Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   2   3   4   5   6   7   8   9   ...   19

Analoji  olaraq,  Azərbaycan  Respublikası  Ticarət  Gəmiçiliyi  Məcəlləsinin  87.1-ci 

maddəsi  dənizlə  yük  daşınması  müqaviləsinin  tərifini  verir:  «Dənizlə  yük  daşınması 

müqaviləsi daşıyıcı yükgöndərənin ona verdiyi və ya verəcəyi yükü təyinat limanına daşımağı 

və yükün alınmasına vəkil edilən şəxsə (yükalana) verməyi, yükgöndərən və ya fraxtedən isə 

daşımanın  dəyərini  (fraxtı)  ödəməyi  öhdəsinə  götürməsi  barəsində  istənilən  müqavilədir» 

[Burada fraxt və fraxtedən sözləri müxtəlif mənalarda işlənir. Fraxt nəqliyyat vasitəsi sahibinə 

verilən haqqı ifadə edir. Fraxtedən isə icarəçidir (nəqliyyat vasitəsini müəyyən vaxta icarəyə, 

kirayəyə götürən şəxs)]. 

Ticarət Gəmiçiliyi Məcəlləsinin 87.1-ci maddəsindəki hüquqi konstruksiyada həm ilkin, 

həm  də  əsas  müqavilələrin  konstruksiyaları  birləşdirilmişdir.  Belə  ki,  qanunvericilik  dənizlə 

yük  daşınması  müqaviləsi  tərəflərinin  (daşıyıcı  və  yükgöndərənin)  hüquq  və  vəzifələrini  iki 

halda  müəyyənləşdirir:  birincisi,  yükgöndərən  daşıyıcıya  yükü  verdikdən  sonra  yaranan 

qarşılıqlı hüquq və  vəzifələr, ikincisi, verilmiş yükün gələcəkdə təyinat limanına  çatdırılması 

barədə bağlanan müqavilə üzrə yaranan hüquq və vəzifələr. 

Göründüyü kimi, ikinci halda söhbət konsensual müqavilədən, yəni gələcəkdə veriləcək 

yükün daşınması ilə əlaqədar bağlanan müqavilədən gedir. Bu isə real müqavilənin, yəni yük 

qəbul  ediləndən  sonra  bağlanmış  hesab  olunan  müqavilənin  bağlanmasında  zəmin  rolunu 

oynayan ilkin müqavilədir. 

Beləliklə,  Ticarət  Gəmiçiliyi  Məcəlləsinin  87.1-ci  maddəsində  həm  ilkin  (konsensual), 

həm də əsas (real) müqavilələrin konstruksiyaları verilmişdir. Öz hüquqi təbiətinə görə burada 

konsensual və ikitərəfli (qarşılıqlı) xarakterə malik, eyni zamanda real (ikitərəfli və qarşılıqlı) 

xarakter daşıyan müqavilələrin konstruksiyaları öz əksini tapmışdır. 

Yük  daşınması  müqaviləsində  müddət  mühüm  əhəmiyyət  kəsb  edir.  Məhz  müəyyən 

müddət  ərzində  çatdırılmalı  olan  əşyaların  gecikdirilməsi,  yük  daşınması  müqaviləsinin 

şərtlərinin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilir. Bəzi əşyalara münasibətdə isə 

bu  cür  müddət  pozuntusu  iqtisad  məhkəmələrində  iddia  qaldırılmasına  səbəb  olur.  Ona  görə 

də,  qanun  yükgöndərənə  yüklərin  saxlanılmasına  təminat  verə  biləcək  nəqliyyat  vasitəsini 

seçmək hüququnu verir. Göndəriləcək əşyaların nəql edilməsi üçün yararlı olmayan nəqliyyat 

vasitəsindən yükgöndərən imtina etməlidir. Məsələn, vaqonların texniki nasazlığına görə dəmir 

yolu  məsuliyyət  daşıyırsa,  bu  məsuliyyətdən  azad  olunması  üçün  o,  vaqonun  nasazlıq 

səbəbinin  yükgöndərənin  təqsiri  üzündən  baş  verməsini  sübut  etməlidir.  Bəzi  halda 

yükgöndərən  yükalan  qarşısında  məsuliyyət  daşıyır.  Yükün  çatışmamazlığı,  zədələnməsi, 

yararsız  nəqliyyat  vasitəsinə  yüklənməsi  nəticəsində  xarab  olması  səbəbindən  məsuliyyət 

daşıyan  yükgöndərən,  bu  məsuliyyətdən  yalnız  dəmir  yolunun  təqsirini  sübut  edərsə  azad 

oluna bilər. Qeyd etmək lazımdır ki, nəqliyyat nizamnamələri və məcəllələri, yüklərin daşınma 

qaydaları  və  dənizlə  yük  daşınmasının  ümumi  qaydaları  nəqliyyat  vasitələrinin  həm  texniki, 

həm  də  kommersiya  baxımından  yararlı  olmasının  zəruriliyini  qeyd  edirlər.  Nəqliyyat 

vasitələrinin  nəinki  qapısı,  damı,  hərəkətə  gətirən  mexanizmi  saz  vəziyyətdə  olmalıdır,  hətta 

vaqonlarda, konteynerlərdə,  yüklərin saxlanıldığı yerlərdə xoşagəlməz qoxunun mümkünlüyü 

istisna olunmalıdır. 

Burada  məsuliyyətin  kimin  üzərinə  düşməsi  sualı  maraq  doğurur.  Bu  barədə  nəqliyyat 

vasitələrinin  texniki  cəhətdən  yararlı  olub-olmamasına  cavabdeh  şəxs  yükdaşıyandır,  yəni 

nəqliyyat  vasitəsinin  sahibidir.  Kommersiya  baxımından  isə  nəqliyyat  vasitəsinin  yararlı 

olmasını  yükgöndərən  özü  müəyyən  etməlidir,  çünki  yükü  təşkil  edən  əşyaların 

xüsusiyyətlərini  bilmək  və  buna  müvafiq  nəqliyyat  növünü  seçmək,  yükün  saxlanılması  ilə 

əlaqədar bütün məsələlələrə dair məsuliyyət yükgöndərənin üzərinə düşür. 




Nəqliyyat vasitəsi nəqliyyat qanunvericiliyin normalarına uyğun olaraq tam tutuma qədər 

yüklənməlidir. Nəqliyyat vasitəsinin tam tutuma qədər yüklənməsi və yükün çəkisinin düzgün 

müəyyən edilməsi həm yükgöndərən, həm də daşıyıcı üçün böyük əhəmiyyət kəsb edir, çünki 

nəqliyyat müəssisələrinin fəaliyyəti daşınan yükün çəkisi ilə qiymətləndirilir, daşıma haqqının 

məbləği isə yalnız təyinat yerinədək olan məsafə ilə deyil, həm də yükün çəkisindən asılıdır. 

Dəniz  nəqliyyatında  yükvurma  işləri  limanlardakı  fəhlələrin  gücü  ilə  aparılırsa,  yükün 

çəkisini  gəmiçiliyin  özü  müəyyən  edir,  daxili  su  (çay)  nəqliyyatında  isə  bu  yükgöndərən 

tərəfindən müəyyənləşdirilir. 

Daşıma haqqının ödənilməsi istənilən yük daşınması müqavilələrində yükgöndərənin ən 

vacib  öhdəliklərindən  biri  sayılır.  Ümumi  qaydaya  görə  daşıma  haqqı  (daşıma  haqqının 

məbləği  tariflərlə  müəyyən  edilir)  yükün  göndərildiyi  məntəqədə  yükün  təhvil  verilməsi  ilə 

eyni  vaxtda  mədaxil  edilməlidir.  Bundan  başqa  daşıyıcı  yükün  göndərilməsini  ləngidə  bilər, 

əgər  haqq  (fraxt)  müəyyən  edilmiş  müddətdə  ödənilməzsə,  həmin  səbəbdən  daşıyıcı  yük 

daşınması  müqaviləsinin  icrasından  imtina  edə  bilər  (Azərbaycan  Respublikası  Ticarət 

Gəmiçiliyi Məcəlləsinin 119-cu maddəsi). 

Müddət yük daşınması müqaviləsinin müəyyən əhəmiyyət kəsb edən şərtlərindən biridir. 

Yüklərin  vaxtında  çatdırılması  müqavilənin  düzgün  yerinə  yetirilməsinə  təsir  göstərir;  eyni 

zamanda  daşınan  yüklərin  saxlanılması,  nəqliyyat  vasitəsinin  səmərəli  istifadə  edilməsi, 

nəqliyyat vasitəsinin dövriyyəsinin tezləşdirilməsi məsələləri sərf edilən vaxtdan asılıdır. Ona 

görə,  yükün  vaxtında  çatdırılması  müqavilə  şərtlərinin  lazımınca  yerinə  yetirilməsi  olmaqla 

bərabər,  həm  də  daşıyıcının  əsas  öhdəliklərindən  biri  sayılır  ki,  buna  görə  o  əmlak 

məsuliyyətinə cəlb edilə bilər. 

 

3.1.2. Nəqliyyat sahəsində vergitutmanin hüquqi tənzimlənməsi  

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minənədək avtomobil yollarından 



istifadəyə görə hüquqi şəxslərdən vergi, nəqliyyat vasitələrinin sahiblərindən yoldan istifadəyə 

görə  vergi,  xarici dövlətin avtonəqliyyat vasitələrinin  Azərbaycan  Respublikasının  avtomobil 

yollarından  istifadəsinə  görə  tutulan  vergilər  mövcud  idi  və  bu  vergilərin  dərəcələri,  onların 

tutulması,  ödənilməsi,  vaxtında  ödənilməməsinə  görə  məsuliyyət  və  s.  məsələlər  hüquqi 

cəhətdən  Azərbaycan  Respublikası  Prezidentinin  16  fevral  1994-cü  il  tarixli  787  nömrəli 

Fərmanı ilə təsdiq edilmiş «Dövlət yol fondu haqqında» Azərbaycan Respublikasının Qanunu 

ilə tənzimlənirdi. 

Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2000-ci il tarixli 905-1Q nömrəli Fərmanı 

ilə  «Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi»  təsdiq  olundu  və  «Azərbaycan 

Respublikası  Vergi  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi 

tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə «Dövlət yol fondu 

haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  qüvvədən  düşdü.  Vergi  Məcəlləsi  qüvvəyə 

mindikdən sonra bütün bu məsələlər həmin məcəllə ilə tənzimlənir

2

. Hazırda respublikamızda 



tətbiq  olunan  vergi  qanunvericiliyi  Avropa  Birliyinin  6-cı  Konvensiyasına  uzlaşdırılmış 

qanunvericilikdir və o, beynəlxalq standartlara tam cavab verir

3

.  


                                                 

2

 



Bax: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı, «Qanun» nəşriyyatı, 2004. 

3

  Bax:  Natiq  Qasımov.  «Ölkənin  iqtisadiyyatı  inkişaf  etdikcə  vergi  islahatları  da  davam  etdiriləcək».  «Xalq»  qəzeti, 



14.09.2004-cü il, səh. 4.

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə