Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə3/13
tarix01.02.2018
ölçüsü2,22 Mb.
#23029
1   2   3   4   5   6   7   8   9   ...   13

Kişi və iki qızı
Günlərin bir günündə bir kişi qızının birini verir bir dövlətliyə, birini də verir bir yoxsul oğlana. Bir varlı-karlı oğlana gedən qız çox qıtmır və kobud adam olur. Amma o birisi yoxsula gedən qız isə çox əliaçıq və mehriban olur.

Günlərin bir günündə yoxsul bacı gedir o birisi bacı­sıgilə. Deyir gedim görüm ki, bacım neylir, nə eləmir. Gedib yetişir onların evinə. Görür ki, bacısı nazik7 bişirir.

Dövlətli bacının gözü yoxsul bacıya düşür. Təndirdən çıxmış isti-isti naziyi qoyur qıçının altına. Və başlayır bacısı ilə danışmağa. Yoxsul bacı bunu görüb dözə bilməyib belə deyir:

Baxçada güllər, bacı,

Oxur bülbüllər, bacı,

Yançağın köməş yandırar,

Keçər bu günlər, bacı.

Dövlətli bacı ta görür ki, bacısı bunu yaxşı tanıyıb, qı­zarar-bozarar. Yoxsul bacı işi belə görüb xudahafiz eləməmiş öz evlərinə qayıdar.



Tülkünün tövbəsi
Tülkü heyvanatı daha da aldatmaqdan ötrü gedər həccə. Səs düşər kəndlərə ki, filan tülkü həccə gedib, ta əziyyətdən və fırıldaqdan əl çəksin.

Tülkü bir gün aşkara çıxıb belə söyləyir:

─ Getdim həccə, mənə bir dağda köhülün içində vəhy olundu ki, daha bundan sonra heyvan-quş əti yeməyəm. İstiyi­rəm ömrümün qalanını çıxıb gedim bir köhüldə (maqarada) ibadətə məşqul olum. Hər kəs istəyirsə mənə qoşulsun, gəlsin.

Quşlardan çoxu bunun sözünə aldanıb onunla bir yerdə köhülə sarı yola düşürlər. Tülkü köhülün ağzını tutub razı-niya­za məşqul olur. Bir gün-iki gün hamısı dostluqla yaşa­yır­lar. Nə bir quş birinə əziyyət edər, nə də bir-birilərinin çuqul­luqun edir­lər. Tülkü bu heyvanatı aldatmaqdan ötrü neçə gün aclığa dözür. Vəli, axırda aclıq ona zor gəlib, məcbur olur ki, öz əlin oxutsun.

Buna görə də tülkü quşları daha da aldatmaqdan ötrü birdən qulağını göyə tutub belə deyir:

─ Qulaq asın, qulaq asın, Allahdan vəhy olur ki, belə yaşamaq gərək deyil. Hamınız acından ölərsiz.

─ Tülkü qardaş, sən bir nəxşə çək ki, ətrafında olanlara aclıqdan nicat ver.

Tülkü belə deyir:

─ Ay qardaşlar, bu da Allahın vəhyi. Burda birtəhər eləməliyik ki, diri qalaq. Vəillah, hamımız acımızdan ölüb, Allahın əmri ilə cəhənnəmə gedərik.

Tülkü bir neçə quşu aldadıb onlarla himbir olur. Başla­yırlar əvvəl ördəkləri, qazları yeməyə. Bir müddətdən sonra təkcə üç heyvan qalır. Siçan, xoruz, göyərçin. Tülkü bəhanə dalısınca gəzirdi ki, bunları da yesin. Buna görə də günlərin bir günündə üzünü siçana tutub belə deyir:

─ Sən çox haramzadəsən, yerdələnsən, qorxuram yeri dəlib, camaət yanında mənim tövbəmi sındırmağımı aşkara çıxardasan. Və məni beləliklə biabır edəsən.

Ta siçan istəyir ki, ağzını açıb danışsın, tülkü onu bas­mar­layıb, yeyir. Bir neçə gündən sonra xoruzu girə salıb, belə deyir:

─ Sən banlamağınla indiyəcən camaatı oyatmısan, mən hardan bilim ki, dəxi bu işi görməyəcəksən?

Bu bəhanə ilə də xoruzu tutub yavaşca yeyir. İndi tül­küyə qoşulan heyvanlardan təkcə bir göyərçin qalmışdı. Tül­kü çox fikrə gedəndən sonra onu yeməkdən ötrü bir bəha­nə axtarırdı. Axırda belə deyir:

─ Sən indiyəcən xəlqin sirlərini məktub edib, hər ölkəyə yaymısan. İndi mən bu günün axırında necə sənə ina­nım? Mən gərək səni yeyəm, ta sən bu sirri başqa heyvanlara aşkar etməyəsən.

Beləliklə, tülkü onu yeyib, öz ibadətgahı adlandırılan köhülünü tərk edir.



Çarvadar nağılı

Bir kişi çarvadar imiş. Bir dəvəsi və bir eşşəyi ilə kənd­lərə duz daşıyarmış. Bunlar bir müddət işləyəndən sonra kara gəlməz olurlar. Çarvadar bunları bir çəmənə buraxır. Bu dəvə, bu eşşək o qədər yeyərlər ki, gün vurar bellərinə ki qızarlar. Dəvə qızınar, durar long-longla oynamağa. Bu halda görərlər yol qırağından zəng səsi gəlir. Eşşək deyir:

─ Dəvə qardaş, xoş o günlərə ki, biz də yük çəkirdik. Dəvə deyər:

─Yas eləmə, taza dalımız yaxşı olub, qoy dincələk. Eşşək deyər:

─ Dəvə qardaş, özümü saxlaya bilmirəm, anqırmağım gəlir. O da başladı anqırmağa. Bunlar burda, o birisi yolda da çarvadarın yük çəkdiyi eşşək ayaq salıb8 qalıb yolda. Çarva­dar qulaq asdı, gördü eşşək anqırmağı gəlir. Endi aşağı, gördü bir dənə dəvədir, bir dənə eşşək. Dedi:

─ Ay allah, işim nə yaxşı düz gəldi. Bunları apardı yolun üstünə, o eşşək ki yıxılmışdı, onun yükünü açdı, çatdı bu eşşəyə. O eşşək də ki ayaq salmışdı, onu da qoydu dəvənin üstünə. Bala-bala başladı yolunu sürməyə. Bir yerə yetişdilər, eşşək dəvəyə dedi:

─Yoruldum.

Dəvə dedi:

─ Demədim, anqırma.

Olar orda yoruldu, siz də burda şad olun.



ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR
A

Adam var, gözdən qırar,

Adam var, sözdən qırar.

Allah vuran ağacın (daşın) səsi çıxmaz.

Ağa gətirər navala, xanım tökər çuvala.

Ağac meyvəni dəyənə qədər böyüdər.

Atla igidin məkanı olmaz.

Atlı ilə piyadanınkı tutmaz.

Atlı ilə piyadənin nə şuxluğu var.

At var, meydan yoxdur; girdəkan (qoz) var, diş yoxdur.

At arıq, mənzil uzaq.

At almamış, noxta nədir.

At almamış, noxta davası edir.

At at olunca sahibi mat olar.

Atı at yanında bağlasan, at olar.
B

Bağırsağı tərsə düşüb.

Baxmaqla öyrənmək olsa, it qəssab olar.

Baqqal daşdan, siçan kişmişdən, Allah hər ikisindən kəsər.

Banlıyan toyuğu seyidə verərlər.

Başı bədəninə ağırlıq edir.

Başlı başın saxlasın.

Beş barmağını bal elə, sox boğazına, yenə də bilməz.

Bəxşiş tümən-tümən, hesab dinar-dinar.

Bərkdən min çıxar, boşdan bir.

Bəy berən atın ərkək-dişisinə baxmazlar.

Bilən bir gülər, bilmiyən min.

Bilirəm ki, nə yuvanın quşusan.

Bir dəvənin dərisi bir eşşəgə yükdür.

Bir gün də bir gündür.

Bir çeynəm saqqızın var, çeynə yapışdır anlıva.

Biri ölməsə, biri dirilməz.

Bir budağa çıxıb min bir budağı silkələmə.

Bir acıya da özünü saxla, bir ciciyə də.

Birgözlülər şəhri dəyilik.

Bir arxa su gəlib, güman var, genə gəlsin.

Bir başın min bir fikri var.

Bir həsir, bir də Məmməd Nəsir.

Bir əldə borc elə, öz başını saxla.

Birlik harda, dirlik orda.

Boğulan adam əlini kola-kosa atır.

Böyük başın böyük də bəlası olar.

Böyüyün böyük dərdi var, kiçiyin kiçik.

Bu dünya fanidür, fani, bu dünyaya qalan hani.

Burnuna adamlıq iyi dəyməyib.

Buyuranla siyirən yolulmaz.

Buğda olmayan yerdə darını gözə təpərlər.


Ç

Çalağan quş kimidir.

Çarəsizlikdən əlini kola-kosa atır.

Çağırılmamış qonaq süpürülməmiş yerdə oturar.

Çaqqal var, baş qopardır, qurdun adı bədnamdır.

Çaqqaldan qurd olmaz, tuladan köpək.

Çay nədir, say nədir.

Çənəsi boş adamın ağlı olmaz.

Çıraq öz dibinə işıq verməz.

Çobansız sürü olmaz.

Çörəkdə duz yoxdur, qorxma.

Çörəyə qatsan it yeməz, arpaya qatsan at yeməz.

Çörəyi bilməyən heç zadı bilməz.

Çörəkçidən, qəssabdan, kömürçüdən adama dost çıxmaz.

Çörəkçi öz evlərinə çörək yollasa, az yollar.

Çörəgi daşdan çıxardır.


D

Dağ darıxmadan doyşan darıxır.

Dar yerə min dost sığar, bir düşmən sığmaz.

Dedim eşidəsən, demədim öyrənəsən.

Deyir, halva biş, ağzıma düş.

Dəvənin ölüsü sərvana bir yükdür.

Duzu yeyib duzluğu belinə bağlama.

Düzlük xoşbəxtliyin açarıdır.



E

Elə ev var ki, yağ tök, ye.

El arxası çəmən olar.

Elm ağılın çırağıdır.

Eşşəyin bığı çıxmaz, deyər mən körpəyəm.

Ə

Əlindən gələni beş qaba çək.

Əli yanan ağzına təpər.

Əl əli tanır.

Əlli əlli üstə, bir əlli də onun üstə.

Əlivi qoy ürəyivə (Yəni arxayın ol, xətircən ol).

Əlin yağlıdır, öz başına çək.

Ət dırnaqdan olmaz.



F

Fərli fərih falını içər.



G

Gəzən ayağa daş dəyər.

Gördün lotu, salam ver otur.

Gördün yemək, daha nə demək.

Görünən dağın uzaqlığı yoxdur.

Günü bacada, suyu kuzədə görübdür.



H

Harda birlik var, orada dirlik var.



X

Xam bərəkallahı ilə böyüyənin heç zadı olmaz.



İ

İki ayağın bir başmağa təpdi.

İki tülkü bir şiri yeyər.

İt əlindən sümük kəmirmək olmur.


K

Keçinin qoturu sərçeşmədən umar.

Kor atın kor nalbəndi olar.
Q

Qan-tər ilə çörək qazanır.

Qarışqanın əməli azsa, qanad-quyruq çıxardar.

Qarnında qırx tülkü var, quyruqları bir-birinə yetişməz.

Qanmazın əyilsən başmaqın cütləyəsən, adamın yanını dişlər ki, bu da bir ədəbdəndir.

Qatırdan soruşdular ki, atan kimdir?

Dedi: Dayım atdır.

Qaqa olmayan yerdə iydəyə qaqa deyərlər.

Qəlbir qəlyana deyir iki dəlikli.

Qız evlərdə tanınar, ipək dəzgahda.

Qüssədən qanım su olub, ürəyim qan.

M

Mən deyirəm, damdan – dama,

O deyir, kürkümü yama.

O

Oğru özü ev olmaz, xalqın evin yıxar.



S

Su aydınlıqdır, öz qapuva cala.



Ş

Şorbanın duruluğu dənin yoxsulluqundandır.



V

Varlılığa tələsən, yoxsulluğa tez düşər.

Vətən həsrətini çəkdim, gözlərimə qan gəldi.

Y

Ya ölər öküz, ya çıxar çuğundur.



İZAHI OLAN ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR
Boynu elə bil əlbuxara torbasıdır
İzah: Əlbuxara - albuxara, buxara alısı. Məmulən, bu ata­­lar sözünü müftəxor, boynuyoğun adamlar haqqında işlə­dərlər. Təbriz şəhərində bu atalar sözü, adətən, müftəxor din xadim­lərinin haqqında işlədilir. Qədim illərdə qurumuş albu­xaranı az yer tutmaq üçün kisələrə doldurardılar və bu torba adicə halından çıxardı. Buna görə molla boynunu buna oxşa­dardılar.
Birini yeyir, birini də baş altına qoyur
İzah: Adətən, bu istilahı Azərbaycan xalqı iki mənada işlə­dir. Bir mənası budur ki, adam gərək sabahının fikrində ola, tənha bu günü fikir eləmiyə. İkinci mənası ki çox dərin surətdə özünü göstərir, budur ki, bəzi adamlar öz işlərində oğurluqla-ayrılıqla çalışırlar hər nə cür olsun, özlərinə pul yığsınlar.

Əli kəsigin dərdini əli kəsik bilər
Azərbaycan xalqının folkloru çox zəngin və mənalıdır. Elə aşağıdakı atalar sözünün yaranması ilə bağlı olan məlu­mat el yaradıcılığının Azərbaycan xalqının həyatı və varlığını qorumaq üçün nə kimi böyük mənalar daşıdığını aydın gös­tərir. Bu atalar sözü Azərbaycan xalqının içərisində geniş ya­yılmış və dərin mənalı bir ata sözüdür. Yoxsulların əlinin əməyini vəhşicəsinə qarət edən hökmdarların, torpaq sahiblə­ri­nin və istismarçıların mənafeyini qoruyan din xadimləri zəhmətkeş və əlilə işləyib yeyənlərə o qədər ağır şərait yara­dırlar ki, qan-tər ilə ələ gələn çörəyə güvənən insanlara oğur­luq ilə bir tikə tapmaqdan sonra daha bir yol qalmır. Belə bir şəraitdə yoxsulluqdan oğurluğa əl vuran cavanların və arvad-kişilərin vəhşicəsinə əllərini kəsirlər.
Əli kəsigin əli kəsikdən xəbəri olar
Bir gün var idi, bir gün yox idi. Bir şah var idi ki, onun zülmü ərşə qalxmışdı. Onun darğaları quduz qurd təki xəlqin qanına daraşmışdı. Demək olar ki, o şahın dövründə varlıların və dövlət məmurlarının zor-zorakılığı, qan tökməsi, xəlqin namusuna təcavüz eləməsi və xəlqin atadan-babadan qalan ənənələrinə xor baxmaları riyakar din xadimlərimizin fitvası ilə şəri-xələt ki xalqın qanını şüşəyə tutmuşdular. Minlərlə in­san günahsız ola-ola, ölümə və ağır zindanlara məhkum olun­muşdular. Belə bir vəziyyətdə bir qərəbəxt insan şahın qan­soranlarının əlinə düşüb şahın yanına aparılır. Şah bunun sö­zünə qulaq asmaq əvəzinə hökm edir, hazır olan cəlladlar bal­ta ilə onun əlini kəssinlər. Bu zəhmətkeş və günahsız insan be­lə bir şəraiti görüb anlar ki, belə bir cinayətkar şahın qaba­ğında yalvarmağın heç nəticəsi olmayacaq və qansoranlar öz bildiklərini eləyəcəxlər. Buna görə, məcbur ola-ola, özünün müqəddəs, şərəflə çörək qazanan əlini cəlladların qabağına uzadır. Cəlladlardan biri onun əlini bir balta zərbəsilə elə vurur ki, kəsilmiş əl üç-dörd qədəm o yana atılır. Əli kəsilən adam şahın və qolun dövrəsini alan cinayətkarların gözünün qabağında huşdan getməmiş qaçıb kəsik əlini qan şoruldaya-şoruldaya bağrına basır. Onun bu işi oradakıların hamısını heyrətə salır. Şah təəccüb edib tapşırır, məmurlar (sirri işlə­rinə yetişən adamlara o zaman şahın göz-qulaği deyərdilər) bu işin sirrini tapmaqdan ötəri o adamı hara getsə təqib eləsinlər. Bu əli kəsilən adam kəsik əli götürəndən sonra huşdan gedib, bir müddət keçir, ta ayılıb yola düşür. Əli kəsilən hara gedir, bu gizli məmurlar da müxtəlif libaslarda onu təqib edirlər. Bir neçə gündən sonra bu kişi bir yerə yetişib görür küçənin o biri tərəfindən bir əli kəsik keçir. Kişi o yan-bu yana baxıb kəsik əli qoltuğundan çıxardıb ona tərəf atır. Bu vəxtdə onların ikisi də huşdan gedirlər. Şahın məmurları əli kəsiyi qısdı-qıvraq tutub şahın yanına aparırlar. Zülmkar şah ondan istəyir ki, onu o sirrdən agah etsin. Əli kəsilmiş insan bir şəraitdə ki nif­rətli ürəgi od tutub yanırdı, belə deyir: “Əli kəsigin əli kəsik­dən xəbəri olar”. Zülmkarların təxtini xəlqin nəhəq yerə tökü­lən qanlarından yaranmış sel aparmayınca onlar həmişə yuxu­da, xiyalda yaşayırlar.
Hər şeyin təzəsi, dostun köhnəsi
Bir dünyagörmüş kişinin təzə boya çatmış bir oğlu var idi. Bu oğlan hər gəlib-gedənlə dostluq edirdi. Adamların yax­­­­şı­lıqını istəmək nəzərdə tutub, öz ürəyinin sirrini hamı ilə araya qoyurdu. Atası bunu bir müddət nəzərdə tutub bunun dostlarını tanıdı. Anladı ki, oğlunun dövrəsinə yığışan adam­lar hamısı pula, yemək-içməyə yığışıblar. Bunların heç birinə yaman gündə köməklik intizarı ola bilməz. Buna görə də oğluna dedi:

─ Ay oğul, dünya həmişə belə qalmaz. Həmişə adamın pulu olmaz, cavanlıqı olmaz, çalış bir iddə düzgün, zəhmətkeş adamlarla dostluq elə. Yoxsa sonra peşiman olarsan.

Oğlan atasının sözündən narahat olub, belə dedi:

─ Ay ata, sən mənim dostlarımı tanımırsan. Bunlar hazırdırlar ki, mənim yolumda canlarından keçsinlər.

Ata oğlunun bu sözlərini eşidib narahat olub belə fi­kir­ləşdi. Oğul ki suyu kuzədə, günü bacada gördü, heç vaxt dün­yanı başa düşə bilməz. Buna görə də həyatda görməlidir ki, kimlə dostluq etsin, kimlə etməsin. Ona görə günlərin bir günündə oğluna dedi:

─ Oğul, gəl gedək bu dostlarını imtahan eləyək.

Oğul dedi:

─ Mən hazıram ata.

Atası bir dəstə qoyun-kəlləpaçası alıb doldurdu bir tə­lisə, kəllənin qanı təlisi buladı. Düşdülər yola, getdilər yetiş­dilər bir dostun evinə. Oğlan qapını döydü. Və dedi:

─ Dostum, mənim əlimdən bir xəta çıxıb, xahiş edirəm mənə köməklik elə.

Bu adamın gözü təlisə düşüncə oğlanı yaman-yozula ata­sı ilə bərabər qapıdan qovdu. Ata dedi ki, gəl başqa dostu­nun qapısına.

Onlar çox getdilər, az getdilər yetişdilər dostlarının qa­pı­sına. Yenə də oğlan atası deyən sözləri bu yoldaşına dedi. O da o biri dostu kimi qoymadı bunun sözü ağzından qurtarsın. Ta anladı ki, bunun ona işi düşüb, başladı onlara etiraz etməyə. Və onun bütün dostları müxtəlif bəhanələrlə onları rədd etdilər. Kişi işi belə gördükdə dedi:

─ Oğul, gəl mənim də bir qocalmış dostum var, onu da bir imtahan edək.

Kişi oğlanı salıb yanına birlikdə getdilər qocanın ya­nı­na. Qapını döyən kimi ev sahibi çıxdı qapıya. Ta gözü öz dos­tuna düşdü, onu bağrına basıb qoymadı ki, bir kəlmə söz de­sin. Axırda kişi dedi:

─ Vallah mənim bir işim xətaya üz verib. Bir nəfəri öldürüb doldurub bu təlisə. Əyər mümkün olsa, bu təlisi giz­lət, görək başımıza nə gəlir.

Kişinin dostu qoca təlisi tez ondan alıb, dedi:

─ Siz gəlib evdə istirahət edin, mən hər işi özüm gö­rərəm.

Kişi üzünü oğluna tutub dedi:

─ Oğul, gördün, dostla dostun nə qədər fərqi var. Əyər belə olmasaydı, atalar heç vaxt deməzdilər ki, hər şeyin təzəsi, dostun köhnəsi.
Elə bil günbəz ayısıdır

(Kənbahan ayısıdır)

Günbəz Tufarqan Azərşəhr adlanan bir kəndin yanında yerləşən bir kəndin adıdır. Bu kənd Səhənd dağının ətəyində yerləşib. Məmulən Səhənd dağında çoxlu ayı yaşayır. Və bu kəndin ayısı da çox məşhurdur. Bu atalar sözü (Elə bil Kən­bahan ayısıdır) o adamlar haqqında işlədilir ki, öz mənafe­lə­ri­ni xalqın mənafeyindən üstün tutur və öz işlərinin irəli get­məsi üçün zor-zorakılığı və xalqın haqqını payimal eləməyi çox təbii bir iş sayırlar. Və bəzən bir adamın şəkli üzərində də, həd­dindən artıq kök olan adama da Kənbahan ayısı deyirlər.


Bu da eşşəyin sürür ki,

mən də mamağanlıyam
Xalq arasında olan rəvayətə görə mamağan-məməqan sözüdür ki, dövrümüzdə mamağan şəklində işlənir. Keçən əsr­lərdə bu kəndin igid və qoçaq cavanları, kişiləri, karvan­çılıqla məşqul olurdular. Və bu işdə bu qədər mahirləşiblər ki, Azərbaycanın hər yerində mamağanlıların qoçaqlıqı və iş bacarıqları dildən-dilə düşüb. Və bu söz ─ bu da eşşəyin sürür ki, mən də mamağanlıyam ─ o adamların haqqında deyilir ki, bir işi bacarmaya-bacarmaya boş-boşuna iddəa edirlər.

Mərənd ölüsü
Mərənd şəhəri Azərbaycanın Mişo dağlarının ətəyində yerləşən bir abad yer adıdır. Bu şəhər qədim zamanlarda Türkiyə və Rusiya yollarının üstündə qərar tutmağa görə çox əhəmiyyətli bir yer olubdur. Bu şəhər məşrutiyyət inqilabında da bir strateji əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, Azərbaycan xalqı keçən əsrlər­də oda inanıb və özünün müqəddəs ənənələrini sadəcə olaraq çox ürəklə və pak arzularla yerinə gətirirmiş. Sonralar ərəb işğalçılarının təhmül etdikləri islam dini yerli xalqın bütün adətlərini, inamını, müqəddəsatını vəhşicəsinə payimal edib, əvəzinə təzvir və riyakarlıqları yerinə yetirir. Və islam dininin şiə qolu onların hamısından çox xalqlara xəyanət edibdir. Demək olar ki, şiə və din xadimlərinin zahirdə birlik və bərabərlik şüarına baxmayaraq bütün xalqlar içində nifaq törədir. Və belə bir işi ilə osmani (türk) xalqları ki, sünni idilər, illər boyu onlarla döyüşürdülər.

Bu şiəyə inanan müsəlmanlar ölü mərasimini daha çox uzadaraq ölü ailəsini çətin vəziyyətə salırdı. Ölünün birinci günü, ikinci günü, cümə axşamı, cümə günü, yeddinci günü, qırxıncı günü və ili və s. günlərdə hamısı ailənin müflüsləş­məsində böyük bir rol oynayırdı. Və bu Mərənd ölüsü sözü belə nəzərə gəlir ki, keçən zamanlarda bu şəhərdə irticaçı din xadimlərinin zorakılıqı ilə ölü mərasimi başqa şəhərlərdən daha çox uzadılırdı.
Bir çimdiyi bilməyən,

bir anbarı da bilməz
Bir padşah var idi. Bu padşahın bir gözəl qızı vardı. Qız boya-başa çatan zaman şah şəhərdə car çəkdirir ki, hər kəs şahın anbar duzunu yeyib qurtarsa, öz qızımı ona verəcəyəm. Şəhərin camaatı üz qoyar şahın sarayına. Hər kəs başlar bu duzdan bir az yeməyə. Biri gələr bir ovuc yeyər, biri gələr bir batman yeyər, biri gələr iki batman yeyər. Xülasə, heç kəs eləyə bilməz ki, bu anbar duzunu yeyib, qurtarsın. Günlərin bir günündə bir düşüncəli oğlan şahın qızını almaqdan ötrü duz anbarına gedir. Və özünün elçiliyini qıza bildirir. Və çə­ki­lən cara görə bu oğlanı duz anbarına aparıb ondan istəyirlər ki, duzu yesin. Oğlan bir çimdik duzdan yeyəndən sonra çəkilir kənara. Kənardan baxanlar deyirlər ki, necə oldu ki, əl çəkdin. Buradan çoxları gəliblər bir batman, on batman duz yeyiblər, vəli, şah qızını onlara verməyib. Oğlan deyər ki, siz şaha deyin ki, mən onun qızını istəyirəm. Oradakılar dedilər ki, bu oğlan yəqin ki, ağlın itiribdir. Bu şaha gedib xəbər verilir. Şah oğlanı hüzuruna qəbul edir.

Şah oğlana deyir:

─ Məyər eşitməmisən ki, mənim qızımı istəyən adam gərək bir anbar duz yesin?

Oğlan cavabında deyir:

─ Qibleyi-aləm sağ olsun, mən sizin dəsturunuzu eşit­mişəm. Vəli, onu da bilirəm ki, bir çimdiyi bilməyən, bir anbarı da bilməz.

Şah bir qədər fikrə gedib, oğlanın sözünü düzgün qəbul edib, öz qızı ilə onun evlənməsinə razılıq verir.


Qəmiş qoyma

(birinci variant)
Cənubi Azərbaycanda, ümumiyyətlə, bu söz o vaxt iş­lənilir ki, bir nəfər özbaşına ya ona mərbut olmayan işlərə başın soxur. Qəmiş qoymanın Azərbaycanda müxtəlif forma­ları vardır: 1. Qədim zamanlarda Kufə şəhərində bir məscid varmış ki, onun kəndarı hər axşam öz-özünə yanarmış. Bir gün şamlar sönür. Orda olan məşhur adamlar heç bir iş görə bilmirlər. Ömər istəmirdi ki, Əlidən soruşsun. Amma məcbur olur onun yanına getsin. Və ondan soruşur ki, nə etmək olar ki, bu şamlar yenidən yansın?

Əli cavab verir:

─ Yeddi ağaclıqda bir it ölüb, əgər istəyirsən məscidin şamları yansın, gərək ora gedib o itin qarnını püfləyəsən.

Ömər canının dərdindən o nişan verən yerə gedib çox axtarandan sonra iti tapır. Görür bu it elə qoxuyub ki, əslən yaxınlaşmaq mümkün deyil. O yan-bu yan gəzib bir qəmiş tapır. Uzaqdan qəmişin vəsiləsilə o iti püfləyir. Qayıdır məs­cidə, görür şamlar yanmır. Əlinin yanına gedib, səbəbini soru­şur. Əli cavab verir ki:

─ Ömər, get, vəli, qəmiş qoyma.
Qəmiş qoyma

(ikinci variant)
Qədim zamanlarda xalqların düşməni olan imperialist dövlətləri və ölkənin düşməni olan ərbablar və xanlar müxtə­lif siyasətlə xalqın geridə qalmasını istəyirdilər. Və bu yolda ingilis imperialisti şərq ölkəsində tiryəki yaymaqla çoxlu müddət müvəffəq olur. Tiryəkxanalar o qədər çox olur ki, hər küçə-bazarda onu tapmaq olur. Bu tiryəkçəkilən qəhvəxana­larda tiryəkin tüstüsü göyə qalxarmış. Onların ki pulu yox­muş, tiryək çəkənlərdən gizli duvarın dalısında gizlənib, tir­yək çəkilən manqanın üstünə qəmiş uzadarmışlar. Və belə­liklə, o qəmişlə tiryəkin tüstüsünü çəkib, nəşələ­nərmişlər. O tiryəkçəkənlər ki qəmiş uzatmasını görərmişlər, onlara qışqı­rar­larmışlar ki, ay bala, qəmiş qoymayın.

Şərti şuxumda kəsərlər
Bu atalar sözü xüsusi malikiyyət dövründən qalmış bir ni­şanədir. Keçən əsrlərdə və hazırki dövrdə kəndlərdə yaşa­yan qa­ra ailələr (torpaqsız) onların ki yerləri öz ailələrini təmin etmirdi, onlar məcburi halda bir mülkədardan şərakət yer götürüb və aralarında keçən şərt üzündən o yeri əkib və hasilat bölürdülər.

Çox vaxt da şərt arada məlum olmayan zaman o yer sahibi zorakılıqla yerdən gələn məhsulların hamısını özü götürmək istəyirdi. Çox vaxt arada duşan döyüşün sayəsində neçə nəfər də öz canını əldən verirdi. Və ya neçə illik dostluqları pozulurdu. Buna görə də atalar deyiblər ki, adam hər işdən qabaq gərək gələcəkdə düşən ittifaqları nəzərdə tutsun. Şərakətli yerdə toxum səpməmişdən qabaq öz şərtini kəssin və sonraya söz qalmasın.


Hökmavar9 uzaq, kərdisi yaxın
Bir nəfər çox yalan danışarmış. Həmişə özündən tərif deyib və özünü bir zirək, qüvvətli bir adam kimi tərif edirmiş.

Günlərin bir günündə bir yerdə oturub belə deyir:

─ Mən bir dəfə Hökmavarda yeddi kərdini birdən atıl­dım. Orada olan adamlardan biri ki onun yalan deməsindən həmişə narahat olub və əza çəkirmiş, belə deyir:

─ Hökmavar uzaq, kərdisi yaxın. (Yəni bir iş görən adam olsaydın, indi də əlli-ayaqlı olardın).




Gön günah deyən şeyxlərdəndir
Ziyalı xalqımızın hər bayatısı və atalar sözü və məsəlləri həyatdan ilham alıb və demək olar ki, həyatın eniş-yoxuşunu, zülmkarların nifrətli yaşayışlarını, riyakar və fırıldaqçı din xadimlərinin pərdə dalısında olan kəsif həyatlarını ateisti məsəllərdə, hekayələrdə, tənzlərdə çox incəliklə aydın surətdə göstərmişdir. Bu “Gön günah deyən şeyxlərdəndir” məsəlinin kökü belədir:

Təbrizdə bir bazar vardır ki, orada gön satanların mağazası vardır. Bu səbəbə görə ora gönçün bazar deyərlər. Bu bazarda belə rəsm vardır ki, əyri olan gönləri hər mağa­zanın qabağında yerə salarlar ki, gəlib-gedən onların üstündən keçib və onlar bala-bala xəlqin ayaqının altında düzəlsin.

Xalqın namusuna və ənənəsinə xor baxan şeyxlər ki yaşayışları zəli təki qansormaqla keçir, məmulən bu bazardan keçən şeyxlər çalışırdılar ki, o gönləri ayaqlamasın. Və bunun da səbəbi belə deyirdilər ki, çün imkanı var gön sahiblərinin rizayəti olmasa bu işi görmək günah sayılar. Ona görə də razı olmayırlar ki, gönləri ayaqlasınlar. Düşünən xalqımız bunla­rın bu boş-boş sözlərinə inanmayıb onlara günah deyən şeylər ünvanını verməklə onları daha da rüsvay edirlər.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə