18
ictimai məzmunudur, məfkurəsinin xalq mənafeyinə tabe
tutulmasıdır. Şer atəşinə məruz qalan qara hədəflər Xəlil Rzanın
ictimai düşmənləridir. “Qara hədəfə atəş” silsiləsində gərgin döyüş
gedir. Bu döyüş tərəqqi ilə irtica, düzlük ilə yalan, cəsurluq ilə
qorxaqlıq, yurdsevərlik ilə milli satqınlıq, zəka ilə nadanlıq
arasındadır.
“Məndən başlanır vətən” (1988) kitabındakı satirik şerlərə
X.Rza “Ələkbər Sabir işığında” adı vermişdir. Satirik ruh,
zəmanədən şikayət, cəmiyyətdəki neqativ hadisələrə kəskin tənqidi
münasibət və bunların satirik vasitələrlə təqdimatı həmin kitabdakı
şerlər üçün səciyyəvidir. “İftiraçıya”, “Heç bir ehtiyat!”, “Verin
mənim haqqımı!”, “Sənin ölümünü gözləyənlər var”,
“Toxunmadım ilana” kimi əsərlər satirik boyalarının həyatiliyi ilə
diqqəti daha çox cəlb edir.
Keçən əsrin 90-cı illərində X.R.Ulutürkün “Ayla Günəş
arasında” (1992), “Uzun sürən gənclik” (1994), “Mən Şərqəm”
(1994), “Azadlıq” (1998) və başqa şer kitabları çap olunmuşdur.
Sədaqətli zövcəsi Firəngiz xanım Ulutürk şair dünyasını
dəyişəndən sonra onun irsini səhmana salmış, ondan artıq şer,
poema və
tərcümə kitablarını, bəzi elmi əsərlərini,
gündəliklərindən nümunələri nəşr etdirmişdir.
Uyarlı dövlət sərəncamlarına əsasən X.R.Ulutürkün iki cildlik
və beş cildlik seçilmiş əsərləri nəşrə hazırlanmışdır.
* * *
X.R.Ulutürk onlarla irili-xırdalı poemanın müəllifidir. O,
poemanı poeziyanın seçmə janrı hesab edirdi. Belinskinin: “Poema
həyatı onun ən mühüm məqamlarında ehtiva edir” - fikrini izah
edərək, yazırdı ki, həyatdakı hər şey poema üçün mövzu və bədii
material ola bilməz. “Poema mütləq qəhrəmanlıq, nəciblik, ləyaqət,
vətənpərvərlik, fədakarlıq ruhu ilə dolu olmalıdır. Hətta, poemada
müsbət qəhrəman olmasa belə, müsbət ideal mütləq olmalıdır”.
19
X.Rzanın poemaları epik vüsətə malikdir. Brest qalası
qəhrəmanı Əliheydər İbrahimovun şücaətlərinə, onun sevgilisi
Asya xanımın fədakarlığına həsr olunmuş “Məhəbbət dastanı”,
ataların mübarizə və hümanizm estafetini davam etdirən oğullara
dair “Atalar-oğullar” poeması, Söhrab Tahirə xitabən yazılmış “Az
ömürlü ağ günlər”, Xəzər qasırğalarında vəzifə başında həlak
olmuş qəhrəmanların xatirəsini əbədiləşdirən “Tufandan güclülər”
- geniş epik təsvir və təhkiyəsi ilə seçilən bədii nümunələrdir.
Şairin ilk sanballı poemalarından biri “Hara gedir bu dünya?”dır.
Bu əsər Azərbaycanı ikiyə bölən, bəşər mədəniyyətinə dahilər
vermiş bir xalqı
əslindən-kökündən,
ənənələrindən,
mənəviyyatından qoparmağa çalışan qara qüvvələrə qarşı poema-
pamfletdir. Əsər ekspozisiya və doqquz bölməsindən ibarətdir. “İki
qardaşın söhbəti” adlı bölmə tariximizin parlaq və şərəfli
səhifələrindən biri olan Cənubi Azərbaycanda milli demokratik
hökumətin bərqərar olması mövzunun və ideyanın predmetinə
çevrilmişdir. Cənubda azadlıq uğrunda mübarizə tarixinin ən
mühüm mərhələləri, həmin mübarizənin Firudin İbrahimi kimi
tanınmış öndərləri, təmənnasız qəhrəmanları, cəsur fədailəri, milli
hökumətin qurulması, torpağın kəndlilərə paylanması, ana dilində
məktəblərin açılması, ilk Ana dili dərsliyinin işıq üzü görməsi ideal
qardaşları olan Söhrab Tahirlə şairin söhbətində ifadə edilmişdir.
Qalx ayağa, Vətənim!
Bu xoşbəxt ölümümlə nümunəyəm mən sənə.
Səs ver mənim səsimə Xəzərin ciyərilə.
Bütün Babəklərinin, bütün Kərəmlərinin,
Bütün Nəbilərinin birləşmiş hünərilə!
Bu gün mənim ölməyim, mənim qanlı köynəyim
Sənin mübarizənin başlanğıcıdır hələ.
Hələ dağ başındadır işıqlı mərhələ.
O işığın uğrunda mən ölümə gedirəm.
Al, sənə bəxş edirəm,
20
Qızıl bayrağın olsun
Güllədən deşik-deşik al qırmızı bədənim!
Qalx ayağa, Vətənim!
Qalx ayağa Vətənim!
Qəhrəmanlığın fəcilik ilə vəhdəti və qələbəsi poemanın bu
misralarında çox zəngin boyalarla canlandırılmışdır. Şairin SSRİ
rejiminə qarşı ağır ittihamnamə kimi səslənən ən təsirli
poemalarından biri “Sumqayıt dastanı”dır. Əsəri oxuyarkən bir
daha görürsən ki, 1988-ci il fevral ayının 28-də və 29-da ağır
iqtisadi, siyasi, ictimai, mənəvi vəziyyətlərinə etiraz əlaməti olaraq
küçələrə çıxmış sumqayıtlıların geniş miqyaslı aksiyasından sui-
istifadə edən daşnaklar milli münaqişə zəminində iblisanə
təxribatlar törətmişdilər. “Adımız, soyadımız” poemasında şair çox
aktual, ictimai əhəmiyyətə malik olan bir problem üzərində də
düşüncələrini ifadə etmişdir. Məsələ qaldırmışdır ki, Azərbaycan
adlarının çoxu ərəb adlarıdır, soyadımızın ifadə forması isə ov/ova
kimi rus şəkilçiləri ilə əmələ gəlmişdir. O, əcnəbi kəlmələri doğma
sözlərimizlə əvəz etməyi məsləhət gorürdü. Bu baxımdan ədəbi
dilə yeni, milli sözlərin daxil olmasında Xəlil Rzanın tarixi
xidmətləri həqiqətən böyük olmuşdur.
“Əlvida, Azərbaycan!” ponoram-poeması mövzusu, motivləri,
həyat materialı etibarilə X.Rzanın “Qanım bayrağımdadır!”
poemasının başlanğıcıdır. Əsərdə 20 Yanvar faciəsinin yüzlərlə
dəhşətli epizodlarından birinin fonunda sovet imperiyasının
Azorbaycan xalqına qarşı törətdiyi genosid aktının ifşası
verilmişdir. Şairin oğlu Təbriz Xəlilbəylinin Qarabağ döyüşlərində
böyük fədakarlıq göstərərək həlak olması, ölümündən sonra ona
Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi,
Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, şairin zindan
həyatının təsirli epizodları bu panoram poemanın əsas materialını
təşkil edir. Əsər zindanın təsvirilə başlanmış, ondakı bütün
hadisələrə də elə bu daş qəfəsdən baxılmışdır:
Dostları ilə paylaş: |