Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə81/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   77   78   79   80   81   82   83   84   ...   113

419

Deyir – qəbul edəsidir şəxsən məni kral özü.

Çağırtdırıb özü oğlum, bəlkə müjdə verəsidir.

Aman­zaman tək balamsan, varım­yoxum, canım­gözüm,

Səni mənə bağışlasın, bu olacaq bircə sözüm.

Edam günü ağ geyinsəm, gəlib dursam ağ eyvanda,

Bil ki, sənə yoxdu ölüm, yoxdu ölüm bu cahanda.

Boğazına sabunlanmış kəndir­ilgək salınsa da,

İnan, tilsim qırılacaq əvvəl­axır, lap son anda.

Qara geysəm, demək, kral rədd eləmiş diləkçəmi.

Demək, qəmli fələk özü bəxtimizi qara yazmış.

Gəlib çatır edam günü zəhərlənmiş qılınc kibi.

Min­min yolçu qabağında bircə nəfər o “yol azmış”.

Göz yetirir: Ana durmuş ağ geyimdə, ağ eyvanda,

Başında ağ çələngi var, görkəmində bir əzəmət.

Anlayır ki, daha ona ölüm yoxdur bu cahanda.

Varlığına qüvvət axır, yerdən­göydən gələn qüvvət.

Gözlərinə görünmür heç neçə­neçə qansız fərraş,

Sabunlu ip, ilan təki omba durmuş dar ağacı.

Azad ruhu al günəşdə addımlayır yavaş­yavaş,

Buluddamı məğrur başı, qızıl quşmu qızıl saçı?

Bu əfsanə, bu həqiqət görün harda düşdü yada?

Moskvada alatoran, kəmnəfəs bir kamerada.

Həmən cavan mən özüməm, amma heyif anam yoxdur.

Doğma xalqım, anam sənsən, atam sənsən bu dünyada.

Nə təsəlli istəyirəm, nə son ümid, ürək­dirək.

Özüm sənə təsəlliyəm, özüm sənin ürəyinəm.

Ləyaqətim, mətanətim ağ başımda qızıl çələng.

dizimdə titrəyiş var, nə gözümdə ələm, ya qəm.



420

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mən onsuz da əbədiyəm, cahangirlər gəldi­gedər,

Bir gün edam meydanında başım getsə, verərsəm də can,

Sən yadların qarşısında heç bir zaman qara geymə,

Ey Ağ donlu Anam mənim, ağ çələngli Azərbaycan!



Moskva, Lefortovo zindanı,

12 mayıs 1990

***

Bu görüş bir möcüzəydi,

Sən yenə də gəlib çıxdın.

Ürəyimin alovuna

Sıxdım səni, bir də sıxdım.

Nə dilində bir ah­nalə,

Nə gözündə göz yaşı var.

Dərdə­qəmə öyrəşənim,

Ey bir azca solan bahar!

Hüsnün yenə qızılgüldür,

Bəs nə üçün rəngin qaçıb?

Zindanlardan keçən bahar

Saçlarında gülmü açıb?

Canım­gözüm, təbiətdə

Baharın öz qaydası var.

Gedər, bir də qayıdar o,

Mütləq, mütləq o qayıdar.

Mən əminəm: bu dünyaya

Biz yenidən gələsiyik.

Aşıb­daşan bahar kibi

Bir də, bir də güləsiyik.



421

Bir az ağlar, bir az gülər,

Kədərli, şən Firəngizim!

Həsrət­hicran yollarında,

Mətinləşən Firəngizim!

Mətin olmaq, cəsur olmaq,

İndi sənə yeni peşə.

Axı harda görünüb ki,

Bənövşə də dəmirləşə.

Ağlasaydın, kirpiyindən

Göygölümü içərdim mən.

Göygöl sənin kiçik bacın,

Sən ilahi məlakəmsən.

Sən ki, varsan bu aləmdə,

Zindan məni yıxa bilməz.

Aya əvəz, günə əvəz

Bir qüvvəsən – pak, müqəddəs.

Bir də duydum nəfəsini,

Necə böyük bir qismətmiş.

Beş dəqiqə səni görmək

Bir ömürlük səadətmiş.

Biz ki, üzüağ yaşadıq

Üzüqara bu aləmdə.

Üz ağlığı qüvvət verər,

Keçər kədər, uçar qəm də.

Bu görüş bir yuxu imiş,

Nə tez uçdun əllərimdən.

Bir ömürlük ətir aldım

O dən düşən tellərindən.



422

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Üzün günəş, özün aynam,

İşıqlandım işığında.

Hanı kədər? Bəlkə polad

Bir toqqadır qurşağımda.

Dərinlərdə dəfn edilmiş

Bir ağrımız, acımız var.

İkimizin bircə tacı –

Başda vüqar tacımız var.

Bizim ani görüşümüz

Bir az sevinc, bir az həsrət.

Hər yetənə qismətmidir

Tilsim qıran bu məhəbbət?!

Sən ki, varsan bu aləmdə

Zindan məni yıxa bilməz.

Min il keçə... ölüm­itim

Qabağıma çıxa bilməz.

Yeddi iyun görüş günü

Doqquzunda uçacaqsan.

Hara getsən, yalnız onu

Sevgimizi qucacaqsan.

Bir az ağlar, bir az gülər,

Kədərli, şən Firəngizim!

Həsrət­hicran yollarında

Mətinləşən Firəngizim!



Moskva, Lefortovo zindanı,

8 iyun 1990


423

MƏN YENƏ DÖNƏCƏM AZƏRBAYCANA!

Burda havam çatmır... hava istərəm,

Xəzər dənizinin özü boydaca.

Burda səmasızam, səma istərəm –

Günəşin aləmə sözü boydaca.

Xəzər dənizinin özü boydaca.

Qırın zəncirləri biləklərimdən,

Açın qıfılları diləklərimdən.

Endirin zindanı kürəklərimdən.

Gecələr bürünüb soyuq yorğana,

Yatmıram, dalıram Azərbaycana!

Yalnız anam­bacım, qardaşım deyil,

Vətənim – əbədi səadətimdir!

Min­min övladının biridir Xəlil

Vətənsiz iki qat, üç qat yetimdir,

Vətənim – əbədi səadətimdir!

Hər çayı­çeşməsi səsim, nəfəsim,

Hər daşı bənzəyir lələ, mərcana.

Doğrayın, kəsin də lap kəsim­kəsim

Təki qovuşdurun Azərbaycana!

Hər daşı bənzəyir lələ, mərcana.

Mütləq dönməliyəm doğma məkana

Bir az da qüdrətli, bir az da mətin.

Kürlə Araz kimi bağlıyam ona,

Canıyam, bağrıyam bu məmləkətin.

Bir az da güclüyəm, bir az da mətin.

Söküb zindanları, barmaqlıqları,

Hər gün qayıdıram Azərbaycana.

Kəhkəşan oluram hər gecə yarı

Üzümdən nur düşür Milə, Muğana.

Hər gün qayıdıram Azərbaycana.



424

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Saqqalım ağsa da gənc anamdır o,

Ana uşağına dönürəm hər gün.

Ayna Göygölümdə, Maral gölümdə

Bir ay işığına dönürəm hər gün.

Ana uşağına dönürəm hər gün.

Gəlsəm, gələ bilsəm Azərbaycana,

Mənim gəlişimlə o yüksələcək.

Ordular gələcək haqq nəfəsimdə,

Əzəmət, ləyaqət, qüdrət gələcək.

Mənim gəlişimlə o yüksələcək.

Zümrüd yağışına, ağ dumanına

Bürünə­bürünə gələsiyəm mən.

İşdir ayaq üstə gələ bilməsəm,

Sürünə­sürünə gələsiyəm mən.

Nəfəsim kəsilsə... sürtüb üzümü,

Dağından­daşından qüvvət alacam.

Üzülsə qollarım, dişimlə tutub

Uğrunda bir daha qılınc çalacam.

Dağından­daşından qüvvət alacam.

Yoluma neçə min Əzrayıl çıxa,

Ömrü məzar ilə bölə bilmərəm.

Anla, ey imansız: Azərbaycansız

Yaşaya bilmərəm, ölə bilmərəm!

Ömrü məzar ilə bölə bilmərəm.

Mən yenə gələcəm Azərbaycana!

Şəninə şərqilər deyəcəyəm mən.

Acı tüstüsünü bal kimi udub

Odunu qaymaq tək yeyəcəyəm mən.

Şəninə şərqilər deyəcəyəm mən.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə