Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


FƏĞFUR ŞAH İLƏ PƏRİ XANIMIN DASTANI



Yüklə 2,22 Mb.
səhifə11/13
tarix01.02.2018
ölçüsü2,22 Mb.
#23029
1   ...   5   6   7   8   9   10   11   12   13

FƏĞFUR ŞAH İLƏ PƏRİ XANIMIN DASTANI
Ustadlar dastanı ustadnamə ilə başlayarlar, biz də bir ustadnamə ilə başlayıb, dastana keçək:

Yazdığım sözləri oxuyub inan,

Bu dünyada hər yoldaşa inanma.

Nanəcibin yemə duzun, çörəyin

Zaman gəlsə, vurar başa, inanma.
Tikə dostu yaman gündə dayanmaz,

Qafil olan oyanmaz ki oyanmaz,

Dost dostu görəndə qəlbi bulanmaz.

Ərbab ilə qızıl başa, inanma.


Qəşəm bu işlərin hamısın görüb,

Dostu seçib ona düz ilqar verib,

Çox insanlar mənim üzümə durub,

Hər qohuma, hər yoldaşa inanma.

Gələk mətləb üstünə. Keçmiş zamanda İsfəhanda Şah Abbasa Qul Zirək adında bir qasid Dağıstandan xəbər gətirdi ki, Dağıstanın hakimi Hüseyn şah ölüb və o mahal hakimsiz qalıb. Şah Abbas Qul Zirəkdən soruşdu ki, Hüseyn şahın oğlu varmı? Qul Zirək dedi:

– Bəli, qurban. Fəğfur adında, on dörd yaşında bir oğlu var.

Şah Abbas Fəğfurun Dağıstana hakimlik sənədin yazıb, möhürləyib, Qul Zirəgə verdi, dedi:

– Bu saatda Fəğfuru Dağıstanın hakimi seçdim.

Qul Zirək Şah Abbasın hökmün gətirib Dağıstana və Fəğfura verdi. O gündən Fəğfur şah Dağıstanın hakimi oldu.

Bir gecə Fəğfur şahın yuxusuna mərdlərin mövlası Əli gəlib buna buta verib, Əhməd xanın qızı Pəri xanımı ona gös­tərib dedi:

– Oğul, səni də ona göstərmişəm, zəhmət çəkib məşu­quna çatarsan.

Fəğfur şah yuxudan ayılıb gördü hava işıqlanıb, anası Fəğfurun yanına gəlib gördü Fəğfurun halı özündə deyil. So­ruş­du vay balasına nə olub, niyə pərişansan? Fəğfur şah dedi:

– Ana, mən səfərə getməliyəm.

Anası dedi:

– Ay bala, axı haraya gedirsən?

Fəğfur şah dedi:

– Ana, bir qulaq as.

Başına dolanım, gül üzlü ana,

Məcnun olub biyabana gedirəm.

Alışıb oduna büryan olmuşam,

Od alıban yana-yana gedirəm.
Anası dedi:

– Ay bala, əgər aşiq olubsan, kimi deyirsən, onu alım.

Fəğfur şah dedi:

– Ana, bir qulaq as.

Yandırıb cismimi eşqinin odu,

Çox olub qohumu, çox olub yadı,

Əhməd xan qızıdır, Pəridir adı,

Adı yoxdur, biməkana gedirəm.


Bağban ölsə, bağda solar təzə gülü,

Fəğfuram, qürbətə salıram yolu,

Üstümdədir yaradanın bir əli,

Qəsd eyləyib şirin cana gedirəm.

Söz tamam oldu, anası çox israr elədi, gördü Fəğfur şah dayanan deyil, odur ki, Fəğfur şaha ruxsət verib yola saldı. Fəğfur şah yola düşən aldı görək Qul Zirəgə nə dedi:

Bülbül uçdu, bağları qaldı,

Baxça-barı yaxşı saxla.

Ana-bacım ağlar qaldı,

İntizarı yaxşı saxla.
Qara gəlib mənim baxtım,

Tez salındı mənim rəxtim,

Sizin olsun tacı-təxtim,

Dövlət-varı yaxşı saxla.


Fəğfuram, çəkdim zülümü,

Xoryad dərməsin gülümü,

İki il gözlə yolumu,

Çəmənzarı yaxşı saxla.

Söz tamam oldu. Fəğfur şah Qul Zirəgə dedi:

– İki il gözlə, gəlməsəm dalımca gəl!

Fəğfur şah yola düşüb üç ay at belində mahalları gəzib Marağa şəhərində bir bulağın başında yatıb yuxuya getdi. Sən demə, Pəri xanım kənizlərin götürüb, gəlib o bulağın kəna­rın­da çadır qurmuşdur və Pəri xanımın kənizi Ağcaqız gəlib bu­lağ­dan su aparanda Fəğfur şaha gözü düşdü, aldı görək nə dedi:

Xabi-qəmdə yatan oğlan,

Söylə, görüm haralısan?

Düz sözünü eylə bəyan.

Hansı dağın maralısan?

Fəğfur şah oyanıb aldı görək cavabında nə dedi:

Qulaq ver, söyləyim sənə,

------------------------------

Məcnunam, düşmüşəm çölə,

Leylinin fərağındayam.

Ağcaqız bildi ki, bu Pəri xanımın sevgisidir, çün Pəri xanım qabaqdan kənizlərinə demişdir ki, Hüseyn şahın oğlu Fəğfur şah mənim dalımca gələcək. Görək Fəğfur şahdan nə soruşdu:

Elə bil sinə dağlısan,

Hicrandan qolu bağlısan,

De görüm kimin oğlusan,

Ovsunçu tək mar alısan.
Cavabında aldı görək Fəğfur şah nə dedi:

Əzəldən qolu bağlıyam,

Lalətək sinə dağlıyam,

Mən Hüseyn şahın oğluyam.

İndi qəm ayağındayam.
Ağcaqız aldı sözünün son bəndin:

Ağca sözün edib tamam,

Köməginə gəlsin imam,

Acıbsan gəl meyl et təam,

Burda dərdi çaralısan.
Cavabında aldı Fəğfur şah:

Mən Fəğfuram, sənə qurban,

Bəlkə gəldi haqdan fərman,

Kömək olsun sahib zaman,

Həqiqət budağındayam.

Söz tamam oldu. Ağcaqız bulağdan su götürüb, gəldi Pəri xanımın yanına. Pəri xanım dedi:

– Niyə yubandın?

Ağcaqız dedi:

– Xanım, səni muştuluqlamalıyam.

Pəri xanım dedi:

– Nə olub?

Ağcaqız dedi:

– Qulaq as:

Başına dolanım, Pəri,

Yarın gördüm bulaq üstə.

Sənsən gözəlləri səri,

Yarın gördüm bulaq üstə.
Günəşdən bir nur almışdı,

Həqiqətdən zor almışdı,

Yola baxıb qaralmışdı,

Yarın gördüm bulaq üstə.


Yola baxan nazlı yardı,

O, çəkdigi ahı-zardı,

Bulaq üstə intizardı,

Yarın gördüm bulaq üstə.

Söz tamam oldu. Pəri xanım qızları götürüb bulağa sarı gəldi, Fəğfur şah gördü axtardığı qız başında bir dəstə qızınan bulağa sarı gəlir. Aldı görək nə dedi:

Sallana-sallana gələn Salatın,

Siz deyin, həmişə nazınan gəlsin.

Dövrəsində gəzsin hurizadələr,

Gələndə hey güllər özünnən gəlsin.
Yaşılbaşlar bulaq üstə düzülə,

Alagözlər xumarlana, süzülə,

Kəhlik kimi səf-səf olub sezilə,

Dərə ilə getməsin, düzünən gəlsin.


Yolu budur, bulaq təki çağlayam,

Sinəm üstü düyünlüyəm, dağlıyam,

Adım Fəğfur, Hüseyn şahın oğluyam,

Sevgilim başında qızınan gəlsin.

Söz tamam oldu. Qızlar gül dərməgə başladılar. Pəri xa­nımla Fəğfur söhbətə məşğul oldular. Pəri xanım dedi:

– Mənim atamın böyük sürüsü var, ona gedim deyim ki, bir yaxşı çoban tapmışam, səni nişan verim, gəlib səni çoban aparsın.

Fəğfur şah qəbul eylədi. Pəri xanım qızlarla birgə gəlib Əhməd xanın yanına dedi:

– Ata, filan bulağın başında bir oğlan yatıb, deyir ki, gəl­­­mişəm çoban olam.

Əhməd xan gəlib Fəğfur şahı tapır, görür ki, bu oğlan çox göyçək bir oğlandır. Öz-özünə deyir, insaf deyil bu, qo­yun otarsın, bunu çobanlara başçı seçib xan çoban edəcəgəm.

Bəli, Fəğfur şah o gündən xan çoban paltarın geyib Xan Çoban olur, gedir yaylaqda Əhməd xanın sürülərinə baş çək­mə­gə, bir il burda qalır.

Bir gün Pəri xanım qızları da götürüb gəlir yaylağa. Gül­nigar adında bir kəniz qabaqdan qaçıb Fəğfur şaha Pəri xanımın gəlməsini görək necə xəbər verir:

Sənə deyim, gözəl oğlan.

Muştuluq ver, yarın gəlir.

Sir sözümü edim elan,

Muştuluq ver, yarın gəlir.
Ördəktək işvə nazınan,

Əlində cürə sazınan,

O qırx incə bel qızınan,

Muştuluq ver, yarın gəlir.


Açılan bir qızılgüldü,

Ötüşən şeyda bülbüldü,

Gülnigar xanıma quldu,

Muştuluq ver, yarın gəlir.

Söz tamam oldu. Xan Çoban sazın götürüb görək Pəri xanımı necə qarşılayır:

Əzəl bahar yaz ayları gələndə,

Uca dağda bir qonağım olaydın.

Açılanda əlvan-əlvan lalələr,

Gülə bənzər gül yanağım olaydın.
Bir çiçəydim nazlı yarın ləzzətin,

Bir görəydim gül camalın işrətin,

Kaş dadaydım eyşi-işrətin şərbətin,

Göy çəmənli bağça-bağım olaydın.

Söz tamam oldu. Pəri xanımgil bir neçə gün burda qo­naq qalandan sonra qayıtdılar. Yolda Qul Zirək bunların qa­bağına gəldi. Qul Zirək dedi:

– Xanım, mən ağamı itirmişəm, axtara-axtara gəlib buranı tapmışam. Siz görməyibsiz?

Pəri xanım dedi:

– Ağan kimdir?

Aldı Qul Zirək:

Başına dolanım, ay gələn qızlar,

Siz Allah ağamdan xəbər söyləyin.

Sümüyüm içində iligim sızlar,

Siz Allah ağamdan xəbər söyləyin.
Cavabında aldı Pəri xanım:

Ey biçarə, nə gəzirsən avara.

Mən sənin ağandan xəbər söyləyim.

Söylə görüm gedib hansı diyara,

Mən sənin ağandan xəbər söyləyim.
Aldı Qul Zirək:

Uçub könlüm, dağdan-dağa quş olub,

Mey içib, o, qürbətdə sərxoş olub,

Elə bil ki, ağam sizə tuş olub,

Siz Allah ağamdan xəbər söyləyin.
Aldı Pəri xanım:

Tanımırıq qohumunu, yadını,

Biz çəkirik ləzzətini, dadını,

Bizə məlum eylə ağan adını,

Mən sənin ağandan xəbər söyləyim.
Aldı Qul Zirək:

Qul Zirək qaldı bil yana-yana,

Sorağında gəzir dəli-divana,

Şahzadə Fəğfur da deyirlər ona,

Siz Allah ağamdan xəbər söyləyin.
Aldı Pəri xanım:

Əhməd xan qızıyam, adımdır Pəri,

Bu qürbət elləri gəzmə sərsəri.

Tanıram, görmüşən o sərvəri,

Mən sənin ağandan xəbər söyləyim.

Söz tamam oldu. Qul Zirək gəlib Fəğfur şahı tapdı.

İndi eşidək Çuğul Aqa xandan. Pəri xanımı istəyirdi, Pəri xanım onu sevmirdi. Elə ki gördü Xan Çoban istəyir Pəri xanımı ala, yol elədi İsfəhana, gəl, Şah Abbasa xəbər verdi ki, Marağadan Əhməd xanın qızı Pəri xanımı sənin hərəmxanana gətirirdim ki, yolda Xan Çoban adında bir çoban zorunan Pəri xanımı geri qaytardı. Şah Abbas Çuğul Aqa xana bir xeyli qoşun qoşub dedi:

– Gedib Pəri xanımı gətirəsən.

Çuğul Aqa xan qoşunuyla gəlib Pərini kəcavəyə mindirib İs­fəhana apardı. Xəbər gedib Xan Çobana çatanda görək nə dedi:

Bir igid ki dərdə düşə,

Dərd əlindən yata bilməz.

Qabağında min ov gəzə,

Heç birinə ata bilməz.
Haqq, dərgahın ayrımış,

Camalın gün bəyazımış,

Fələk nə hiyləbazımış,

Mərdanələr xəta bilməz.


Xan Çobanam, Arazbardan,

Bağçalarım doldu bardan,

İgid qalsa, gər qatardan

Tay-tuşuna çata bilməz.

Söz tamam oldu. Çobanların qırxı da sürünü boşlayıb, ağçaların götürüb, Qul Zirəklə birgə Xan Çobana qoşulub, Pəri xanımın dalınca getdilər. Çobanlar Xan Çobana deyirlər:

– Sən qabaqda get, xəlvətdə Pərini tapıb soruş, gör sənə rayı var, ya Şah Abbasa?

Xan Çoban qabaqda gedib gördü qoşun çadır vurub, is­tirahətə məşğuldur. Pəri xanımın çadırın tapıb varid oldu. Al­dı görək Pəri xanıma nə dedi:

Alagözlü nazlı ceyran,

Kim ayırdı səni məndən?

Mənəm camalına heyran.

Kim ayırdı səni məndən?
Fələk məni çaldı daşa,

Arzularım çıxdı boşa,

Məndən ayrı yeddi gün yaşa

Kim ayırdı səni məndən?

Xan Çobanam, bağrı daşlı,

Yarım sənsən qələm qaşlı,

Məni qoyma gözü yaşlı,

Kim ayırdı səni məndən?

Söz tamam oldu, bu səsə Çuğul Aqa xan gəlib Xan Çobanı tutdu, o qədər döydü ki, tilit qan oldu, sonra atıb ara­lığa qoşuna düstür verdi ki, yola düşsünlər. Çobanlar ha göz­lədi, Xan Çobandan xəbər olmadı, durub gəlib Xan Çobanı yaralı gördülər, yaralarına məlhəm qoydular. Aldı görək Xan Çoban bunlara nə dedi:

Bir tülək tərlanın səsi gələndə,

Ürküşüb sonalar ay inci sinə.

Bir gün qıya baxdı, aldı canımı,

Gül camalı bənzər ay incisinə.
Gecəni sübhətək yar-yar deyəsən,

Dəlib qara bağrı, yar-yar deyəsən,

Sən də mənimtək yar-yar deyəsən,

Düşəsən fələkin ay incisinə.


Xan Çobanam, mən olmuşam yaralı,

Ovsunçular əllərinə mar alı,

Bir şahbazım gedib sinə yaralı,

Qurbanam gözlərin ay incisinə.

Söz tamam oldu. Xan Çoban çobanları yaylağa qaytarıb Qul Zirəgi götürüb İsfəhana sarı yola düşdü. Çuğul Aqa xan Pəri xanımı gətirib Şah Abbasa təhvil verdi. Şah Abbas Pəri xanıma dedi:

– Xanım, məni sevirsən?

Pəri xanım ağladı. Şah Abbas dedi:

– Xanım, nə üçün ağlayırsan?

Cavabında aldı Pəri xanım:

Başına dolanım, ədalət şahım,

Şahım, söylə, nə təqsirim var mənim?

Sərtacım, sərvərim, ay qibləgahım,

Şahım, söylə, nə təqsirim var mənim?
Mən atamın dövlətiyəm, varıyam,

Yeniyetmə bağçaların barıyam,

Dağıstanlı Fəğfur şahın yarıyam,

Şahım, söylə, nə təqsirim var mənim?

Şah Abbas dağıstanlı Fəğfur şah adını eşidəndə fikrə getdi. Aldı Pəri xanım:

Pəriyəm, qalmışam mən yana-yana,

Dil əhli gəərkdir sözümü qana,

Adil şahım, gəl ədalət divana,

Şahım, söylə, nə təqsirim var mənim?

Söz tamam oldu. Elə bu vaxt şaha dedilər:

– Qurban, iki nəfər istəyir sizi görə.

Dedi:


– Yol verin gəlsinlər.

Bunlar darbara varid olanda Şah Abbas Qul Zirəgi tanı­dı, amma Fəğfur şahı tanımadı. Şah Abbas Qul Zirəgə dedi:

– Qul Zirək, nə xəbər, yanındakı kimdir?

Qul Zirək dedi:

– Qurban, bu Dağıstanın hakimi Hüseyn şahın oğlu Fəğ­fur şahdır. Bunun sevgisi Pəri xanımı sizin qoşun hərəmxa­naya gətirib, sizin üstüzə şikayətə gəlib.

Şah Abbas Fəğfur şahın üzündən öpüb, düstur verib, on­ları Dağıstana sarı yola saldı. Fəğfur şah Dağıstana gəlib anası ilə görüşüb qol-boyun oldu, sonra qırx gün, qırx gecə toy mə­rasimi tutdular.



BƏHRAM VƏ GÜLİXƏNDAN DASTANI
Ustadlar dastanı ustadnamə ilə başlayarlar, biz də ustad­namə ilə başlayıb dastana keçək.

Əziz ata, bilməz igit oğullar,

Şallaq nədir, zindan nədir, dar nədir?

Aslan kimi qocaların yanında,

Tülkü, sifət düşmən nədir, sar nədir?
Yaman günün ömrü gərək az ola,

Bahar gələ, ilin kefi saz ola,

Bir ilin ki doqquz ayı yaz ola,

Bulud nədir, duman nədir, qar nədir?


Cavanlığın səadətli çağında,

Gözüm qaldı hürrüyyəyin bağında,

Gülə vurğun bülbülün qabağında,

Tikan nədir, xəzan nədir, xar nədir?21

Ustad belə rəvayət eyləyir ki, keçmiş zamanlarda Şiraz şəhərində Bəhmən şah adında bir padşah hökumət eyləyirdi. Bəhmən şahın iki oğlu var idi. Böyük oğlunun adı Bəhram şah idi, kiçik oğlunun adı Heydər idi.

Bəhram şahınan Heydər kiçik yaşlarından pəhlivanlıq məşqi görmüşdülər, hər biri öz yerində hərifi olmayan bir pəhlivan idi.

Bir gün Bəhram şah bir neçə dərbar adamlarıyla şikara çıxmışdılar, çox dolanandan sonra bir şikar tapmayıb arğın-yorğun hərə bir tərəfdə yıxılıb yatdı. Gecənin bir yarısı Bəh­ram şahın yuxusuna yerin, göyün ləngəri, mərdlərin mövlası Mürtəza Əli gəldi.

Mövla əlində büllur camı tutub Bəhram şaha dedi:

– Oğul, bu badəni iç!

Bəhram şah alıb badəni içdi.

Mövla dedi:

– Oğul, bax uzaqlara! Gör nə görürsən?

Bəhram şah baxıb dedi:

– Ya mövla, bir gözəl qəsr görürəm, içində bir gözəl qız əyləşib.

Mövla dedi:

– Oğul, o qız Hindustanın şahı Şirin şahın qızı Gülixən­dandır. O, sənin sevgindir, zəhmət çəkib mətləbinə yetərsən.

Mövla bunu deyib gözdən qeyb oldu. Bəhram şah yuxu­dan ayıldı, görək dövrəsində olan adamlara nə dedi:

Yatmış idim xabi-qəflət içində,

Yetişdi guşuma sədası tək-tək,

Bir gözəl sevmişəm yad ellərdə mən,

Görsəndi gözümə cadası tək-tək.
Sidq ilə çağıraram kərəmkanını,

Kitablar əfzəli Quranını,

Verdi, aldım içdim eşqin camını,

Mənə də yetişdi badası tək-tək.


Vəzir dedi:

– Qurban, eşqdən danışırsan, kimə aşiq olubsan?

Cavabında aldı Bəhram şah:

Bu kəlmə Bəhramın axır sözüdür,

Sinəmdə alışan eşqin közüdür,

Gülixəndan Şirin şahın qızıdır,

Züleyx kimi var əzası tək-tək.

Söz tamam oldu. Yavaş-yavaş hava işıqlandı. Bunlar aya­ğa qalxıb yenə də şikara çıxdılar. Bir də gördülər ki, qa­baq­larına bir şir çıxdı. Bəhram şah yeridi qabağa ki, şiri öl­dür­sün. Vəzir dedi:

– Qurban, qayıt bu şir tutub səni parçalar.

Bəhram şah bu sözü eşidəndə aldı cavabında vəzirin:

Sənə deyim, ağa vəzir,

Bəhmən şah tacdarımdır,

Mənə kömək olan kimsə,

Şah düldül suvarımdı.


Şah əlində badə içən,

Dürrü gövhərindən seçən.

Tiri şəhab kimi biçən,

Şəmşiri abdarımdır.


Mən Bəhramam, pəhlivanam,

Eşqin oduna yanaram,

Qulam, şir yəzdanam,

Aslan mənim şikarımdır.

Söz tamam oldu. Bəhram şah şiri tutub iki parça elədi. Sonra bir qədər dolanıb neçə ov avlayıb qayıtdılar Şiraza sarı. Yolda bir ziyarət karvanına rast gəldilər. Bəhram şah aldı görək ziyarətə gələnlərə nə dedi:

Başıza dolanım, gedən zəvvarlar,

Bu naməni şahənşaha yetirin.

Siz gəlincə yollar üstdə duraram,

Namənin cavabın alır gətirin.
Duman olub bu dağlarda görünənəm,

Üzüm üstdə o məqama sürünənəm.

Qızıl tac qoyaram, cübbə bürünənəm,

Qızıl eyvan bargaha yetirin.

Doğru desən doğrulardan doğruyam,

Misri qılınc gılafımda sovluyam

Adım Bəhram Bəhmən şahın oğluyam,

Mən Bəhramı doğru raha yetirin.

Söz tamam oldu. Bəhram şah vəzirə dedi:

– Mən burada sizdən ayrılmalıyam, atamdan, anamdan mənə halallıq alarsan.

Bəhram şah qoşulub ziyarət karvanına gəlib çatdı Xora­san diyarına. İmam Rza ziyarətgahına, oradan imamın qəbrin ziyarət eyləyib ayrılanda aldı görək İmam Rzadan necə-necə xudahafizlik aldı:

Baş götürüb astanına gəlmişəm,

Ziyarət eylədim, ağa, xudahafiz.

Mərifət mədəni səni bilmişəm,

Ziyarət eylədim, ağa, xudahafiz.
Sizin imamətiniz gündən aşkar,

Sizi lütf eyləyib bir pərvərdigar,

Yolu nişan verib o Düldül suvar,

Ziyarət eylədim, ağa, xudahafiz.


Qızıl eyvanı var, qızıl bargah,

Bəhramın dərdindən sən oldun agah,

Xorasan şəhərində olan padşah,

Ziyarət eylədim, ağa, xudahafiz.

Söz tamam oldu, Bəhram şah Hindustana sarı yola düş­dü və qabağına bir neçə nəfər çıxdı ki, gedirdilər İmam Rza­nın ziyarətinə. Bəhram şahdan soruşdular:

– Hardan gəlirsən?

Bəhram şah dedi:

– İmam Rzanın ziyarətindən.

Biri soruşdu:

– İmam Rzanın ziyarətgahı nə təhərdi?

Bəhram şah dedi:

– İndiyəcən imamın ziyarətgahın görməmisiniz məgər?

Dedilər:

– Yox, görməmişik, birinci dəfədir ki, ziyarətə gedirik.

Belə olanda aldı görək Bəhram şah nə dedi:

Ay ağalar, sizə bəyan eyləyim,

Əcəb calalı var İmam Rzanın.

Arzum budur ziyarətin eyləyək,

Əcəb calalı var İmam Rzanın.
Qızıl eyvanı var, mərmər otağı,

Hər yana baxırsan, yanır çırağı,

Hər cümə axşamı on bir imam qonağı.

Əcəb calalı var İmam Rzanın.


Çıxdım rövzəyə, sınmadı şişə,

Orada mələklər gəzir həmişə,

Bəhram deyir siz də gedin görüşə,

Əcəb calalı var İmam Rzanın.

Söz tamam oldu, Bəhram şah yola düşüb gəlməkdə olsun, Hindustan şəhərlərinin birinin hakimi olan Hüseyn şahın qızı Mahiənvardan eşidək. Mahiənvar qəsrin pəncərə­sin­dən baxırdı ki, gördü bir oğlan şəhərə varid oldu. Oğlanı görcək ona aşiq oldu. Tez dayəsin yollayıb oğlanı qəsrə dəvət elədi. Bəhram şah gördü bir qadın ona yaxınlaşdı, o qadın dedi:

– Səni Mahiənvar xanım qəsrə dəvət eləyir.

Bəhram dayə ilə bahəm gəldi Mahiənvarın otağına. Bəh­ram şah Mahiənvarı görəndə onun qəsdindən xəbərdar olub görək nə dedi:

Ey xanım, düşmüşəm qürbət yollara,

Bir nişan ver mənə, yol sənə qurban,

Dərdimə eyləsin haqq üzü çara,

Bir nişan ver mənə, yol sənə qurban.
Aldı cavabında Mahiənvar:

Cavan oğlan, nə diyardan gəlirsən?

Getməz bu məkandan yol sənə qurban.

Baxışınan mənim canım alırsan,

Getməz bu məkandan yol sənə qurban.
Dübarə Bəhram şah:

Bülbül kimi ayrılmışam gülümdən,

Ayrılmışam ulusumdan, elimdən,

Yolu göstər, xəbər alım yolumdan,

Bir nişan ver mənə, yol sənə qurban.
Aldı cavabında Mahiənvar:

Nə gəzirsən, cavan, belə dünyanı,

Xoş keçirən yoxdu mən tək dövranı,

Əlimdədir şah babamın fərmanı,

Getməz bu məkandan, yol sənə qurban.
Aldı cavabında Bəhram şah:

Ürəkdən çəkərəm gecə-gündüz ah,

Yaradandı bütün dərdlərdən agah,

Öz adım Bəhramdır, atam Bəhmən şah,

Bir nişan ver mənə, yol sənə qurban.
Aldı cavabında Mahiənvar:

Səhərin sübhünün dan ulduzuyam,

Kolgədə bəslənmiş əmlik quzuyam,

Mahiənvar Hüseyn şahın qızıyam,

Getməz bu məkandan, yol sənə qurban.

Söz tamam oldu. Mahiənvar dayəsinə dedi ki, “Bəhram şahı apar atamın qonaq otaqlarının birində bu gecəni qalsın, səhər görək nə olur?”. Bəhram şah gecəni Hüseyn şahın qəs­rində qonaq qaldı. Gecənin bir yarısı Mahiənvar yuxuda gör­dü ki, ona deyirlər: “Bəhram şahi boşla getsin, onun özünün sevgisi var, sənin sevgin Bəhram şahın qardaşı Heydərdir ki, tezliklə dalınca gələcək”.

Sübh oldu, Bəhram şah Mahiənvardan rüxsət alıb yola düşdü. Bir qədər yol gəlib gördü yolun qırağında bir yoxsul qoca kişi oturub, yaman narahatdır. Bəhram şah soruşdu:

– Ay əmi, sənə nə olub, belə narahatsan?

Qoca dedi:

– Oğul, yoxsulluq məni bu günə salıb.

Bəhram şah dedi:

– Axı yoxsulluğun bu qədər narahatçılığı yoxdur ki.

Qoca dedi:

– Niyə, var. Qulaq as:

Yoxsul igit hər məclisə xar olar,

Açılmaz yoxsulun dəhanı dinə.

Firdovsi olsa da, danışa bilməz,

Dəryatək mövc vurub pər ovla sinə.


Yoxsulluğu görən görübdür damı,

Yoxsula gülərlər dünyada hamı,

Oxuya şərait gər ola cami,

Yazanda yazar əlifi sinə.


Yoxsulluq əlindən gedib kamalım,

Dağılıb yasımdan cahı-cəlalım,

Yusifəm, yetişə mənim əcəlim,

Qoymaz ki, çəkiləm kölgədən günə.

Söz tamam oldu. Bəhram şah Yusif qocaya bir qədər pul verib onu sevindirdi. Yenə yola rəvan olub gəlib çatdı Güli­xəndanın qəsrinə. Gördü qəsrin kənarında bir neçə çadır qu­rublar. Soruşdu ki, bu çadırları nə üçün burada qurublar? Bir nəfər dedi ki, “bu çadırları quran şahzadələrdir ki, Güli­xən­dana aşiq olublar. Qərardır ki, Gülixəndan sabah qəsrdən eşigə çıxa, hansı çadırın üstünə gül atsa, o çadırda olan şah­zadə onunla toy eyləyə. Bəhram şah bu sözü eşidəndə gedib bir köhnə çadır da özü alıb gətirib o biri çadırların yanında qur­du. Şirin şaha xəbər apardılar ki, bir nəfər rəiyyət sənin qızına aşiq olub, şahzadələrin çadırının yanında çadır qurub. Şirin şah qəzəbə gəlib həbəşi qulun çağırıb dedi:

– Get, o köhnə çadıra od vur, yansın.

Həbəşi qulu gəlib Bəhram şahın çadırına od vuranda Bəhram şah həbəşi qulu tutub ona bir qədər pul verib, dedi:

– Mənim çadırımı yandırma, mən Gülixəndanın doğru sevgisiyəm, gəl bir məktub yazım, onu apar ver Gülixəndana.

Bunları burada qoyaq, Gülixəndandan eşidək.

Gülixəndanın anası dedi:

– Qızım, gəl bu şahzadələrin birinə get, aradan qalmaqal yığışsın.

Çün Gülixəndan da Bəhram şahı yuxuda görmüşdür, odur ki, onun intizarın çəkirdi. Aldı görək anasına nə dedi:

Gecə-gündüz həsrətini çəkərəm,

Könlüm bir cavanın intizarıdır.

Nə qəlbim açılır, nə üzüm gülür,

Yoxsa mənim qəlbim qəm anbarıdır.


Uzaqdadır, əlim yetməz əlinə,

Bülbül olub qonanmadım gülünə,

Aşiq oldum söhbətinə, dilinə,

Yazıq canım onun cəfakarıdır.

Gülixəndan qara gəldi bu aylar,

Qalxanda sonalar bulandı göllər,

Sinəm üstdə bəslədigim tellər,

Şahzadə Bəhramın yadigarıdır.

Söz tamam oldu. Həbəşi qapıdan girdi, Bəhram şahın məktubun Gülixəndana verdi. Gülixəndan oxudu, gördü Bəh­ram şah ona belə yazıb:

Yorğun-yorğun səhraları gəzərəm,

Bir gözəl çəkdirib min əzab mənə.

Dərdlə, qəmlə bağrım başın əzərəm,

Çərxi-fələk verib bir hesab mənə.
Gedibdir əlimdəm külli-ixtiyar,

Sübh və şam çəkirəm mən də ahı-zar,

Sənə qurban olum, Gülixəndan yar,

Gündüz qərar yoxdur, gecə xab mənə.


Sən mənim sultanım, sən mənim xanım,

Bəhramam, oduna alışır canım,

Ağlama, sızlama, Gülixəndanım,

Bu tezlikdə göndər bir cavab mənə.

Söz tamam oldu, Gülixəndan dedi ki, sabah gələcəgəm, hansı çadıra gül atsam, onda olan şahzadəyə gedəcəgəm.

Sabah olub Gülixəndan gəlib Bəhram şahın çadırına gül atdı. Şahzadələr işi belə görəndə yığıldılar bir yerə ki, Bəhram şahı öldürələr. Gülixəndan öz qəsrinə qayıdandan sonra şah­za­dələr gecə Bəhram şahın üstünə töküldülər. Bəhram şah qı­lın­cın çəkib şahzadələrin hamısın öldürdü, sonra gəldi Güli­xən­danın yanına. Gülixəndan gördü ki, Bəhram şahın üstü-ba­şı qanlıdır, soruşdu:

– Nə olub?

Cavabında aldı Bəhram şah:

Yatmaram qəflətdə, uymaram xaba,

Səhər bu işlərin bir sədası var.

Aralıqda öldü şah oğlanları,

Bilmirəm başımın nə sövdası var.


Səhər olar, qoşun çıxar qaladan,

Ərşə bülənd olar ahı-nalan,

Haqq özü saxlasın bizi bəladan,

Hər kəsin könlündə haqq nidası var.


Qoşunum yox, səfdə dura, sultanım,

Sənə qurban olsun bu şirin canım,

Ağlama, sızlama Gülixəndanım,

Bəhramın Əli Mürtəzası var.

Söz tamam oldu, qoşun şahzadələrin ölməsindən xəbər­dar olub töküldü Bəhram şahın üstünə. Bəhram şah iki gün bunlarla cəng eylədi. Axırda Bəhram şaha gücləri çatmayıb qoşun dala qayıtdı. Bir əyyar var idi, adına Asəf deyirdilər. Dedi ki, mən Bəhram şahı tutaram.

Şirin şah dedi:

– Əgər onu tutsan, sənə böyük ənam verərik.

Asəf bir hiylə ilə Bəhram şaha bihuşdarı verib, huşdan gedəndən sonra qolların bağlayıb gətirdi şahın yanına. Sonra da gedib Gülixəndanı tutub gətirib Şirin şaha təhvil verdi. Şirin şah düstur verdi, bunların ikisin də zindana salsınlar. Bun­lar zindanda qalsın, eşidək Bəhram şahın qardaşı Hey­dərdən.

Heydərə xəbər getdi ki, qardaşı Hindustanda zindana düşüb. Durub Hindustana sarı yola düşüb gəlib Mahiənvarın qəsrinin yanından keçəndə Mahiənvar gördü ki, bir nəfər gə­lib, elə bildi ki, Bəhram şahın özüdür. Heydər gördü ki, qəsrin pəncərəsindən Mahiənvar baxır, dedi:

– Xanım, bu yoldan neçə müddət qabaq Bəhram şah adın­da bir cavan gəlib keçməyib?

Cavabında aldı Mahiənvar görək nə dedi:

Oturmuşdum, bu qəsrdən baxırdım,

Sən deyən o cavan tuş oldu.

Nişan verdim Gülixəndanın şəhərini,

Çox ağladı, ala gözlər yaş oldu.
Bilənmədim o cavanın halını.

Allah lal eyləsin rəqib dilini,

Xəbər aldı şəhri-Xotan yolunu,

Soyundu, geyindi xirqə baş oldu.


Mahiənvar, dərdinə et əlacı,

Eşqindən gəzərəm dağı, yamacı,

O, mənə qardaşdır, mən ona bacı,

Səni gördüm bircə dərdim beş oldu.

Söz tamam oldu, Heydər Mahiənvara aşiq olub, Ma­hiən­varı da alıb hər ikisi yola düşdülər, gəldilər Şirin şahın dər­barına. Heydər meydanına hərif istədi, nə qədər pəhlivan var idi, hamısın yıxdı. Axırda Şirin şah gördü daha bir pəh­livan qalmadı ki, Heydər yıxmasın, düstur verdi ki, gedin zin­dandan Bəhram şahı bunun meydanına gətirin.

Bəhram şahı meydana gətirdilər. Heydər Bəhram şahı görəndə qanı qaynadı, aldı görək nə dedi:

Uzaq mənzilləri yaxın eyləyib,

Baş götürüb bu meydana gəlmişəm.

Qardaşım Bəhramı salıb yadıma,

Baş götürüb bu meydana gəlmişəm.


Cavabında aldı Bəhram şah:

Gəl sənə söyləyim dilavər cavan.

Əbəs yerə bu meydana gəlibsən.

Bəhram atasının adını söylə,

Əbəs yerə bu meydana gəlibsən.
Aldı Heydər:

Bəhmən şahdır o Bəhramın atası,

Gülçöhrədir o cavanın anası,

Yaba deyil, budur sözün mənası,

Baş götürüb bu meydana gəlmişəm.
Cavabında aldı Bəhram şah:

Bu söz ilə cigərimi yandırdın,

Könlüm evin çırağın söndürdün,

Əcəb yerdə mən fağırı dindirdin,

Əbəs yerə bu meydana gəlibsən.
Aldı Heydər:

Gərək qıram əllisini, yüzünü,

Ağlar qoyam düşmənlərin gözünü,

Heydər deyir görəm Bəhram üzünü,

Baş götürüb bu meydana gəlmişəm.
Cavabında aldı Bəhram şah:

Yəqin bil ki, sözlərimdə doğruyam,

Misri qılınc qılafımda sovluyam,

Mən Bəhramam, şahın oğluyam,

Əbəs yerə bu meydana gəlibsən.

Söz tamam oldu, iki qardaş bir-birin tanıyıb qol-boyun oldular. Qoşun bunların üstünə həmlə elədi, iki qardaş qayıdıb qoşunun hamısın qırdılar. Sonra Gülixəndanla Mahiənvarı da götürüb gəldilər öz şəhərləri Şiraza. Bəhmən şah onlara qırx gün, qırx gecə toy tutdu.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə