14
Hələlik Bakıda hər iki fraksiyanın təbliğatçıları və Məmməd Əminin
başçılıq etdiyi «Hümmət» təşkilatı fəaliyyət göstərir. Hamısını yaxınlaşdıran bir
yol var — çar hökumətini yıxmaq. Qalan sahələrdə fikir ayrılığı mövcuddur.
Elə həmin illərdə o, sonradan milyonlarla insanın qanını töküb, türk
xalqlarının qatı düşməninə çevriləcək, otuz bir il hakimiyyət başında qalıb özünün
qorxulu terror maşınını yaradacaq Stalinlə tanış olur...
Onları ilk dəfə əmisi oğlu Məmməd Əli tanış edir (20-ci il hadisələrindən
sonra Məmməd Əli də vətənini tərk edib Türkiyədə yaşamaq məcburiyyətində qalır
və yaxın münasibətdə olduğu Stalin hakimiyyət başına gələndə onun da ailəsinə
işgəncələr verir).
Stalin 1904-cü ilin iyununda bolşevik təşkilatına başçılıq etmək üçün
Bakıya gəlmişdi. Olduqca bacarıqlı və hiyləgər adam idi. Yüksək çalışqanlığı və
sarsılmazlığı vardı. Dostları onu Koba adlandırırdılar. Sonrakı fəaliyyəti, əməlləri,
tökdüyü qanlar bu adın ona nahaqdan verilmədiyini sübuta yetirdi, Koba
gürcülərdə bir quldur dəstəsinin qəhrəmanının adıdır.
Əmisi oğlunu hələ qorxunc tirana dönməmiş Koba ilə necə tanış etdiyini,
görüşdürdüyünü Məmməd Əli ömrünün səksəninci ilində — onların hər ikisinin
artıq həyatdan köçdüyü bir zamanda belə xatırlayacaqdı:
—«O tarixlərdə çar rejimini devirmək üçün Qafqaziyada çalışan inqilabçı
sosialistlər, bolşeviklər və menşeviklər ilə təmas halında idik. Bu partiyaların üçü
də bizi öz tərəflərinə çəkməyə çalışırdı, biz onlara yanaşmırdıq. Günlərin bir günü
Stalin məni və Məmməd Əmin bəyi dəvət etdi...».
Dünyanın ən zülmkar adamı kimi, böyük bir imperiyanı əsarətdə saxlayacaq
adamla—Koba ilə olan həmin görüşünü isə Məmməd Əmin belə xatırlayarmış:
«— Bakı ətrafında yerləşən Balaxanı neft mədənləri tərəfdə bir zavodun
fəhlələrinə məxsus evlərdən birində olduqca bəsit bir otaqda qarşımıza arıq,
ortadan bir az hündür boylu bir şəxs çıxdı. Sadə geyimli bu zatın çopur-çopur olan
üzünə diqqət etdim. Ciddi bir halda gülümsəyirdi. Bizi təbii və sərbəst bir əda ilə
qarşıladı. Rusca danışığında gürcü ləhcəsi qüvvətli hiss olunurdu. Təbii xoş-beşdən
sonra söhbət siyasi və sosial məsələlər üstünə keçdi...».
Stalinlə ilk görüş, ilk söhbət onun ürəyincə olmadı. Stalin söhbətində
ümumən bolşeviklərin xarakterindən, ideya və məqsədlərindən axıb gələn
fikirlərdən danışırdı. Proletariatın, yalnız bu sinfin hegemonluğa çevrilə biləcək
qüvvə olduğunu söyləyirdi. Stalinin dediklərindən açıq-aydın anlaşılırdı ki, onlar
mövcud yaşayış qaydalarını, şəraiti, cəmiyyətdə müxtəlif təbəqələrin olduğunu və
yaşamaq haqqına sahibliyini nəzərə almır, yalnız romantik bir nəzəriyyənin
torunda çapalayırlar. Onun əqidəsincə bu deyilənə başqa heç bir fikir əlavə etmək
və marksizmdən axıb gələn mübarizə üsulunu son məqsədə—proletariatın
hegemonluğuna aparan taktikasını dəyişmək olmaz. (Sonradan həyat amansız
faktlarla təsdiqlədi ki, Lenin də, Stalin də, onların arxasınca gedən başqa bolşevik
qrupları da proletariatın yox, öz hökmranlıqlarına can atırdılar. Nə Leninin, nə də
15
Stalinin rəhbərlik etdikləri dövrlərdə fəhlə fəhlə olaraq qaldı. Yenə zülm və əsarət
altında inildədi. Hətta Leninin proletariatın müttəfiqi saydığı kəndlini
hakimiyyətə yaxın qoymamaq haqqında dediyi sözlər də var).
...Stalinlə ilk söhbətdən Məmməd Əmin daxilən narazı qaldı. Bunun başlıca
səbəbi də Stalinin bolşevizmin əhvalından irəli gələn bir sözü deməyi oldu.
Əmisi oğlunun Stalinlə söhbətdən ən çox narazı qaldığı o son sözləri
Məmməd Əli belə xatırlayarmış:
—...Və onlara birləşməmizi təklif etdi. Biz ona bolşevik nəzəriyyəsi və
ruhunun məmləkətimizin ruh və yaşayış tərzinə uymayacağını söyləyib təklifini
rədd etdik. Çıxarkən bizə: bir rus adı söyləyib «Filan adam da bizi dinləmədi. Biz
onu təmizlədik» deyə cavab verdi. Biz isə: «Nə bacarırsınızsa edin» deyib ayrıldıq.
Sonradan əlaqə saxlayıb görüşsələr də, müəyyən işlərdə birgə çalışmaları
olsa da Stalinin bu xoşagəlməz hərəkətindən, xüsusilə də asanlıqla dediyi «aradan
götürərik» sözlərindən Məmməd Əminin xoşu gəlmirdi. Stalinlə söhbətində
içərisində çox sonralar da barışmadığı və özünün 23 ay başçılıq etdiyi hökumətdə
həmişə uzaq saxladığı «hökmranlıq» səsi eşidilirdi. Proletar sinfinin hökmranlığı
sözünü Stalin daha tez-tez və xüsusi vurğu ilə işlədirdi. Onun fikrincə indiki
mütləq rejimi yıxıb, çar üsul-idarəsini devirməkdə yalnız proletar sinfi maraqlıdı
və bu işdə hədsiz sədaqətə malikdir.
Stalinin dedikləri, düşündükləri o zaman bütün bolşeviklərin əzbərlədiyi
belə hazır cümlələrdən ibarət idi.
Sonrakı mübarizə illərində Stalinə az köməyi dəyməmişdi. Fəhlələr arasında
tibbi təbliğat apardığına görə dövlətlilər Stalini neft quyusuna atmaq istəmişdilər.
Məmməd Əmin onu ölümdən xilas etmişdi. 1908-ci ilin martında həbs edilir. Elə
həmin ilin sentyabrında onun gizli şəkildə həbsxanadan qaçırılmağını təşkil
edənlərdən biri Məmməd Əmin olur.
Bir dəfə polislər Stalinin izinə düşmüşdülər. Həbs olunmaq təhlükəsi vardı.
Novxanıya qaçıb gələn Stalini polislər burda da bərk axtarırdılar. Məmməd Əmin
ondan öz köməyini əsirgəməmişdi. Evlərində neçə dəfə çörək kəsən bu adamı
atasının axundluq etdiyi Novxanı məscidindəki minbərin altında gizlətmişdi.
Minbərdə quran oxuyan axund sonradan bütün ailəsinə işgəncələr verib uzaq
sürgünlərə göndərəcək bir cəlladın minbərin altında gizləndiyini hardan biləydi.
Həyat yoldaşı Maral arvad isə (Məmməd Əminin analığı. Anası Ziynət
xanım vaxtsız vəfat etdiyindən atası ikinci dəfə evlənmişdi.) nəvələri ilə birlikdə
Stalin cəlladları tərəfindən soyuq həbsxana divarları arasına atılanda şikayətlənə-
şikayətlənə zəif ümid işığı ilə qaniçənlərə demişdi: «Gedin o bığlı oğlana (yəni
Stalinə) deyin ki, Maral arvadı tutmuşuq. O adamı tutmuşuq ki, neçə dəfə sənin
qabağına çay gətirib, çörək qoyub».
Yazıq arvad yana-yana demişdi bu sözləri. Qorxudan, ürküdən yox, insanlıq
cildini itirib, sosializm adlı qanlı bir kəfənə bürünmüş dövrandan şikayətlənmişdi.
Qoca qarını da həbsxanaya salardılarmı?
Dostları ilə paylaş: |