Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat


İnvestisiya məhdudiyyətləri



Yüklə 364,74 Kb.
səhifə3/6
tarix04.04.2018
ölçüsü364,74 Kb.
#35862
1   2   3   4   5   6

3.3. İnvestisiya məhdudiyyətləri
Neft Fondunun valyuta vəsaitləri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Təlimatı) uyğun olaraq yerləşdirilir. Bu Qaydalara əsasən Neft Fondunun vəsaitləri aşağıda sadalanan aktivlərə investisiya edilə bilər:

• Mərkəzi (milli), kommersiya banklarındakı və digər maliyyə təsisatlarındakı depozitlər;

• İnvestisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların borc öhdəlikləri;

• Dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik borc öhdəlikləri;

• Beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər;

• Pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının səhmləri (payları);

• London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr;

• Daşınmaz əmlak;

• İnvestisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri- investisiya reytinqinə malik, lakin reytinqi “BB” (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlər. Bu halda Neft Fondunun valyuta vəsaiti üzrə hesablar açılan, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər (Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 saylı Fərmanı ilə təsdiq edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 saylı Fərmanı, 1 mart 2005-ci il tarixli 202 saylı Fərmanı və 27 oktyabr 2011-ci tarixli 519 saylı Fərmanı ilə əlavə və dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında” Qaydalara əsasən).
Eyni zamanda Neft Fondunun valyuta vəsaitləri idarə edilərkən valyuta arbitrajı, svop, forvard, fyüçers tipli əməliyyatlar yalnız valyuta bazarlarında əməliyyatların aparılması zamanı qiymətin, yaxud məzənnənin dəyişməsi ilə əlaqədar mümkün riskin minimuma endirilməsi (hecinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə həyata keçirilə bilər.
İnvestisiya siyasəti
Neft Fondunun valyuta vəsaitlərinin idarə edilməsi onun hər il Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan investisiya siyasətinə uyğun olaraq həyata keçirilir.
Sözügedən siyasətə əsasən:

Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə saxlanılmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi nağd vəsait və ya onun ekvivalentlərində saxlanmalıdır. Bu vəsaitin həcminin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.


Neft Fondunun investisiya portfelinin faktiki ortaçəkili investisiya müddəti (dürasiyası) dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Neft Fondu tərəfindən müəyyən edilir və 48 ayı üstələməməlidir.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.
Xarici menecerlər

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 nömrəli, 1 mart 2005-ci il tarixli 202 nömrəli və 27 oktyabr 2011-ci tarixli 519 saylı Fərmanları ilə əlavə və dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a uyğun olaraq Fondun valyuta vəsaitinin idarə edilməsinə xarici menecer (bundan sonra menecer) cəlb edildikdə menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Baa3 (Mudiz) və ya BBB- (Standard ənd Purz, Fiç)) aşağı olmamalı, və ya onun aktivlərinin idarə edilməsində beş ildən az olmayan müsbət təcrübəsi, və yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsi sahəsində səriştəsi olmalıdır. 31 dekabr 2011-ci il tarixinə Dövlət Neft Fondunun vəsaitlərini idarə edən xarici menecerlər bunlardır: Dünya Bankı, Deutsche AM və Clariden Leu.



3.4. Risklərin idarə edilməsi
Risklərin idarə olunması Neft Fondunun fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Fond bu istiqamətdə dünya səviyyəsində tanınan, mütərəqqi modellərdən, proseduralardan və göstəricilərdən istifadə edir. 2010-cu ilin fevral ayında satın alınmış RiskMetriks proqram təminatı risklərin idarə olunması sahəsində Fondun imkanlarını xeyli artırmışdır. Fondda risklərin idarə olunması iki istiqamətdə həyata keçirilir: maliyyə riskləri və əməliyyat riskləri.
Maliyyə riskləri

Bazar riski. Eyni zamanda sistematik risk kimi tanınan bazar riski bazar risk amillərinin dəyişməsi ilə əlaqədar portfelin qiymətinin aşağı düşməsi riskidir. Bazar risk amilləri dedikdə qiymətli kağızın qiymətləri, faiz dərəcələri, xarici valyuta məzənnələri və əmtəə qiymətləri başa düşülür. Bazar riskləri investisiya fəaliyyəti ilə məşğul olan hər bir şirkət tərəfindən nəzarətdə saxlanılan ən vacib risklərdən biridir və Neft Fondu da bu istiqamətdə öz səylərini artırmaqda davam edir. Fondun investisiya portfelində qısamüddətli istiqrazlar üstünlük təşkil edir. Digər tərəfdən Fondun aktivlərinin yerləşdirildiyi ölkələrin mərkəzi banklarının faiz dərəcələri daimi nəzarətdə saxlanılır və faiz dərəcələrinin dəyişməsinə uyğun olaraq müvafiq sabit gəlirli qiymətli kağızlar üzrə dürasiyalar nizamlanır.


Kredit riski. Bu risk növü ümumi olaraq borc götürənin borcun əsas hissəsini və onun faiz ödənişlərini vaxtında ödəyə bilməməsi və ya müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi riskidir. Kredit riski bir neçə mənbədən qaynaqlana bilər, məsələn borc götürən şirkətin iflas olması, kredit reytinqinin aşağı salınması və s. Kredit riskləri artdıqca investorlar öz aktivlərini daha yuxarı faiz dərəcəsi ilə borc verirlər. Kredit riski sabit gəlirli aktivlər üzrə investisiyalarda çox mühüm əhəmiyyət daşıyır və əsas kredit təşkilatları minlərlə şirkətin, agentliyin və maliyyə qurumlarının kredit reytinqini mütəmadi olaraq hesablayırlar. Fondun vəsaitlərinin qiymətli kağızlara yerləşdirildiyi maliyyə qurumlarının, habelə qiymətli kağızların kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fondun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”la tənzimlənir.
Əməliyyat riskləri

Əməliyyat riski daxili proseslər, insan amili və xarici amillərlə əlaqədar gözlənilməyən maliyyə və qeyri-maliyyə itkilərinə məruz qalma riskidir.


İnsan riski. Bu risklər işçi qüvvəsinin davranışının təşkilatın prosedura və qaydalarına uyğun olan davranış normalarından kənarlaşması ilə bağlı olan risklərdir. Bu kənarlaşmalar məqsədli və ya təsadüfi qaydada baş verə bilər. Neft Fondunda işçilərin Fondun prosedura və qaydalarına əməl etməsi, qeyri-qanuni bazar əməliyyatları ilə məşğul olmasının qarşısının alınması və korporativ sirrin qorunub saxlanması ciddi nəzarətdə saxlanılır. Digər tərəfdən Neft Fondunun aidiyyəti bölmələrinin işçilərinin ixtisas səviyyəsinin artırılması məqsədi ilə onlar mütəmadi olaraq Fondun əməkdaşlıq etdiyi investisiya banklarının təşkil etdiyi bir sıra tədris seminarları və kurslara göndərilir.
Reputasiya riski. Reputasiya riski təşkilatın maraqlı olan tərəflərdən təşkilat haqqında mənfi fikirlərin yaradılması nəticəsində keçmiş biznes əlaqələrinin qorunub saxlanılması və yaxud yenilərinin yaradılması, eləcə də təşkilata yeni resursların cəlb edilməsində problemlərin yaranması ilə bağlı olan risklərdir. Təşkilatın maraqlı olan tərəfləri onun müştəriləri, tərəf müqabilləri, səhmdarları, tənzimləyiciləri və s. ola bilər. Təşkilat hər hansı qanun pozuntusu etmədən də reputasiya riskinə məruz qala bilər. Fond tərəfindən reputasiya riskinə xüsusi diqqət yetirilir və fəaliyyət göstərdiyi 12 il ərzində, xüsusən də, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində əldə etdiyi uğurları sayəsində Fond təkcə Azərbaycanda deyil, həmçinin beynəlxalq aləmdə öz nüfuzunu xeyli artırmış və müsbət reputasiya qazanmışdır.

4. İDARƏETMƏ
Dövlət Neft Fondunun fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən İcraçı direktor həyata keçirir.
Dövlət Neft Fondunun Müşahidə Şurası

Dövlət Neft Fondunun fəaliyyətinə ümumi nəzarət dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş Müşahidə Şurası tərəfindən həyata keçirilir. Şura Fondun illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatını auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. Müşahidə Şurasının fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.


Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 73 nömrəli Sərəncamı ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının aşağıdakı üzvlərdən ibarət yeni tərkibi təsdiq edilmişdir:
Artur Rasi-Zadə

Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov

Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini

Vahid Axundov

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri

Samir Şərifov

Azərbaycan Respublikasının Maliyyə naziri

Şahin Mustafayev

Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri

Elman Rüstəmov

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə heyətinin sədri

Mahmud Kərimov

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti

2011-ci ildə Müşahidə Şurasının 2 iclası keçirilmişdir. Müşahidə Şurasının 30 iyun 2011-ci ildə keçirilmiş birinci iclasında Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabat və maliyyə fəaliyyətinin auditinin nəticələri müzakirə edilərək məqbul hesab edilmiş və müvafiq qərar qəbul edilmişdir. Bundan başqa, Müşahidə Şurası Fondun 2011-ci il büdcəsinə dəyişikliklərin edilməsinə dair müvafiq qərar çıxarmışdır.
Müşahidə Şurasının 16 dekabr 2011-ci ildə keçirilmiş ikinci iclasında Neft Fondunun 2012-ci il üçün büdcə layihəsi, o cümlədən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri müzakirə olunaraq məqbul hesab edilmiş və Fondun büdcə layihəsinin təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar çıxarılmışdır.
Dövlət Neft Fondunun təşkilati strukturu

Dövlət Neft Fondu tərəfindən xarici maliyyə bazarlarında həyata keçirilən investisiya fəaliyyəti Fondun tərkibində fəaliyyət göstərən üç ofis – Ön, Orta və Arxa ofislər vasitəsilə aparılır. Ön və orta ofislərin funksiyalarını Vəsaitlərin idarə edilməsi müdiriyyəti nəzdində yaradılmış İnvestisiya və Risklərin idarə edilməsi departamentləri həyata keçirir.


İnvestisiya departamenti (Ön ofis)

İnvestisiya departamenti maliyyə bazarlarındakı vəziyyəti təhlil edərək investisiya strategiyasının hazırlanmasını və mövcud strategiyaya uyğun olaraq sabit gəlirli qiymətli kağızlar, pul bazarı alətləri, səhm, qızıl və müxtəlif valyutaların alqı-satqısını həyata keçirir. Departamentdə 3 şöbə fəaliyyət göstərir:

• Sabit gəlirli qiymətli kağızlar üzrə şöbə;

• Səhmlər və alternativ investisiyalar üzrə şöbə;

• Pul bazarları və valyuta əməliyyatları üzrə şöbə.
Risklərin idarə edilməsi departamenti (Orta ofis)

Risklərin idarə edilməsi departamenti Fondun investisiya siyasəti və vəsaitlərin strateji bölüşdürülməsi (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması, seçilmiş VSB-yə uyğun bençmarkın seçilməsi və ya kompozit bençmarkın qurulması, “risk büdcəsi” - bençmarkdan mümkün kənarlaşmalar üzrə təkliflərin hazırlanması işini həyata keçirir. Eyni zamanda, risklərin ölçülməsi və idarə edilməsi, gəlirliliyin hesablanması və gəlirlilik maddələrinə görə bölüşdürülməsi, İnvestisiya departamenti tərəfindən həyata keçirilən investisiya fəaliyyətinin və Fondun investisiya portfelinin müvafiq qaydalara uyğun olmasına nəzarət, hesablamalar və araşdırmaların həyata keçirilməsi, modelləşdirmə və xarici menecerlərin fəaliyyətinə nəzarət funksiyaları da bu departamentdə həyata keçirilir. Departamentdə 2 şöbə fəaliyyət göstərir:

• Vəsaitlərin Strateji Bölüşdürülməsi/ Risklərin və gəlirliliyin ölçülməsi

şöbəsi;


• Xarici menecerlərə nəzarət / Təhlil şöbəsi.
Hesablaşmalar departamenti (Arxa ofis)

Arxa ofisin funksiyalarını Fondun Maliyyə və əməliyyatlar müdiriyyəti nəzdində fəaliyyət göstərən Hesablaşmalar departamenti həyata keçirir.


Hesablaşmalar departamentində əqdlərin müəyyən edilmiş norma və qaydalara uyğunluğu yoxlanılır, əqdlərin verifikasiyası və icrası təmin edilir, eləcə də hesabların açılmasına dair sənədləşmə işləri həyata keçirilir, nağd vəsaitlər və əqdlər bank çıxarışları ilə, xarici menecerlərin əməliyyatları kastodial bankın məlumatları ilə gündəlik və aylıq olaraq tutuşdurulur.
Büdcə proqnozlaşdırma və layihələr departamenti

Büdcə proqnozlaşdırma və layihələr departamenti Fondun gəlir və xərcləri haqqında proqnozların hazırlanması, Fondun büdcə fəaliyyətinin təşkili, iqtisadi təhlil, strateji araşdırma və makroiqtisadi modelləşdirmənin aparılması, Fondun Müşahidə Şurasının fəaliyyətinin təşkili və Fondun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsinin təşkili istiqamətində fəaliyyəti həyata keçirir.

Sxem 4.1. Dövlət Neft Fondunun təşkilati strukturu



5. NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND
5.1. Neft Fondunun ictimaiyyətlə əlaqələri
Yaradıldığı gündən etibarən şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Neft Fondu tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. Dövlət Neft Fondunun 2011-ci il üzrə maliyyə fəaliyyətinin auditi Ernst ənd Yanq şirkəti tərəfindən keçirilib.
Dövlət Neft Fondunun İnformasiya Siyasəti. Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələri Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. Fondun İnformasiya Siyasəti Dövlət Neft Fondunun İcraçı direktorunun 20 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Neft Fondunun İnformasiya siyasəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənilməsini və Fondun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. Neft Fondunun ictimaiyyətə informasiya açıqlama vasitələrinə əsasən aşağıdakılar daxildir:
• Pres-relizlər;

• Rüblük və illik hesabatlar;

• Neft Fondunun rəsmi internet səhifəsi;

• Mətbuat konfransları;



• Kütləvi informasiya vasitələri (KİV).
İctimaiyyət Neft Fondunun aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərcləri, Fondun İcraçı direktorunun işgüzar səfərləri, Fondda keçirilən müxtəlif tədbir və görüşlər barədə pres-relizlər vasitəsilə məlumatlandırılır.
Neft Fondu şəffaflığın təmin olunması məqsədilə gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları, MHŞT-nin tətbiqi barədə məlumatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.
Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün hər rüb mətbuat konfransları təşkil edilir. Fondun İcraçı direktorunun bir çox nüfuzlu yerli və beynəlxalq KİV-ə müsahibələri təşkil edilir.
Neft Fondu ictimaiyyət nümayəndələrinin suallarının cavablandırılmasında hər zaman maraqlıdır. Hər gün Fonda daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə cavablandırılır.
Bu gün bir çox KİV-lər, QHT-lər, müstəqil ekspertlər Neft Fondunu vətəndaşların sorğu, sual və məktublarını vaxtında və ətraflı cavablandıran dövlət qurumu kimi yüksək qiymətləndirirlər.
Tədbirlər. 2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar bir sıra qurumların təşkilatçılığı ilə mühüm tədbirlər, sərgilər, konfranslar və s. keçirilmişdir. 2011-ci il sentyabrın 27-29-da Dövlət Neft Fondu Bakı Ekspo Mərkəzində təşkil edilmiş “Müstəqil Azərbaycan-20 ildə” adlı milli sərgidə iştirak etmişdir. Sərgidə Neft Fon-dunun fəaliyyətinə dair məlumatları, Fondun vəsaitlərinin illər üzrə artım dinamikasını özündə əks etdirən eksponat, Fondun fəaliyyətinə həsr olunmuş film, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrə dair təqdimat, Fondun layiq görüldüyü mükafatlar nümayiş etdirilmişdir.
2 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş “Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfrans keçirilmişdir.
Konfrans “Dövlət Neft Fondu milli neft strategiyasının ayrılmaz hissəsi kimi”, “Neft Fondunun investisiya siyasəti:əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər”, “Dövlət Neft Fon-dunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr”, “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış” mövzularını əhatə etmişdir.
Konfransda Azərbaycan Respublikasının hökumət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil xarici ekspertlər, media nümayəndələri, tələbələr iştirak etmişdir.

5.2. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində fəaliyyət
MHŞT barədə

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür. Təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən bəyan edilib. MHŞT üzrə 1-ci beynəlxalq konfrans 2003-cü il iyunun 17-də Londonda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin konfransda iştirak etmiş və Azərbaycanın bu beynəlxalq Təşəbbüsə qoşulduğunu bəyan etmişdir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır. Neft Fondunun İcraçı direktorunun sədrlik etdiyi Komissiyanın tərkibinə Xarici İşlər, İqtisadi İnkişaf, Sənaye və Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri daxil edilmişdir.
MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT-ni tətbiq edən ölkələr üçün təşəbbüsün əhəmiyyəti hökumət tərəfindən sərmayəçilər və beynəlxalq maliyyə institutları üçün tam şəffaf investisiya mühitinin yaradıldığını nümayiş etdirməkdən ibarətdir. MHŞT hesabatlılığın genişlənməsinə, yüksək templi iqtisadiyyat və siyasi sabitlik ilə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına təkan verir. Bu da öz növbəsində neft, qaz və digər mədən sənayesi sektorları sahəsində gəlirlər ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir.
2004-cü il noyabrın 24-də MHŞT üzrə Komissiya, yerli və xarici neft və qaz şirkətləri və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumda nəzərdə tutulmuş mexanizmə uyğun olaraq Azərbaycan hökuməti Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Memoranduma əsasən hökumətin və şirkətlərin hesabatlarını təhlil edərək tutuşdurmaq üçün hər hesabat dövrü üzrə beynəlxalq nüfuzlu audit şirkəti seçilir. Audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilir və onun qalibi Memorandum tərəflərinin nümayəndələrindən ibarət MHŞT üzrə Çoxtərəfli Qrup (ÇQ) tərəfindən müəyyən edilir.
2011-ci ildə Neft Fondu MHŞT-nin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.
2011-ci il fevralın 11-də Azərbaycanda mineral ehtiyatların hasilatı sahəsində fəaliyyət göstərən "Bahar Energy Operating Company Limited" şirkəti MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzaladı. Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 31-ə çatdı.
2011-ci il martın 1-də Fransanın paytaxtı Paris şəhərində, 2011-ci il iyunun 9-da Hollandiyanın paytaxtı Amsterdam şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasları keçirilmiş, MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti qeyd edilən iclaslarda iştirak etmişdir.
2011-ci il martın 2-3-də Fransanın paytaxtı Paris şəhərində MHŞT üzrə 5-ci Qlobal Konfrans keçirilmişdir. MHŞT üzrə hökumət Komissiyasının sədri, ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak etmişdir. Konfransda MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər, o cümlədən İdarə Heyətinin yenidən seçilməsi müzakirə edilmişdir. Azərbaycan Beynəlxalq İdarə Heyətinə yenidən üzv və Şahmar Mövsümov İdarə Heyətinin alternativ nümayəndəsi seçilmişdir. MHŞT üzrə 5-ci Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilmişdir. Azərbaycan nümayəndə heyəti Sərgidə iştirak etmişdir. Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilmişdir.

2011-ci il iyunun 7-də Bakı şəhərində Neft Fondu və Norveç Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə "MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik" mövzusunda seminar keçirilmişdir. Seminarda Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyəti, Dövlət Neft Fondunun İcraçı direktoru Ş. Mövsümov, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, Azərbaycan Respublikasının hökumət nümayəndələri, ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.


2 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə “Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda keçirilmiş konfransın dördüncü sessiyası “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış” mövzusuna həsr edilmişdir.
2011-ci il iyunun 20-də keçirilmiş MHŞT üzrə ÇQ-nin iclasında Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 14-cü hesabatı (2010-cu il üzrə) açıqlanmışdır. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
2011-ci il sentyabrın 15-də keçirilmiş MHŞT üzrə ÇQ-nin iclasında Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 14-cü hesabat (2010-cu il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamışdır.
2011-ci il noyabrın 18-də MHŞT üzrə ÇQ-nin 2011-ci il üzrə son iclası keçirilmişdir. İclasda ÇQ-nin 2012-ci il üçün iş planı təsdiqlənmiş, MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Yüklə 364,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə