_________Milli Kitabxana_________
150
Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının
Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan
adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2
qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər əra-
zisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq dü-
zəldərək satar, ailəsini dolandırarmış.
Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əz-
bərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun
şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir ya-
zanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən
qarışıq düşmüşdür. Alməmmədin qoşduğu, çox incə mətləblərə
toxunan düşündürücü şeirləri olmuşdur. “Görmədim” divanisini
M.P.Vaqif üslubunda söyləmişdir:
Dünya, sənin gərdişinlə başa vuran görmədim,
Qəhr oldu aləm, qəhr işindən, can qurtaran görmədim.
Bilmirəm ki səbəb nədi, şadı qəmgin eylədin?
Abadanı viran qoydun, artdı haran görmədim.
Kəsilməz mürdə karvanı, qəflə işlər, köçər gedər,
Nə İmranlar nakam qoydun, didəsindən yaş gedər.
Yetmiş iki millət var, əli səndən boş gedər!
Yanısınca malı-dövlət, pul aparan görmədim.
Alməmmədəm, bu dünyada bir nişanam qalmadı,
Getdi əldən qohum-qardaş, atam, anam qalmadı.
Süleyman tutdu dünyanı, dedi: mənəm, qalmadı.
Bir kəs ilə heç düz ola sənin aran görmədim.
El şairi Alməmmədin “Görmədim”lə yanaşı, “İnsan”, “Şirin-
şirin”rədifli daha iki qoşması da oxuculara tanışdır [85-5,7].
Aşıq Musa Səfəroğlu Göyçə mahalının Ağkilsə kəndində ana-
dan olmuşdur. Qeyd olunmalıdır ki, indiyədək onun barəsində olan
yazılarda yanlışlığa yol verilmiş, Göyçənin Qaraqoyunlu kəndindən
olduğu göstərilmişdir. Bu səhvlik vaxtı ilə Azərbaycan Sovet Ensik-
lopediyasında da təkrar olunmuşdur. Lakin İslam Ələsgər bu anla-
şılmazlığa aydınlıq gətirmiş, əsil faktları diqqətə çatdırmışdır.
_________Milli Kitabxana_________
151
Aşıq Musa ilk təhsilini xüsusi məktəbdə alıb. İkinci məktəbi
Göyçə aşıq mühiti olub. O, ustadlardan aşıq şeirinin incəliklərinə
yiyələnib, saz havalarının mahir ifaçısı kimi tanınıb. Yalnız bun-
dan sonra uzaq səfərlərə çıxıb.
Aşıq Musanın yaradıcılığı çox zəngin olmuşdur. Təəssüf ki,
şeirlərinin çoxu itib-batmışdır. Əldə olunan şeirlərinin əksər his-
səsi Göyçənin Sarıyaqub kəndində yaşamış, axırıncı qaçqınlıqda
Gəncəbasara pənah gətirmiş və vətən həsrətinə dözməyərək, dün-
yasını dəyişmiş nəvəsi, “Torpağında izim qalan Göyçə” kitabının
müəllifi Müşkül Musadan yazılıb oxuculara təqdim olunmuşdur.
Müşkül Musa babasının adını daşımaqla həm də onun sənətini
yaşatmışdır.
Aşıq Musanın əldə olunan şeirləri onun yaradıcılığı barədə
fikir söyləməyə imkan verir. Onun şeirləri içərisində aşıq yara-
dıcılığının bütün növlərinə aid nümunələr vardır ki, bu da onun
yaradıcılığının forma rəngarəngliyindən xəbər verir. Bir çox
şeirlərindən ehtimal etmək olur ki, onun “Dağıstan səfəri” adlı bir
dastanı da varmış.
Aşıq Musa aşıq şeirinin ən mürəkkəb şəkillərindən məharətlə
istifadə edib. Bir çox sənətkarların yetişməsində əlindən gələni
əsirgəməyib. Söz düşəndə qocaman sənətkarlar Musanın hazırca-
vab, qürurlu, şəxsiyyətinə hörmət edən, heç kəsdən çəkinməyən,
sözü üzə şax deyən adam olduğunu danışardılar. Deyilənlərə görə,
Musanın düşmənləri çox olub, hətta onu bir vaxtlar təqib də edib-
lər. El aşığı ömrünün bir qismini səfərlərdə keçirib. Dəfələrlə
Türkiyə və İrana səfərlər edib. Aşıq Ələsgərlə Türkiyə səfərinə dair
dastan da yaranıb. Şeirlərindən bəlli olur ki, Aşıq Musa şair kimi
kamil sənətkar olmuşdur. Onun “Nə günahı telli sazın?” gəraylısı
yalnız lirizmi ilə deyil, həm də tutarlı məzmunu ilə aşıq şeirində
xüsusi yer tutur. Sazı cadugar mollalardan müdafiə edən aşıq deyir:
Məclisləri abad eylər,
Nə günahı telli sazın?
Məlul könüllər şad eylər,
Nə günahı telli sazın?
_________Milli Kitabxana_________
152
Yeki şəcər, yeki dəmir,
Ara vurmur, yalan demir,
Qazı kimi rüşvət yemir,
Nə günahı telli sazın?
... Musa vəsfin söylər saza,
Ruh verir gəlinə, qıza.
Oxşamayır şeyidbaza,
Nə günahı telli sazın?
Aşıq yaradıcılığına dair məqalə və kitab yazan bir çox elm
adamları din xadimlərinin aşıq musiqisini haram buyurmağı ba-
rədə dolayısı ilə açdığı söhbətlərində həmişə Aşıq Musanın yuxa-
rıdakı şeirini misal çəkmiş, söz sənətinin paklığını və müqəddəs-
liyini aşığın ifadələri ilə bir daha təsdiq etmişdir.
Sazı, aşıq sənətini din xadimlərinin haqsız hücumlarından
qoruyan aşıq göstərir ki, sazın və saz çalmağın heç bir günahı
yoxdur. Əksinə, saz məclisləri abad edir, qəmli könülləri şadlan-
dırır. Saz insana ruhi qida verir. Saz çalmağın günah olduğunu id-
dia edən ruhaniləri ifşa edir. Aşıq bu şeirində bir-birinə zidd olan
iki cəbhəni – saz sənəti ilə onun haram olduğunu deyənlər cəbhə-
sini qarşılaşdırır. Hansı cəbhənin əməlləri günah sayılmalıdır?
Şənlik məclislərinə yaraşıq verən, insanların könlünü açan, həyatı
sevməyə, onu duymağa çağıran, təbiət və insan gözəlliklərini vəsf
edən, onlara mərdlik, səxavətlilik, düzlük, vətənpərvərlik, qəhrə-
manlıq duyğuları aşılayan saz sənətimi, yoxsa saz sənətini haram
buyuranların ara vurmaları, yalan danışmaları, rüşvət yemələri,
şeytançılıqları, cadu yazmaları, sələmçiliklə xalqı soymaları kimi
əməllərimi?! Cavab özlüyündə aydındır.
Aşıq Musanın yaradıcılığında dövrünün ictimai haqsızlıqları-
na qarşı bir etiraz sədası duyulmaqdadır. Zəhmətkeşlərin ağır hə-
yat şəraiti, ağaların, bəylərin, mülkədarların özbaşınalığı, çar çi-
novniklərinin xalqa amansız divan tutmaları, xüsusilə yaz əkinçi,
qış dilənçi olan kəndlilərin keçirdiyi məşəqqətli günlər aşığı
hədsiz dərəcədə kədərləndirir:
Dostları ilə paylaş: |