. Görər ki, qurd oturub şam yeyir. Qurd ha istər ki, şamı qurtarıb, xəşərlənsin, keçi dırnağı ilə damı deşib torpağı tökər onun şamının içinə. Qurd görər ki, damdan torpaq tökülür, belə deyər:

– O kimdir, damım üstə.

Damım, düvarım üstə.

Hərdən torpaq tökülür,

Aşım, pilovum üstə.


Keçi deyər:

– Mənəm, mənəm mələkcə,

Buynuzlarım kələfcə.

Gözlərim piyalə camı.

Qurd çıxar eşiyə deyər:

– Gəl görüm nə deyirsən? Keçi qurdu xamsıdıb, buy­nuzu ilə vurar qurdun qarnını cırar. Şəngilim, Məngilim, Kü­leyi atılarlar eşiyə. Keçi balalarını atıb dalısına qaçırdar evinə. Yenə də balalarını yığıb öz başına şənliklə həyat sürər.



UŞAQ OYUNLARI
ƏNZƏLİ OYUNU

(Pişdək keçdi)
İki dəstə cavan uşaqlar bir yerə yıqışıb bu oyunu belə başlayırlar:

Bölünəndən sonra bir ədəd pulu göyə atıb “orel ya reş­ka” (şersən xətt) edib hər kəs ki düz desə, o birisi tərəf əyilib onlar onların üstündən atılırlar. Bəzi yerlərdə oyunu başla­maqdan ötrü bir corabın içində üzük qoyurlar. Hər kəs tapsa o birisi dəstənin üstündən atılırlar. O biri tərəfindən adamları da əllərini dizinə qoyub, başlarını gizlədirlər. Oyunun mollası oyunu başlayır. Və o deyən sözləri də onun dəstəsində olan adamlar da təkrar edir:

Bu bir oyundur, xan dəyməz,

İkidə heç dəyməz.

Üçdə bir yan vuranlar,

Dörddə bambızın əzərlər,

Beşdə aya baxarlar,

Altıda qıçı vurarlar.

Ovhələ ay, ovhələ,

Keçi girdi bostana,

Vurdular qıçı sındı

Apardılar həkimə.

Atılan elə atılmalıdır ki, əlindən savay heç bir yeri o pişdək duran adamın bədəninə dəyməyə. Məgər o dəfələr ki, oyunun özündə bu dəyməyə icazə verilə. Məsələn, üçüncü və dördüncü qismətə baxmaqla görürük ki, burada hər kəs yanı ilə pişdəkeşi vurmasa və ya onun bambızın əzməsə o dəstə uduzur. Və sonra o birisi dəstə oyunu başlayır.

QƏLƏNDƏR OYUNU
Azərbaycanda uşaq oyunlarından biri də qələndər oyunudur. Bu oyun belə başlanır:

Bir iddə uşaq oyuna hazırlaşır. Öz aralarında bir başçı seçirlər. Sonra bu başçı uşaqları bir sıraya düzür. Sıranın başında duran uşağın əlinə bir fitədən, ya ayrı bir paradan tırna eşirlər. Bu başçı özü bir səkidə, ya bir uca yerdə ki hamı uşaqları görməyə qadir ola dayanır. Və özü istədiyi bir quşun, ya bir heyvanın hərəkətlərini nümayiş edir. Qurtarandan sonra belə deyir: başı mənim, ayaqı tapanın. Tırna əlində olanlar cavab verirlər. Əgər tapa bilməsə tırnanı öz yanındakına verir. Hər kəs ki düzgün cavab tapdı, başlayır uşaqları qovlamağa. Və orda belə oxumaqa başlayırlar:

Bir quşum var bu xərtənə,

Qələndər, ay qələndər.

Dimdiyi var bu xartana,

Qələndər, ay qələndər.

Su içər bu xartana,

Qələndər, ay qələndər.

Gözləri var bu xartana

Qələndər, ay qələndər.

Qanadları bu xartana

Qələndər, ay qələndər.

Oyunun başçısı düzgün cavab tapılan zaman deyir: “pa­lan”. Palan sözünü eşidən uşaq uşaqları qovlamağa başlayır. Molla bir azdan sonra uşaqların qovlamağına son qoymaqdan ötrü deyir: “yalan”. Bu zaman uşaqlar çalışırlar ki, düzgün ca­vab verən uşağın əlindən tırnanı alıb və onu tutsunlar. O da ça­lı­şır ki, ələ düşmədən əvvəl özünü oyun başçısının yanına ye­tirsin. Hərgah o, mollanın yanına yetişsə tazadan oyun başlanır.

Bu dəfə oyun başçısı bir ayrı quşun və ya ayrı bir hey­va­nın hərəkətlərini nümayiş etdirir. Demək olar ki, bizim dü­şüncəli atalarımız belə-belə oyunları yaratmaqla bir tərəfdən çalışıblar ki, uşaqlar zirək, comərd olsunlar, bir tərəfdən uşaq­lar cəmi oyunlarda iştirak etməklə bir yaşamağa adət eləsin­lər. Və bir tərəfdən də öz ölkələrində olan quşların və ya baş­qa-başqa heyvanların bütün hərəkətlərini, ənənələrini başa düşsünlər.



QUŞ UÇDU
Ziyalı ata-analarımız körpə uşaqlarının əllərini, ovucla­rını hərəkətə gətirmək üçün və onların əllərindəki qan damar­larını hərəkətə gətirməkdən ötrü bu uşaq oyunundan istifadə edirmişlər. Hal-hazırdakı tibb də bu üsulu davam etdirir. Uşa­ğın ovcunun arasında bir dairə çəkirlər. Sonra burdan bir quş uçdu deyə barmaqlarını ─ kiçik barmaqdan başlamış ta böyük barmağa qədər hərəkət edirlər və bu sözləri oxuyurlar:

Burdan-bura darı xərməni

Burdan bir quş uçdu uçdu,

Bu vurdu, bu tutdu,

Bu bişirdi, bu yedi

Bu dedi ki, hanı mənim payım?


Buna belə cavab verirlər:

─ Dıqılı pişik apardı

Tumanı düşük apardı.
Bir başqa forması:

Bura bir darı xərməni,

Bura bur quş qondu.

Bu tutdu, (baş barmaqdan başlanır)

Bu ütdü, bu bişirdi,

Bu yedi, cürü20-cürüyə qalmadı.


Digər formada:

Bu dedi: gedək oğurluğa (cüri barmaq).

Bu dedi: hardadır nərdivan?

Bu dedi: məndən uca nərdivan,

Bu dedi: Allah var, peyğəmbər var.

Bu dedi: yalandır sözünə baxmayın.


Sonra bu sözləri oxuyan əli ilə baş barmağa vuraraq be­lə deyir:

Külə qalasan, böyüməyəsən


və yaxud:

Külə qalasan, bu boyda.


Beləliklə, bu uşaq oyunu sona çatır.

ETNOQRAFİK CİZGİLƏR
QAŞQAYI ELİ
Azərbaycandan uzaq düşən qardaşlarımızdan, ellərimiz­dən biri də Qaşqayı elidir. Bu el, beş tayfadan təşkil tap­mış­dır: Kəşküllü, Dərəşorlu, Şişbölüklü, Farsimədan (farsbilməz) və Əmələ.

Bu beş tayfanın cəmiyyəti 200 mindən artıqdır. Fars şo­vinistləri həmişə çalışmışlar ki, 20 milyondan artıq olan türk­dilli xalqların həmişə sayını az elan etsinlər. Bu azərbay­canlı böyük el, qaşqay eli İranın cənub hissəsində fars, Xo­zus­tan, İsfahan və s. yerlərdə yaşayırlar.

1. Kəşküllü tayfası. Bu tayfa iki qismətdən təşkil olub. Böyük Kəşküllü və Kiçik Kəşküllü. Demək olar ki, Kəşküllü tayfası Qaşqayı elinin xırda tayfalarındandır. Bu tayfa Şirazın ətrafından tutmuş ta Kazronun Ərcən düzünə qədər yayılır. Bu tayfanın bir hissəsi Firuzabad şəhərində yaşayırlar. Kəş­kül­lü tayfasının dili azəri dilidir. Lakin müxtəlif səbəblərə görə Kiçik Kəşküllünün dili fars və lor kəndləri ilə qarışmış­dır.

2. Dərəşorlu tayfası. Bu tayfa deyildiyinə görə 42 və ya 72 qoldan təşkil tapmışdır. Tayfa ümumiyyətlə, İsfahan, Seminor, Bürucen və Şəhrza şəhərinin ortalarında yaşayır. Də­rəşorlu tayfasının bir qolu Təyyibi adlanır ki zaman keç­dikcə Əmələ tayfasına qarışmışdır. Yaylaq fəslini sona gətirən tayfa qışlaq günlərini Kazrondan tutmuş Keçisaran məntəqə­sinəcən olan kəndlərdə, qəsəbələrdə keçirdir. Bir sözlə, de­mək olar ki, bu tayfa Kazron, Tənkçovqan, Qarşapur, Nura­bad şəhərlərinin özündə və ya ətrafında yaşayır.

Məlum olduğu üçün bu böyük tayfanın hər tirəsi bir şəhərin, qəsəbənin yerində yerləşir. Aydındır ki, bu elin və habelə onun tayfalarının sayını qeyd etmək asan bir iş de­yildir. Buna görə ki müxtəlif amilllər, o cümlədən iqtisadi-ictimai və siyasi səbəblərə görə həmişə köçəri xalqının sayı az və çox olubdur. Xüsusilə İranda 1961-ci ildə olan torpaq is­lahatı zamanı çoxlu dəyişikliklər əmələ gəldi. Və o ildən baş­layaraq Qaşqay elinin çox tayfaları və qolları öz yaşayış­larını keçirməkdən ötrü İranın böyük şəhərlərində karxana­larda fəhlə kimi işləməyə başlayıblar.

3. Şişbölüklü tayfası. Qaşqayı elinin bir gözəgəlim və güclü tayfalarından biridir. Bu tayfa da o biri tayfalar kimi qoyunçuluqla məşquldur. Bunlara məxsus olan qışlaq yerləri İqlid, Abadə, Çardangə şəhərləridir. Coğrafi baxışından bu tayfanın yaylaq yurdu Şirazın yaxınlıqlarına qədər uzanır. Bu tayfa yaylaqdan qayıdandan sonra Fərraşbəndi və habelə Şirazın ətrafında qış fəslini keçirdir.

4. Farsi-mədan tayfası. Belə ki, məlumdur bu türkdilli tayfa öz ana torpaqından və ona beşik olan ana yurdundan ayrı düşən zaman başqa xalqların tərəfindən farsbilməz və ya aydın desək, türkdilli adlanıbdır. Və bu adı indiyəcən qoruyub saxlayıb. Bu tayfanın yaylaq-qışlağı Simiron şəhərinin ət­rafında və Kazronun İsfahan dövrəsində olur.

5. Əmələ tayfası. Əmələ tayfası neçə-neçə qoldan təşkil tapmışdır. Beləliklə, nəzərə gəlir ki, bu tayfaya “əmələ” adı buna görə qoyulubdur ki, müxtəlif səbəblərə görə yəni yaylaq yerinin azlığı səbəbinə və ya hökmdarların zorakılıq səbəbinə gəlirin bir qismətini fəhləlik yolu ilə ələ gətirib. Beləliklə, bizim şanlı və iftixarlı ata-babalarımız kimi yaman günə qarşı mübarizə aparıb və həyat ərəsəsində başı uca olub yaşayır və ya təbiət hadisələrinin qabağında bir dağ kimi dayanıbdır. Bu tayfanın yaylaq-qışlağı Firuzabad, Qir, Kazron, Lar, Evəz şəhərlərində olur.

Qaşqaylı elinin məzhəbi islam-şiə qoludur. Belə nəzərə gəlir ki, bu türkdilli xalqımız Azərbaycanda şiə və sünni da­vaları nəticəsində və ya hökmdarla mübarizə əsnasında sür­gün olunubdur.

Aşağıda qeyd olunan el mahnısı çox aydın qaşqayı eli­nin Təbrizdən və ya Azərbaycandan köçdüyünü isbat edir.

Bu yol gedər Təbrizə

Qənari rizə-rizə.

Xudam, bir yol ver bizə

Gedək öz ölkəmizə.

Qaşqay elinin şifahi xalq ədəbiyyatı və onun müxtəlif növləri demək olar ki, Azərbaycanın folkloruna və şifahi xalq ədəbiyyatına çox yaxındır. “Koroğlu”, “Əsli və Kərəm”, “Mə­likşah” və başqa-başqa nağıllar da bu xalqın arasında dildən-dilə gəzir.

Qaşqay elinin bəzi qollarında “Koroğlu” dastanı “Mah­mud və Nigar” dastanı adı ilə adlanır. Və orada da Koroğlu yenə xalq qəhrəmanı kimi yoxsulların, zəhmətkeşlərin hüqu­qunu müdafiə edir. Koroğlunu Qaşqayi elində də hamı sevir və ona böyük ehtiram bəsləyirdi. Böyük şənliklərdə, toylarda Koroğlunu oxuyub, demək olar ki, bir isti qan kimi xalqın ruhiyyəsini və qəhrəmanlıqlarını yenidən yada salır və xalq­larda yenidən yaradırlar.

“Mahmud və Nigar” adlanan Koroğluda belə deyilir:

Mürəssə yaylığın məndədir,

Bunu şaha bildirərlər.

Can əzizdir öldürərlər,

Necə eləyim Nigarcan.

Sonra Nigar Mahmuda belə deyir:

Denə, hamam yolunda burmuşam (tapmışam)

Bunu şaha bildirməzlər.

Can əzizdir, qorxma

Öldürməzlər Mahmudcan, öldürməzlər.

Qaşqay elinin uzaq düşməsinə baxmayaraq odlar yur­dun­da olan bütün ənənələr və mərasimlər orda da müqəddəs sayılır. Orada odun ehtiramı (ataşin) çox-çox bizlərdən də artıqdır. O, müqəddəsdir. Od-ocaq və təndir xalq inamına görə tapınmalıdır. Qaşqay eli də bütün türkdilli xalqlar kimi oda inanır, oda xor baxanları özündən qovur. Yeri gələndə oda (çirağa) and içib və öz ürəyinin sözünü və arzusunu ona deyir. Oda o qədər ehtiram qoyurlar ki, heç tapınmaqla fərqlənmir.
OD DÜYÜNDƏ

Qaşqay elinin bütün tayfalarında və qollarında belə bir ənənə var ki, yeni həyat quran cavan oğlan-qız toy gecə­sindən əvvəl kürəkən özünə bir taza ocaq qazmalıdır. Gəlin o gün ki istəyir oğlan evinə və ya çadrına köçsün, lazımdır ki, öz evlərində olan təndirin dövrəsində dolansın. Gəlin təndiri dolanandan sonra təndirin üstünə bir keçə salınır. Gəlin o keçəni öpməklə özünün ürək etiramını oda və ocaqa bildirir. Gəlin yeni evə o vaxt köçür ki, taza ocaq kürəkən əli ilə qazılmış olsun. Kürəkən ocağı qazıyandan sonra orda olan meh­tərlərin (aşıqlar) əli ilə toy-düyün başlanır. Bu toyda işti­rak edən adamlar saz və naqara səsi göylərə ucalan zaman şadlıq etməyə məşqul olurlar.

Qaşqay elində olan bir inama görə kürəkən ocaq qazı­madan qabaq gərdək otağına qızla birlikdə qədəm qoya bil­məz. Deməli, bu vaxt od yeni ailə qurmasında bir başlanğıc sayılır. Qaşqay eli də bütün türkdilli xalqlarda olduğu kimi törəməni, artımı və ailənin birliyini ocaqla əlaqədar sayır. Misal üçün “Uşağı olmayan adamın ocağı kordur” deyirlər. Və ya bir adamın ki bir neçə ildən sonra uşağı dünyaya gəlir, onun haqqında belə deyirlər: “Kor ocağından bir uşaq çıxdı”. Belə aydın olur ki, bu xalqın inamına görə uşağın dünyaya gəlməsinə odun və ocaqın böyük nəqşi olmüş və ya bir sözlə od körpəni ataya-anaya verir. Burda ocaq həyatla, törəmə ilə bir mənada nəzərdə tutulur.

Qaşqaylar toy mərasimində at qaçırdırlar. Və ata böyük ehtiram bəsləyirlər. Toylarda da atla müsabiqə etmək böyük bir mərasimdir.

Toy mərasimində at qovmadan qabaq mehtərlər atların qulaqına kerana ilə (musiqi aləti) döyüş havalarını çalırlar. Ta atlar bu döyüş havasının təsiri ilə həyəcana gəlib öz sahib­lərini böyük müvəffəqiyyətə nail etsinlər.

Toylarda ən məşhur olan oyunlardan biri də dəsmal oyu­nudur. O, Bəxtiyarı adlanır.

Qaşqay şairlərinin ən məşhuru və sevimlisi Məhzun ad­lanır. Demək olar ki, onun el-obaya, dağa-təbiətə və igidliyə həsr olunmuş şeirləri xalq arasında sinəbəsinə gəzir və dolanır:

Heç cür ixtiyarla ayrılmaz öz gülüzarından,

Mən gedirəm, ahu-zarilə qal dövranım, qal.
Məhzun fikri-xəyal eylər,

Can söz üçün neylər.

Yarla içdiyim meylər,

Keçirdiyim dövranlar,

Qal dövranım, qal.

Qaşqay elinin musiqi alətlərinin ən məşhuru kerana, ya nağaradır (iki təbildən ibarət olan bir musiqi alətidir). Və ke­ranadan əlavə skripka və setar da onların musiqi alətlərin­dən sayılır.

Maraqlıdır ki, görkəmli aşıqlar “Koroğlu” dastanını skrip­­­ka ilə çalırlar. Qaşqay aşıqlarının ən ehtiramlısı aşıq İs­mayıldır. Onun oxumaları, qoşmaları, mahnıları xalq arasında ağızdan-ağıza gəzir. Və hər yerdə tərənnüm olunur.

Getdim gördüm su doldurur,

Su yerinə gül doldurur,

Yari mehribanım gəl ey, gəl

Bir şirin zəbanım, gəl ey, gəl.
Getdim gördüm bulaqdadır,

Əl-üzünü yumaqdadır,

Yari mehribanım gəl ey, gəl,

Bir şirin zəbanım gəl ey, gəl.


Getdim gördüm yağış çölə

Əl doladım incə belə.

Yari mehribanım, gəl ey, gəl,

Bir şirin zəbanım gəl ey, gəl.


Kəsmə, nar ağacıyam,

Şirin bar ağacıyam.

Kəsmə, narım tökülər.

Şirin barım tökülər.

“Əsli və Kərəm” dastanı da Qaşqay elində çox məşhur­dur. “Əsli və Kərəm” dastanı bu elin içində məhəbbət, vəfa və yar yolunda başdan-candan keçənin simvoludur. Demək olar ki, xalq aşıqları Əsli və Kərəmdən oxuyanda elin içində cavan oğlan və qızlara həyatın eniş-yoxuşunda birlik arzu edib və beləliklə də istəyirlər ki, onlar da “Əsli və Kə­rəm” kimi pak eşqin nümunələri olsunlar.
Kərəm deyir:

Başı para-para

Boz dumanlı qarlı dağlar,

Damanıya (ətəyinə) qonnan ellər necə oldu?

Əslim köç eylədi

Mən də dalınca,

Əslim gedən uzaq yollar necə oldu?
Əsli deyir:

Açaram yol üstündə başımı,

Saçımı, xərmən-xərmən eylərəm.

Kərəm gəlir yaralı,

Özüm ollam təbib, dərman eylərəm.
Qaradağ, bir yol ver çıxım başiyən,

Mən qurbanam sənin torbağına, daşiyə.

Laçın olam uçam, qonam döşüvə

Baxım görəm yar elləri hardadır?


QAŞQAY ELİNİN TƏŞKİLATİ QURULUŞU
Burada elin binası evlad sayılır. Evlad demək olar ki, elin başlanğıcı olur. Və sonra bu evladdan ailə və xanevanə vücudə gəlir. Bir el neçə tayfadan təşkil tapır. Bir tayfa neçə qol olur. Və bir qolda neçə dənə evlad olur. Demək olar ki, bu evladlar el içində cavan igidliyə cavanmərdliyə adlanan adamlardırlar. Evladlarda xan kimi və ya bəy kimi ünvanlar və ləqəblər yoxdur. Vəli, evlad xalqın ehtiramını və ağsaqqalı kimi hesaba alınır. Və onun sözü xalq içində sözü keçərdir.

ŞAH ALMALIQ KÖHÜLÜ
Dərəşorlu tayfasının kövşənində (vərdəş məntəqəsində) bir uca dağda Şah almalıq adlanan bir köhül var. Bu köhüldən bir çeşmə axır ki, yay fəslinin lap isti günlərində buzlu olur. Bu bulaqın ətrafında çoxlu alma ağacı bitir. Xalq bu ağacları müqəddəs sayır. Və inanır ki, hər kəs bu şah almalığın alma­sını ağacların yanında yesə, şirin olar. Lakin əgər bu almaları dərib dağdan aşağı endirsə, turş olacaq.

Demək olar ki, qaşqay ellərinin köçqon yerlərində uca dağların hər birisinin bir piri var ki, onlar müqəddəs sayılır və xalq köçqon eləyən zaman onlara nəzir edir.


MAL-QARANI XƏSTƏLİKLƏRDƏN QORUMAQ
Qaşqay elində olan bir qədim ənənələr və inama görə od mal-qaranı qışın şaxtasından və şaxtadan gələn xəstəliklərdən qoruyub saxlar. Buna görə də kiçik və böyük çillədən dörd gün qalanda eldə böyük od tonqalı qalanır. Və sürünü onun yanından keçirdirlər. Beləliklə, inanırlar ki, o ilin şaxtası, boranı, qışı daha o heyvanlara ziyan yetirməyəcək.

Qaşqay elində olan bir inama görə qorxan adamın ca­nından qorxunu və ya bədnəzərin gözündən gələn xəstəlikləri candan çıxarmaqdan ötrü bir su qabına bahalı bir şey – qızıl üzük və qızıl bilərzik salınar və sonra ona bir neçə tikə qənd atılır. Sonra bu suyu o xəstələrə verirlər. Və inanırlar ki, bu su onlara şəfa verəcəkdir.


AŞIQ RƏVAYƏTLƏRİ
DOLLU MUSTAFA İLƏ ŞAİR SALMAN
Deyirlər Mustafa bir gün Bukanın Qovsabad kəndində öz mürşidinin yanındaydı. Orada Salman adında bir şairin şeirin eşidir. Soruşur, bu Salman kimdir? Cavab deyirlər Di­zəli bir şairdir. Mustafa çox təəccüb eləyir, çün özü Dizəli idi. Bir daha soruşur, necə ki Salman Dizəlidir? Mən özüm Dizə­də olaram, bəs necə olub ki, indiyə qədər Salmanı tanımamı­şam? Cavab veriblər: Ustad! Salman Sulduz Dizəsində olar, sən Dol Dizəsində yaşayırsan.

Bu söz-söhbətdən sonra Mustafa Salman ilə görüşmək istəyir və Qovsabaddan çıxaraq yola düşür və birbaşa Sulduz mahalına gəlir, gecəni Məmiyənd adlı bir kəndin qəhvəxana­sında qalır.

Sən demə, qəhvəxananın şagirdinin xanımı şair imiş. Hə­min xanım özü də qəhvəxanada işləyirmiş. Mustafanın gözü ona sataşır, görür çox gözəl bir gəlindir. Onun kim ol­duğunu soruşur, deyirlər qəhvəxananın şagirdinin xanımıdır. Mustafa bir xanıma baxır, bir şagirdə baxır. Əlin üzünə qoyur, bir ah çəkir və öz içərisində deyir: bəs necə olubdur ki, belə bir cavan gəlin o qocalıqda kişiyə ərə gedibdir?

Mustafa bu fikirlərə qərq olmuşdu. Bu halda həmin xanım ona çay gətirir. Burada idi ki, Mustafa dayanmayıb üzün Xumar xanıma tutub belə deyir:

Könlüm quşu çıxıb seyran eylədi,

Dönə-dönə bu mahala yetişdi.

Əgləndi zimistan, gəldi nobahar,

Bütün bu dağlarda lala yetişdi.

Xanım çayı verəndən sonra deyir: Aşıq! Söz tək olmaz, birin sən dedin, birin də mən deyirəm. Al cavabın:

Əzəlindən bu dünyada gülmədim,

Könül səhəri min xəyala yetişdi.

Çarx altında bir gün görmədim,

Yandı qara bağrım, xala yetişdi.
Mustafa:

Bağları bürüyüb ətirli güllər,

Şövqə gəlib oxur şeyda bülbüllər.

Hicran xəstəsində qaldı niskillər,

Zənbur həsrət çəkər bala yetişdi.
Xumar:

Fələk qoymadı heç bir an yarayan,

Gözüm açdım, gördüm bircə qarıyam.

Mən qəm karvanının cilovdarıyam,

Əlif qəddim nur tək dala yetişdi.
Mustafa:

Kamandı qaşların, ahu gözlərin,

Payız almasına bənzər üzlərin.

Rəsulun yetimi dedi sözlərin,

Gözlərindən sənə bəla yetişdi.
Xumar:

Xumar deyər göz yaşımı silmədim,

Ömrüm keçdi cəfa ilə bilmədim.

Çox ağladım, bir şad olub gülmədim,

Yazıldı qismətim çala yetişdi.

Beləliklə, söz qurtarır, Mustafa Xumar xanımın hazır­cavab və şair olduğuna təəccüb eləyir və ona afərin deyir.

Mustafa o gecəni orada qalır. Sabahısı günü Sulduz Di­zəsinə gedir, orada Salman ilə görüşür. Salman Mustafanı gör­məkdən sevinir. Amma söz meydanı bunlara baxmaz, iki şair məclis qururlar. Və onların arasında deyişmə keçir. Birin­ci meydan Salmanın payına düşür. Salman soruşur:

Bir sözüm var sənə ey kamil ustad,

O kimdir, kim ilə üzbəüz oldu?

Çəkdi qılıncını, ənəlhaqq dedi,

O kim idi, gördü bağrı köz oldu?
Mustafa:

Ustad, məhzarına bir cavab söyləyim,

Əli Kəffar ilə üzbəüz oldu.

Çəkdi zülfüqarı, durdu meydanda

Şeytan gördü, baxdı bağrı köz oldu.
Salman:

Bir xəbər ver, nədir dinin sütunu

Kim qoyubdu yer üzünə bu dini?

Nədir, nədən görər işin çətini,

O kim idi yaraları yüz oldu?
Mustafa:

Oruc, namaz olar dinin sütunu

Babayi-Əmir özü qoyub bu dini

Əl-əldən ötgündü işin çətini

Əyyub idi, yarələri yüz oldu.
Salman:

Şair Salman haqqa oldu iltica,

Qismət olsun, köçək Məkkəyə-hacca.

Kim kimə demişdi gəlsin meraca

Nə danışdı, neçə kəlmə söz oldu?
Mustafa:

Rəsulun yetimi xumsun ver aca,

Könül sındırmayan bir gedər hacca

Haqq buyurdu Məhəmməd var meraca

Bu söhbətdə üç min kəlmə söz oldu.

Aşıqların arasında olan rəsmə görə bu dəfə meydan Mustafanın olur. Mustafa üzün Salmana tutub belə soruşur:

Səndən xəbər alım, ey Salman əmi!

O kimdir ərşdə nişanəsi var?

Kim idi, Misirdə sultanlıq etdi?

Kim idi, neçə min divanəsi var?


Salman:

Al sözün cavabın, Dollu Mustafa,

Peyğəmbərdir, ərsdə nişanəsi var

Yusif idi, Misirdə sultanlıq etdi.

Neçə Züleyxatək divanəsi var.
Mustafa:

O kimlərdir, bu dünyadan köçdülər,

Yaxşı-yaman bir-birindən seçdilər.

körpüdür, hamı ordan keçdilər,

O kim idi, əldə peymanəsi var.
Salman:

Yarananlar bu dünyadan köçdülər,

Yaxşını-yamanı bir-birindən seçdilər.

Sırat körpüsünün üstən keçdilər,

Əlinin kövsərdə peymanəsi var.

Mustafa:


Rəsulun yetimi hesabı qatdı,

Hansı peyğəmbərdir, murada çatdı?

O kimdi, meracın yolunda yatdı,

Qırxların içində meyxanəsi var.


Salman:

Salman bu dünyanı görəndə atdı,

Yaqub səbr eylədi murada çatdı.

Cənab mövla idi, meracda yatdı,

Dərvişlər içində meyxanəsi var.

Bu deyişmələrdən sonra Mustafa Salmanın qabil bir şair olduğuna inanır. O gecəni Salmana qonaq olur və sabahısı gün Salmandan vidalaşıb yola düşür. Urmu gölünün sahilləri ilə gələrkən Heydərabad ilə Dol Dizəsi arasında xan qızı Pəri xanımı görür. Pəri xanım bir neçə başqa qız ilə gəzməyə çıxmışdı. Mustafa görür qızın hər bir hərəkəti gözəldir. Am­ma onun gözlərində ayrı bir aləm var. Şairlər, aşıqlar maral və ceyranların gözlərinə söz qoşublar. Amma onların gözləri Pə­rinin gözləri yanında heçdir. Həmin yerdə aldı görək Mustafa nə dedi:

Baxsan görünər hər yandan, Pərim, gözlərin sənin,

Ziyadə əbru kamandan, Pərim, gözlərin sənin.

Xudam yaradıb behişti içində qılman gəzər,

Çıxıb cənnəti-xizvandan, Pərim, gözlərin sənin.


İstərəm vəsfin söyləyim, adın düşə dastana,

Dəmirqapı Dərbənddən ta gedə Dağıstana.

Fars, ərəb, Bəlx, Buxara, yetişə Hindistana,

Xaracın alır İrandan, Pərim, gözlərin sənin.


Gecə-gündüz dəli könlüm gör nə onhaondadır,

Ahu gözlüm, camalın şöləsi gör nə gündədir.

İns, cin, məlaikələr, dev onun hökmündədir,

Xəbər verir Süleymandan, Pərim, gözlərin sənin.


Dişin inci, dilin şəkər, ləblərin qənd eylədi,

Siyah zülfün dal gərdəndə göz necə bən eylədi?

Sənan kimi Mustafaya bir neçə fənd eylədi,

Elədi dindən-imandan, Pərim, gözlərin sənin.

Mustafa bu sözləri deyəndən sonra Pəri xanım özünə güvənir, amma yanındakı qızlar Mustafadan incikli düşürlər. Mustafa onların da ürəklərin ələ gətirmək üçün görək onlara nə deyir:

Barmaqlarım pərdələri gəzəndə,

Pərdə gülə, mizrab gülə, əl gülə.

Məclisdə dolanar gülgəz badələr,

Saqi gülə, şərbət gülə, dil gülə.
Mən sevərəm bayram ola, toy ola,

Bu rəsm elimizdə daimən qala.

Rəqibin baxçası, həm bağı sola,

Qohum gülə, qardaş gülə, el gülə.


Dolun gözəlləri bənzər ceyrana,

Cadu qəmzələri ox vurar cana.

Darayıb zülflərin verəndə yana,

Ayna gülə, şanə gülə, tel gülə.


Ey Mustafa, dur sazın al əlinə,

Düz danışar, yalan gəlməz dilinə.

Arzum budur, bayram gələ elinə,

Bülbül gülə, bağban gülə, gül gülə.

Mustafa bu macəradan sonra bir daha yola düşər. Urmu gölünün sahilləri ilə gedərkən Kərgən kəndinə çatır, baxır görür bir yan dağdır, bir yan sudur. Suya gün düşüb və keç­məli bir yer degil, sazını bağrına basır və Kərgəni gözəlləyir:

Bahar fəsli, yaz ayları gələndə,

Arabir dağlarda qarı Kərgənin.

Oxuyar bülbüllər, baş verər güllər,

Gözəl olar hər diyarı Kərgənin.
Kərgən gözəlləri qəsrdən baxar,

Gedən aşiqləri yandırar, yaxar.

Cümədən cüməyə seyrana çıxar,

Qız-gəlini, qadınları Kərgənin.


Kərgən dediycəgin bir bala dağdı,

Al yanı dəryadı, üst yanı dağdı.

Kərgən gözəlləri kağızdan ağdı.

Xəstəyə dərmandı narı Kərgənin.


Yay mövsümü Mustafanın yatağı,

Dəryanın sübh yeli, mənbən sazağı.

İnəgin kərəsi, camışın yağı,

Hesabsızdı mal-davarı Kərgənin.


Qadir Allah yazıları yazanda,

Hər nəyə bir biçim qələm çalındı.

Hər kəsin qisməti oldu müəyyən,

Bir bez geyindi, bir şal indi.


Yaratdı hər nəyi həyyi-kər digar,

Onun təqdirindən olunmaz fərar.

Taman nəzərində birdi, hər nə var,

Biri yetgin oldi, biri kal indi.


Fələk ilən əkdim mən də bir bostan,

Sağda culpər düşüb, solda balstan.

Çox dolandım, yerim oldu qəbrstan,

Barandurda mənə bir yer salındı.


Dollu Mustafayam, sözlərim bitməz,

Nə versən Allahın yolunda, itməz.

Dövran dönər, keçən günə gün yetməz,

Aç gözüvü, gör başın üstə sal indi.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə