Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ


TORPAQ SAHƏLƏRİNİN DÖVRİYYƏSİ



Yüklə 0,71 Mb.
səhifə12/17
tarix18.04.2018
ölçüsü0,71 Mb.
#39312
1   ...   9   10   11   12   13   14   15   16   17

TORPAQ SAHƏLƏRİNİN DÖVRİYYƏSİ


Maddə 85. Torpaq sahəsinin dövriyyəsi anlayışı

Torpaq sahəsinin dövriyyəsi — torpaq sahəsinin bir mülkiyyət növündən digərinə, torpaq sahəsi üzərində hüquqların torpaq münasibətlərinin iştirakçılarının birindən digərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Məcəllədə nəzərdə tutulmuş qaydada və xüsusiyyətlərə uyğun olaraq müqavilələrin və digər əqdlərin bağlanması yolu ilə keçməsidir.

Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər:

xüsusi mülkiyyətdə olan torpaqlar;

bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;

girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri;

özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;

dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları.

bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. 67

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. 68

3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər.

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız haqqı ödənilməklə istifadə və icarə hüququnda verilə bilər. 69

5. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər.

6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. 70

7. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.

8. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 87. Torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi

1. Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət və istifadə hüququ formalarında verilir.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi nizamnamə (pay) fonduna yalnız istifadə hüququ əsasında verilə bilər.

3. Torpaq istifadəçiləri torpaqdan istifadə hüququnu nizamnamə (pay) funduna yalnız mülkiyyətçilərin razılığı ilə müvəqqəti verə bilərlər.

4. Pay şəklində verilən torpaq sahəsinin və ya sahədən istifadə hüququnun dəyəri torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə tərəflər arasında bağlanılmış müqavilə ilə müəyyən edilir.

5. Torpaq sahəsi üzərində mülkiyyət və ya ondan istifadə hüququ nizamnamə (pay) fonduna qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra keçir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə tərəflərin müqaviləsi əsasında aparılır.

Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.71



Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir.72

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir.

Maddə 89. Torpaq sahəsinin girov qoyulmasının (ipotekasının) xüsusiyyətləri

1. İpoteka haqqında müqavilə üzrə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri girov qoyula bilər.

2. Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, o cümlədən şəhərsalma qaydalarına uyğun olaraq, binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, xüsusi mühafizə olunan ərazilərdəki torpaqların, habelə xüsusi istifadə şəraitinə malik zonalardakı sahələrin tərkibindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların ipotekasına yol verilmir.

3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ipotekasına yol verilməyən torpaqlar istisna olmaqla, dövlət və bələdiyyə mülkiyyətində olan başqa torpaq sahələri və bu sahələr üzərində istifadə və icarə hüquqları girov (ipoteka) predmeti ola bilər.

4. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq, bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir.

5. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur.73

6. Torpaq sahəsinin bir hissəsi girov qoyulduqda, həmin hissənin sərhədləri girov qoyulmazdan əvvəl müəyyən edilməlidir.

7. Girov qoyan (ipoteka qoyan) əsas öhdəliyi yerinə yetirmədiyi halda, girov (ipoteka) qoyulmuş torpaq sahəsinə müvafiq qanunla nəzərdə tutulmuş qaydada tutma yönəldilə bilər.74

8. Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda, ipoteka müqaviləsində girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa əks etdirilməlidir.

9. Torpaq sahəsinin girov qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan Respublikasının ipoteka haqqında qanunvericiliyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.75

Maddə 90. Torpaq sahəsinin dəyişdirilməsi

1. Xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, hər hansı nisbətdə biri-biri ilə dəyişdirilə bilər.

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə və ya icarə hüquqları əsasında istifadə edənlər müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin razılığı ilə həmin torpaq sahələrini başqalarının həmin ərazidəki istifadə və ya icarə hüququnda olan torpaq sahələri ilə dəyişdirə bilərlər.

3. Torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq, müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

Maddə 91. Torpaq sahəsinin bağışlanması

1. Torpağın mülkiyyətçisi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq, Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər.

2. Dövlət və bələdiyyə torpaqlarının bağışlanmasına yol verilmir. Bu torpaqlar üzərində istifadə və icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada bağışlana bilər.

3. Torpaq sahəsinin bağışlanması qaydaları Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

Maddə 92. Torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi

1. Mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir.

2. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir. 76

3. Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər.

4. Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə verə bilərlər.

Maddə 93. Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi

1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir.

2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.

3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir:

müqavilənin tərəfləri;

müqavilənin növü;

müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər); 77

müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas);

torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər;

torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər);

torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi;

əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri;

tərəflərin öhdəlikləri.

XIX fəsil



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə