Azяrbaycan miLLİ elmlяr akademiyasы



Yüklə 0,86 Mb.
səhifə2/7
tarix20.09.2017
ölçüsü0,86 Mb.
#1149
1   2   3   4   5   6   7

1.3. Aşıq Nəsibin həyatı
Aşıq Nəsib həyatı və yaradıcılığı haqqında ilk elmi mə­lu­mat 1988-ci ildə mərhum folklorşünas-alim Q.Vəliyevin Aşıq Şenlikdən, onun şagirdlərindən bəhs edən “Aşıq Nəsib” ad­lı məqaləsində (92, 139-140) verilmişdir. Müəllif burada Aşıq Şenliyin müasirləri sırasında Aşıq Nəsibdən də qısa şə­kil­də söz açmış, onun əsərlərindən bəzi nümunələri çap et­dir­miş­dir. Q.Vəliyev “Aşıq Şenliyin həyatı, mühiti və poetik ya­ra­dıcılığı” adlı namizədlik dissertasiyasında da Aşıq Nəsibə yer ayırmışdır (93, 169).

Bundan təqribən on il sonra folklorşünas S.Ağbabalı tər­tib etdiyi “Ağbaba folkloru” kitabında Aşıq Nəsibin həyatı haqqında müxtəsər məlumatla yanaşı, onun bir qoşmasını və iki gəraylısını vermişdir (21, 60-61). Lakin tərtibçi burada iki mü­hüm faktı yanlış şərh etmişdir. Birincisi, o, Aşıq Nəsibin 1874-cü ildə anadan olduğunu yazaraq aşığın təvəllüd tarixini dörd il geriyə çəkmişdir. Təəssüf ki, bu səhv ustad sənətkarın hə­ləlik çapdan çıxmış ilk və son kitabında da təkrar olun­muş­dur (13, 4). İkincisi, tərtibçi Aşıq Nəsibin gözlərinin uşaq­lıq­da deyil, ömrünün sonuna yaxın tutulduğunu yaz­mışdır (21, 60). Bu fakt da doğru deyil.

AMEA Folklor İnstitutunun əməkdaşı T.Səmimi 2000-ci ildə çap etdirdiyi “Duman dağı bürüdü” kitabında Aşıq Nə­si­bin həyat və yaradıcılığına geniş yer ayırmış, qoşma, gəraylı və divanilərindən nümunələrlə yanaşı, onun sənətkar və insan ki­mi xarakterini açan maraqlı əhvalatlardan, aşıq rəva­yət­lərin­dən bir neçəsini vermişdir (87, 56).

Filologiya elmləri üzrə fəlsəfə doktoru A.Bayramovun tər­tib etdiyi “Oğuz elindən – ozan dilindən” kitabında Aşıq Nə­sibin həyatı və sənət yolu haqqında daha müfəssəl söz açıl­mış­dır (81, 84-86). Burada sənətkarın dörd şeiri verilmişdır.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə aşığın həmin dövr­­də əldə olan əsərləri “Aşıq Nəsib” adı altında çapdan bu­ra­­xılmışdır (13, 200). Kitaba Aşıq Nəsibin müxtəlif janrlarda yazdığı şeirləri – bayatılar, gəraylılar, qoşmalar, təcnislər, divanilər, müxəmməslər və aşıq rəvayətləri daxil edilmişdir. Pro­­fessor H.İsmayılov həmin kitaba “Kor taleyə, qara bəxtə nə deyim?” adlı iri bir müqəddimə yazmış, aşığın yaradı­cılı­ğı­nı geniş şəkildə təhlil etmişdir.

Folklorşünas alim, filologiya elmləri üzrə fəlsəfə dokto­ru A.Ağbaba “Aşıq Nəsibin sənət dünyası” adlı araşdır­masın­da (6, 96) bu görkəmli saz-söz ustasının həyatı və yaradıcılığı ba­rədə ətraflı məlumat vermiş, onun sənətkarlıq xüsusiyyət­lə­ri­ni araşdırmışdır.

Aşıq Nəsib barədə yazan müəlliflərin böyük əksəriyyəti onun 1874-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Ama­­­siya rayonunun) Güllübulaq kəndində anadan olduğunu qeyd etmişlər. Bu, aşığın təxminən 70 il ömür sürdüyü barədə ya­­yılmış fikrin nəticəsi olaraq ortaya çıxmışdır. A.Ağbabanın yaz­dığına görə, aşığın əsl təvəllüd tarixi 1870-ci ildir. Müəllif gös­­tərir ki, Aşıq Nəsib 1944-cü ildə öz doğma kəndi Gül­lü­bu­laqda vəfat etmiş, “təzə qəbiristanlıq” adlanan yerdə dəfn olun­­muş və baş daşında “1870-1944” rəqəmləri həkk edil­miş­dir (6, 6).

Aşıq Nəsib ölümünü də qabaqcadan bilirmiş. Aşığın oğlu İshaq bu barədə deyir: “44-cü ilin qışı idi. Bir gün atam mə­nə dedi ki, ay oğul, gəl bərabər gedək, əvvəl-əvvəl Ağbaba kənd­lərini bir-biri dolanaq, sonra da Şörəyeli. Ürəyimə da­mıb, ölüm lap yaxınlığımdadır. Deyirəm el-oba ilə barı son də­fə görüşüm”. Demək olar ki, bütün kəndləri gəzdik. Ma­raqlıdır ki, bütün məclislərdə atam qəmli dastanlar danışıb, qəm­li havalar oxuyurdu. Doğrudan da, bu əhvalatdan heç bir ay keçməmiş atam vəfat etdi” (13, 8).

Aşıq Nəsib Bayram kişi adlı orta hallı bir kəndlinin ailə­sin­də dünyaya gəlmiş, özündən başqa Yusif və Rza adlı iki qar­daşı olmuşdur. Nəsib hələ kiçik ikən onun atası vəfat etmiş, özü və qardaşları əmisi Əmirin yanında böyümüşlər. Aşıq Nə­sib haqqında ən dəqiq və yeganə yazılı məlumatı onun şagirdı Aşıq İskəndər Ağbabalının dilindən qələmə alınmış xati­rə­lə­rində tapmaq olar: “Aşıx Nəsivin hər iki gözü koruydu. Us­ta­dın öz dediyinə görə, uşax vaxtdarında qızılca gözdərini kor eli­yifdi. Aşıx Nəsivin atası çox uşax olanda rəhmətə getmişdi, əmbə Nəsivi əmisi Əmir kişi saxlıyıf böyütmüşdü” (12, 178). Dün­ya işığına həsrət qalması ömrü boyu aşığa əzab vermiş, yara­dıcılığında da özünü göstərmiş, xalq arasında və sənət alə­min­də “Kor Nəsib” adı ilə çağı­rılmışdır.

Bizcə, Aşıq Nəsibin korluğu məsələsinin əlavə şərhə eh­ti­yacı var. Onun gözlərinin ömrünün sonunda, yaxud da lap uşaq­­lıqda tutulmuş olduğu barədə iki fikir vardır. Əgər birinci va­riant doğru olsa idi, ona “Kor Nəsib” ləqəbi verilməzdi. Aşı­ğın gözləri lap uşaqlıqda tutulsa idi, onun dünyagörüşü və sə­nə­ti çox bəsit və məhdud olardı. Halbuki Aşıq Nəsibin bəzi təs­vir­lə­ri o qədər müfəssəl, o dərəcədə dəqiq və sərrastdır ki, göz­ləri gör­məyən adam bunları deyə bilməzdi. Bizcə, onun gözləri ye­ni­yetməlik dövründə, dünya haqqında tam təsəvvür əl­də etdik­dən və bir şəxsiyyət kimi formalaşdıqdan sonra tu­tul­muşdur.

Nəsib heç bir təhsil ala bilməsə də, fenomenal yaddaşı, iti zəkası və fəhmi sayəsində məlumatlı adam kimi ye­tiş­miş­dir. Yaşlıların Çıldır, Qars, Gümrü, İrəvan, Axıska, Axılkələk, Tif­lis, Batum haqqında söhbətlərinə diqqətlə qulaq asan, el-oba­da keçirilən toylarda və məclislərdə aşıqların oxuduqları şeir­ləri, söylədikləri dastanları dinləyən və yaddaşına həkk edən Nəsib hələ uşaqlıqdan sazın-sözün sehrinə varmışdır. O, Aşıq Şenliyin, Aşıq Zülalinin, Qul Əhmədin, Çorlu Mə­həm­mə­­din, xüsusilə özü kimi dünya işığına həsrət qalan çıldırlı Aşıq Sədainin yaradıcılığına dərindən aşina olmuşdur. “Ustad sə­nətkar Aşıq Ələsgər kimi, Aşıq Nəsib də müstəqil şəkildə bilik qazanmağa, dünyagörü­şünü genişləndirməyə daim səy gös­tərmişdir. Aşıq Nəsibin yaşadığı illərdə Güllübulaqda ta­nın­mış din xadimləri fəaliy­yət göstərirdilər. Onların ək­sə­riy­yə­ti müqəddəs dini ocaqlarda – Xoyda, Nəcəfdə və başqa yer­lərdə təhsil almışdılar. Yaşlı­ların dediklərinə görə, Aşıq Nə­­sib tez-tez Axund İsmayıl, Axund Hacı Əli, Axund Ab­dul­la, Axund Məhəmməd kimi savadlı şəxslərlə görüşür, on­la­rın söhbətlərinə diqqətlə qulaq asırmış. Sovet hakimiyyəti qu­­ru­lan­dan sonra o, …kənddə get-gedə çoxalan ali təhsilli işıq­lı zi­yalılarla ünsiyyətdə olmağı çox sevirmiş” (6, 6).

Şikəstliyi üzündən hərəkət qabiliyyəti azalan gənc Nəsib özü­­nə məşğuliyyət tapmaq məqsədilə meylini saza sal­mış və qı­­sa müddət ərzində yaxşı çalıb-oxumağı öyrənmişdir. Onun aşıq­­­­­­lığa olan sonsuz həvəsini və qabiliyyətini görən əmisi Əmir kişi Nəsibi hər vasitə ilə təşviq etmiş və dəstəkləmiş, özü ilə bərabər saz-söz məclislərinə aparmışdır.

Bütün haqq aşıqlarının həyatında görülən röya motivi Aşıq Nəsibdən də yan keçməmişdir. O da Aşıq Şenlik kimi rö­ya­­­da bir dər­vişdən buta almışdır. Yeganə fərq bundadır ki, Aşıq Şenlik yuxuda olarkən bir pir onu cənnət bağçasına apar­­mış və o, burada Həzrəti Məhəmmədin (s.ə.s.) camalını gör­müş­­­dür. Pir ona cənnət bağçasından su içirmişdir. Həmin bağ­­çada o, Salatın adlı sevgilisini də görmüşdür. İlahi bir qüd­rət­dən ərəb və fars dillərini öyrənmiş və ona “Şenlik” lə­qə­­bi ve­ril­miş­­dir (128, 109).

Bu hadisədən sonra Şenlik ilk dəfə bədahətən şeir demiş və başına gələnləri belə ifadə etmişdir:

Röyayi-aləmdə yatdığım yerdə

Neçə yüz min xəyal guşuma gəldi.

Uğ və uğ cismimə saldı bir atəş,

Sevdiyim Salatın düşümə gəldi (96, 10).

Aşıq Nəsibdə isə röya motivi bir qədər fərqli şəkildə ol­muş­­dur. Yaşlıların dediyinə görə, Nəsib 15-16 yaşlarında ikən qon­­şu qızı Bahara vurulur. Nəsib tez-tez qonşuların alma ba­ğı­na­ gedir, böyük bir ağacın altında Baharı gözləyirmiş. Bir gün­ Nəsib yenə bağa gəlir, həmin ağacının altında durur. Yaz va­x­tı imiş. O, nə qədər gözləsə də, Bahar gəlib çıxmır. Necə olur­sa, yu­xu onu aparır. Bu barədə ustadın şəyirdi Aşıq İskən­dər Ağ­ba­balı belə deyir: “O, yuxuda görür ki, bir dərviş ona bir alma verib deyir: Al bunu ye, oğul. Dərviş baba, bu bağ­da alma çox olur, mən alma çox yemişəm, sağ ol, − deyə Nə­sib ona cavab verəndə nurani dərviş onun başını tumar­layıb de­yir: Oğul, bu al­ma sən deyən almalardan deyil. Sən mən de­yə­ni eşit, bu al­ma­nı ye, qorxma, bundan sonra sözün da­lınca gə­lə­cək. Başın çox bəlalar çəksə də, söz mülkünün qiy­məti pad­şah­­ların xə­zi­nə­lərindən də qiymətli, adın el-oba için­də hör­mət­­li olacaq. Nə­sib almanı dərvişdən alıb yeyir. Az­mı, çoxmu yat­­dığını bilmir. Bir də ayılıb görür ki, Bahar gəlir. Nə­sib elə ilk qoşmasını da on­da deyir. Sözü deyəndən sonra yu­xuda gör­­düyü dərvişi xa­tır­la­yır: baba dərviş düz deyirmiş, doğ­ru­dan da, sözlər özü gəlir, çətini ağzını açana qədərdir ki!” (13, 5)

Hər iki röya motivində ortaq cəhətlər çoxdur. Şenlik də, Nə­­sib də bu yuxuları çox gənc ikən, 14-16 yaşlarında gör­müş­lər. Hər ikisi yuxudan ayılan kimi bədahətən şeir demiş və qı­sa müddətdə məşhur olmuşdur. Klassik badə yerinə su və al­ma təqdim olunması isə dini motivlərlə bağlıdır.

Nəsib bu yuxudan sonra ətrafda haqq aşığı kimi tanın­mış­­dır. Hadisələrin sonrakı inkişafı onun sənətkar taleyində si­­­lin­məz izlər qoymuşdur. Baharın valideynləri tərəfindən zor­la çıldırlı bir varlıya ərə verilməsi gənc Nəsibi dərindən sar­­­sıtmış, qəlbinə çalın-çarpaz dağ çəkmiş, onu saza-sözə da­ha da sıx bağlamışdır.

Aşıq Nəsibin sonrakı ömür yolu da hamar olmamışdır. İlk məhəbbəti daşa dəyən Nəsib sonra öz kəndlərindən Nə­nə­xa­nım adlı bir qızla ailə həyatı qurmuşdur. Daha sonra qonşu Ma­­ğaracıq kəndindən Əfruz xanıma evlənən aşığın bu iz­di­vac­dan Gövhər, Əsli, Səlbinaz adlı üç qızı və İshaq adlı bir oğlu olmuşdur. İshaq hazırda Hacıkənddə yaşayır. Aşığın vaxtilə Qarsa ərə verdiyi qızlarından birinin nəvəsi, Aşıq Nəsibin nəticəsi Fatma ulu babasının qəbrini və vətənini gör­mək üçün 1972-ci ildə türk-sovet sərhədini gizlincə keçə­rək Güllübulağa gəlmiş, təhlükəsizlik orqanları onu uzun çək-çe­virə salmış, nəhayət, onun burada qalmasına icazə veril­mişdir (6, 12).

1918-ci ildə Aşıq Nəsib öz həmkəndliləri ilə birlikdə er­məni qırğınından xilas olmaq üçün üç ay Qarsın Qımılı kən­dində yaşamış, ara sakitləşəndən sonra öz doğma kəndinə qa­yıt­mışdır. 20-ci illərdə Ağbabanın 8 kəndinin əhalisinin Tür­ki­­­yəyə köçməsi də aşığı dərindən kədərləndirmişdir. So­vet döv­­ründə Aşıq Nəsibi şura hökumətinə və ermənilərə də­rin və açıq nifrət bəslədiyinə görə daim incitmiş, hətta onu üç gün dam­da sax­lamış, sonra ev dustağına çevirmişlər. Əldə olan mə­­lumata gö­rə, ermənilər onu dəfələrlə həbs etmək istə­miş, la­­kin aşığın xalq arasındakı böyük nüfuzundan ehtiyat et­miş­lər. Aşıq Nəsib ölən günə qədər öz əqidəsindən dön­məmiş, bü­tün hədələrə, xa­hiş­lərə, vədlərə baxmayaraq, son­suz nifrət bəs­­lədiyi bolşeviklər par­tiyasına və onun rəhbəri Leninə, “da­variş”lərə, “patrax”lara, “ara”lara, xalqlar dost­luğu kimi cə­fəng ideyaya bircə misra da şeir həsr etməmiş, əksinə, bunları daim kəskin tənqid atəşinə tut­muşdur. Üsyan­kar ruhlu aşığı Azər­baycan ziyalılarının, sə­nət və elm adamlarının başının üs­­tündən qasırğa kimi keçən 37-ci ilin qanlı repressiyasından qo­­calığı (həmin dövrdə Aşıq Nə­sib 67 yaşında idi), şikəstliyi və el məhəbbəti qorumuşdur. Əks təqdirdə, onun da bir çox güllü­­bulaqlı, ağbabalı həm­yer­li­ləri kimi şura quruluşunun əley­­hinə çıxan “müzür ünsür”, yəni zərərli element adı ilə Si­bi­rə, ən yaxşı halda isə Qazaxıstana sür­gün ediləcəyi qa­çıl­maz idi.

Aşıq Nəsibin müqtədir bir sənətkar kimi yetişməsində onun müasirləri və ustadları mühüm rol oynamışlar. Çünki ənə­nəyə görə, bu mürəkkəb sənətin sirlərini öyrənmək üçün hər gənc aşıq təcrübəli bir ustadın yanında şəyird olmalı idi.

Burada ustad-şəyird münasibətləri haqqında bir neçə kəl­mə demək vacibdir. Bəri başdan qeyd edək ki, ustad aşıq sa­yılmaq üçün təkcə yaş və təcrübə kifayət deyil. Yalnız o aşıq ustad hesab edilir ki, onun sənətdə öz məktəbi, ifaçılıqda və söz qoşmaqda parlaq istedadı olsun. Belə aşıqlar bu sənə­tin da­vam etməsi, nəsildən nəsilə ötürülməsi, öz məktəbinin for­ma­laşması, adının və əsərlərinin yaşadılması naminə özlərinə şə­yird götürürlər. Ustad özünə şəyird seçərkən onun sənətə ma­rağını, həvəsini, səsini, hafizəsini, öyrənmə qabiliy­yətini, saz çalma bacarığını və fiziki kamilliyini, yəni boy-bu­xu­nunu, çöh­rəsini, nəhayət, əxlaqını, tərbiyəsini və vətən­pərvərliyini nə­zərə alır. Gənc aşıq ustad sənətkarın yanında bir müddət qa­lır, ailənin bir üzvü kimi ustadın evində yaşayır, ona hər işdə kö­mək edir. Şəyirdlik müddəti gənc aşığın istedadından, us­ta­nın nəzərdə tutduğu təlim proqramını öy­rən­mə dərəcəsindən ası­lıdır. Şəyird ustaddan ən birinci ədəb-ərkanı, havacatı və ümu­mi repertuarı, ustadın bütün şeirlərini, qoşduğu das­tan­la­rı, yaratdığı saz havalarını, onunla bağlı aşıq rəvayətlərini, fər­di üslubunu və tərzini, dil özəlliklərini, təhki­yəsini, qafi­yə­lə­rini, üstəlik, aşıq şeiri janrlarını və texnikasını öyrənir, us­tad­la birlikdə məclislərə gedərək təcrübə toplayır, məclis apar­ma qaydalarını mənimsəyir. Türkiyə aşıqlıq ənə­nə­sində “çı­raqlıq”, bizdə “şəyirdlik” adlanan birinci təlim mərhələsi müşahidə-təqlid-tətbiq sxemi üzrə həyata keçirilir. Bu mər­hə­lə başa çatdıqdan sonra şəyirdin xəlifəlik dövrü başlanır (bu ter­min bizdə işlənmir). Ustad artıq yavaş-yavaş xəlifəni din­lə­yi­ci qarşısına çıxarır, çox zaman məclisi açaraq sözü ona ve­rir, xəlifə də, öz növbəsində, ustadının bir neçə divanisini, təc­nisini və gözəlləməsini oxuyur. Bu mərhələdə ustad xəli­fə­ni özü ilə səfərlərə də aparır, əvvəlcədən hazırla­nan ssenari üz­rə məclisi onunla birlikdə idarə edir. Xüsusilə deyişməli aşıq rəvayətlərində qarşı tərəflərdən birinin rolunu ifa etməyi xə­lifəyə tapşırır. Xəlifənin kifayət qədər yetkinləş­diyini və sə­nətin incəliklərinə tam bələd olduğunu görən ustad onu bir neçə dəfə sınayır, nəhayət, öz yetirməsinə təxəl­lüs seçir və sər­bəst şəkildə aşıqlıq fəaliyyətinə başlamasına icazə verir. Bu­na “dəstur”, “icazət” və ya “bərat” deyilir. Be­lə­liklə, bir ne­­çə şəyird tərbiyə edən ustadın öz məktəbi yara­nır. Bu, Tür­ki­yədə “aşıq qolu” termini ilə ifadə edilir (113, 143-154).

Şəyird heç zaman öz ustadını unutmur, onun şöhrətini, adı­­­nı yaşadır, hər vəsilə ilə ustadını yad edir. Ustad və şəyird seçmək məsələsi qarşılıqlı razılaşma yolu ilə həll edilir. Bu iş­də qohumluq, həmyerlilik, ağsaqqalların tövsiyəsi və xahişi, bə­zən ustadla gələcək şəyirdin təsadüfi tanışlığı, bəzən də şə­yirdin ustada şəxsən müraciət etməsi mühüm rol oynayır. Ənə­nəyə uyğun olaraq, ustad şəyirddən bu iş üçün heç bir haqq (mal, pul və s.) almır, çünki ustadının evində yaşayan şə­­yird onun mənəvi övladı sayılır.

Təbii ki, gənc Nəsib də bir ustad yanında təcrübə keç­mək ehtiyacı hiss etmiş və əmisi Əmir kişi onu tanınmış aşıq Gö­ləli İbrahimin yanına şəyirdliyə vermişdir. Bunu Aşıq İs­kən­dər Ağbabalı da təsdiq edir: “Həyə, mənim ustadımın ilk us­tadı Göləli İbrahim olmuşdu, əmbə o çox cavan öldüyünə görə Nəsif yarımçıx qalmışdı” (12, 178).

Güzəranını təmin etmək üçün həm də qalayçılıqla məş­ğul olan Göləli İbrahim bir gün Güllübulağa gəlmiş və təsa­dü­fən Ba­­harın atasının evində qalmışdır. Gecə qonşu evdən Nəsibin şid­dətli iniltisini, ah-naləsini eşitmiş, sabah onun ya­nına gə­lə­rək dərdini soruşmuşdur. Nəsib əvvəlcə onu acı­la­mış, Göləli İb­rahim olduğunu öyrənincə üzr istəmişdir. Nə­si­bin başına gə­lən­ləri öyrənən, nakam eşqi haqqında məlumat alan Göləli İb­ra­him Nəsibin istedadını görərək onu şəyirdliyə qə­bul etmiş və özü ilə birlikdə Göləyə aparmışdır. Lakin Nə­si­bin sevinci uzun sürməmiş, çox keçmədən ustadı vəfat et­miş­dir. Onun:

Ustam öldü, genə qaldım ortada,

Yarımçıxdan aşıx olmaz, neyləyim?

Şəyirtdiyə kimə gedim, bilmirəm,

Hər yetişən sözüm almaz, neyləyim (13, 85)

− mis­raları da bunu göstərir.

Nəsib daha sonra Güllübulaqda bir toyda Aşıq Şenliklə ta­nış olmuş, onunla deyişmişdir. Nəsibin saz çalmasını, səsini və şeirlərini bəyənən Şenlik onu özünə şəyird götürmüş, Nə­sib bir müddət onun yanında qalaraq aşıqlıq sənətinin bü­tün in­cəliklərini öyrənmiş, kamil sənətkar kimi püxtələşmişdir.

Aşıq Nəsiblə Aşıq Şenlik arasında yalnız ustad-şəyird əla­qələri olmamış, onları çox dərin sevgi və mənəvi yaxınlıq birləşdirmişdir. Onlar birlikdə neçə-neçə məclislər aparmışlar. Aşıq Nəsib ustadı vəfat edənə qədər onunla sıx əlaqə sax­lamış, hə­mişə özünü bu böyük insana borclu hesab etmişdir. Aşıq Nəsibin ustadına məhəbbəti o qədər çox imiş ki, ustadın ölü­mündən sonra Şenlik adı gələndə uşaq kimi kövrəlib ağlayar, sonra sazını sinəsinə basıb dərdli-dərdli oxuyarmış:

Bir vaxt bu yerlərdən keçib gedibdi,

Gəzir ağızlarda sözü Şenliyin.

Təbli adamların sinəsindədir,

Çeşməsi, bulağı, sözü Şenliyin.
Gündən-güzərandan sınır ürəyim,

Ay Nəsib, ustadı anır ürəyim.

Həsrətdən od tutub yanır ürəyim,

Yaloyu, ataşı, közü Şenliyin (13, 101).

Aşıq Nəsib bəzi şeirlərinin möhürbəndində öz adını de­yərkən ustadı Aşıq Şenliyi də nişan vermiş, onu anmışdır:

Nə Çorlu var, nə də ustam,

Dərd əlində daha matam (13, 101).
Ustadlı günlərim düşüb yadıma,

Özüm öz halıma yanıb ağlaram (13, 101).

Tanrının quluyam, Nəsibdi adım,

Çıldırlı Şenlikdi mənim ustadım (13, 67)...

Aşıq Şenliyin yanında saz-söz sənətinin bütün sirlərini də­­rindən mənimsəyən Aşıq Nəsib ustadının xeyir-duası ilə tez­liklə müstəqil şəkildə məclislər keçirməyə başlamışdır. Onun Ağbabada, Gümrüdə, Çıldırda, Qarsda, Axıskada, Axıl­kə­­ləkdə, İrəvanda, Borçalıda və başqa yerlərdə keçirdiyi məc­lis­­lər dillərdə dastan olmuş, şöhrətini hər yana yaymışdır. Aşıq Nəsib bir sənətkar kimi getdikcə püxtələşmiş, çoxlu gə­ray­­lı, qoşma, divani, müxəmməs, təcnis və bayatı yaratmış, xey­­li aşıq rəvayəti qoşmuş, Azərbaycan aşıq poeziyası tari­xi­nə ustad sənətkar kimi daxil olmuşdur.

Yaşlıların verdiyi məlumata görə, Aşıq Nəsib ucaboy, arıq, vüqarlı və çox cəsarətli, sözü çəkinmədən üzə şax deyən adam olmuşdur. Sifətində vaxtilə keçirdiyi qızılca xəstə­li­yinin əla­­məti olan kiçik çopurlar varmış. Daim səliqəli ge­yinər, qa­mə­­tini şax tutaraq yeriyərmiş. Aşıq Nəsibin səxavəti isə dil­lər­də dastan imiş. Sovet dövrünə qədər keçirdiyi məc­lis­lərdən hə­mişə çoxlu nəmərlə, qızılla qayıdarmış. Bunların çox az qis­­mini özünə götürər, qalanlarını istədiyi adamlara, yox­sul­la­ra, kimsəsizlərə paylayarmış.

Aşıq Nəsib, eyni zamanda həm də gözəl məclis apa­rar­mış. İskəndər babanın dediyinə görə, o, özündən yaşca böyük olan Çorlu Məhəmmədə və Aşıq Heydərə dərin hör­mətlə ya­na­şar, onlarla birlikdə olanda ikisindən də icazə aldıqdan son­ra məclisə başlayarmış (73). Qəmli dastanları danışarkən tez-tez kövrəlib ağlayar, bir gecədə dörd-beş dəsmalı göz yaşı ilə is­­la­darmış. “Abbas və Gülgəz”, “Lətif şah”, “Yaralı Mah­mud”, “Qaçaq Usuf”, “Yetim Məhəmməd” kimi dastanları ol­duq­­ca şirin bir təhkiyə ilə danışar, oxumaq məqamı çatanda məc­lisi dolana-dolana sazı boynunun dalına qaldıraraq yanıqlı səs­lə “Leyla, Leyla” − deyə coşarmış.

“Bir dəfə bir neçə aşıq Aşıq Nəsib məclisdə çalıb-oxu­yan­­­da qəflətən ora gəlirlər, əllərində də saz. Aşıq Nəsibin bun­la­ra acığı tutsa da, əvvəl-əvvəl dinmir. Elə ki gələnlərdən nis­bətən yaşlısı aşığa “İzin versən, biz də bir-iki ağız oxuyarıq” dey­əndə onu od götürür: “Nə deyirəm, indi mən başlayım, siz də ­gəlin dalımca” − deyib sazı basır sinəsinə. Eni 6-7 metr, uzu­nu 10-12 metr olan otağı 15 dəfə dolana-dolana bir nəfəsə oxu­yur, səsi kəsilən kimi deyir: “Hə, indi də siz gəlin”. Aşıq­lar­­dan biri çəkinə-çəkinə ona belə deyir: “Har­dadı bizdə o səs ki, otağı 15-16 dəfə dolana-dolana bir nəfəsə oxuyaq. Yox, bu­n­a güc çatmaz”. “Onda necə gəl­misiniz, eləcə də gedin. Sə­nət­kar sənətkarın üstünə sazla get­məz” − deyə Aşıq Nəsib on­ları ehtiyatlandırıb yola salır” (13, 5-6).

Aşığın oğlu İshaqın dediyinə görə, atasının dastan ifa­çı­lı­­ğının maraqlı bir məqamı da varmış. O, dastanı yarıda, həm də ən “yaralı” yerində kəsər, o biri gecə qaldığı yerdən davam edər­miş. Bu zaman “Kim deyər harada qalmışdıq?” − deyə so­­ruşar, cavabını tapan adama “Bir qara toyuq səndə” – de­yər­­miş. Bu o demək idi ki, həmin adam sabah bir qara toyuğu so­yutma bişirtdirib aşığa pay gətirməli idi (71).

Aşıq Nəsibin son dərəcə zil səsi olmuşdur. O, bütün Ağ­baba-Şörəyel bölgəsində dörd uca səsli (Çorlu Məhəm­məd, Aşıq Məhərrəm, Şahverdi və Aşıq Nəsib) aşıqdan biri idi. O oxu­yanda səsi dörd-beş kilometr məsafədən aydın eşidilirmiş (13, 8).

Ağbaba-Çıldır mühitində məclislər adətən geniş otaq­lar­da keçirilərdi. Burada səhnəni əvəz edən xüsusi səki düzəl­di­lər, üstünə xalça-palaz döşənərdi. Dinləyicilər isə bardaş qu­ra­raq yerdən oturardı. Aşıq Nəsib bəzən cuşa gələrək elə sü­rət­li hərəkət edirmiş ki, görənlər mat qalırmış. O, məclis apa­randa səkinin kənarlarına mütəkkələr qoyulurmuş. Ayağı mü­təkkəyə toxunan aşıq bilirmiş ki, burada səki bitir, buradan o yana addım atmaq olmaz (6, 15).

Aşıq Nəsib Güllübulaqdan digər ərazilərə həmişə atla ge­dərmiş. Bu zaman atın cilovundan bir adam tutaraq bələd­çilik edərmiş. Ona el-oba arasında “çolpa” deyilirmiş. Aşığın öz doğ­ma kəndi Güllübulaqdan Məhəmməd və Mehralı, qon­şu Mağaracıq kəndindən Oruc, Təzə İbiş kəndindən isə Əli adlı çolpaları olmuşdur. Aşıq Nəsiblə bağlı aşıq rəvayət­lə­rin­də onun çolpalarının adı zarafat kontekstində bədii obraz ki­mi tez-tez çəkilir. Xalq ustad sənətkara bəslədiyi böyük hörmət-izzəti və dərin ehtiramı eynilə onun çolpalarına da göstər­miş­dir (6, 13).

Maraqlıdır ki, Aşıq Nəsib özü də adlı-sanlı sənətkar olan­­­dan sonra bir çox gənc aşığa ustadlıq etmiş, öz şəyird­lə­rini həqiqi sənətkar, şəxsiyyətli insan kimi tərbiyə etməyə ça­lış­mış, aşıq sənətinin inkişafı üçün əlindən gələni əsirgə­mə­miş­dir. Onların arasında Aşıq İskəndər Ağbabalı və Yetim Ləvənd xü­susilə məşhur olmuşdur. Aşıq İskəndər Ağbabalı öz xati­rələ­rində Aşıq Nəsibin ustadlıq fəaliyyəti haqqında da də­yər­li məlumatlar vermiş, özünün ona şəyird olması ilə bağlı belə bir maraqlı əhvalat nəql etmişdir: “Yadımdadı, epeycə uşa­­ğıydım. Nə bilim, vallah, olardı bir on iki-on üş yaşım. Bir gün Aşıx Nəsif bizim kəndə gəlmişdi, əmbə məni də yanına ça­­ğırtdırdı. Qorxa-qorxa yanına getdim. Maa demişdilər Nəsif çox hersdi adamdı, elə buna görə qorxurdum. Həyə, getdim ya­nına, salam verdim. Salamımı alıf maa yer görsətdi: otu, otur­dum. Dedi: A bala, deyillər sənin bir sazın da var, get onu da gəti, saa bir qulax asmax isdiyirəm. İstədim deyəm sazım-za­dım yoxdu, əmbə yadıma deyilənnər tüşdü, yanı aşıx çox hersdi adamdı. Əvə gedif sazımı gətdim. Saz da nə saz, ay sağ ol­muşdar, bir taxtıya o-bu başınnan bir-iki mıx vurub tel çəh­miş­dim. Həyə, sazımı gətirənnən sonra Nəsif dedi, oxu gö­rüm. Sazımı çalıf oxudum. Kutaranda o çox mehriban­nıxnan dedi:


  • A bala, o sazını bir maa ver, baxım.

Sazımı onun əlinə verdiyimi gördüm, bəyax Nəsif onu tu­­fara çırfdı, ağaş parça-parça oldu. Qorxumnan çıqqırımı çəh­­­mədim. O, məni yanına çağırdı. Əsə-əsə düz qavağına get­dim. Öz sazını maa verdi, əmbə alnımnan da öfdü:

– Sənnən yaxşı aşıx olacax. Bu sazı verirəm saa, mənim əvdə başqa sazım da var, əmbə bu günnən sən gəlirsən mə­nim yanıma, şəyirdih eliyirsən.

O vaxtdan Aşıx Nəsivə şəyird oldum” (12, 178).

Aşıq Nəsib də el ağsaqqalı kimi toylarını, bayramlarını sazla, sözlə bəzədiyi doğma xalqı qarşısında məsuliyyət du­ya­raq, aşığın şəxsiyyətini və sənətini kamil görmək istə­miş­dir. O, “Eləmə” rədifli müxəmməsində aşıqlıq sənəti­nin eti­ka­sı və es­te­tik idealı ilə bağlı öz sənət kredosunu bəyan et­miş, “gö­zümün işı­ğı” adlandırdığı sevimli şəyirdi İskəndər Ağ­ba­ba­lının şəx­sin­də üzünü bütün gənc aşıqlara tutaraq belə de­miş­dir:

Bir yerə çox gedib-gəlmə,

Aşıqlığı şor eləmə.

Hörmət ayrı, töhmət ayrı,

Öz işini zor eləmə.

Paraya heç meyl salma,

“Can” sözünü “çor” eləmə.

Yavaş danış, sakit dillən,

Səs-sədanı gur eləmə.

Yandırma özün odlara,

Yatağını qor eləmə (13, 45).

Aşıq Nəsib bu şeirində necə çalıb-oxumaq, məclis apar­maq, nadanlara, qanmazlara və tamahkarlara necə münasibət bəs­ləmək, prinsipial və ədalətli olmaq haqqında öz dəyərli us­tad tövsiyələrini də bildirmişdir:

Aldınmı sazını ələ,

Elə çal ki, daş ərisin.

Şirin-şirin söhbət elə,

Düşünnən sözün gerisin.

Nadanların, qanmazların

Söz ilə çıxar dərisin.

Ürəyinə neştəri sox

Tamahkarın, həm hərisin.

Dastan, hava-havacatı

Sevənlərə xor eləmə.

…Ağa ağ de, ala al de,

Zil qaranı mor eləmə (13, 45).

Burada Aşıq Nəsibin sənətkar kimliyi, mənsub olduğu tə­riqət və onun içində tutduğu mövqe, qazandığı məqam və titul haqqında bir neçə kəlmə demək lazımdır. Çünki bunsuz onun sənətkar portreti yarımçıq qalardı.

Elə müəmmadır aşıq sənəti,

Bir isimdə dörd hikməti dərindi.

Şairdi, məzəkar, sazən, xoş avaz,

Fəhm eylə çənini, bəhrə dərindi (12, 72).

Ustadlar ustadı Aşıq Alının bu misraları aşıq sənətinin kre­dosu hesab olunur. Əsl aşıq, eyni zamanda dörd hikməti bir yerdə təqdim edir: şairlik, ifaçılıq, musiqi və məclis apar­maq mə­harəti. Sözsüz ki, aşıqların hamısı eyni istedada, eyni mə­ziyyətlərə malik olmamışdır. Onlardan biri sazda, biri söz­də, bi­ri müdriklikdə, ağıl və kamalda, biri havacatda üstün ol­muş­dur.

Akademik H.Araslı aşıq ad-titulundan bəhs edərkən gös­­­tərir: “Aşıq hələ qədim dövrlərdə ozan, bəlkə də daha əvvəl­lər daha ayrı adlarla adlanıb” (9, 5). Bu barədə bir çox mü­la­hizələr irəli sürülsə də, əsas fikir budur ki, aşıq sözü ərəb di­­linə məxsus olan “eşq” sözündən götürülmüşdür (31, 234; 43, 14; 77, 35; 22, 490; 94, 150).

Aşiq sözü eşqə tutulan, məftun olan, vurulan mənasın­da­dır. Vaxt keçdikcə bu söz dilimizin ahəng qanununa uyğun ola­raq “aşıq” formasına düşmüşdür. M.F.Körpülü isə aşıq sö­zü­nün türk mənşəli “işıq” sözündən yarandığı fikrini müda­fiə edir. Onun fikrincə, “haqq aşığı” ifadəsi də orta əsrlərdə möv­cud olmuş təriqətlərin təsiri nəticəsində əmələ gəlmişdir (117, 167-168).

Azərbaycan folklorşünaslarının son dövrlərdə apardıq­la­rı tədqiqatlar nəticəsində aşıq sənətini yaşadan sənətkarlara türk xalqları arasında müxtəlif dövrlərdə ozan, varsaq, yan­şaq, işıq, aşıq, dədə və sair adları verildiyi müəyyən edilmiş­dir (9, 235). Lakin qeyd etmək lazımdır ki, dədə sözü müstə­qil olaraq işlənməmiş, bütün dövrlərdə ozan, aşıq adlarına qo­şul­muş, ustad aşıqlara bir titul kimi verilmişdir. Bu titul-fəxri adı Dədə Qorquddan başlayaraq Dədə Ələsgərədək bir çox ma­hir, yaradıcı ustadlar daşımışlar.

XIX əsrin sonu − XX əsrin əvvəllərində Ağbaba-Çıldır aşıq mühitində yaşayıb-yaradan aşıqlar arasında dini inanc və fəl­səfə geniş yayılmışdı. Daha əvvəllər klassik ədəbiyyatda tə­rən­nüm olunan Allah sevgisi və ilahi eşq onların yaradıcılı­ğın­da sanki yenidən təzahür etmişdir. Aşıq Şenlik Füzuli kimi ona iztirab verən bu eşqdən məmnundur və ondan ayrılmaq istəmir:

Pərvanəyəm, eşq oduna yanaram,

Bu eşqi-suzandan ayırma məni (96, 50).

Aşıq Nəsib də öz yaradıcılığında Allah eşqini xüsusi həs­sas­lıq və sevgi ilə dilə gətirmiş, ondan gələn bəlaları da gülə-gülə qarşılamışdır. Bu bəlalara görə, o, nəinki Allaha şi­ka­yət etmir, əksinə, ondan daha çox bəla istəyir:

Dərd vermisən, yenə də ver,

Məni qəmə yetir, Allah.

Məcnun elə, səhralara,

Ya çöllərə ötür, Allah (13, 15).

Aşıq Nəsibin yazı savadının olmadığı, bütün şeirlərinin bə­dahətən söylədiyi məlumdur. Allah vergisi olan güclü ha­fi­zə­­si və hazırcavablığı onu heç vaxt tərk etməmişdir. Dədə aşıq­­lara verilən tələblərdən biri də budur.

Tanınmış folklor tədqiqatçıları da möhkəm hafizə və yad­­da­şı aşıq sənətinin əsas keyfiyyəti kimi qeyd etmişlər: “Aşıq ya­radıcılığı əsasən hafizələrdə, yaddaşlarda yaşayan sə­nət­dir. Buna görədir ki, bu sənətə yiyələnib yaxşı bir aşıq ol­maq üçün vacib şərtlərdən biri qüvvətli hafizəyə, yaddaşa ma­lik olmaq zərurətindən ibarətdir. Hər bir ustad aşıq özünə şa­gird seçəndə onun səsini-nəfəsini, əlini-dilini, barmaqlarını, çal­mağını yox­la­dığı kimi, hafizəsini də sınaqdan keçirir, son­ra da özü xüsusi üsullarda qüvvətləndirir, möhkəmlən­dirir” (89, 46).

Aşıqlar xalq arasında yalnız saz çalıb söz qoşan, dastan da­nışan sənətkarlar kimi deyil, həm də xalqın dərdinə yanan, yol göstərən məsləhətçilər kimi də məşhur olmuşlar. “Aşıqlar ağlı, geniş dünyagörüşü, təcrübəsi, hazırcavablığı ilə də xal­qın içərisində hörmət qazanmışlar” (23, 158). Aşığın xalq ara­sın­da hörmətli və nüfuzlu olması, sevilməsi üçün bəzi şərtlər lazımdır. Bunu Dədə Ələsgər şeirlərinin birində belə göstərir:

Aşıq olub tərki-vətən olanın

Əzəl başdan pür kamalı gərəkdir.

Oturub durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdir.

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra.

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdir (18, 201-202).

Ağbaba-Çıldır aşıq məktəbinin layiqli yetirməsi olan Aşıq Nəsibin bir təriqət aşığı, sufi dərvişi olduğu şeirlərindən sü­­zülüb gəlir. Onun istedadının Allah vergisi olması haqqında aşıq rəvayətlərində kifayət qədər məlumat var. Yuxusunda dər­­vişdən aldığı alma ilahi verginin təsdiqidir. Bu, Nəsibin “haqq aşığı”, ələvi-bəktaşi təriqətinin mürşidlərindən oldu­ğunu göstərir. Lakin ictimai-siyasi şəraitdən, aşıq sənətinin öz təbii inkişaf məhvərindən qoparılaraq sovet quruluşunun əm­rinə alınması səbəbindən aşığın bu titulu ədəbiyyat və sə­nət aləmində təsdiqini tapa bilməmişdir. Aşıq Nəsibin “Ol­ma­dı” divanisindəki “Kafir gəldi, şura adlı, Haqqım bəyan olmadı” misraları da bunu göstərir:

Bu dünyada ağı gəzdim,

Gördüm deyən olmadı.

Bir ağ dədə olsam da mən,

Sirrim əyan olmadı.

Fələk gətirdı mundarı,

Şeytan işi car oldu.

Kafir gəldi, şura adlı,

Haqqım bəyan olmadı (13, 42).

“Dədə Ələsgər poeziyasının sufi mahiyyətinə dair” mə­qa­ləsində H.İsmayılov yazır: “Poeziyasından göründüyü kimi, Ələsgər haqq aşığıdır, sufi mürşiddir, övliyadir, dədə­dir... Ələs­gər şeirində biz üç dini-ruhani qaynağın vədhətini mü­şa­hi­də edirik:

1. Türk xalq sufizmi. Kökləri ilə türk tanrıçılığına bağ­la­­­nır və ondan qaynaqlanır. Bu qaynağın reallaşdığı poetik dü­­şüncə qatı Ələsgər şeirində sufi dünyagörüşün əsasını, ar­xe­tipini təşkil edir.

2. Türk sufizmi. Ələvilik, əhli-həqq təriqəti. Ələvi və bək­taşi şeiri.

3. İslam və onun müqəddəs kitabı “Qurani-Kərim” (52, 32).

Aşıq Nəsib də şeirlərində Dədə Ələsgərə layiq olduğu qiy­məti verərək onun, həqiqətən, bir mürşid, bir pir olduğunu di­lə gətirmişdir:

Dədələr dədəsi, dədələr xası,

Aşıqlar içində pirdi Ələsgər (13, 30).

Ələsgərlə Nəsib arasında xeyli yaş fərqi olduğunu nəzər alsaq, çox güman ki, onları bir-birinə yalnız sənət deyil, həm də əqidə və qədər birliyi, mürşid-mürid əlaqələri bağlamışdır. Göləli İbrahimdən və Aşıq Şenlikdən sonra Ələsgər yeganə aşıq­dır ki, Nəsib özünü ona şəyird, onu isə özünə ustad, dədə elan etmişdir:

Sən bir dədə aşıq, mən bir saz çalan,

Haqqa qul bəndəyəm, söyləməm yalan (13, 32).


Nəsib şəyird misal ona qabaqda,

Dünyaya gələndən birdi Ələsgər (13, 30).

XIII əsrdə Anadoluda başlayan dini-təsəvvüfi cərəyanın ba­nisi olan Yunus Əmrə öz şeirləri ilə eldən-elə dolaşmış, ad-san qazanmışdır. O, təsəvvüf ədəbiyyatının təməl fəlsəfəsini yaratmışdır. Bu fəlsəfənin bünövrəsini “sevək, sevilək” çağı­rı­şı, kamilləşmiş insanın Tanrı ilə qovuşması, Yaradan ilə ya­ra­nanın birləşməsi ideyaları təşkil edirdi. Haqqa varmaq, bir canda bir ruh olmaq, “vəhdəti-vücud olmaq” üçün dörd mər­hələdən söz açan Yunus Əmrə yalnız bundan sonra məqsədə, yə­ni kamillik mərhələsinə çatılacağın mümkün olduğunu deyir:

Məni sorma mənə, məndə deyiləm,

Surətim boş gəzər dondan içəri.

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət ondan içəri (130, 201-202).

Daha sonra yaşamış təsəvvüf-təkkə aşıqlarından Miskin Abdal, Pir Sultan Abdal, Qayğusuz Abdal və başqaları təriqət ədəbiyyatını daha geniş ərazilərə yaymışlar. Miskin Abdalın:

Sən dərvişsən haqq yolunda, haqqı istə, haqqı sev,

Nə olsun ki, bel bükülüb, kamana tay olmusan (68, 49)

– misraları sufi fəlsəfəsinin əsasını təşkil edirdi: Yaradanı sev, yarananı Yaradan üçün sev, zira hər şey Allahdan yaranıb və hər şey ona dönəcək. İnsanı sevmək, yəni məcazi eşq yenə də Allahı və onda təzahür edəni sevməkdir.

Aşıq sənətinin məşhur bilicisi professor Q.Namazov yaz­mışdır: “Hələ XV-XVI yüzillikdə Şah İsmayıl Xətainin babası Şeyx Cüneyd və atası Şeyx Heydərin Dərbənd və onun ətrafında sufi-dərviş ocaqları qurmaları və bu yolda şəhid olmaları sonrakı mərhələdə regionun mənəvi-ürfani ovqata kök­lənməsinə güclü təkan vermişdir. İndi də Dərbənddə zi­ya­rət­gah kimi müqəddəs tutulan “Qırxlar piri” orta əsrlərin sufi-dərviş sisteminə məxsus bir ocaqdır. Bu ocaq həmin mər­hə­lə­nin epik yaradıcılığında − orta əsr dastanlarında işlək möv­qe­yə malik olan təsəvvüf səciyyəli simvolik “qırxlar” obrazı ilə birbaşa bağlıdır.

Haqq aşıqlarının “Sidqimi bağladım qırxlar pirinə” və ya “Qırxlar məclisindən badə içmişəm” − deyə ilahi vergiyə sa­hib olduqları rəmzi-ürfani “qırxlar” obrazı ilə əla­qə­lən­dir­mə­ləri də “qırxlar” pirindən (olsun ki, bu adda pir sufi-dər­viş­li­yin güclü oluğu digər bölgələrdə də var) sufi-dərviş-aşıq oca­ğı kimi qavranılmasından irəli gəlir” (77, 192). Ələvi-bək­ta­şi təriqətinə görə, Həzrət Əlinin başında durduğu qırx ada­mın məclisinə “qırxlar” məclisi deyirlər. Aşıq Nəsibin ya­ra­dı­cı­lığında da “qırxlar” obrazı ilə bağlı inancı ifa­də edən mis­ra­la­ra tez-tez rast gəlmək olar:

Qırxların əlindən badə içmişəm,

Qəlbimin nurundan sözüm bol gəlir.

Dərdə alışmışam, düzü seçmişəm,

Sinəmin başına haqdan yol gəlir (88, 154).
Tanrı hər işdən halıdı,

Sözüm ellərin malıdı.

Nəsib qırxların quludu,

Əhli-hallar arasında (13, 17-18).

Allahı tanımaq və ona qovuşmaq üçün ürfanın yolu dörd mər­hələdən keçir: şəriət, təriqət, mərifət, həqiqət. Aşıq Nəsib bu mərhələləri keçmiş, mənən kamilləşmiş, saflaşmış, Allahı ta­nımış və ona qovuşmuşdur. O, ürfan sahibidir və ürfan sa­hibləri ilə həmdərddir:

Bir “yahu” sözündən ruhum hey uçar,

Könlümün kilidin ürfanlar açar (13, 26).

Aşıq Nəsibin “Gərək” rədifli divanisindən açıq-aşkar gö­rünür ki, o dövrdə Çıldırda sufi təkkələrı, təriqət ocaqları möv­cud olmuş və öz funksiyalarını qoruyub saxlamışdır. Aşıq mən­sub olduğu təriqətin ideyalarını tərənnüm edir və əsl mür­şid kimi həmin ocaqlardakı ürfan sahiblərinə müraciətlə mis­tik yaşantının haqqa və həqiqətə aparan yollarını göstərir. Aşa­ğıdakı divanini dövrün və mühitin ən gözəl sufi poeziyası nümunəsi hesab etmək olar:

Qarayola getmək çətin,

Ona qara qəm gərək.

Qəmliliyə həm ağ-qara,

Həmi şöhrət-nam gərək.

Pünhan ola pis kəslərdən,

Uya aləm sirrinə.

Dədələrə bir münasib,

Xəlvəti bir dam gərək (13, 42).

“Türk tanrıçılığının dini-ruhani başçısı Ata və əski türk iba­dət yeri ocaq bir qədər fərqli şəkildə təkkələrdə bərpa olu­nur. IX-XI əsrlərdə mühitdən aldığı zərbələrlə ciddi de­for­ma­si­yaya uğrayan əski türk inamı XII-XIX əsrlər ara­sında “mux­tar hüquqlarını” qorumaqla mövcudluğunu saxla­ya bilmişdir” (52, 32).

Qədim kökləri ilə türk tanrıçılığına bağlı olan və ondan qi­dalanan türk xalq sufizmi Aşıq Nəsibin təriqət dünyagörü­şünün əsasını təşkil edir:

Türkdə sirli, möcüzatlı

Ata olar hər anı.

Günçıxanla günbatandı

Hər atanın məkanı.

Ürəkləri təpər dağı,

Qəlbləri gövhər kanı.

Üzü nurlu, coşqun təbli,

Bilgiləri tam gərək.

Aşıq Nəsib ilahi həyəcanlarını, Allah və peyğəmbər eş­qi­ni təsəvvüfi vəcd ilə dilə gətirmiş, hətta ona verilmiş ilahi ver­gi ilə “ərşi-əlaya” varmış, ruhu Tanrı dərgahında dolaş­mış­dır:

Qara dünya yolçusuyam,

Amma özüm ağ ata.

Əllərimdə gün işığı −

Dərdi, qəmi dağıda.

Qalxa bir ərşi-əlaya,

Könlüm istər tağ ata.

Görüb İşıqlı babanı,

Nəsib ala nam gərək (13, 42).

Beləliklə, Aşıq Nəsibin sənətdə həqiqi bir dədə olduğu, la­kin ictimai-siyasi şərait üzündən bunun sənət dünyasında öz təs­diqini tapmadığı ortaya çıxır. Əslində, Dədə Ələsgərdən son­ra dədə titulu Azərbaycan aşıq sənətində heç bir aşığa ve­ril­məmiş, bu təsisat, dolayısı ilə bu missiya bir növ ləğv olun­muş­dur.

Aşıq Nəsibin mənsub olduğu Ağbaba-Çıldır aşıq mü­hi­ti­nin sənət şəcərəsi XVIII əsrin sonlarında Xəstə Hasandan baş­lamış və ondan Aşıq Nuruya, ondan Aşıq Şenliyə, ondan Aşıq Nəsibə, İbrahim Gözəliyə, Əliyə, Bala Məhəmmədə, Na­maza, Qasıma, Əskərə, Mövluda, Balakişiyə və Süleymana qə­dər gəlmişdir. Həmin mühitin Ağbaba qolu Aşıq Nəsibdən Ye­tim Ləvəndə və Aşıq İskəndər Ağbabalıya qədər davam et­miş­dir.

Bu qolun sonuncu azman sənətkarı İskəndər Ağbabalı us­tadından aldığı sənət əmanətini, yəni havacatı və ənənəni lə­yaqətlə qoruyub saxlamış, xeyli gəncə saz-söz sənətinin in­cə­liklərini öyrətmişdir. O, bu barədə deyir: “Mənim də bir neçə nəfər şəyirdim var. Mən deyim, siz qulax asın. Aşıx Paşa Göy­dağlı, Aşıx Murtuza, Aşıx Qəzənfər, Sultan Oru­coğlu, Aşıx Faxfur… Aşıq Paşa Çivinnidəndi, çox iti zəka­lı, yad­daş­dı aşıx­dı. Onu da deyim ki, şayırrığı da var, əməyimi itir­mi­yif, özünü görsədir. Aşıx Murtuza (doğma oğlu – N.Ə.) uzax­da olur, yanı Qazaxıstandadı. O da olar Paşa yaşda, əməlli aşıxdı. Aşıx Qəzənfər Çorru Məhəmmədin nəticəsidi. Səsinə, saz çalmağına söz yoxdu, hərdən bir sinədən deməyi də var. Sul­tan Orucoğlu Mağaracıx kəndin­nəndi, onun atası Oruş kişi vax­tıynan usta­dım Aşıx Nəsivin çolpası oluf. Əmbə Sultan na­nayların əsil ustasıdı. Qaldı Aşıq Faxfur, bu uşax da öz oğ­lum­du, əmbə çox həvəsdidi. Deyirəm, bir gün başımı yerə qoy­sam, bəlkə, mənim yerimi bu tuta, əmbə bu fikrim qətidi, ha” (12, 180).

Qeyd etmək lazımdır ki, Aşıq İskəndər Ağbabalı öz zən­nində və ümidində yanılmamışdır. Aşığın Bakıda yaşayan oğlu Aşıq Faxfur atasının və onun böyük ustadı Aşıq Nəsibin sənət yo­lunu uğurla davam etdirir. O, Bakıda və Azərbaycanın müx­tə­lif rayonlarında, eləcə də Gürcüstanda və Qazaxıstanda ke­çir­di­yi məclislərdə, toylarda və şənliklərdə bu iki görkəmli sə­nət­ka­rı daim rəhmətlə anır, onların sözlərini oxuyur, Aşıq Nəsibin və Aşıq İskəndər Ağbabalının həyatı və yaradıcılığı ilə bağlı aşıq rəvayətləri söyləyir, onlara həsr etdiyi mahnıları ifa edir, bir sözlə, onların şöhrətini yaşadır, adlarını unudulmağa qoy­mur. Faxfurun qardaşı istedadlı sənətkar Aşıq Murtuza da eyni missiyanı Qazaxıstanda həyata keçirir.

Böyük tarixi keçmişə və sənət ənənələrinə malik Ağ­ba­ba-Çıldır aşıq mühitinin Çıldır qolu isə üç ustad aşığın mək­­təbi kimi davam edir. Bunlardan biri Aşıq Şenliyin oğlu Aşıq Qa­sı­mın, biri Aşıq Gülüstanın və digəri Aşıq İbrahimin adı ilə bağlı məktəbdir. Aşıq Qasımın məktəbi öz övladları, Aşıq Şenliyin nəvələri olan Nuri Şenlik, Yılmaz Şenlik, Salih Şen­lik, Aşıq Qasımın nəvəsi, Aşıq Şenliyin nəticəsi Fikrət Şen­lik və şəyird­ləri Şərəf Taşlıova, Dursun Durdağı, Şövqi Xa­lıçı, Ab­bas Sey­han, İslam Ərdənər və Məhmət Hicraninin timsa­lın­da günümü­zə qədər davam etmişdir. Onların arasında Şə­­rəf Taş­lıova və Məh­mət Hicrani ustad aşıq səviyyəsinə yüksəl­miş­dir. Müasir Tür­kiyənin ən məşhur sənətkarlarından olan Şərəf Taşlıova sə­nətini Sədrəddin Ulu, Nuri Şahinoğlu, Hik­mət Arif Ataman və Aşıq Şah İsmayıla öyrətmişdir. Məh­mət Hicrani öz qardaşı oğlu, bu gün Türkiyədə bu sənət ənə­nə­sini layiqincə da­vam et­dirən Aşıq Maqsud Fəryadiyə us­tad­lıq etmiş, öz növ­bəsində, o da bu sənətin sirlərini İlqar Çiftçi­oğ­luna öyrət­mişdir. Aşıq Gü­lüstan öz oğlu Murad Çoban­oğ­lu­na, şəyirdləri Nüsrət Yurtmalı, Haqqı Baydar və Murad Yıl­dıza aşıqlıq vəsiqəsi vermişdir. Mu­rad Çobanoğlu və Murad Yıldız ustad aşıq kimi hərəsi iki şəyird tərbiyə etmişdir. Mu­rad Çobanoğlu istedadlı gənclərdən Mürsəl Sina­na və Arif Çift­çiyə, Murad Yıldız isə öz oğlu Gü­nay Yıldıza və Mahmud Qaradaşa ustad­lıq etmişlər. Aşıq İbra­him bu sənətin sirlərini Aşıq Çərkəz, Hüseyn İsrafil, və Aşıq İl­yasa öyrətmişdir. Hü­seyn İsrafil də, öz növbəsində, oğlu Rüs­təm Alyansoğluna və Mə­tin Bəktaşa ustadlıq etmişdir. Türkiyə miqyasında məşhur aşıq kimi tanı­nan Rüstəm Alyan­soğlu qar­daşı oğlu Mansur Al­yansoğlunun ustadı olmuşdur (58, 204-208; 113, 143-154; 97, 41-78).

Türkiyədə və Azərbaycanda aparılan elmi araşdırmalar işı­ğında Ağbaba-Çıldır aşıq mühitinin hər iki qolunun ortaq şəcərəsini təxminən aşağıdakı şəkildə çəkmək mümkündür (ad­ları qara şriftlə göstərilən aşıqlar şəyird yetişdirən ustad aşıqlardır) (cədvəl №1):


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə