Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə85/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

441

Elimə – günümə azadlıq!

Yaradan əlimə azadlıq!

Qıfıllı dilimə azadlıq!

Dağlara, daşlara azadlıq!

Yuvada quşlara azadlıq!

Torpaqda toxuma azadlıq!

Gecələr yuxuma azadlıq!

Göyərçin güllərə azadlıq!

Yerlərə, göylərə azadlıq!

Şairə, rəssama azadlıq!

Kükrəyən ilhama azadlıq!

Arzuya­muraza azadlıq!

İlk dəfə Araza azadlıq!

Aylara, illərə, azadlıq!

Ən kiçik ellərə azadlıq!

Ey mənim əziz xalqım, niyyəti təmiz xalqım!

Mavi göylərin qədər genişdir qəlbin sənin,

Böyüklükdə, saflıqda günəşdir qəlbin sənin.

Heç özün hüququnun bəhrəsini görməmiş,

Öz oğluna­qızına

Öz dilində bir dəfə hələ heç dərs verməmiş,

Erməni balasına

Öz erməni dilində məktəb açdın, gəl dedin,

Özün istədiyin tək boy atıb yüksəl! – dedin.

Qoy beş­on min assori, qoy beş­on min gilanlı,

Hələ talış da, kürd də bəxtiyar olsun! – dedin.

Hamıda eyni­eyni ixtiyar olsun! – dedin.

Səndən azadlıq aldı kiçik el də, elat da,

Sən verdin azadlığı kağızda yox, həyatda!

Sən demədin ki, dilim Xətainin dilidir,

Gərək bütün dillərdən yüksək olsun, baş olsun.

Dedin bütün dillərin elə hüququ birdir,

Dillər ayrı olsa da, millətlər qardaş olsun.

Bütün dillər gül açsın, hər dilin öz ətri var,

Dünyanın kitabında hər xalqın öz xətti var.

Ey mənim doğma xalqım, sən nə qədər gözəlsən,

Sən bütün fitrətinlə elə beynəlmiləlsən!




442

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Dostlarım deməsin ki, yenə uzandı şeirim,

O fərəhli günlərin uzun sürmədi, neynim.

Heç olmasa uzansın fərəhli sətirlərim,

Heç olmasa qələmlə günəş olum, doğum mən,

Sevincimdən yazmaqla kədərimi boğum mən.

Şair nə gözəl deyir: “Arzu dünya qədərdir,

Ömrü az olan sevinc elə bir növ kədərdir”.

Ey milli dövlətimiz, sən bir loğman yarandın,

Dərdə dərman yarandın.

Yalnız insanların yox,

Çiçəyin də, quşun da, torpağın da, daşın da

Arzusundan yarandın, məramından yarandın.

Səni qorumaq üçün soyuq səngər içində

Ellər keşik çəkdilər.

Sənin üçün lalələr dağlarda qan tökdülər.

Yaşıl orduya döndü göy meşələr səninçin.

Əsim­əsim əsdilər bənövşələr səninçin.

İgidlərə yer verdi öz bağrında Savalan,

Bayquşlara: ­ Sus! ­ dedi, qartallara: ­ Havalan!

Mülkədarlar özü də iman gətirdi sənə,

Dövlətini, varını qurban gətirdi sənə.

Sərnizənin, tüfəngin boyu ilə ölçərək,

Fədailər torpağı böldü ata malı tək.

Söhrab, elə bilmə ki, yadımdan çıxmısan sən,

Fırtınalar qoynundan qəhrəman çıxmısan sən.

Fədai paltarında sən on səkkiz yaşında

Sanki elə bu gün də dayanmısan qarşımda.

Sən deputat deyilsən, qapıçısan adicə,

Dayanmısan silahlı bayaqdan yerindəcə.

Mandatlara baxırsan, qeyd edib buraxırsan.

İnanmırsan gözünə: deyirsən öz­özünə:

Sən bir deputata bax, başında bir çal papaq,

Ayaqlarında çarıq, əynində boz arxalıq,

Keçib gedir salona, hey sevinə­sevinə,

Sanki evinə gedir, öz doğmaca evinə.

Kimi çarıqla gəlir, kimi çomaqla gəlir,




443

Kimi əli tüfəngli, kimi bayraqla gəlir.

Gəlir alim, dəmirçi, gəlir memar, pinəçi.

Gəlir şəhərli, kəndçi.

Hamısının gözündə Azadlığın sevinci.

Pişəvəri keçəndə güldü, əl verdi sənə.

Hələ afərin deyib, əl qoydu sağ çiyninə.

O afərin kəlməsi könlündədir hələ də,

O əlin istiliyi əlindədir hələ də.

İclas davam eləyir, sən qapıdan baxırsan,

Salonla birgə coşur, kükrəyirsən, axırsan.

Sən adi bir qapıçı,

Yox, qapıçı deyilsən.

Səadəti, ağ günü əllərinlə qapansan.

Arzular köhlənində gələcəyə çapansan.

Lap elə qapıçı ol, nolar, qapıçı olanda,

Xoşbəxtdir öz elində

İnsanların üzünə elə qapı açan da.

Yad dənizə tökülən böyük bir nəhr olmaqdan

Xoşdur öz dənizində adi bir damcı olmaq.

Məhkum ölkədə qalıb böyük mənsəb tutmaqdan

Xoşdur azad ölkədə adi qapıçı olmaq.

İclas davam eləyir, sən qapıdan baxırsan.

Salonla birgə coşur, kükrəyirsən, axırsan.

Baş açıq, döş irəli. Danışır Pişəvəri.

Danışır, düşmənləri yuvasında susduran

Bizim Patris Lumumba, bizim Fidel Kastro.

Milyon­milyon ürəkdən qopub gələn səsdir o.

Alovlu cümlələri yenə tüğyana gəlir.

Çıxıb arxa cərgədən odur, bir ana gəlir.

Gəlir başında çarqat, qamətində bir qürur.

Onlar ana­bala tək qucaqlaşırlar, budur.

Ananın sinəsinə oğul bir medal taxır,

Ananın sinəsindən salona günəş baxır.

Titrəyən əllərilə o medalı düzəldir,

Bu medalı gözləmiş elə bil ki, yüz ildir.

Bu medalı gözləmiş



444

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ac şəxsin gözlədiyi çörək kimi, su kimi.

Əkilmiş bir torpağın bahar arzusu kimi.

Bu medalı gözləmiş ağ günlü həyat kimi,

Böyük mübarizəyə böyük mükafat kimi.

Medal lentin üstündə, o qızaran lentə bax,

Günəşin arxasından sanki günəş doğacaq.

Ananın köksündəki “21 Azəri”dir.

Ziyası Azadlığın ziyasıdır, zəridir.

Medal lent ilə birgə qızaran bir laləmi?

Alışan ovucların alqışı şəlaləmi?

Ana bu mükafatı elə­belə almayıb,

Hansı gecə olub ki, o, yuxusuz qalmayıb?

Öz ana əllərilə, o dünyanı dəyişdi,

Kişilərlə bərabər səngərlərdə döyüşdü.

Var ol, təbrizli qadın, yaşa, təbrizli ana!

Sənin qəlbin günəşdir doğma Azərbaycana!

Söhrab, qapıçı qardaş, söylə iclas bitdimi?

O deputat yoldaşlar dağıldımı, getdimi?

Yazmağa əlim gəlməz, deməyə dilim gəlməz,

Danışmayım qoy ondan,

O sərbaz faşistlərin kürəkləri qanadan

Çəkməsinin nalından.

O çiçəklər, o güllər saraldımı, soldumu?

Amerika tanklarının

Zəhərli tırtılında bir ovuc kül oldumu?

Qəsbkarlar Təbrizi yerlə­yeksan etdimi?

Həmin medalı ana

İkinci ürəyi tək köksündə gizlətdimi?

Yazmağa əlim gəlməz, deməyə dilim gəlməz.

Yox, davam edir iclas.

İnanmırsan, bir anlıq ürəyimə qulaq as.

Azadlığın ləzzəti dodağımda, dilimdə,

Verərəmmi düşmənə heç o günü əlimdən?

Mən illər arxasından səslərəm o iclası,

Gözümün giləsində bəslərəm o iclası...

1965



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə