Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Maddə 44. Meşə fondu haqqında məlumat



Yüklə 229,05 Kb.
səhifə7/9
tarix18.04.2018
ölçüsü229,05 Kb.
#39321
1   2   3   4   5   6   7   8   9

Maddə 44. Meşə fondu haqqında məlumat


Meşə fondu haqqında məlumat, meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairədən ibarətdir.

Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamında olmaqla, onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.


Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarəti


Meşə fondunun vəziyyətinə, istifadəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadənin, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində həyata keçirirlər.

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər


Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.

Bu məqsədlə aşağıdakı tədbirlər görülür:

meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin təşkili;

meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.

Meşə fondunun mühafizəsinin təşkili Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


V fəsil

Meşələrİn və meşə bİtkİlərİ İlə örtülü olmayan meşə fondu torpaqlarının İstİfadəsİ, mühafİzəsİ, qorunması və bərpası

Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər


Meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır:

meşələrdən fasiləsiz və səmərəli istifadə;

əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması və gücləndirilməsi;

meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;

meşələrin bərpası üçün şəraitin yaradılması;

meşədən istifadənin ödənişli olması;

meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.

Maddə 48. Meşə fondundan istifadə növləri


Meşə fondundan istifadə növləri aşağıdakılardır:

oduncaq tədarükü;

ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);

meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);

elmi-tədqiqat məqsədləri üçün;

mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;

ovçuluq təsərrüfatı.

Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata keçirə bilər.

Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəsinə bir və ya bir neçə növ əlavə istifadə üçün verilə bilər.

Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin hüquqları


Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:

onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq;

müəyyən edilmiş həddə meşə fondundan istifadə;

meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək;

Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar.

Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələri


Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar:

meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək;

meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək;

əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;

meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsularla istifadə etmək;

istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə onun söndürülməsini təmin etmək;

qırılma üçün ayrılmış ağacları tam kəsib götürmək, oduncağın tədarükü və daşınmasını müəyyən edilmiş müddətdə başa çatdırmaq;

oduncaq tədarükü ilə bir vaxtda sahələri qırma qalıqlarından təmizləmək;

meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa tədbirlərini həyata keçirmək;

istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə gətirmək;

meşə fondu sahələrində işlər başa çatdıqdan sonra onları müvafiq meşə təsərrüfatı müəssisələrinə təhvil vermək;

meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək;

meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək;

meşələrdə sanitariya qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər rəsmi tələbləri yerinə yetirmək;

başqa meşə istifadəçilərinin hüquqlarını pozmamaq;

meşə fondundan istifadə barədə, habelə meşə fondundan istifadəyə görə ödəmələrin miqdarını müəyyən etmək üçün lazımi məlumatları müəyyən edilmiş qaydada meşə təsərrüfatı müəssisələrinə, dövlət statistika orqanlarına vermək;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.


Yüklə 229,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə