Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 1,02 Mb.
səhifə13/15
tarix02.01.2018
ölçüsü1,02 Mb.
#18978
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

280.2. Əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:

280.2.1. hüquq sahibi haqqında məlumat;

280.2.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;

280.2.3. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan malın təsviri;

280.2.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;

280.2.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.

280.3. Ərizəyə tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.

280.4. Bu Məcəllənin 280.2.5-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum və maksimum məbləğlər çərçivəsində gömrük orqanları tərəfindən müəyyən olunur.

280.5. Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.

280.6. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə daxil olunması, yaxud bu Məcəllənin 280.7-ci maddəsində nəzərdə tutulmuş halda bundan imtina barədə qərar qəbul edir.

280.7. Ərizəçi bu Məcəllənin 280-cı maddəsinin tələblərinə riayət etmədiyi halda, müvafiq icra hakimiyyəti orqanı malın reyestrə daxil edilməsindən imtina olunması barədə qərar qəbul edir və ərizəçini yazılı formada məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə daxil olunması barədə ərizə ilə yenidən müraciət oluna bilər.

280.8. Ərizədə və ya ona əlavə olunmuş sənədlərdəki məlumatlarda dəyişiklik baş verdikdə, ərizəçi dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

280.9. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim etdiyi səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda, həmin mallar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır. Bu barədə müvafiq icra hakimiyyəti orqanı ərizəçini yazılı formada məlumatlandırır.

Maddə 281. Gömrük orqanları tərəfindən hüquqların qorunma müddəti

281.1. Hüquq sahibinin hüquqlarının qorunma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən obyektin reyestrə daxil olunması haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla, 5 (beş) ilədək müəyyən olunur. Ərizəçinin müraciəti olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin müddət uzadılır.

281.2. Əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqların gömrük orqanları tərəfindən qorunmasının ümumi müddəti hüquq sahibinin əqli mülkiyyət obyektinə olan hüquqlarının qüvvədə olma müddətindən artıq olmamalıdır.

Maddə 282. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti

282.1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

282.2. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük sərhədindən keçirilməsi qaydaları bu Məcəllə, gömrük işi üzrə digər qanunvericilik aktları və əqli mülkiyyətə dair qanunvericiliklə tənzimlənir.

Maddə 283. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması

283.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır.

283.2. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir.

283.3. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 284. Vurulan zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi

284.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə dəymiş zərərin əvəzi malların pirat və ya kontrafakt olmadığı müəyyənləşdirildiyi hallarda ərizəçi tərəfindən ödənilir.

284.2. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması nəticəsində gömrük orqanlarının çəkdiyi xərclərin əvəzi malların pirat və ya kontrafakt olması müəyyənləşdirildiyi hallarda bəyannaməçi, əks halda isə ərizəçi tərəfindən ödənilir.

Maddə 285. Məlumatların verilməsi. Prob və nümunələrin götürülməsi

285.1. Gömrük orqanları buraxılışının dayandırılması haqqında qərar qəbul edilmış malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları ərizəçiyə və bəyannaməçiyə verirlər.

285.2. Ərizəçiyə və bəyannaməçiyə verilən məlumatlar konfidensial məlumat hesab olunur və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onlar tərəfindən yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir.

285.3. Gömrük orqanlarının icazəsi ilə ərizəçi və bəyannaməçi, yaxud onların nümayəndələri buraxılışı dayandırılmış mallardan gömrük nəzarəti altında prob və nümunələr götürə, onların tədqiqatını apara bilərlər.

Maddə 286. Buraxılışın dayandırılması haqqında qərarın ləğvi

286.1. Gömrük orqanı buraxılışın dayandırılması barədə bildirişi ərizəçiyə təqdim etdikdən sonra bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində ərizəçinin iddiası əsasında məhkəmədə işin mahiyyəti üzrə baxılmağa başlanması barədə gömrük orqanlarına məlumat daxil olmadıqda, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların bu Məcəllə ilə müəyyən edilmiş qaydada gömrük rəsmiləşdirilməsi və buraxılışı həyata keçirilir.

286.2. Bu Məcəllənin 286.1-ci maddəsində nəzərdə tutulan işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 20 (iyirmi) iş günündən gec olmayan müddətdə mahiyyəti üzrə baxılmağa başlanmalı və bu barədə məhkəmə gömrük orqanına məlumat verməlidir.

286.3. Malların pirat və ya kontrafakt olduğu müəyyən edildikdə, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

286.4. Gömrük orqanları aşağıdakı hallarda malların buraxılışının dayandırılması haqqında qərarı bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddət başa çatanadək ləğv edirlər:

286.4.1. buraxılışın dayandırılması haqqında qərarın ləğvi barədə ərizəçinin müraciəti olduqda;

286.4.2. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar reyestrdən çıxarıldıqda.

286.5. Buraxılışın dayandırılması haqqında qərar onu qəbul etmiş gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən ləğv olunur.

286.6. Buraxılışın dayandırılması haqqında qərarın ləğvi və malların buraxılması, hüquq sahibinin əqli mülkiyyət hüquqlarının obyekti üzərində hüquqlarının qorunması ilə bağlı digər səlahiyyətli dövlət orqanlarına müraciət etməsinə maneə yaratmır.

Maddə 287. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri

287.1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.

287.2. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş hallarda gömrük orqanları hüquq sahibini və bəyannaməçini dərhal məlumatlandırır, malların pirat və ya kontrafakt olmasını dəqiq müəyyənləşdirmək üçün lazım olan məlumatları isə onlardan tələb edirlər.

Maddə 288. Əqli mülkiyyət hüquqlarının qorunması tədbirləri tətbiq olunmayan mallar

Məcəllənin bu fəslində nəzərdə tutulan tədbirlər fiziki şəxslər tərəfindən az miqdarda gömrük sərhədindən keçirilən, yaxud beynəlxalq poçt göndərişləri ilə göndərilən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara münasibətdə tətbiq olunmur.

XVI BÖLMƏ


MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN
BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ, BORU
KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR
VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ

L Fəsil
Malların gömrük sərhədindən beynəlxalq


poçt göndərişləri vasitəsi ilə keçirilməsi

Maddə 289. Beynəlxalq poçt göndərişləri

289.1. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir:

289.1.1. poçt kartları;

289.1.2. məktublar;

289.1.3. banderollar;

289.1.4. xüsusi «M» kisələri;

289.1.5. kiçik paketlər;

289.1.6. poçt bağlamaları;

289.1.7. sekoqramlar.

289.2. Beynəlxalq poçt göndərişləri Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmalıdır.

289.3. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanları birgə müəyyən edirlər.

289.4. Poçt rabitəsi operatorları özlərinə aid beynəlxalq poçt mübadiləsi yerlərində və beynəlxalq poçt mübadiləsi məntəqələrində gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün gömrük orqanlarını qarşılıqlı razılaşma əsasında xidməti sahələrlə və lazımi avadanlıqla təmin edirlər.

289.5. Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışı barədə rəsmi icazə verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar.

Maddə 290. Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri ilə keçirilməsinin xüsusiyyətləri

290.1. Aşağıdakı malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri ilə keçirilməsinə icazə verilmir:

290.1.1. gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllənin 214-cü maddəsinə əsasən qadağa qoyulan mallar;

290.1.2. Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq poçt vasitəsilə göndərilməsi qadağan olunan mallar.

290.2. Gömrük ərazisinə beynəlxalq poçt göndərişləri ilə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllə və digər qanunvericiliklə, beynəlxalq müqavilələrlə məhdudiyyət qoyulmuş malların gömrük rəsmiləşdirilməsi zamanı onları alan və göndərən şəxslər (həmin şəxslərin səlahiyyətli nümayəndələri) müvafiq icazə sənədini təqdim etməlidir.

290.3. Fiziki şəxslərin ünvanına qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla beynəlxalq poçt göndərişləri ilə göndərilən, istehsal və kommersiya məqsədlərinə istifadə üçün nəzərdə tutulmayan mallar gömrük rüsumlarından və vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilir.

290.4. Beynəlxalq poçt göndərişlərinin daşınmasını həyata keçirən poçt rabitəsi operatorları, bu prosesdə vasitəçilik edən şəxslər gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün onları gömrük orqanlarına təqdim etməlidirlər.

290.5. Beynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılmasına qadağa və ya məhdudiyyətlər qoyulan (müvafiq icazə sənədi olmadıqda) mallar Ümumdünya Poçt İttifaqının aktlarına və bu Məcəlləyə uyğun olaraq gömrük orqanları tərəfindən götürülür.

290.6. Beynəlxalq poçt göndərişlərinin daşınmasını həyata keçirən poçt rabitəsi operatorları, bu prosesdə vasitəçilik edən şəxslər beynəlxalq poçt göndərişlərinin gömrük orqanlarının icazəsi olmadan alıcılara verilməsinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 291. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi

291.1. Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada həyata keçirilir.

291.2. Gömrük bəyannaməsi təqdim edilməklə beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi beynəlxalq poçt mübadiləsi məntəqələrində və yerlərində həyata keçirilir.

291.3. Audio-video yazılarının, maqnit və digər məlumat daşıyıcılarının gömrük rəsmiləşdirilməsi xüsusi texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük nəzarəti aparıldıqdan sonra həyata keçirilir.

Maddə 292. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların bəyan olunması

292.1. Kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulan mallar beynəlxalq poçt göndərişləri ilə göndərildikdə, həmin mallar bu Məcəllənin malların bəyan edilməsi ilə bağlı müddəalarına uyğun olaraq gömrük bəyannaməsi təqdim olunmaqla bəyan edilməlidir.

292.2. Gömrük orqanları üçün zəruri olan məlumatları özündə əks etdirən Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün gömrük bəyannaməsi tələb olunmur.

LI Fəsil
Malların gömrük sərhədindən boru kəməri və
elektrikötürücü xətlər vasitəsi ilə keçirilməsi

Maddə 293. Malların gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilməsi

293.1. Gömrük ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir.

293.2. Bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir:

293.2.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;

293.2.2. gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

293.3. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar seçilmiş gömrük proseduru altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi tələb olunmur.

293.4. Boru kəməri vasitəsilə aparılan mallar seçilmiş gömrük proseduru altında yerləşdirilənədək, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməməsi şərti ilə qəbul məntəqələrində saxlanıla bilər. Həmin mallardan istifadə və özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.

293.5. Nəqletmənin texnoloji cəhətlərindən, malların isə xassələrindən və xüsusiyyətlərindən asılı olaraq, gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən malların normativ hüquqi aktların tələblərinə əməl edilməsi şərti ilə qarışdırılmasına, miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə verilir.

293.6. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 294. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallara qanunvericilikdə nəzərdə tutulmuş ticarət siyasəti tədbirlərinin tətbiqi

Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallara dair natamam bəyannamənin təsdiq edildiyi gün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş ticarət siyasəti tədbirləri tətbiq olunur.

Maddə 295. Malların gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilməsi

295.1. Malların elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisindən aparılması və ya bu əraziyə gətirilməsi gömrük orqanlarının ilkin icazəsi alındıqdan sonra həyata keçirilir.

295.2. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmalıdır.

295.3. Gömrük bəyannaməsi aşağıdakı səbəblərə görə təqdim edilə bilmədikdə, natamam bəyannamə təqdim edilir:

295.3.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;

295.3.2. gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

295.4. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzrə qısa idxal (ixrac) bəyannaməsi onların göndərilmə rübündən əvvəlki ay ərzində gömrük orqanlarına təqdim olunmalıdır.

295.5. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən malların gömrük rəsmiləşdirilməsi həmin qaydalarda göstərilən müddətdə gömrük bəyannaməsinin təqdim olunması ilə başa çatır.

Maddə 296. Gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilən malların eyniləşdirilməsi

296.1. Gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur.

296.2. Bu Məcəllənin 296.1-ci maddəsi gömrük orqanları tərəfindən müvafiq sənədlərdə olan məlumatlardan və ölçü cihazlarının göstəricilərindən istifadə olunmaqla malların miqdarını, keyfiyyətini və digər xüsusiyyətlərini gömrük məqsədləri üçün müəyyənləşdirməsinə maneə yaratmır.

Maddə 297. Daxili malların xarici dövlətin ərazisindən keçməklə gömrük ərazisində yerləşən iki gömrük orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsi ilə keçirilməsi

Daxili malların xarici dövlətin ərazisindən keçməklə gömrük ərazisində yerləşən iki gömrük orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi bu Məcəllənin 175-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Maddə 298. Boru kəməri və elektrikötürücü xətləri vasitəsilə qarşılıqlı ötürülən malların gömrük rəsmiləşdirilməsi

Boru kəməri və elektrikötürücü xətlər vasitəsilə qarşılıqlı ötürülən malların gömrük rəsmiləşdirilməsi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq həyata keçirilir.

XVII BÖLMƏ


FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN
VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK
SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ

LII Fəsil


Fiziki şəxslər tərəfindən malların və nəqliyyat
vasitələrinin gömrük sərhədindən keçirilməsinin
xüsusiyyətləri

Maddə 299. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydaları

299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər.

299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında müəyyən edilir.

299.3. Fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur.

299.4. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir.

Maddə 300. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi

300.1. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – «Yaşıl kanal» və «Qırmızı kanal» – buraxılış sistemləri tətbiq olunur.

300.2. «Yaşıl kanal» buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur.

300.3. «Qırmızı kanal» buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur.

300.4. Fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Məcəllənin 300.3-cü maddəsində göstərilən «Qırmızı kanal» sistemi tətbiq olunmaqla onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər.

300.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısını, onların bəyan olunması və gömrük rəsmiləşdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

300.6. Yazılı formada bəyan edilməli olan mallar gömrük sərhədindən yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan olunur.

300.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə, sadələşdirilmiş bəyannaməni malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verirlər.

300.8. Gömrük ərazisinə müşayiət olunmayan baqajda gətirilən mallara dair sadələşdirilmiş bəyannamə bu Məcəllənin 149.3-cü maddəsində nəzərdə tutulan müddətdə, gömrük ərazisindən müşayiət olunmayan baqajda aparılan mallara dair sadələşdirilmiş bəyannamə isə onların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

300.9. Müşayiət olunmayan baqajdakı mallar onları keçirən şəxs və ya onun nümayəndəsi tərəfindən bəyan edilə bilər. Gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatın düzgünlüyünə görə cavabdehliyi malları bəyan edən şəxs daşıyır.

300.10. Müşayiət olunmayan baqajda yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa şəxslər tərəfindən bəyan edilir.

Maddə 301. Fiziki şəxslər tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməsi

301.1. Fiziki şəxslər gömrük rüsumlarını və vergiləri gömrük sərhədindən keçirdikləri malları yazılı formada bəyan edilən zaman yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödəyirlər.

301.2. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi və ya bu Məcəllənin 215-ci maddəsi, «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının Qanunu və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş malların gömrük sərhədindən keçirilməsi müvafiq icazə sənədinin olmaması səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə