Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat


Suveren Fondların Beynəlxalq Forumu



Yüklə 364,74 Kb.
səhifə4/6
tarix04.04.2018
ölçüsü364,74 Kb.
#35862
1   2   3   4   5   6

5.3. Suveren Fondların Beynəlxalq Forumu
Suveren Fondların Beynəlxalq Forumu (SFBF və ya Forum) Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu SFBF-nin aktiv üzvüdür və davamlı olaraq Forumun iclaslarında iştirak edir. Təsadüfi deyil ki, SFBF-nin ilk görüşü 2009-cu il 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.
İllik əsasda baş tutan SFBF-nin üçüncü görüşü 2011-ci ilin 10-12 may tarixlərində Çinin Pekin şəhərində keçirildi. Çin İnvestisiya Korporasiyası tərəfindən təşkil olunmuş görüşdə, digər məsələlər ilə yanaşı, qlobal miqyasda vəsaitlərin bölüşdürülməsi ilə əlaqəli risklərin idarə edilməsi üzrə müzakirələr aparılmış, SFBF-nin üzvləri tərəfindən Santyaqo Prinsiplərinin tətbiqi üzrə nail olunmuş irəliləyiş nəzərdən keçirilmişdir. Görüşdə müzakirə olunan vacib məsələlərdən biri daimi katibliyin yaradılması da daxil olmaqla Forumun fəaliyyətinin maliyyələşdirilməsi olmuşdur. Forumun üzvlərinin xahişi ilə katibliyin müvəqqəti olaraq Beynəlxalq Maliyyə Fondunda yerləşməsi razılaşdırılmışdır. Katibliyin fəaliyyətinin maliyyələşdirilməsi suveren fondlara dair məsələlər üzrə aparılan işlərdə katibliyin daha fəal iştirakına, Forumun missiyasının dəstəklənməsinə, habelə, suveren fondların investisiya yatırdığı ölkələr, müvafiq beynəlxalq təşkilatlar, siyasətçilər, elm adamları və özəl sektor ilə daha aktiv dialoqun qurulmasına yardım edəcəkdir.
2010-2011-ci illər ərzində Dövlət Neft Fondunun iştirakı ilə SFBF tərəfindən Santyaqo prinsiplərinin tətbiqi ilə əlaqədar SFBF-nin üzvü olan suveren fondlar arasında sorğu keçirilmişdir. Sorğunun nəticələri əsasında hazırlanan hesabat SFBF-nin 2011-ci ilin may ayında Çinin Pekin şəhərində keçirilən görüşündə Forumun bütün üzvləri tərəfindən müzakirə olunmuş və iyul ayında SFBF-nin internet səhifəsi vasitəsi ilə ictimaiyyətə açıqlanmışdır.
Santyaqo Prinsiplərinin 24-cü prinsipinə əsasən Neft Fondu bu prinsiplərin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ilin may ayında ictimaiyyətə açıqlamışdır və hesabat illik əsasda nəzərdən keçirilir. Hesabat ilə ətraflı şəkildə Əlavə 1-də tanış olmaq olar.


6. BİZİM DƏYƏRLƏRİMİZ: HÖRMƏT, KOLLEKTİV İŞ, İNAM, ŞƏFFAFLIQ
Yarandığı gündən etibarən Dövlət Neft Fondu Azərbaycanın, eləcə də dünyanın bir çox təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Fond əməkdaşlıq etdiyi bütün təşkilatlarla münasibətlərini hörmət, şəffaflıq, qarşılıqlı inam, etibarlı tərəfdaşlıq prinsipləri əsasında qurur.
Dövlət Neft Fondu tərəfindən qısa müddət ərzində yüksək uğur əldə etmənin səbəbi kollektivin öz işinə yaradıcı yanaşması, fədakar əməyi, əsasən də, peşəkarlığın artırılması və korporativ mədəniyyətin qurulmasıdır. Yüksək ixtisaslı, peşəkar və gənc kadrlardan formalaşmış komanda şəxsiyyətə hörmət, qarşılıqlı inam, məsuliyyət, komanda halında çalışmaq kimi meyarları əsas tutur.
Dövlət Neft Fondu kollektivin həmrəyliyinə, işçilər arasında etibarın olmasına, qarşılıqlı anlaşmaya, düzgünlüyə, vicdanlılığa və kollektiv işə böyük önəm verir. Məhz kollektiv iş və ümumi səylər nəticəsində Dövlət Neft Fondu böyük uğurlar əldə etmiş və nəinki Azərbaycanda, o cümlədən beynəlxalq arenada da yüksək nüfuz qazanmışdır. Şəffaflıq Təşəbbüsünün tətbiqi nəticəsində Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ölkənin hər barel neftin, hər kub metr qazın satışından əldə etdiyi bütün vəsaitləri barədə istənilən məlumatı vətəndaşlarımız Dövlət Neft Fondunun rəsmi internet saytından əldə edə bilərlər. Əldə edilən vəsaitlərin geniş ictimaiyyətə açıqlanması vətəndaşların və beynəlxalq təşkilatların Dövlət Neft Fondunun şəffaf fəaliyyətinə yüksək inam hissini yaradır.
Dövlət Neft Fondu yüksək ixtisaslaşmış qurum olaraq fəaliyyətini şəffaflıq prinsipi və kriteriyaları əsasında qurur. Tərəfdaş təşkilatlarla, işçilər və xarici menecerlər ilə birlikdə şəffaflıq prinsiplərinə əsaslanan, müasir standartlara uyğun fəaliyyət göstərən Fond Azərbaycanda və beynəlxalq aləmdə etibarlılıq və şəffaflıq nümunəsi olan qurum kimi yüksək dəyərləndirilir. MHŞT-nin prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Neft Fondu “BMT-nin Dövlət Qulluğu Mükafatı” və “2009-cu il MHŞT mükafatı”na layiq görülmüşdür.
Müasir texnologiyalar tətbiq edərək ölkəmizin resurslarından səmərəli istifadə etmək, əldə edilən gəlirləri xalqın və ölkənin rifahına yönəltmək, neftdən əldə edilən vəsaitdən yalnız bugünkü deyil, gələcək nəsillərin də faydalana bilməsi, vəsaitlərin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi Dövlət Neft Fondunun əsas məqsədləridir. Qarşılıqlı hörmət, inam, komanda ruhunda çalışmaq, şəffaf fəaliyyət isə bu məqsədlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.


7. DÖVLƏT NEFT FONDUNUN 2011-Cİ İL BÜDCƏSİNİN İCRASI
Dövlət Neft Fondunun 2011-ci il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş, Fondun gəlirlərinin 9 132,9 milyon manat, xərclərinin 6 886,2 milyon manat təşkil etməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası 2011-ci il dövlət büdcəsi haqqında Qanunda dəyişikliklərin edilməsi ilə əlaqədar, habelə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Neft Fonduna əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 iyul tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2011-ci il üçün büdcəsində dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, Neft Fondunun gəlirlərinin ümumi həcmi 9 132,9 milyon manatdan 12 796,2 milyon manata qədər, xərclərinin ümumi həcmi 6 886,2 milyon manatdan 9 939,9 milyon manata qədər, o cümlədən dövlət büdcəsinə transfertin məbləği 6 480 milyon manatdan 9 203,2 milyon manata qədər, qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələlərinə dair bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 milyon manatdan 140 milyon manata qədər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 110 milyon manatdan 200 milyon manata qədər, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyləşdirilməsi ilə bağlı xərc maddəsi 80,2 milyon manatdan 260,8 milyon manata qədər, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 57,5 milyon manatdan 87,5 milyon manata qədər artırılmışdır.

Gəlirlər

2011-ci ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri proqnoza (12 796,2 milyon manat) nisbətən 22,1% artıq icra olunaraq 15 628,4 milyon manat təşkil etmişdir, o cümlədən gəlir maddələri üzrə:


Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər

2011-ci il ərzində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından Dövlət Neft Fonduna 15 257,5 milyon manat və ya 19 329,5 milyon ABŞ dolları daxil olmuş və bu gəlirlər Fondun büdcəsində nəzərdə tutulmuş (12 137 milyon manat) gəlir maddəsinə nisbətən 25,7% artıq yerinə yetirilmişdir (gəlirlərin neft və qaz yataqları üzrə strukturu hesabatın 2.2.2. qrafikində verilir).


Mənfəət neftinin və qazın satışı ilə bağlı Fondun gəlirlərinin daha çox icra olunması 2011-ci il ərzində beynəlxalq bazarlarda xam neftin qiymətlərinin Fondun büdcəsində nəzərdə tutulana nisbətən yuxarı olması ilə izah olunur. Belə ki, Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin bu gəlir maddəsi formalaşdırılarkən, xam neftin 1 barelinin ixrac qiyməti icmal büdcədə nəzərdə tutulduğu qədər - 80 ABŞ dolları səviyyəsində götürülmüşdür, halbuki 2011-ci ildə faktiki olaraq Fondun payına düşən neftin 1 barelinin orta çəkili satış qiyməti təqribən 111 ABŞ dolları təşkil etmiş və bununla əlaqədar, bu gəlir maddəsi 25,7% artıq icra olunmuşdur.
Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar

2011-ci ildə Dövlət Neft Fondunun növbəti daxilolmasını Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə BOTAŞ şirkəti ilə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən Dövlət Neft Fondunun payına düşən 101,7 milyon manat və yaxud 128,1 milyon ABŞ dolları məbləğində gəlirlər təşkil etmişdir.


Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

2011-ci ildə Fondun növbəti daxilolmasını neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına (Dövlət Neft Fonduna) düşən 66,8 milyon manat və yaxud 84,5 milyon ABŞ dolları məbləğində dividend (BTC layihəsi üzrə) ödənişləri təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2011-ci il tarixli 1648 nömrəli Sərəncamına əsasən Bakı-Tbilisi-Ceyhan Əsas ixrac Boru Kəməri layihəsində iştirak edən “Azərbaycan BTC limited” şirkətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində saxlanılan dövlətə məxsus olan payları üzərində sahiblik hüququ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verildiyindən, Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin bu maddə üzrə daxilolmaları büdcədə nəzərdə tutulmuş məbləğə (132,0 milyon manat) nisbətən 50,6% icra olunmuşdur.


Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

2011-ci ildə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Dövlət Neft Fonduna köçürülmüş akrhesabı ödənişlər 1,3 milyon manat və yaxud 1,7 milyon ABŞ dolları təşkil etmişdir. Belə ki, 2011-ci ildə “Xəzər Dənizinin Azərbaycan Sektorunda Abşeron Dəniz Yatağı Blokunun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Sazişin 28.2-ci Maddəsinin icrasına uyğun olaraq Total TSY şirkəti tərəfindən 1,0 milyon ABŞ dolları, GDF Suez E&P Abşeron Bi.Vi. şirkəti tərəfindən 0,5 milyon ABŞ dolları məbləğində akrhesabı ödənişlər həyata keçirilmişdir. Eyni zamanda "Xəzər Dənizinin Azərbaycan Sektorunda Bahar Yatağının və Qum-Dəniz Yatağının Daxil Olduğu Blokun Kəşfiyyatı, Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında" Sazişin 31.2-ci Maddəsinə uyğun olaraq Bahar Energy şirkəti tərəfindən 0,2 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Bununla əlaqədar akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi Fondun büdcəsində nəzərdə tutulana (1,7 milyon manat) nisbətən 79,8% səviyyəsində icra olunmuşdur.


Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

2011-ci ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 7,5 milyon manat və yaxud 9,5 milyon ABŞ dolları təşkil etmişdir. Tranzit haqları ilə bağlı daxilolmalar Fondun büdcəsində nəzərdə tutulmuş məbləğə (8,9 milyon manat) nisbətən 84,1% səviyyəsində yerinə yetirilmişdir. Bu gəlir maddəsinin 15,9%-nin kəsr ilə icra olunmasının səbəbi cari ildə hasilatın aşağı düşməsi və müvafiq olaraq kəmər ilə xam neftin nəqlinin azalması ilə əlaqədardır.


Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

"Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" yeni sazişin imzalanması ilə əlaqədar olaraq Dövlət Neft Fonduna BP Exploration Limited şirkəti tərəfindən 15,7 milyon manat və yaxud 20,0 milyon ABŞ dolları məbləğində bonuslar (mükafatlar) ödənilmişdir.


"Balaxanı-Sabunçu-Ramana və Kürdaxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UGE-LANSER PTE. LTD və SOCAR OİL affiliate şirkətləri arasında imzalanmış saziş üzrə (qüvvəyə minmə tarixindən 30 gün ərzində) ödənilməsi proqnozlaşdırılan 2,0 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi 2012-ci ilin əvvəlinə keçdiyindən, bonus ödənişləri ilə bağlı gəlir maddəsi Fondun 2011-ci il büdcəsində nəzərdə tutulana (17,6 milyon manat) nisbətən 89,4% səviyyəsində icra olunmuşdur.
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər

2011-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 176,4 milyon manat təşkil etmişdir və bu mənbə üzrə gəlirlər Fondun 2011-ci il üzrə büdcəsində nəzərdə tutulmuş məbləğə (396,4 milyon manat) nisbətən 44,5% səviyyəsində yerinə yetirilmişdir. 2011-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 0,83% təşkil etmişdir. Dövlət Neft Fondunun investisiya portfelinin proqnoza nisbətən (1,42%) aşağı gəlirliliyi və müvafiq olaraq vəsaitlərinin idarə edilməsindən gəlirlərin aşağı səviyyədə yerinə yetirilməsi 2011-ci ildə dünya maliyyə bazarlarında davam edən aşağı faiz dərəcələri ilə bağlı olmuşdur. Belə ki, 2011-ci ildə ABŞ dolları üzrə bankların qısamüddətli kredit faiz dərəcələri üzrə əsas istinad meyarı olan 3 aylıq LİBOR dərəcəsi bu göstəricinin dərc olunması tarixində ən aşağı (0,245% - 0,581%) səviyyəyə düşərək il ərzində bu səviyyədə qalmışdır. Eyni vəziyyət Avro və Britaniya funt sterlinqi ilə denominasiya olunmuş kredit faiz dərəcələrində müşahidə edilib. Belə ki, 2011-ci ildə Avro ilə qısamüddətli kreditlər üzrə istinad meyarı olan 3 aylıq EURİBOR 0,995% - 1,615% arasında, funt sterlinq üzrə 3 aylıq LİBOR isə 0,76% – 1,08% arasında dəyişib.


Digər gəlirlər və daxilolmalar

2011-ci ildə neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışı təşkil olunmuş və bu aktivlərin satışından Dövlət Neft Fondunun daxilolmaları 1,4 milyon manat təşkil etmişdir. Bu gəlir maddəsi üzrə icra Fondun 2011-ci il üçün büdcəsində nəzərdə tutulana (0,9 milyon manat) nisbətən 56,8% artıq icra olunmuşdur (Gəlirlərin icra səviyyəsi cədvəl 7.1.-də əks etdirilir).



Cədvəl 7.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il üzrə büdcə gəlirlərinin icrası

Gəlİr mənbələrİ

Gəlİrlərİn məbləğİ

(mİlyon manat)

İcra faİzİ

təsdiq olunmuş

faktiki

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

12 137,0

15 257,5

125,7

Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar

101,7

101,7

100,0

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

132,0

66,8

50,6

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1,7

1,3

79,8

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8,9

7,5

84,1

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

17,6

15,7

89,4

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

396,4

176,4

44,5

Digər gəlirlər və daxilolmalar

0,9

1,4

156,8

Cəmİ gəlİrlər

12 796,2

15 628,4

122,1

Yüklə 364,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə