Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə83/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   79   80   81   82   83   84   85   86   ...   113

431

VÜQAR TÜRKÜSÜ

Azadlıq hər kəsə qismət olurmu?

Mən azad yaşadım küləklər kibi.

Bütün varlığını bəşəriyyətə

Bəxş edən ətirli çiçəklər kibi.

Mən azad yaşadım küləklər kibi.

Bircə toz ləkəsi, bir azca zədə

Yaxın buraxdımmı büllur qəlbimə.

Tapdım ağ bəxtimi mübarizədə

Dənizlər baş qoydu cəsur qəlbimə

Günəşdən işıqlı büllur qəlbimə.

Mən burda yaşaram hökmdar kibi,

Sən orda dönmüsən quru qaxaca.

Məgər verərəmmi, dəyişərəmmi

Zindan küncündəki səadətimi

Qızıl qəsrindəki təxt ilə taca?

Sən orda dönmüsən quru qaxaca.

Medallı, çələngli bəxtiyarların

Məgər bircəsinə küsəndimmi heç?

Yırtdım maskasını saxtakarların

Bəxş etdim aləmə səadət, sevinc.

Məgər bircəsinə küsəndimmi heç?

Gözümün içinə güllə sıxanlar

Gözümdə nə gördü? Yalnız təbəssüm!

Öz evini yıxdı məni “yıxanlar”,

Polad dizlərimdə dəyanət, dözüm,

Gözümdə nə gördü? Yalnız təbəssüm.

Kimdən əsirgədim duz­çörəyimi?

Keçdim cəhənnəmdən gül dərə­dərə.

Böldüm dilim­dilim şir ürəyimi,

Payladım kəmlərə, ağciyərlərə.

Keçdim cəhənnəmdən gül dərə­dərə.




432

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qupquru çörəyi, adi suyu da.

Tər bənövşəm bilib qoxulamışam.

Batan günəşi də, doğan ayı da

Çiynimdə cüt görüb hər səhər­axşam

Tər bənövşəm bilib qoxulamışam.

Balaca, alanəm, dar kameramda

Azərbaycanımla verib baş­başa,

Döndərib qəlbimi məşələ, oda,

Şeirimi yazmışam beton bir daşa,

Azərbaycanımla verib baş­başa.

Tökülüb başımdan dəli leysanlar,

Leysan damlasını yaqut bilmişəm.

Yerdə mənim üçün divan quranlar

Bilirmi səmadan, göydən gəlmişəm,

Leysan damlasını yaqut bilmişəm.

Dönüb sevinc olur duyduğum kədər,

Qürur dalğalarım axın­axındır.

Mənim səadətim mənimdir məgər?

Haqqını axtaran insanlığındır.

Qürur dalğalarım axın­axındır.

Məhəmməd peyğəmbər, Konfutsi, Budda...

Bütün dahilərin ilk varisiyəm.

Ayağım topraqda, başım buludda

Haqqın nəfəsiyəm, eşqin səsiyəm.

Bütün dahilərin ilk varisiyəm.

Bir gün güllə dəysə açıq alnıma,

Qanım qızılgülə dönəcək yəqin.

Heyran qalacaqlar yas cəlalıma,

Uğrunda öləcəm bəşəriyyətin,

Qanım qızılgülə dönəcək yəqin.



Moskva, Lefortovo zindanı,

birinci gün, 1 oktyabr 1990


433

AZADLIĞIM

Hər kişi müstəqil bir partiyadır,

Hər kişi – ən ali bir hakimiyyət.

Dövlət sərhəddimi, ­ azadlığımı

Heç kəsə vermərəm! Bilsin kəmfürsət!

Heç birinə ram olmadım

Nə sərvətə, nə şöhrətə.

Nə bir cənnət içindəcə mərmər qəsrə, imarətə.

Nə rəyasət heyətinə, hər cəhətdən kəm heyətə.

Heç birinə ram olmadım: pula, vara,

zər cilidli kitablara,

qəlp medala, boş çələngə.

Yalnız könül azadlığı!

Bu eşq ilə girdim cəngə.

Yalnız könül azadlığı –

hətta dəmir bir qəfəsdə.

“Gülüstan”ı, “Türkmənçay”ı

qanla yazan bir məhbəsdə.

Çayları bəlkə də saxlamaq olar.

Mən dənizlər kibi azadam, azad!

Gəda qarşısında iki əlini

Yerə qoyanlarla ən kəskin təzad!

İldırımlar kibi, leysanlar kibi,

Burulğanlar kibi azadam, azad!

Təmkinlə hərlənən yer kürəsiyəm,

Mənim azadlığım, mənim gücümdür.

Mənim azadlığım qansoranların

Cındır maskasını yırtmaq üçündür!

Mənim azadlığım haraylayır ki,

Çıxın mağaradan, ey əntərlərim!




434

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Başınız üstündə o göylər boyda

Havaya tamarzı ağciyərlərim!

Nə bədbəxtdir evində də diplomat tək hərlənənlər...

Yaşamağa tamarzılar, ömrü boyu girlənənlər.

Düşmənimmi?

Məgər düşmən kəlməsinə heç layiqmi nadürüstlər?

Yarım düşmən, yarım dostlar?

Süd gölündə yarışanlar, üzüşənlər.

Qanı qara, üzü şənlər.

Bircə yol “xox” eşidərkən büzüşənlər.

Böyük tarix qatarının təkərinə ilişənlər.

Azca macal tapan kimi rütbələri bölüşənlər,

Diri qullar, ölü şənlər anlarmı bu səadəti?

Mənim əl boydaca köksüm içində

Yerə, göyə sığmaz hakimiyyəti?!

İstəsən, balamı verərəm ona,

Üzərəm, laləmi verərəm ona.

Ağzımın dadını, gözüm odunu,

Çayımı, selimi verərəm ona.

Verməm göylər boyda azadlığımı!

Yalnız Vətənimdir atam, qardaşım,

Qarışıb dönmüşəm yurd havasına.

Dünyada heç kəsə əyilməz başım

Baş əyir adicə quş yuvasına!

Mənim azadlığım yalnız onundur,

Ölsəm də yenidən gələrəm cana,

Dirilik suyu tək qovuşa bilsəm

Dodaqları yanıq AZƏRBAYCANA...




ADIMIZ, SOYADIMIZ

Yenə əlim çənəmdə

Yenə başım ovcumda.

Həqiqətin böyüyü

Yenə dilim ucunda...


436

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



İKİ QARDAŞIN SÖHBƏTİ

(Bir parça)

Deyirsən ara­sıra yadıma gəlir anam.

Deyirsən heç bilmirəm qaradır qaşı, gözü,

Ya şabalıd rəngində.

Xatirindən çıxıbdır səsinin ahəngi də.

Deyirsən xalı vardı,

Bilməm sağ yanağında, yoxsa sol yanağında.

O xal da itib gedir gah dumanlar içində,

Gah yenidən canlanır gözünün qabağında.

Ömrün bahar çağında sən ayrıldın anandan,

Tərk etdin ana yurdu.

Sən özün ayrılmazdın, ayıranlar ayırdı.

Yox, təkcə sənin deyil, qardaş, bu dərd, bu firqət.

Bu firqətlə yaşayır on milyonluq məmləkət.

Sən həsrətsən anana, bəs mən necə? Bir düşün:

Mənim anam deyilmi Təbriz, Zəncan, Marağa?

Rəvamı həsrət qala oğul, ana torpağa?

Danış mənə dərdini, danış lap açıq­aşkar

Dərd aşkar olunmasa, dərman necə tapılar?

Bizim sevincimizi oğurlayan düşmanlar

Oğurlamaq istəyir indi qəmimizi də.

O torpaqdan qızılı, gövhəri qoparanlar

Qoparmaq istəyirlər hələ ürəyimizdən

Gövhər kimi hissi də.

Danış, alovlanım mən.

Odlu bəbəklərimdən yaş axsın gilə­gilə.

Mən öz Vətənim üçün

Nəfəsim tutulunca hönkürməmişəm hələ.

Dişim dodaqlarımı qanadıncaya qədər

Hirslənməmişəm hələ.

Düşmən görmək istəyir bizi qırıq saz kimi

Danış!


Düşmən əlilə mənim korşalmış, xırpalanmış

Hirsim, hiddətim daşsın,

Bəndi­bərəni aşsın qəzəbli Araz kimi...



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə