14
Çalışmaların çoxluğu müəllimə seçim imkanı verir, diferensial yanaşma tətbiq
etməyə şərait yaradır. Digər tərəfdən, eyni istiqamətli çalışmaların müxtəlif
qruplar tərəfindən yerinə yetirilməsi şagirdlərin müstəqil tədqiqat aparmalarını,
ədəbi dilimizin normalarının müxtəlif imkan və yollarla mənimsənilməsini
nəzərdə tutur, sinifdə yarış əhvalı-ruhiyyəsi yaradır, şagirdləri fəallaşdırır.
Praktik dil bilgisi olan, eləcə də təlimdə mənimsəmə səviyyəsi yüksək olan
şagirdlərin ehtiyaclarının ödənməsi, onların təlimə marağının artırılması
baxımından da çalışmaların sayının çoxluğu narahatlıq doğurmaqdansa,
təqdir olunmalıdır. Tutaq ki, hər hansı bir paraqrafda sözlərin məna imkanları
üzərində iş aparmaq üçün 4-5 çalışma verilmişdir. Bu çalışmalar çətinlik
dərəcəsinə görə qruplaşdırılmalı və şagirdlərin səviyyəsi nəzərə alınaraq on-
lara təklif edilməlidir. Bu, səviyyəyə görə qruplar təşkil etməyə də imkan
verir. Ola bilər ki, müəllim bu çalışmalardan məsləhət bildiyi hər hansını fərdi
qaydada şagirdlərə təklif etsin. Odur ki, hər hansı bir sinifdə dərslikdəki bu
və ya digər çalışmanın yerinə yetirilməməsi hələ bu çalışmaların lazımsızlığı
anlamına gəlməməlidir.
Mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirmək
bacarığının formalaşması məqsədilə dərslikdə istər mətnlər, istərsə də atalar
sözləri və tapmacalar əsasında şagirdlər üçün maraqlı çalışmalar hazırlanmışdır.
Bu çalışmalarda şagirdlərin əvvəlki siniflərdən öyrəndikləri atalar sözləri və
tapmacaların hissələri qəsdən qarışdırılır və şagirdlərdən məzmunca uyğun
hissələri əlaqələndirməklə verilmiş atalar sözləri və tapmacaların ilkin şəklini
bərpa etmək tələb olunur. Bu tipli çalışmalar vasitəsilə şagirdlərdə müvafiq
bacarıqlar inkişaf etdirilməklə yanaşı, eyni zamanda təlimdə varislik təmin olu-
nur. Belə ki, atalar sözləri və tapmacalar üzərində müəyyən tapşırıqları yerinə
yetirməklə şagirdlərdə həm məntiqi təfəkkürün inkişafına şərait yaradılır,
həm də onların nitqi hazır dil materialları ilə zənginləşdirilir, öyrəndikləri
atalar sözləri və məsəllərin unudulmasının qarşısı alınır. 8-ci sinifdə hissələri
bir-biri ilə qarışdırılmış ayrı-ayrı atalar sözlərinin tapılması hissələr arasında
əlaqələri müəyyənləşdirmək bacarığının inkişafına şərait yaratmaqla bərabər,
atalar sözlərinin şagirdlərin nitqinə daxil olmasını asanlaşdırır.
Şagirdlərdə haqqında danışılan bacarıqların formalaşdırılması məqsədilə
mətnlərin tərkibinə başqa bir mətndən hissə daxil edilməsi və ya mətnin
özünün hər hansı bir hissəsinin yerinin dəyişdirilməsi metodundan istifadə
olunmuşdur. Şeirlərdə isə oxunan şeirin müəyyən bir parçası çalışma mətni
kimi istifadə olunmuş və həmin parçanın şeirdəki yerinin müəyyənləşdirilməsi
tələb olunmuşdur.
Dərslikdə qeyd olunan yeni tipli xeyli rəngarəng çalışmalar verilmişdir
ki, bu çalışmalar üzərində düzgün təşkil olunmuş işlər nəzərdə tutulmuş təlim
nəticələrinin reallaşdırılmasını təmin etməyə şərait yaradacaqdır.
Çap üçün deyil