33
Bağların yarıdan çoxu—27 min desyatini Yelizavetpol quberniyasında idi.
Quberniyada olan meyvə bağlarının 2/3 hissəsi—18 min desyatini təkcə Nuxa və
Ərəş qəzalarının payına düşürdü. Bu qəzalarda, əsasən, qoz, fındıq, şabalıd,
qızıləhmədi alma, Yelizavetpol qəzasında qaraçinar alması, məşhur «Təbriz» süfrə
üzümü və başqa meyvələr yetişdirilirdi.
Bakı quberniyasında 19 min desyatin meyvə bağı sahəsi vardı. Başlıca
meyvəçilik zonası olan Quba qəzasında müxtəlif sort alma və armud yetişdirilirdi.
Zaqatala özünün fındığı ilə məşhur idi. Burada 1500 desyatin sahədə, yəni
bütün bağ sahəsinin 2/3 hissəsində fındıq ağacı əkilmişdi.
Naxçıvan qəzasında Ordubad mahalı meyvəçilikdə fərqlənirdi. Burada
yüksək keyfiyyətli ərik növləri, qoz və başqa meyvələr yetişdirilirdi.
Azərbaycanda bostançılıq geniş yayılmışdı. Hər il Ucar və Ləki dəmir yol
stansiyalarından 200 min puddan çox qarpız-yemiş yola salınırdı.
Bütün qəzalarda üzüm yetişdirilirdi. Lakin əsas üzümçülük rayonları
Yelizavetpol, Şuşa, Göyçay, Şamaxı qəzaları idi. Azərbaycanda üzümlüklərin 2/3
hissəsi bu qəzaların payına düşürdü.
1913-cü ildə Zaqatala dairəsi və Naxçıvan qəzası da daxil olmaqla,
Azərbaycanda 28,5 min desyatin üzümlükdən 6 milyon puddan artıq məhsul yığılıb
emal müəssisələrinə təhvil verilmişdi. Bu, əsrin əvvəlində olduğundan iki dəfə çox
idi.
Üzümlüklərin böyük əksəriyyətini kiçik üzüm bağları təşkil edirdi. Hər
üzüm bağına orta hesabla 0,5 desyatin torpaq sahəsi düşürdü.
Üzümlüklərin çoxu iri şirkətlərə məxsus idi. Üzüm məhsulunun 3/4
hissəsini bu şirkətlər verirdi. Məsələn, birinci dünya müharibəsi ərəfəsində
Yelizavetpol quberniyasında üzümlüklərin 10 faizi, yəni 1200 desyatini üç iri
şirkətə məxsus idi.
Müharibə illərində üzümlüklərin sahəsi xeyli azaldı.
Kənd əhalisi tərəvəzçiliklə, arıçılıqla, biyan kökü çıxarmaqla, meşələrdən
yabanı meyvə və giləmeyvə toplamaqla, Abşeronda, həmçinin, zəfəran becərməklə
məşğul olurdu.
Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı ləng inkişaf edirdi. Bunun
başlıca səbəbi yerli əkinçiliyin texniki və aqrotexniki cəhətdən geri qalması,
kəndlilərin bəzi təsərrüfat səriştəsizliyi idi.
Çar hökuməti Azərbaycanda yalnız Rusiya sənayesinin ehtiyac hiss etdiyi
təsərrüfat sahələrinin inkişafına az-çox fikir verirdi.
Baramaçılığı, pambıqçılığı, habelə heyvandarlığı yaxşılaşdırmaq üçün
bəzi təşəbbüslər edilirdi.
1902-ci
ildə
ipəkçilərin
Yelizavetpolda çağırılan qurultayında
baramaçılığın sirlərinə bələd olmaq, çəkil plantasiyalarına aqrotexniki qaydada
qulluq etmək üçün kənd müəllimlərinin xüsusi kurslarını açmaq haqqında qərar
qəbul olundu. Kursu bitirən müəllimlər özlərinin dərs dediyi məktəbin nəzdində
34
təcrübə sahələri təşkil edib, baramaçılığı yerli kəndlilərə öyrətməli idilər. 25
kənddə və bəzi iri təsərrüfatlarda da bu cür təcrübə sahələri təşkil edildi.
Həmin il Yelizavetpolda kənd təsərrüfatı mütəxəssislərinin qurultayında
pambıqçılığı inkişaf etdirmək üçün yollar müəyyənləşdirildi. Göyçay qəzasında
pambıqçılıqdan nümunə sahəsi yaradıldı.
1904-cü ildə Ağdaşda Qafqaz pambıqçılarının birinci quberniyalararası
qurultayı çağırıldı.
Heyvandarlığın inkişafına, xüsusən, daha məhsuldar mal-qara cinslərinin
yetişdirilməsinə diqqət artırıldı. Alman və rus kolonistlərinin təsərrüfatlarında olan
çoxsüdverən qaramalın, merinos cinsli qoyunların və məşhur yerli heyvan
cinslərinin bazasında təcrübə stansiyaları, atçılıq zavodları yaradıldı.
1901-ci ildə baytarlıq işçilərinin Yelizavetpolda müşavirəsi keçirildi.
Heyvanlar arasında yoluxucu xəstəliklərin, xüsusən İranla sərhəd rayonlarında
yayılmış taun xəstəliyinin qarşısını almaq üçün taun məntəqələri, baytar
stansiyaları təşkil edildi.
Kənd təsərrüfatında kapitalist münasibətlərinin inkiĢafı: XIX əsrin
axırı-XX əsrin əvvəllərində bir sıra təbii iqtisadi-sosial proseslər - sənayenin
inkişafı, şəhər əhalisinin artması, Ümumrusiya və daxili bazarın genişlənməsi
kəndli təsərrüfatlarında əmtəə (satlıq məhsul) istehsalının çoxalmasına səbəb oldu.
Kəndli təsərrüfatlarının əmtəə istehsal etməsi kapitalist təsərrüfatçılığına
xas əlamət olsa da, bu hələ kənddə kapitalist istehsal münasibətlərinə keçildiyini
göstərmirdi. Kənd təsərrüfatında kapitalizmin başlıca əlaməti—istehsalın muzdlu
əməyə əsaslanmasıdır.
XX əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatının bütün
sahələrində muzdlu əməkdən bu və ya digər dərəcədə istifadə edilirdi.
Qolçomaq və varlı kəndli təsərrüfatlarında muzdlu əməkdən geniş istifadə
edilirdi.
Pambıqçılıq təsərrüfatları tamamilə muzdlu əməyə əsaslanırdı.
Bu dövrdə gəlmə ruslar arasında əsasən pambıqçılıqla məşğul olan çoxlu
kəndli-fermer təsərrüfatı meydana gəlmişdi. Məsələn, 1912-ci ildə Muğanın Novo-
Nikolayevka kəndində 2 min desyatin suvarılan torpağın 1/3 hissəsində təkcə
pambıq əkilmişdi. Hər kəndli təsərrüfatına orta hesabla 4 desyatinə qədər pambıq
əkini düşürdü. Bəzi qolçomaqların onlarca desyatin təkcə pambıq əkini sahəsi
vardı.
1917-ci ildə qolçomaq və varlı kəndli təsərrüfatlarının sayı, əsrin əvvəli
ilə müqayisə etdikdə, təqribən üç dəfə artaraq 29 mini ötmüşdü. Bütün kəndli
təsərrüfatlarının cəmi 8,6 faizini təşkil edən bu təsərrüfatların payına ümumi əmtəə
istehsalının 1/3 hissəsi düşürdü.
Muzdlu əməkdən bəzi bəy-mülkədar təsərrüfatlarında və çoxlu zəhmət
tələb edən bitkilərin becərilməsində də istifadə olunurdu.
Dostları ilə paylaş: |