Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə10/13
tarix01.02.2018
ölçüsü2,22 Mb.
#23029
1   ...   5   6   7   8   9   10   11   12   13

QUL MAHMUD
“Qul Mahmud” dastanı İran Azərbaycanının aşıq das­tan­larından biridir ki, özlüyündə çox şirin və eşitməli bir das­tandır. Qul Mahmudun haralı olduğu barədə iki rəvayət var. Birincisi odur ki, Qul Mahmud Təbrizin yaxınlığında olan Xoş­­kinab dehistanının “Vərəzqan” kəndindəndir, ikincisi də Qul Mahmud əslən təbrizlidir, deməli ki, Qul Mahmudun atası Xoca Əhməd öz zamanının adlı tacirlərindən imiş. An­caq burda Qul Mahmudun təbrizli olmağının ehtimalı çoxdur. Çünki Təbriz şəhəri keçmiş zamanlardan bəri ticari şəhər və hətta bir zaman dünyanın birinci ticari şəhəri olmuşdur. Və Qul Mahmudun atasının şuğlu onların Təbrizdən olmalarına dəlalət etməsə də Təbrizdə sakin olmaqlarını icab eləyir.

İndisə keçək əsl dastana.

Ustadlar həmişə dastanı ustadnamə ilə başlarlar, biz də ustadnamə ilə başlayaq.

Ər odur ki, el başını saxlayıb

Əlbəttəz. öz başın saxlar hər kişi.

Düşmən barışdıra, qanlar bağlaya,

Odur el içində mötəbər kişi.
Namərd cəhdi əlini namərdə yetirməz,

Qonaq gəlsə para çörək gətirməz,

Ot kök üstə bitərz. əslin itirməz,

İnanmırsanz. eyləgilən təftişi.


Namərdin çörəgi qarın doyurmaz,

İki qatlı bir-birindən ayırmaz,

Yüz namərd yığışaz. bir iş qayırmaz,

Əlbəttə ki, iş düzəldər nər kişi.

Xəstə Qasım, düşmənini atgilən,

Mətaını xiridara satgilən,

Şahi-mərdan damənindən tutgilən,

Allahı sən çağır, etmə təşvişi.

Ustad belə nəql edir ki, qədim zamanlarda Təbrizdə Xo­ca Əhməd adlı bir tacir var idi, Xoca Əhmədin vəzi saz, ya­şayışı xoş olsa da ancaq ürəyində övladsızlıq dərdi daşıyırdı. Dünyada övlada həsrət qalan Xoca Əhməd hey fikir aləminə cumub öz-özünə deyərdi: “Ya ilahi, mən öləndən sonra kim mənim yurdumda qalacaq və mənim ocağımı yandıracaq?” Xoca Əhmədin arvadı Xocanı bu fikirlərdən xilas eləmək üçün ona təskinlik verib deyərdi:

– Bu qədər qəm yemə, Allahdan nə qismət olsa odur.

Ancaq varlığı yoxdan xəlq eyləyən Allahdan ümid əlin üz­­məmək gərək və həmişə onun kəramətinə ümüdvar olmaq. Xo­ca da bu yolda əlindən gələni əsirgəməyib başardıqca ehsan ve­rərdi, ta ki, Allahın kərəmi cuşa gəlib bu ər-arvadın daha bun­dan sonra ürəkləri sınmasın deyə bunlara bir oğlan uşağı əta etdi.

Xoca Əhməd oğlunun adın Qul Mahmud, yəni Allahın bəndəsi qoydu və əzizlərim, dastanın dili yüyrək olar, illər bir-birinin dalınca ötüb Qul Mahmud yekəlib ağıllı, huşlu-başlı bir cavan oğlan oldu.

Xoca Əhməd əldən düşüb qocalırdı, ixtiyar düşdüyü üçün eləyənmirdi şəhərlərə səfər eyləyib ticarətə baxsın. Odur ki, bütün qəflə qatırını və nə ki malı, mənalı var idi, hamısın cavan oğlu Qul Mahmuda tapşırıb ömrünün son çağlarını istirahətə başladı.

Qul Mahmud digər tacirlərlə bərabər bu şəhərdən o şə­hərə, bu mahaldan o mahala səfər eyləyib və ticarət eləyirdi. Öz işində o qədər düz tərpənirdi və diqqət xərcə verirdi ki, onun əminligi və düzlüyü hamıya bəlli idi.

Bir gün səfərlərinin birində tacir yoldaşları ilə İstanbul şəhərində satdıqların satıb, aldıqların alıb, yığ payların eylə­yib, yüklərin qəflə qatıra çatıb, Təbriz deyib yola düşürlər. Gəl­hagəl, dağlar aşıb, yoxuşlar çıxıb, dərələrə enib bir səfalı çə­mən­gaha yetişdilər. Burada istirahət etmək üçün yükləri qa­tır­­lardan açıb heyvanları otlamağa buraxdılar, yolun yorğun­luğu hərəni bir tərəfdə böyrü üstə yıxdı. Uzun yollar gələn Qul Mah­mud da bir tərəfdə uzanıb yuxuya getdi. Təzə huşlan­mış­dır ki, gördü başı üstə bir nurani seyid əlində büllurdan camı onu səsləyir:

– Qul Mahmud, oğlum, bu badəni əlimdən al iç!

– Axı, ay oğlan, bizim şəriətdə badə içmək haramdır.

Nurani seyid dedi:

– Oğul, bu sən deyən badələrdən deyil, bu halal badədir və hər adama qismət olmaz.

Qul Mahmud mövlasının əlindən badəni alıb içdi, sonra­dan o nurani seyid mübarək barmaqların yarı saq eyləyib dedi:

– Oğul, bax gör haranı görürsən?

Qul Mahmud dedi:

– Bir abad şəhər görürəm.

Sonra da seyid dedi:

– O şəhər ki, görürsən, ora Misir şəhəridir. Daha nə gö­rürsən?

Qul Mahmud dedi:

– Orada bir qəsr görürəm ki, eyvanında bir qız dayanıb.

Seyid dedi:

– O qəsr Misrin şahı Məhəmməd Şahın qəsridir və o qız Nigar xanım Məhəmməd Şahın qızıdır. Bari taala sizin ki bəxt ulduzunuzu bir yazıbdı, o qız səninkidir. Get onu almağa, onu sənə göstərdigim kimi, səni də ona göstərmişəm. Qorxma, harada müşkülə düşsən, məni çağır, onda harayına yetərəm.

Qul Mahmud yuxudan durdu, gördü gördüklərinin ha­mı­sı yuxuda olub. Yenə də yuxu tutdu yatdı. Ustadlar deyib­lər ki, hər kəs o badədən içsə, üç gün yuxudan ayılmaz.

O biri tacirlər bir az dincəlib durdular xörək yeməgə, Qul Mahmudu ha oyatdılar, oyanmadı. Biri üz tutdu:

– Ay bala, o qədər gündən qalmadı, durgilən. Belə get­sək, heç on ilə Təbrizə çatmarıq. Qul Mahmuddan bir haray çıxmadı. Dedi:

– Ölüb kimi.

Dedi:


– Yox, nəfəsi gəlir.

– Xülasə, tacirlər bunu oyatmaqdan naümüd olub bu qərara gəldilər ki, Qul Mahmudu bir dəvəyə çatıb Təbrizə gətirib atasına təhvil versinlər, yoxsa onun anasını heç üzrlə qane edə bilməzlər.

Üç gün yol gəldilər tez-tez Qul Mahmuda baxırlar, gö­rür­lər huşa hələ gəlməyibdir. Üçüncü gün Qul Mahmud ya­vaş-yavaş huşa gəlib gözlərin açdı, gördü bunu bir dəvəyə ça­tıblar. Amma nitqi yoxdur danışsın. Tacirlər bunun huşa gəl­mə­sindən sevindilər. Amma Qul Mahmudu nə dindirdilər, din­mədi, gördülər halı yaxşı deyil. Odur ki, yolda bir neçə şə­hərə dönəcək idilər, dönməyib gecəni gündüzə qatıb yollarına da­vam etdilər tainki, Qul Mahmudu diri ata-anasına çatdır­sınlar. Karvan gəlhagəl Təbrizə çatdı.

Xoca Əhməd və arvadı karvanın gəlməsindən xəbərdar olub Qul Mahmudu qarşılamağa çıxdılar. Karvan yetişib Xo­ca Əhməd və arvadı onu dəvəyə sarıqlı görəndə sanki başla­rına dünya uçdu: “bəs ay bala, sənə nə gəldi, niyə bu günə düşübsən?” Ata-anasını görən Qul Mahmudun nitqi açıldı, istədi danışa, qəhr boğdu, ağladı. Tacirlər dedilər:

– Va... Xoca Qul Mahmud gedən gündən bu günə kimi biznən bahəmdi. Ancaq gələndə filan çəməngahda dinci­mizi almağa düşmüşdük, elə oradan halı dəyişibdir. Buracan da nə qədər dindirmişik, bir kəlmə də danışmayıbdır.

Qul Mahmudu götürüb gətirdilər evlərinə. Atası dedi:

– Oğul, axı bir de görüm, sənə nə gəlibdir?

Qul Mahmud dedi:

– Ata, dərdimi beləsinə deyənmərəm, mənə bir saz tap, başıma gəldigini sizə söyləyim.

Tez bir saz tapdılar. Qul Mahmud aldı görək nə dedi:

Başına döndüyüm gül üzlü ata,

Könlümün dövləti, varı göründü.

Əlində tutmuşdur büllurda buta,

Güllü bağçaların barı göründü.


Yarın qırx kənizi vardı başımda,

İrad yoxdur kiprigində, qaşında,

Çətin dar on üç, on dörd yaşında,

Mən yazığın vəfadarı göründü.


Düşəcəyəm ondan ötrü daş daşa,

Sürmə çəkib ala gözünən qaşa,

Öz adi Nigardı, atası paşa,

Qul Mahmudun nazlı yarı göründü.

Söz tamama yetmişdi.

– Oğul, dediklərini başa düşmədim, olmaya ağlını udu­zub­san?

Qul Mahmud dedi:

– Ay ata, onda qulaq as!

Aldı görək daha nə dedi:

Üzündən güntəki nur dirənirdi,

Mənə badə verən mövla necə oldu?

Bütün aşiqlərə murşuddu, pirdi,

Mənə badə verən mövla necə oldu?
Əlində badədən ehsan eylədi,

Açdı könlüm şəhrin gülşən eylədi.

Misri görsədibən nişan eylədi,

Mənə badə verən mövla necə oldu?


O mövlaya canım olsun sadağa,

Qul Mahmudu saldı dərdə, fərağa.

Yarımdan indi düşmüşəm uzağa,

Mənə badə verən mövla necə oldu?

Söz tamama yetdi. Qul Mahmud şeirini oxuyandan son­ra kimi dedi yazığın başına hava gəlibdi, kimi dedi biçarə ata-anasının tək övladıdır, gör nə günə qaldı? Orda bir arif adam var idi, dedi:

– Nə tək Qul Mahmud dəli olmayıb, Allah tərə­findən ona vergi verilibdir, oyandı, haqq aşığıdır.

Atası üz tutdu:

– Ay bala, indi istəyirsən nə edəsən?

Qul Mahmud dedi:

– Ay ata, mən Misir şəhərinə getməliyəm.

Atası dedi:

– Ay oğul, hara gedirsən, Misir şəhəri dünyanın o başın­da, ora gedincə səni yol kəsən öldürər, yolda yırtıcı heyvanlar parçalar.

Anası dedi:

– Oğul, sən var-yox bizim tək balamızsan, bizi bu qoca vaxtımızda tək buraxıb getmə. Bəs bu qədər var-dövləti kimə tapşırırsan? Sən getsən, çox çəkməz, biz də dığlayıb ölərik.

Qul Mahmud aldı görək nə dedi:

Ata, ana, məni halal eyləyin,

Od almışam, yana-yana gedirəm.

Mövlamın əlindən badə içmişəm,

Mənim dərdim gəlməz sana, gedirəm.
Bülbül istər gedə yetişə gülünə,

Vurulmuşam nazlı yarın telinə.

Burdan baş alıban Misrin elinə,

Sığınmışam yaradana, gedirəm.


Açılmamış sübhün dan ulduzu,

Aşiqlərin söhbətidir, sözüdü,

Adı Nigar, Məmməd Şahın qızıdı,

Qul Mahmudam, o ostana gedirəm.

Xoca Əhməd dedi:

– Oğul, getmə, hansı qızı desən küllü malımı eləməli də olsam, alaram.

Anası dedi:

– Oğul, sənin toyunu eləmək mənim böyük arzumdur, mənim arzumu gözümdə qoyma!

Qul Mahmud dedi:

– Ay ata, ana, özümlə deyil, məni bu yola vadar eyləyən var, mənə hər yerdə əlinin üstündə olmayan kişi dayaqdır. İnşallah, gedib Nigar xanımı alıb gələrəm.

Qul Mahmudun ata-anası çox deyib, az eşitdilər. Odur ki, labüd qalıb Qul Mahmudu yas ilən yola saldılar.

Qul Mahmud gəlməkdə olsun, sizə haradan xəbər verim, Misir şəhərində Məhəmməd şahın qızı Nigar xanımın başında qırx kənizi olardı. Kənizlərin hamısın çağırıb yığdı başına. Dedi:

– Ay qızlar, bu gecə mən yuxumda bir cavan aşıq görmüşəm ki, bizim şəhərə gəlir. Onun nam nişanı budur. Hər kəs onu görüb mənə xəbər versə, ona böyük ənam verəcəgəm.

Qızlar Qul Mahmudu gözləməkdə olsunlar.

Qul Mahmud bir qədər yol gəlib dönüb bir arxasına bax­dı, gördü Təbrizdən çox uzaqlaşıb, Təbrizin dağları yavaş-yavaş gözdən itir. Ürəyi qəminən doldu, görək sazın basıb sinəsinə nə oxudu:

Atamdan, anamdan uzaq düşürəm,

Yoxumdur bu yolda yoldaşım mənim,

Baxdıqca baxıram, görünmür Vətən,

Yolumu gözləyir sirdaşım mənim.
Mərd olan kimsələr qeyrəti atmaz,

Naqabil adamlar mətləbə çatmaz,

Aşiqlər od tutar, eşqidə yatmaz,

Qəlbimi yandırır atəşim mənim.


Hərənin qəlbində bir arzu vardı,

Qul Mahmudun yara çox sözü vardı,

Misirdə Nigar tək dilsuzu vardı,

Ümmana dönübdür göz yaşım mənim.

Sözlər tamam oldu. Qul Mahmud yola düşüb neçə ma­hallardan keçib soruş-soruşa gəlib yetişdi Misir şəhərinə. Şə­hərdə axtarıb bir yeməkxana tapdı. Getdi yeməkxanada ye­yib, içib, dincin aldı. Yeməkxananın yiyəsi Qul Mahmudun sazın görüb bildi ki, bu aşıqdır. Dedi:

– Aşıq, dur bizim üçün bir az çal, oxu.

Qul Mahmud durub sazının zilini zil, bəmini bəm eylə­yib oxumağa başladı. Qul Mahmud elə gözəl çalıb oxuyurdu ki, eşidən yeməkxanaya soxulurdu. Qul Mahmud bir az çalıb oxuyandan sonra getmək istədi. Yeməkxananın yiyəsi gördü bunun bu gün oxumağı onun müştərilərini birə on çoxaltdı. Odur ki, Qul Mahmuda üz tutub “burada yatacaq verim yat, yeməgini də müftə verərəm” sözün qəbul eyləyib orada qaldı. Qul Mahmud burada oxumaqda olsun, görək dərbadə Nigar xanım ha gözlədi, Qul Mahmuddan bir xəbər olmadı. Odur aldı dövrəsində olan qızlara görək nə dedi:

Canım qızlar, gəlin sizə söyləyim,

Qaş qaraldı, nazlı yarım gəlmədi.

Ayrılığa yoxdu tab və tabanım,

Harda qaldı, vəfadarım gəlmədi!
İgidlər içində adı bəllidir,

Ağır obalıdır, ağır ellidir,

Dodağı qaymaqlı, şirin dillidir,

Harda qaldı, gülüzarım gəlmədi?


Nigar öz dərdini sizə söyləsin,

Xəncər alıb düşmən bağrın peyləsin,

Haqqı, həqiqəti əyan eyləsin,

Niyə mənim dövlət, varım gəlmədi?

Söz tamama yetişdi. Nigar xanım haldan gedib xəstə­ləndi. Məhəmməd Şah harda haziq həkim, loğman var idi, qı­zının üstünə gətirdi, amma əlac olmadı. Məhəmməd şahın bir xeyirxah vəziri var idi, dedi:

– Şah sağ olsun, sənin qızının xəstəligi bir ruhi xəstə­likdir, ona həkimin əlindən bir şey gəlməz, bir aşıq tapdır, gə­lib Nigar xanıma çalıb, oxusun, bəlkə, onun ruhiyyəsi dirilsin.

Məhəmməd Şah fövri düstur verdi:

– Gedin şəhərə!

Aşıq yeri soruşdular, Qul Mahmud olan qəhvəxananı göstərdilər, dedilər:

– Ora bir təzə aşıq gəlib, şöhrəti hər yanı bürüyüb.

Şahın nökərləri gəlib Qul Mahmudu tapdılar, dedilər:

– Aşıq, Məhəmməd Şahın qızı Nigar xanım xəstədir, bilənlər deyiblər ki, onun yanında aşıq gərək çalıb, oxusun ta sağalsın.

Qul Mahmud Nigar xanımın adın eşitcək sevindi, dedi:

– Olsun, gedək.

Bunlar gəlib dərbara çatdılar. Qul Mahmud şaha baş əyib yerində durdu, dedi:

– Qurban, mənim üçün əmrin olsun.

Şah dedi:

– Oğul, aşıqsan?

Dedi:

– Bəli.


Şah dedi:

– Haqq aşığısan, yoxsa batil aşığı?

Qul Mahmud dedi:

– Düşünənə həqiqət aşığıyam, düşünməzə batil aşığı hesab olaram.

Qul Mahmudun hazırcavablığı şaha toxundu, amma şah üzünə almadı, dedi:

– Aşıq, mənim qızım xəstədir, indiyəcən otuz doqquz həkim gətirmişəm, çarə edənməyib. Sən qızıma əlac etdin, bu həkimləri buraxıb sənə böyük ənam verəcəgəm, amma bir çarə qılanmasan qırxızın da boynun birdən vurduracağam.

Qul Mahmud dedi:

– Şəfa vermək Allahdandır, mən vəsilə ola bilərəm.

Qul Mahmud Nigar xanımı görcək elə bil şimşək vurdu, rəngi özünə gəldi, şəfa tapdı. Qız dedi:

– Bəs sən bura necə gəldin?

Qul Mahmud dedi:

– Məni bura gətirib çıxardan var.

Qul Mahmud bir neçə gün burada qalıb Nigar xanıma çalıb oxumaqda olsun, sizə kimdən xəbər verim? Hurinisədən. Hurinisə kimdir? Hurinisə Nigar xanımın otağının süpürgə­çisidir, çuğul mərdom azarların lap yekəbaşıdır, ataların bir sözü var, deyər: “çuğul çuğulluq eləməsə bağrı çatlayar”. İşi belə görən Hurinisə baş alıb getdi şahın yanına dedi:

– Şah sağ olsun, bu nə işdi?

Şah dedi:

– Nə olub?

Dedi:

– O aşıq ki gəlib Nigar xanımın yanına, naməhrəmdir, bir cavan oğlanın bir cavan qızın yanında olması, iştibah bir işdir.



İndi bu sözü o eşidəndə şah gözləri kəlləsinə çıxdı, düs­tur verdi Qul Mahmudu qolu bağlı gətirdilər. Cəlladı çağır­dı ki, boynun vurdursun. Şahın bir xain vəziri var idi. Bu sözü eşitcək ürəgində sevindi, dedi: “yaxşı oldu, iş tutdu”. Demə xain vəzir ürəyində tutmuşdur ki, Nigar xanımı öz oğluna alsın. Xeyirxah vəzir özün atdı araya dedi:

– Şah sağ olsun, bu oğlan sənin qızına şəfa verib, ondan əlavə qırx adamın canın ölümdən qurtarıb. İndi onu öldürmək kişilikdən deyil.

Şah dedi:

– Bəs neyləyək?

Xeyirxah vəzir dedi:

– Burax qoysun çıxsın getsin.

Xain vəzir qalxıb dedi:

– Olmaz, bunu belə buradan ötürmək bizə kəsri şənidir.

Şah dedi:

– Bu yaxşı sözdür.

Qul Mahmudu götürdülər, aparıb atalar dəryaya.

Nigar xanım da kənizləriynən bahəm göz yaşın neysan yağışıtək ələyə-ələy? Qul Mahmudun dalınca yola düşdü. Xeyirxah vəzir dedi:

– Şah sağ olsun, bunu ki atırsız dəryaya, ölümü hətmidir, həddi-əqəll bunu bir sandığa qoyub atdırın dəryaya, barı gö­zümüzün qabağında boğulub ölməsin, su aparsın o yanlarda qərq eyləsin.

Şah dedi:

– Sözünü yerə salmaram.

Qul Mahmudu sandığa qoyub atdılar dəryaya. Bu mən­zərəni görən Nigar xanımın dünya gözünün qabağında tirə və tar oldu, az qaldı ruhu bədəndən ayrılsın. Aldı görək başın­daki kənizlərə nə deyir:

Zülm ilə Mahmud düşdü dəryaya,

Qürbətdə anasız qalan qara bəxt.

Şikayətə getdi hansı diyarə,

Ayrılıq sazını çalan qara bəxt.


Zalım atam uydu vəzir sözünə,

Mil bataydı cigərinə, gözünə,

Haqqı divanda necə baxım üzünə,

Canını atəşə salan qara bəxt.


Nigaram-sirdaşsız qalıb ağlaram,

Həsrətilə qəm dalıb ağlaram.

Ayrılıq sazını çalıb ağlaram,

Oldun qürbət eldə nalan, qara bəxt.

Söz tamam oldu. Şah dəstəsi ilə bahəm dərbara qayıt­dılar, xeyirxah vəzir dedi:

– Şah sağ olsun, o oğlanı ki biz suya atdıq, haqq aşığıdır, ona zaval yoxdur, yenə qayıdıb gələcək.

Şah dedi:

– Ağlım kəsmir.

Xain vəzir bu sözü eşidcək şaqqa çəkib güldü, dedi:

– Onun min canı da olsa, biri də dirilməz. Əgər o, qayı­dıb gəlsə, mən boynumu vurdutduraram.

Şah dedi:

– Əgər o, qayıdıb gəlsə, qızımı ona verərəm və toyun da özüm elərəm.

Bunları burada qoyaq, gələk dəryaya, Qul Mahmudun yanına. Qul Mahmudu su apardıqca apardı. Qul Mahmud əlllərin açıb haqq dərgahına dedi:

– Ey Nuhu tufundan, İbrahimi oddan, İsmayılı kəsil­mək­­dən, Yunisi balığın qarnından, Musanı qərq olmaqdan, İsa­nı dardan, Məhəmmədi ölümdən qurtaran Allah! Məni də bu məhləkədən qurtar!

Bu sözləri Mahmud deyib görək şeirnən nə dedi:

Üz tutmuşam dərgahına, ilahi,

Qadir Allah, səndən imdad istərəm.

Gözü yolda qalan ata, anam var,

Qadir Allah, səndən imdad istərəm.
Məcnun oldum, əzəl düşdüm səhraya,

Mövlam, güzarını sal bu məvaya.

Yunis kimi qərq oluram dəryaya,

Qadir Allah, səndən imdad istərəm.

Söz tamam oldu. Qul Mahmud gördü dərya dalğalandı, göy parçalandı, göyün parçalanan yerindən dəryanın üzünə bir yaşıl nur düşdü. Qul Mahmudun gözləri qamaşdı, gördü yuxuda gördüyü mövlası əlin uzadıb ona sarı:

– Qul Mahmud, əlini ver mənə!

– Axı ay mövlam, əlim çatmaz– dedi.

Mövlası dedi:

– Əlini uzatsan çatar.

Qul Mahmud əlin uzadıb bir də gördü ki, quruluqdadır. Baxdı gördü o qabağın Misir şəhərin dağlar kəsib. Aldı görək nə deyir:

Uca dağlar, nə düşmüsən araya,

Görsənmir gözümə oralar indi.

Götürsələr seyraqibi aradan,

Gör nə şirin düşər oralar indi.


Baxıram burada seyraqib yoxdur,

Yarımın həsrəti bu canda çoxdu,

Qaşları kamandı, kiprigi oxdu,

Atsa, ürəgimi yaralar indi.


Dillərdədir Qul Mahmudun dastanı,

Yar üçün dolandı külli-dünyanı.

Dilbərin yolunda çürütdü canı,

Sən eylə dərdinə çaralar indi.

Söz tamama yetişib. Qul Mahmud Misir şəhərinə yola düşdü. Dünən tacir olan Qul Mahmud bu gün yoxsula dönüb­dür. Qul Mahmud gəldi dostunun yeməkxanasına, dostu bunu görcək huyuxdu, dedi:

– Mənim sazım şahın dərbarında Nigar xanımın otağın­da qalıbdı. Get onu al, gətir. Əvvəlki kimi işimizə başlayaq.

Yeməkxanası olan dostu bu sözü eşidən kimi sevinib şahın dərbarına sarı yola düşdü. Gəldi şahın dərbarına, varid olanda xeyirxah vəzir bunu gördü, dedi:

– Nəyə gəlibsən?

Dedi:

– Gəlmişəm Qul Mahmudun sazın alıb aparam.



Xeyirxah vəzir eşidəndə sevindi, dedi:

– Gəl gedək Qul Mahmudun özün də götürək gələk bura.

Bunlar yeməkxanaya gəldilər, xeyirxah vəzir Qul Mah­mudu görəndə yerində novdan buzutək dondu. Qul Mah­mudınan qol-boyun olub öpüşdü, dedi:

– Bəs sən necə nicat tapdın?

Qul Mahmud cərəyanı dedi.

Xeyirxah vəzir dedi:

– Oğul, sən hansı vilayətdənsən, kimin oğlusan?

Qul Mahmud görək xeyirxah vəzirə nə deyir:

Gəl sənə söyləyim, baba,

Seyraqibdən yaralıyam.

Əslim mənim Təbrizdəndi,

Ata-baba oralıyam.


Bağda qalıb gülüm mənim,

Yaman gəlib ilim mənim,

Lal olubdur dilim mənim,

El-obadan aralıyam.


Mahmudam, yar soraqlıyam,

Ürəkdən haqqa bağlıyam,

Əhməd tacirin oğluyam,

Ürəgimdən yaralıyam.

Xeyirxah vəzir Qul Mahmudu götürüb gəldi Məhəm­məd Şahın dərbarına. Şah Qul Mahmudu görəndə mat qaldı. Xeyirxah vəzir dedi:

– Şah sağ olsun, demədim ki, bu haqq aşığıdır, buna zaval yoxdur.

Şah dedi:

– Oğul, de görüm indi, sən nə istəyirsən?

Qul Mahmud dedi:

– Ədalət divan olsa, deyərəm.

Məhəmməd Şah dedi:

– Keçən dəfəkinə baxma, ədalət divan olacaq, sözünü de.

Qul Mahmud aldı görək nə dedi:

Ey adil şah, divan eylə,

Gəl sözümü salma yerə,

Haqq nahaqqı mizan eylə,

Qul Mahmudınan vəzirə.
Seyraqib aranı qatdı,

Qəlbində murada catdı,

Zülm ilə dəryaya atdı,

Şikayətə getdim pirə.


Qul Mahmud da sözün deyər,

Əyrisin yox, düzün deyər,

Həqiqətin özün deyər,

Girə salan düşər görə.

Söz tamam oldu. Şah dedi:

– Yaxşı, oğul, indi sən nə istəyirsən?

Dedi:

– Şah sağ olsun, Nigar xanım özü gəlsin bura, mən istəyimi deyim.



Bu sözü burada saxlayaq, gələk Nigar xanımın yanına. Toyu yasa çevrilən Nigar xanım başına qara bağlayıb kəniz­lərinən şivən eyləyir. Nigar xanım alıb görək kənizlərinə ağlaya-ağlaya nə deyir:

Əcəm diyarından bir oğlan gəldi,

Düşdü dilə, dastan oldu Misirdə,

Həqiqət söylədi, bilən olmadı,

Heyvatək saraldı, soldu Misirdə.
Pozuldu gülşənlər, pozuldu bağlar,

Sinəmə çəkildi dəhşətli dağlar,

Bax onun dərdinə bulutlar ağlar,

Dəryaya qərq oldu, qaldı Misirdə.


Boğuldu könlümün o nişanlısı,

Aşıqlar içində adlı sanlısı,

Nigarınan Qul Mahmudun qanlısı,

Qəlbləri matəmə saldı Misirdə.

Söz tamam oldu. Elə bu anda müjdəçi qapını açdı ki, Nigar xanım, müjdəmi ver, Qul Mahmud gəlibdir, atanın yanında.

Nigar xanım bu sözü eşidcək qaça-qaça gəldi atasının dərbarına. Qul Mahmudu görcək elə bil dünyaya təzədən gəldi, sevindigindən bilmədi neyləsin. Xeyirxah vəzir qabağa yeriyib dedi:

– Şah sağ olsun, indi vaxtıdır ki, sözlərinə əməl edəsiz. Birincisi budur ki,o xain vəzirin boynunu vurdurasız, çün özü bu şərt eləyibdir.

Xain vəzir işləri belə görəndə rəng aldı, rəng verdi, düş­dü bunların ayağına dedi:

– Anlamamışam, mən əfv edin. Mən Hurinisəni örgət­dim ki, gəlib sizə şeytanlıq eyləsin. Mən qələt eləmişəm.

Şah dedi:

– Mən bilmərəm, Qul Mahmud bağışlasa, bağışlasın, bağışlamasa, boynun vurduracağam.

Xain vəzir düşdü Qul Mahmudun ayaqlarına. Qul Mah­mud dedi:

– Şah sağ olsun, bağışlamaqda bir ləzzət var ki, qısasda yoxdur. Odur ki, mən bunu bağışlayıram, Allah da bağışlasın.

Xeyirxah vəzir dedi:

Şah sağ olsun, siz nə qol vermisiniz?

Şah dedi:

– Qolumun üstündə varam.

Sonradan bir molla gəlib Qul Mahmudnan Nigar xanımın kəbinin kəsdi. Şah onlara qırx gecə-gündüz toy elədi.

Toy qurtarandan sonra Qul Mahmud Məhəmməd Şaha dedi ki, şah sağ olsun, mənim ata-anamın gözləri yoldadır, rüxsət ver, Nigar xanımı götürüb öz vilayətimə gedim.

Şah əvvəl narazı idi, sonradan Qul Mahmudun israrını görüb bunların getməsinə icazə verdi. Onlara bir dəstə qoşun qatıb düstur verdi ki, qoşun Təbrizəcən onları aparsın.

Qoşun onları Təbrizin yaxınlığınacan gətirdi, sonra onları yola salıb qayıtdı. Qul Mahmudınan Nigar xanım, bir də yanlarında nökərləri, kənizləri, malı və mənalı gəlib Xoca Əhmədgilə yetişdilər. Qul Mahmud gördü qapılarında qoca bir arvad oturub, gözün uzaqlara tikib, ağlayır. Qul Mahmud yaxına gəldi, gördü anasıdır. Neçə vaxt bir-birindən aralı olan ana-bala sarmaşıq təki bir-birinə dolaşdı. Sonra Xoca Əhməd də gəlib oğlun görəndə gözləri yaşınan doldu. Ata-bala qol-boyun oldular. Bunların gəlməsindən şəhər əhli xəbərdar oldular. Tökülüb gəldilər, neçə dəvə, öküz qurban kəsdilər, burada da qırx gecə toy elədilər.

ƏLİ VƏ LEYLİ DASTANI
Ustadlar dastanı ustadnamə ilə başlayarlar, biz də ustad­namə ilə başlayıb dastana keçək:

Yazıq könlüm, gəl incimə gərdişi-zəmanədən,

Bu dünyada əql istə məhər dəli, divanədən.

Namərdlərə sirrin demə, axır bir gün faş edər,

Düşmən olsa zərər gəlməz mərd oğlu mərdanədən.
Bu dünyada çox insanlar məğrur olub özünə,

Kimi Məcnun olub düşüb səhraların düzünə,

Hərcayılar söz qanmazlar, baxmaz alim sözünə,

Hər kimsədən alim olsa danışar əfsanədən.


Ey Çarıqçı Aşıq Səməd, şeirin əldə oxunar,

Şair qəlbi bir şişədir, toxunmamış tez sınar.

Başardıqca ağır dolan, yüngül olma, el qınar,

Hər yan demə, azca danış, çox söylə dürdanədən.

Sizə kimdən deyim, Qaradağın Kəlibrlər qəsəbəsində Aşıq Əlidən. Əli öz zamanının adlı-sanlı aşıqlarından olub, adı-sanı hər bir yana yayılmışdır.

İndi eşidək Həmədan şəhərində Bala Sultanın qızı Leyli xanımdan. Leyli xanım elan eləmişdir ki, hər kəs məni bağ­lasa ona gedəcəgəm, amma mən hər kəsi bağlasam zindana saldıracağam. Həmədanın dövrəsində nə ki aşıq var idi, Leyli xanıma məğlub olub, zindana düşmüşdür.

Bir gün Qaradağ mahalından bir dərviş Həmədana getmişdi, Leyli xanıma rast gəldi. Leyli xanım dedi:

Baba dərviş, aşıq sözü də bilirsən?

Dərviş dedi:

– Leyli xanım, mən yox, vəli Kəlibri Aşıq Əli bilir. Onun kimi aşıq nə dünyaya gəlib, nə də gələcək.

Leyli xanım dedi:

– Mən bir namə yazsam, onu Aşıq Əliyə çatdıra bilər­sən?

Dərviş dedi:

– Çatdıraram, amma mən dərvişəm, müstəqim naməni aparmaram, dolana-dolana, gəzə-gəzə, iki ilə, üç ilə apara bi­lərəm.

Leyli xanım dedi:

– Sən iki ildə, üç ildə neçə qazanarsan?

Dərviş dedi:

– O zamanın pulu məsələn, yüz tümən.

Leyli xanım dedi:

– Gəl bu min tümən, mən yazdığım naməni müstəqim aparıb verəcəksən Kəlibri Aşıq Əliyə.

Dərviş min tüməni alıb dedi:

– Buradan dabanqırma özümü Kəlibrə yetirəcəgəm.

Amma qız burda bara qoydu, soruşmadı Aşıq Əli qo­ca­dı, yoxsa cavan. Aşıq Əlinin də onda altımışa yaxın yaşı olar­dı. Qız özü də əhd eləmişdi ki, kim onu bağlasa, ona getsin.

Aldı Leyli xanım görək namədə mirzəyə nə yazdırıb Aşıq Əliyə göndərir:

Muradın nəvəsi, ay Aşıq Əli,

İstərəm gələsən cəngimə mənim.

Səni sallam olmaz-olmaz bəlaya,

Əgər ki, keçəsən cəngimə mənim.

Dərviş dedi:

– Xanım, belə kəskin yazma, Aşıq Əli girməli kol deyil.

Leyli xanım dedi:

– Mirzə, yaz, sizin işiz olmasın.

Aldı Leyli xanım:

Çoxları gəlibdi əlimdən zara,

On səkkiz aşığı salmışam tora,

Qaradağdan gəlsə şair şüara,

Heç biri yetənməz dəngimə mənim.

Leyli xanım dedi:

– Dərviş, qoy yerimi də deyim, Aşıq Əli bəhanə edib yerim bəlli olmadığı üçün meydanımdan can qaçırdar.

Aldı Leyli xanım:

Deyim məkanımı nişanbənişan,

Bir yanım dəryadır, yerim Həmədan,

Bala Sultan qızı, adım Leyli xan,

Cənginən dayan sən səngimə mənim.

Söz tamam oldu. Leyli xanım naməni verdi dərvişə. Dər­viş naməni götürüb gəldi çıxdı Qaradağ mahalına, yolda Kazım xanın obasına döndü ki, dərvişlik eyləyib bir az pul alsın. Obaya gələndə gördü toy məclisi var, Kazım xanın oğ­lunun toyudur, aşığı da Aşıq Əlidir. Dərviş keçib məclisdə oturdu. Aşıq Əli qabağından keçəndə Leyli xanımın naməsini ona verdi. Aşıq Əli naməni açdı oxudu. Gördü Leyli xanım onu meydanına çağırıb, rəngi qaçdı. Kazım xan dedi:

– Aşıq Əli, namədə nə yazıb? Sənin halın niyə dəyişdi?

Aşıq Əli dedi:

– Bir zad deyil?

Kazım xan dedi:

– Namədə nə yazıb, gərək bizə də deyəsən.

Aldı Aşıq Əli görək namədən bunları nə halı eyləyir:

Yenə dərdim təzələndi,

Bir gözəl peymanə yazıb.

Eşq əlindən dərdə düşüb,

Duyub şirin cana yazıb.

Giribdi eşqin gölünə,

Səda salıbdı elinə.
Düşməyib ustad əlinə,

Bir az yekəxana yazıb.

Kazım xan dedi:

– Aşıq Əli, sənin ki aşıqlıqda üstünə bir kimsə yoxdur, bəs sənin rəngin niyə qaçır?

Aşıq Əli dedi:

– Qulaq as!

Qoynunda nar bəsləyibdi,

Aşıqları səsləyibdi.

Mən Əlini istəyibdi,

Odur Həmədana yazıb.

Söz tamam oldu. Aşıq Əli toydan toya düşüb vaxt tap­madı namənin cavabın göndərsin.

Leyli xanım altı ay Aşıq Əlini gözlədi, bir xəbər olmadı. Dedi:

– Əlbətt, dərviş naməni Aşıq Əliyə verməyib.

Bir qasid tapıb dedi:

– Səndən Qaradağ mahalının Kəlibr qəsəbəsində olan Aşıq Əliyə bir namə göndərirəm, ya Aşıq Əlinin özün, ya da namənin cavabın gətirməlisən.

Qasid qəbul eylədi. Leyli xanım görək Aşıq Əliyə nə yazdı:

Məndən salam olsun Aşıq Əliyə,

Uzaqdan bilmişəm bünyadın sənin.

Düşməyibsən kamil ustad əlinə,

Odur, Qaradağda var adın sənin.


Aşıqlıqda sədam çıxıb hər yana,

Salmışam on səkkiz aşıq zindana.

İstərəm girəsən mənlə meydana.

Çıxardam aşkara iradın sənin.


Qasid dedi:

– Xanım, elə namə yaz gəlsin, sən ki belə yazdın, onun gəlmək nəzəri olsa da sənin bu naməndən qorxub gəlməyə­cək.

Leyli xanım dedi ki:

– Mənim meydanıma qorxusundan aşıq gələnməz.

Aldı sonuncu bəndin:

Qaradağdan durub dovasan,

Umud olma qadaları sovasan,

Şikarımda bənzəyirsən ova sən,

Leyliyəm olaram səyyadın sənin.

Söz tamam oldu. Qasid naməni götürüb yola düşüb gətirib naməni Kəlibrdə Aşıq Əliyə verdi. Aşıq Əli dedi:

– Qasid, dayan namənin cavabın yazım, apar.

Görək Aşıq Əli nə yazdı:

Bala Sultan qızı, ay Leyli xanım,

Xəbərdar ol, o mahala gəlirəm.

Yazdığın namələr gəldi yetişdi,

Düşməginən kəc xəyala, gəlirəm.


Yazıbsan naməni dəngəsər kimi,

Meydanında dayanaram ər kimi,

Açılıbsan tazə qönçə tər kimi,

Üz tutuban o diyara gəlirəm.


Aşıq Əli aldı sözünün tapşırmasını:

İnsan dara düşər qəza tutanda,

Təbib çara bilməz əcəl çatanda,

Bağlayıb qoynunda girib yatanda.

Əliyəm, Leyli tək yara gəlirəm.

Söz tamam oldu. Qasid naməni götürüb yol elədi Hə­mədana. Aşıq Əli bir fikir elədi dedi:

– Buradan Həmədana getmək ağır səfərdi, qoy özümlə də bir yoldaş götürüm. Əhməd adında bir balabançısı var idi. Onu da götürüb, bir az da evinə xərc verib, yola düşdülər, gəlib bir yaylaqda bir dəstə qıza rast gəldilər. Qızların biri dedi:

– Aşıq, bizə bir tərif oxu!

Aşıq Əli dedi:

– Adın nədir?

Qız dedi:

– Gülnişan.

Aldı Aşıq Əli:

Başına dönüm, Gülnişan xanım,

Günəşdən baş verən dan sənə qurban.

Sədrin ağdır dağ başında qar kimi,

Siyah zülfün quyrılıbdı mar kimi,

Baş verib sinəndə qoşa nar kimi,

Artıbdır şövkətlə şan sənə qurban.
Tovuztək bəzənib dövran çağında,

Huritək kənizlər solu sağında,

Aşıq Əli deyir Qaradağında,

Bütün dövlət, bir də xan sənə qurban.

Söz tamam oldu. Aşıq Əligil yola davam elədilər, gəlib çatdılar Miyanə şəhərinə. Meydanda bir nəfər var idi, şair Heydər adında. Əlinə nə aşıq keçsə tutub bağlayıb sazın alar­dı. Aşıq Əli bir kişiyə dedi:

– Qardaş, biz bir mənzil axtarırıq, gecəni qalıb, səhər gedək.

O kişi xanın adamı idi. Dedi:

– Gəlin, mən sizə mehmanxana görsədim.

Bunları düz gətirib Heydərin qapısın göstərdi, özü getdi. Balabançı Əhməd qapını döydü, şair Heydər çıxdı, gördü iki nəfər gəlib, biri aşıqdır. Aşıq Əli dedi:

– Qardaş, bizə bir mənzil verərsən?

Şair Heydər dedi:

– Bura mehmanxana deyil ki, sizə mənzil verəm, amma sizinən işim var, ya gərək mənimlə deyişəsiz, ya da sazı verib gedəsiz.

Aşıq Əli çox israr elədi, şair Heydər bunlardan əl çək­sin. Şair Heydər qəbul eləmədi. Axırda Aşıq Əli dedi:

– Nə soruşursan, soruş qurtar.

Aldı şair Heydər:

Neçə aşıq cahan seyrini edərdiz,

Kimdən əmr olundu, haraya gəldiz?

Kimi vəli bildiz, kimi rahnuma,

Kimi zikr eyləyib buraya gəldiz?
Aşıq Əli dedi:

– Qulaq as!

İki aşıq cahan seyrini edirdik,

Allahdan əmr oldu, dünyaya gəldik,

Əli Vəli, Məhəmməddi rahnuma,

Allahı bir bilib buraya gəldik.


Aldı şair Heydər:

Kəlam üçün oxumuşam çox ayə,

Şəcər nə üstündə salıbdı sayə,

Əzəl gəldiz, söylə hansı dəryayə

Oradan necə şey siz ələ aldız.
Cavabında aldı Aşıq Alı:

Kəlam üçün oxumuşam bəri ayə,

Şəcər daş üstündə salıbdı sayə,

Atanın yeştindən gəldik dünyayə.

Oradan bəndə əla biz ələ saldıq.

Şair Heydər aldı sözünün sonunu:

Heydər sözün deyər öz mənzilində,

Vacibatız nədir haqq tənzimində

.......................................................

Kim yondu, bəs söylə siz ələ aldız.


Aşıq Əli dedi:

– Qulaq as, onu da deyim:

Əli ruzi üçün tutub bir sənət,

Vacib oruc, namaz, xums ilə zəkat,

Musiqidən qalıb bizə bu nemət.

Əflatun düzəltdi, biz ələ aldıq.


Söz tamam oldu. Aşıq Əli dedi:

– İndi növbə mənimdir ki, səndən soruşam.

Aldı Aşıq Əli:

Alim möhtərəm, arif kamil..

Əzəl kimə dedi haqq kəlamını?

Neçə il qərq oldu, kim etdi çarə,

Xətərdən eylədi xilas canını.

Şair Heydər gördü yüz il qala, bu sözə cavab tapmaz. Dedi:

– Aşıq Əli, hamısın de, bir yol cavab verim.

Aldı Aşıq Əli:

O, kimdir dünyanı tutacaq səsi.

Canlını canından eylər nərəsi.

Söylə, haqqın nədir ondan bəhrəsi,

Kimdir əzəl bildi haqq ilhamın.


Aşıq Əli aldı sözün sonunu:

Əli deyir, kimdir yoxdur vəfası,

Harada qaldı qət nəfsin binası.

Bu dünyanın nə üstədir davası.

Bir-birindən kədər edib hamını.

Söz tamam oldu. Şair Heydər bir cavab tapmadı. Aşıq Əli dedi:

– Səndən işim yoxdur, ancaq bundan belə hər gücün çatana zor demə.

Aşıq Əli Əhmədlə yola düşüb gəlib çatdılar Qızıl üzən çayının qırağına. Aşıq Əli dedi:

– Əhməd, sən bir az otur, mən bir az yatım, sonra durub gedək.

Aşıq Əlini yuxu tutdu, Əhməd Balabançı öz-özünə dedi: “bu səfər xətərlidir, gedərik Həmədana, Leyli xanım bunu bağlayar, məni də tutub zindana salarlar, gəl bu durunca aradan çıx”. Əhməd balabançı durub yavaşca bir diki istəyirdi ki, aşsın Aşıq Əli yuxuda gördü bir qolu qırılıb düşdü, yuxu­dan dik ayıldı, gördü Əhməd Balabançı az qalır bir diki aşsın. Səslədi, dedi:

– Əhməd, hara gedirsən?

Əhməd dedi:

– Bir az odun yığıram, od yandıraq.

Aşıq Əli arif adam idi, cərəyan başa düşdü. Dedi:

– Əhməd, gəl bura bir kəlmə də sənin üçün oxuyum gedək.

Aldı görək Əhməd nə oxudu:

Qızıl üzən çayı, nə gur axırsan,

Sənin ustdən neçə canlar keçibdi.

Adı bəlli Azərbaycan səddisən,

Neçə-neçə qəhrəmanlar keçibdi.


Dünya gərdiş etdi, döndü bir dövran,

Bəs necoldu qaradağlı Kazım xan?

Kəlid Azərbaycan vəziri-İran

Cahcəlallı ali qanlar keçibdi.


Bu dünya qalmayıb pirə, cabvana,

Gədayə, kimsəyə, sultana, xana,

Yoldaşı baş qoyur Azərbaycana,

Əli kimi bağrı qanlar keçibdi.

Söz tamam oldu. Əhməd gördü Aşıq Əli işi bilib, üstün vurmadı.

Bəli, bunlar durub yola düşüb gəlib çatdılar Həmədana. Həmədanda Pərican adlı bir qız var idi, hər nə aşıq Leyli xanımla deyişməyə gəlsə idi, gərək əvvəl Pəricanla deyişəydi. Əgər Pəricanı bağlasa Leyli xanım onunla deyişərdi. Yoxsa, Leyli xanım hər yüngül aşıqla deyişməzdi. Pərican xanım kənizləri ilə gəzməyə çıxmışdı, gördü iki nəfər gəlir, birisinin əlində saz. Bunları çağırdı. Aşıq Əliyə dedi:

– Aşıq, hara gedirsən?

Aşıq Əli dedi:

– Gedirəm Leyli xanımla deyişəm.

Pərican dedi:

– Onda gərək əvvəl mənimlə deyişməlisən, bağlasan ge­dib Leyli xanımla deyişərsən, yoxsa əvvəldə o, sənlə deyiş­məz.

Aşıq Əli dedi:

– Nə xəbər alırsan al.

Aldı Pərican:

Səndən xəbər alım, ay gələn aşıq,

Söylə görüm nə məkana gəlibsən,

Dumana qərq olan cümlə qar kimi,

Hədəf olub tir kamana gəlibsən?


Aşıq Əli sazın kökləyib aldı görək cavabında nə dedi:

Gəl sənə söyləyim, Pərican xanım,

Bu meydanda gövhər kana gəlmişəm.

Leyli xanım namə yazıb, istəyib,

Deyişməyə bu meydana gəlmişəm.
Aldı Pərican:

Gəzməlisən İsfəhanı, Kaşanı,

Tanımaram nə sultanı, paşanı.

Aşıqlığın səndə yoxdur nişanı,

Duz satansan bu dövrana gəlibsən.
Cavabında aldı Aşıq Əli:

Duz satan deyiləm, qiymətli zərəm,

Sərrafın əlində lələm, gövhərəm.

Meydana girəndə əsrəmiş nərəm,

Mətləbim var, şirin cana gəlmişəm.
Aldı Pərican:

Pəricanam, yaşın həddən aşıbdı,

Ağlın azalıbdı, huşun çaşıbdı,

Karvan adamısan, yolun düşübdü,

Yoxsa sən qana düşübsən gəlibsən.
Aşıq Əli aldı cavabında:

Saymaram mən sultanımı, xanımı,

Qorxun yoxdur gər tökələr qanımı,

Əli deyir, mən də Leyli xanımı

Bağlamağa Həmədana gəlmişəm.

Söz tamam oldu. Pərican gedib Aşıq Əlinin gəlməgini Leyli xanıma xəbər verdi. Leyli xanımı düstur verdi, meydan su­landı. Leyli xanım da, Aşıq Əli də meydana varid oldular. Ley­li xanım gördü bara qoyubdur. Aşıq Əlinin altmış yaşı olar, bunun yaşı heç iyirmiyə çatmayıb. Dedi: “daha iş işdən ke­çib”, setarın kökləyib aldı görək Aşıq Əlidən nə xəbər aldı:

Hədyan deyib laf eyləmə,

Gəl meydana, göstər hünər,

Bağlaram qollarını,

Qollarından vuram təbər.


Aşıq Əli dedi:

– Çox yekə danışırsan, cavabına qulaq as!

Ala gözlü Leyli xanım,

Gəl məndən eyləmə kədər.

Mən bir alıcı tərlanam,

Sən sonasan, sinəsi tər.


Aldı Leyli xanım:

Aşıq olan xar eyləməz,

İgit olan ar eyləməz,

Yüz min qoşun kar eyləməz

Mənəm bir qəleyi-xeybər.
Cavabında aldı Aşıq Əli:

Oxuram sureyi-Yasın,

Çağıraram Qənbər ağasın,

Yıxaram Xeybər qalasın,

Mənəm bir polad şeşpər.

Leyli xanım dedi:

– O biri aşıqlara rəhm eyləmişəm, zindana saldırmışam, səni verəcəgim boynunu vursunlar. Aldı sözünün sonunu:

Leyliyəm, yanmışam nara,

Qəniməm mən aşıqlara,

Səni də çəkdirərəm dara,

Vay xəbərin elə gedər.

Aşıq Əli dedi:

– Al cavabın:

Mən Əli ar eylərəm,

Açan gülün xar eylərəm

Səni alıb yar eylərəm,

Səni tutub qəza qədər.

Söz tamam oldu. Yenə də Leyli xanım qabağa düşdü, aldı görək nə xəbər aldı:

Səndən xəbər alım, ay Aşıq Əli,

Nədən xəlq olundu, Adəm və Həvva,

Laf eyləmə, sualıma cavab ver,

Yaranıb hardadır cəmə məva.


Aşıq Əli dedi:

– Xanım, qulaq as, onları mən bilməsəm bu qədər yolu Qaradağdan Həmədana gəlməzdim.

Ab və atəş, xak və baddan yarandı,

Qüdrət ilhamıdan Adəm və Həvva.

Peyğəmbər merac gedəndə gördü,

Yeddi gözdən üstdə cənnət məva.


Dövrədə duranlar hamı əl çaldı. Aldı Leyli xanım:

On beş qara quvar saray içində,

Dörd fərraş dolanar hər ay içində,

İki qul dolanar hər ay içində,

Əgər bilsən, sənə səd bərəkəllah.
Cavabında aldı Aşıq Əli:

On beş gecə gedər saray içində,

Dörd həftə dolanar hər ay içində,

Qədir xəmlə qurban bir ay içində,

İslama bayramdır böyükdür valla.

Leyli xanım aldı sözünün sonunu:

Kimdir harada gəzdi busatı?

O, kimdir, fəth eylədi zulmatı?

O, kimdir, içdi ab-həyatı,

Leyli deyər, harada yetişir həya.


Aşıq Əli dedi:

– Qulaq assan, onu da deyəcəyəm.

Süleyman havaya mindi busatı,

İskəndər dolandı, gəzdi zulmatı,

Əliyəm, Xızır içdi abı-həyatı,

Diridir, çox yerdə yetişər haya.

Söz tamam oldu. Dövrədən əhsən səsi göyə ucaldı. Ley­li xanım dedi:

– Buyün bəs eylər, deyişməmizin qalanı qalsın sabaha.

Camaat dağıldı. Leyli xanım gəlib qızları yığdı başına, dedi:

– Sabah növbə Aşıq Əlinindir ki, qabağa düşüb soruş­sun, vəzə baxıram, o, məni fövri bağlayar. Gecə yarısı onlar yatanda kəcavəni hazırlayın, mən şəhərdən çıxım.

Qızlar dedilər:

– Xanım, sən bu şəhərdən getmə!

Leyli xanım dedi:

– Aşıq Əli məni bağlarsa, şərt kəsmişəm, məni alacaq, o, altımış yaşında bir qoca, mən iyirmi yaşında bir cavan.

Kəcavəni hazırladılar, Leyli xanım istədi şəhərdən xaric ola, Aşıq Əli yuxuda gördü ki, bir ağacın başında bir dəstə quş var idi, hamısı uçdu. Tez yuxudan ayılıb çıxdı eşigə, gördü Leyli xanım minib kəcavəyə, istəyir gedə. Gəlib kəca­vənin qabağın kəsdi. Leyli xanım and verdi, dedi:

– Əli, səni and vermişəm bir Allaha, məndən əl çək!

Aşıq Əli dedi:

– Xanım, onda icazə ver birin oxuyum, ondan sonra.

Ovçusundan ürküb qaçan ceyranım,

Çəkmə sinəm üstə çarpaz dağ yeri

Saxla kəcavəni, ay Leyli xanım,

Olginən dərdimə bir ortaq yeri.


İgit olan yar ilqarını,

Bülbül olan çəkər ahı-zarını,

Könlüm istər ağ sinənin narını,

Aşginən görsənsin gözəl bağ yeri.

Aşıq Əli dedi:

– Xanım, məni sən uzun namə yazıb çağırıbsan, indi bəs niyə qaçırsan?

Aldı sözünün sonunu:

Mən Əliyəm, nələr keçibdi məndən,

Yük tutmuşam dürrü gövhər Yəməndən,

Qara quştək qaynaq vuraram sinəndən,

Qanı qaçan mudam qalar ağ yeri.

Söz tamam oldu. Leyli xanım düşdü yalvarmağa. Aşıq Əli gördü insaf dinin yarısıdır. Qocayla cavanınkı tutmaz. Leyli xanımı verdi əmioğlusu Məhəmməd bəyə, özü də toyun eyləyib qayıtdı Qaradağa.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə