Azяrbaycan miLLİ elmlяr akademiyasы


II FƏSİL AŞIQ NƏSİBİN YARADICILIĞI



Yüklə 0,86 Mb.
səhifə3/7
tarix20.09.2017
ölçüsü0,86 Mb.
#1149
1   2   3   4   5   6   7

II FƏSİL

AŞIQ NƏSİBİN YARADICILIĞI
Təqribən 60 il Azərbaycan-Anadolu aşıq sənətinin inki­şa­fı naminə yorulmadan çalışan, Ağbaba-Çıldır aşıq mühi­ti­nin zənginləşməsinə və tərəqqisinə çox mühüm töhfələr ve­rən Aşıq Nəsibin yaradıcılığını şərti olaraq üç mərhələyə bölmək mümkündür. Birinci mərhələ onun əlinə saz götürüb, söz qoş­du­ğu ilk gündən başlayaraq Aşıq Şenliyin yanında şə­yird ol­du­ğu dövrü əhatə edir. Bu mərhələdə gənc aşıq sənətdə ilk köv­rək addımlarını atmış, röyada bir dərvişdən bu­ta almış, haqq aşığı kimi az-çox məşhurlaşmışdır. Nəsib əv­vəlcə sev­gi­lisi Baharın eşqi ilə, sonra isə onun həsrəti ilə çalıb-oxumuş­dur. Bahar valideynləri tərəfindən başqasına ərə verilmişdir.

Mövcud ənənəyə uyğun olaraq o, ustad bir sənətkarın ya­nında şəyird olmalı idi. Nəsibin qismətinə əvvəlcə Göləli İb­rahimin, sonra isə həmin dövrün ən müqtədir sənətkarla­rın­dan biri sayılan Aşıq Şenliyin yanında şəyird olmaq düş­müş­dür. Şübhə yox ki, o, Şenlik ocağında böyük bir mək­təb keç­miş, aşıq sənətinin sirlərinə yiyələnmişdir. A.Ağba­banın fik­rin­cə, “Aşıq Şenliyin Nəsibi özünə şagird götürməsi XIX əsrin 90-cı illərinə təsadüf edir” (6, 10).

Aşıq Nəsibin yaradıcılığının ikinci mərhələsi XIX əsrin 90-cı illərindən 1920-ci ilə qədər olan dövrü əhatə edir. Bu mər­hələdə o, müxtəlif yerlərdə məclislər aparan, sənət alə­min­də özünü təsdiq və qəbul etdirən püxtələşmiş yetkin sənət­kar kimi qarşımıza çıxır. Onun bir çox məşhur aşıqlarla de­yiş­mə­ləri, sənət yarışları da həmin dövrdə baş vermişdir. I Dün­ya müharibəsi, bölgənin əldən-ələ keçməsi, müsəlman­lara qar­şı rus-erməni əməkdaşlığı, 1918-1920-ci illərdə tüğ­yan edən erməni qırğınları, qaçqınlıq, ağır güzəran və s. onun ya­ra­dıcılığına öz təsirini göstərmişdir. Ona görə də yara­dıcı­lı­ğı­nın birinci mərhələsində Aşıq Nəsib nakam məhəbbətinə ithaf et­diyi lirik şeirləri ilə yadda qalmışdırsa, ikinci mərhələdə mil­li-sosial məzmunlu əsərləri üstünlük təşkil edir.

Yaradıcılığının üçüncü mərhələsini əhatə edən sovet dövründə (1920-1944) Aşıq Nəsibi artıq bir ustad sənətkar və el ağsaqqalı kimi görürük. Bu dövr Ağbabanın iki yerə par­ça­lan­ması, bəzi kəndlərin bütün əhalisi ilə Türkiyəyə köç et­mə­si, Amasiyanın bir sıra yaşayış məntəqələrinə ermənilərin do­luş­ması, daşnakların bu dəfə bolşevik qiyafəsi altında yerli əha­­liyə divan tutması, milli zülm, süni şəkildə, yalandan qı­zış­­dırılan sinfi mübarizə, müqəddəs islam dininə qarşı total yü­rüş, mənhus kolxoz quruculuğu, varlıların qol­çomaq və “xalq düşməni” adı altında planlı şəkildə məhv edilməsi və sür­­günə göndərilməsi, dəmir pərdə rejiminə keçən Sovet İtti­faqı tərəfindən türk-sovet sərhədinin tikanlı məftillərlə bir­də­fəlik bağlanması, Türkiyəyə gediş-gəlişin tamamilə kə­sil­mə­si, nəhayət, II Dünya müharibəsinin gətirdiyi maddi və mə­nəvi sıxıntılarla müşayiət edilmişdir.

Aşıq Nəsib əsl sənətkar kimi bütün bunlara qarşı üsyan etmiş, öz şeirlərində şura hökumətinin xalqa, özəlliklə türkə zidd mahiyyətini açıb göstərmişdir. Buna görə də rejim əleyh­darı kimi ev həbsinə alınmış, hətta bir müddət evdən çıx­­ma­sına, çalıb-oxumasına belə icazə verilməmişdir. Bu mər­hə­ləni Aşıq Nəsib yaradıcılığının ən müdrik, eyni zaman­da ən nisgilli və ağır çağı hesab etmək olar. Ələlxüsus Ağ­ba­ba-Çıldır mühi­tinin zorla parçalanması, Çıldırla bütün əlaqə­lərin kə­sil­mə­si onun qapalı mühitdə qalması ilə nəticələn­mişdir.

Qeyd etmək lazımdır ki, vaxtında yazıya alınmadığı üçün Aşıq Nəsibin söylədiyi şeirlərin dəqiq tarixi bilinmir. Onların məzmunundan çıxış edərək hansı dövrdə yazıldığını asanlıqla təxmin etmək mümkündür. Bununla belə, aşığın hər üç mərhələyə aid şeirlərinin eyni dərəcədə bitkin və mükəm­məl olduğunu söyləyə bilərik. Bu da onun Allah vergisi olan fitri istedadından xəbər verir.

Aşıq Nəsibin işlədiyi mövzular əlvan və rəngarəngdir. Hər şeydən əvvəl, onun toxunduğu mövzular öz qaynağını ger­çək, real həyatdan alır. Bizcə, bunları üç əsas qrupda bir­ləşdir­mək olar: aşığın milli-sosial məzmunlu vətənpərvər­lik şeir­ləri, məhəbbət lirikası və təbiət lirikası. Görkəmli sə­nət­ka­rın həyatı, səfərləri və deyişmələri ilə bağlı aşıq rəva­yət­lə­rin­də isə hər üç mövzu bu və ya digər şəkildə öz əksini tapır. Bun­lar­dan başqa, onun həyatın müxtəlif sahələrinə – mərd­liyə, insani münasi­bət­lərə, qonaqpərvərliyə, səxavətə, xəsis­li­yə və digər mövzulara həsr olunmuş bir çox şeirləri və aşıq rə­va­yətləri də vardır.
2.1. Vətənpərvərlik şeirləri
Aşıq Nəsibin yaşayıb-yaratdığı dövrün ictimai-siyasi fa­ci­­ələri, I Dünya müharibəsi, 1918-1920-ci illərin qanlı olay­la­rı, el-obanın başına gələn müsibətlər, erməni qırğınları, ta­lan­lar, da­ha sonra “davarişlərin”, “patraxların” hakimiyyəti, yeni köç­lər, sürgünlər, repressiyalar, milli zülm, ağır güzəran və s. onun ya­radıcılığında əsas yer tutmuşdur. Qeyrətli vətən­daş və el ağ­saq­qalı kimi Aşıq Nəsib öz sazı və sözü ilə həmi­şə doğ­ma xal­qının dərdlərini dilə gətirmiş, ona mənəvi dayaq ol­muş­­dur.

Aşıq Nəsibin vətənpərvərlik şeirlərini üç əsas mövzu üz­rə bu şəkildə qruplaşdırmaq mümkündür:

1. Türkçülüklə bağlı şeirləri;

2. Ermənilərin iç üzünü açan şeirləri;

3. Sovet hökumətinin siyasətini ifşa edən şeirləri.

Aşıq Nəsib bütün varlığı ilə türkçü, yüksək milli şüura sa­­hib milliyyətçi idi. Yaşadığı coğrafiyada baş verən, qanlı olay­­larla, dinc müsəlman əhalinin kütləvi şəkildə qırılması ilə mü­şayiət olunan hərbi əməliyyatların, siyasi oyunların pərdə ar­xasını və məqsədini gözəl başa düşürdü. O bilirdi ki, bu mü­ba­­rizə sırf dini-milli səciyyə daşıyır, imperializm Türki­yəni par­çalamaq, türklüyü məhv etmək, bu coğrafiyanın siya­si mən­subiyyətini və etnik tərkibini dəyişdirmək, yerli əhalini qırıb-çatmaq, etnik təmizləmə yolu ilə burada oyuncaq ermə­ni dövləti qurmaq istəyir. I Dünya müharibəsi zamanı rusların Ana­­­­doluda və Qafqazda törətdiyi vəhşiliklər, xarici qüvvə­lə­rin əlində alət olan kəmfürsət ermənilərin məkrli və xain plan­la­rı ona yaxşı məlum idi.

Bütün bunları dərindən dərk edən, lakin çıxış yolu tapa bil­­məyən Aşıq Nəsib çarəsiz qalaraq üzünü Tanrıya tutub on­dan nicat diləyirdi:

Xərin artdı samanı,

Gəldi gəda zamanı.

Tanrım, bir sənə gəlir

Müsəlmanın gümanı (13, 14).

Həmin dövrdə Mustafa Kamal paşanın başçılığı altında apa­rılan türk milli-azadlıq hərəkatı genişlənir, bu işdə Kazım Qarabəkir paşa, Xalid paşa kimi tanınmış hərbi xadimlər, ge­ne­ral­lar iştirak edirdilər. Onların vətən qarşısındakı xidmət­ləri aşıq­lar tərəfindən vəsf edilirdi. Məsələn, qarslı Aşıq Qəh­rə­man “Var” qoşmasında bu üç sərkərdənin adını böyük mə­həb­bətlə çəkmişdir:

Kamal paşa məclis başında durur,

Xalid paşa öndən çevirir, vurur.

Qara Kazım paşa sərdardır, yürür,

Düşməni alt edən mərdan bizdə var (111, 310).

Bardızlı Aşıq Nihani də adı dillərdə dastan olan həmin qəhrəmanları özünün “Döndü” qoşmasında tərənnüm etmiş­dir:

Kamal paşa təşkilatı bitirdi,

Kazım paşa Qarsı aldı, oturdu.

Xalid bəy qurt kimi sürdü, götürdü,

Sonra yalın qılınc yunana döndü (110).

Aşıq Nəsib də, öz növbəsində, bölgə camaatını qırğın­dan qo­rumaq məqsədilə Ardahanda çağrılan konqreslərin qə­rar­la­rı­nı diqqətlə izləmiş, Qars Milli Şurasının, Cənub-Qərbi Qaf­qaz Res­publikasının addımlarını ürəkdən alqışlamış və dəs­tək­lə­miş­­dir. Məlum olduğu kimi, bir çox ağbabalı siyasi xa­dim, o cüm­lədən mahalın varlı və adlı-sanlı adam­larından biri, Köhnə İbiş kəndinin sakini Hacıabbas oğlu Kərbəlayi Mə­həmməd ağa Ağbabanın təmsilçisi kimi bu si­yasi qu­rum­la­rın işində fəal iş­ti­rak etmişdir. Qəlbi vətən eşqilə çarpan aşıq bu müqəddəs mü­ba­rizənin dastanını yazmış, Məhəm­məd ağa­nın təşkilatçılığını, millət qarşısında xidmət­lərini, onun Xalid pa­şa ilə əmək­daş­lı­ğını “Vətən” adlı mü­xəm­məsində sevə-sevə tərənnüm etmişdir:

Kalvayı Məhəmməd ağa

Gördü düşüb dara vətən.

Kömək yoxdu, arxa yoxdu,

Qalıb bəxti qara vətən.

Xalid paşanı çağırdı,

Almasın min yara vətən.


Pul verdi, o, silah aldı,

Yurd olmasın sara vətən (13, 47).

Aşıq Nəsib Ağbabanın qorxmaz və cəsur döyüşçülərin­dən Mahmud ağanın və Məmmədvəlinin igidliklərindən hə­min şeirində söz açmış, onları sevgi ilə vəsf etmişdir. Məm­məd­­vəli Ağbabanın Göllü kəndindən olan məşhur Qaçaq Usu­bun oğlu idi. O da atası kimi işğalçı ruslara və ermənilərə qar­şı qəh­rə­manlıqla çarpışmış, axırda vətən uğrunda şəhid ol­muşdur.

Məmmədvəli bir cəng açdı,

Ermənilər pərən oldu.

Dağıldılar sərçə kimi,

Sanki qıran-qıran oldu.

Qaçaq Usubun bu oğlu

Bu döyüşdə ərən oldu.

Yurd uğrunda öldü getdi,

Yenə düşdü dara vətən (13, 47).

Vətənpərvər aşıq bu şeirində çox şeyi unutduğunu, bəl­kə də az, ancaq düz söylədiyini göstərmiş, yağının saqqat (şi­kəst) edildiyini, vətənin dərdinə çarə tapıldığını bildirmişdir:

Aşıq Nəsib nə görübdü

Hamısını düz söylədi.

Çoxusunu unudubdu,

Bəlkə, hələ az söylədi,

Mən deyirəm havacatnan.

Saz səsləndi, söz söylədi,

Yağı olan saqqat getdi.

Axır tapdı çarə vətən (13, 48).

Aşıq Nəsib daim öz türklüyü ilə fəxr etmiş, bundan ifti­xar duymuşdur. Vaxtilə əhalisinin hamısı türklərdən ibarət olan Ağbabanın bəzi yaşayış məntəqələrinə sonradan, sovet döv­­­­rün­də ermənilərin doluşması, düşmənlərin dilinin burada rəsmi dil olması onu çox narahat etmişdir:

Nəsib mənəm, türk sözünə

Həsrət qalıb qulağım (13, 44).

Ancaq Aşıq Nəsib başqa bir şeirində canının, ruhunun türkün qeyrəti ilə dolu olduğunu bildirmişdir:

Gözlərimdə zülmət olur,

Ürəkdə gözümün nuru.

Canımda türkün qeyrəti

Sözlərimdə vüqar, qürur (13, 47).

Aşıq Nəsib heç vaxt öz türklüyünü danmamış, hər za­man, hətta 30-cu illər repressiyasının tüğyan etdiyi, türk sö­zünün yasaq olduğu dövrdə də türk olması ilə fəxr etmişdir.

Canım qurban olsun türkün adına,

Ata-babasına, həm övladına (13, 21)

– deyən Aşıq Nəsib türklüyündən əsla vaz keçməyəcəyini bə­yan etmiş və ömrünün sonuna qədər bu andına sadiq qal­mış­dır.

Görkəmli sənətkarın vətənpərvərlik şeirləri içərisində xain ermənilər əleyhinə yazdığı şeirlər xüsusi yer tutur. Er­mə­ni xislətinə dərindən bələd olan Aşıq Nəsib “Erməni” mü­xəm­mə­­sində bu milləti haqlı olaraq şeytan, fitnəkar, bütün bə­la­la­rın, faciələrin səbəbkarı, baisi adlandırmışdır:

Yaranandan şeytan oldun,

Yalandır sözün, erməni.

Elləri dərbədər saldın,

Tökülsün gözün, erməni.

Qarışdırdı aralığı

Oğulun, qızın, erməni.

Zülm eləsin haqqın özü,

Qalmasın tozun, erməni (13, 46).

Aşıq bu şeirində sərsəm “Böyük Ermənistan” azarına tutulmuş ermənilərin “milli qəhrəmanı” Andraniki də unut­ma­mış, onun silahsız dinc əhaliyə qarşı əvvəl “kişilən-di­yi­ni”, sonra isə tülkü kimi aradan çıxdığını, daşnakların öz qanına bələndiyini yazmışdır:

Andranik kişiləndi,

Axırda “qəhrəman” oldu.

Əkildi tülkülər kimi,

Daşnak qanına bələndi.

Bəsdir, yetər, a baqyanus,

Çaxnaşdırma eli, kəndi.

Sən İsanın millətisən,

Keçməz avazın, erməni (13, 46).

Şübhə yox ki, ermənilərin türkə düşmən ruhunda tər­biyə edilməsində kilsənin və din xadimlərinin oynadığı mənfi və mənfur rol aşığa yaxşı məlum idi. Ona görə də “Keşişin” adlı qoşmasında keşişlərin ümumiləşdirilmiş obra­zını yarat­mış, on­ların xarakterini açmışdır:

Bizlərə kələkdir, fitnə-fəsaddır,

Oturub-duruşu, işi keşişin.

Tamahı böyükdür, sığmaz dünyaya,

Qılıncdan itidir dişi keşişin.
Oturub-durduqca elə qan deyir,

“Düşməndir bizlərə müsəlman” deyir.

Türkə “murdar” deyir, haya “can” deyir,

Gözünün düşməni kişi keşişin.


Çağırar asvası darda haraya,

Başqa həvəsi var pula-paraya.

Ədavət toxumu səpər araya,

Sanki yaza dönər qışı keşişin.


Düşsün beləsinin kotan kökünə,

Əsli qıt, kökü qıt, itdi, kökü nə.

Adam heç baxmaya arıq-kökünə,

Soxa düz gözünə şişi keşişin.


Tanrı, beləsini yox elə getsin,

Çirkabdı, sularda yaxala getsin.

Nəsib də sevinsin, vüsala yetsin,

Qalsın quru yerdə leşi keşişin (13, 24).

Türk və islam dənizində kiçik bir ada olan bir ovuc er­mə­ninin başından böyük macəralara girişməsinin, “dəniz­dən dənizə Böyük Ermənistan” xülyasına düşməsinin, qəhrə­man, nəcib və ədalətli türk millətinə qarşı üsyan etməsinin səbəbini Aşıq Nəsib düzgün təsbit və izah etmişdir:

Kafir gəzir kölgəsində urusun,

Onun “asvas” deyən dili qurusun (13, 25).

Vaxtilə əhalisi bütünlüklə türk olan İrəvana yolu düşən aşıq burada Mehdixan kimi bəylərin, ağaların, “xanım-xatın qız­­­ların” qalmadığını, şəhərdə ermənilərin at oynatdığını, qax­da­ğan1 adlanan səfil, didərgin hayların qaynaşdığını, yur­dun ya­ğı əlinə keçdiyini görərək hədsiz dərəcədə kədərlənmiş və “Görəsən” qoşmasında öz duyğularını belə ifadə etmişdir:

Qaxdağanlar yolda-izdə qaynaşır,

Ər yerində gədə-güdə oynaşır.

Yiyə olub yurda murdar, zay, naşı,

Kor olasan, belə anı görəsən (13, 36).

Aşıq Nəsib “Şikayətnamə” adlı şeirində yenə qaxdağan mövzusuna toxunaraq bu rəzil, ac-yalavac zümrənin ruslar sa­yəsində türklərin malına-mülkünə sahib çıxdıqlarını, özlə­rini isə qovduqlarını ürək yanğısı ilə təsvir etmişdir:

Köhlən belindədir dığa-mığalar,

Dünənki nökərlər, bu gün ağalar.

Daha çanağından çıxıb bağalar,

Çatıb vəzifəyə, var ayağına.
Qaxdağan acları, deyən, toxalıb,

Nə molla, nə axund, nə varlı qalıb.

Nəsibin başına Allah daş salıb,

Gətirib divana, zor ayağına (13, 37).

Haylara dərin nifrət bəsləyən aşıq mənfi ruhlu adamları on­larla müqayisə etmiş, hərcayi bir tipə acığı tutanda ona “Er­mə­ni tək iblis olma, Geymə əynə qara donu” (13, 41) de­miş­dir. Onun hələ açılmamış müəmma-qoşmasında təsvir etdiyi ob­razın tipikləşdirilmiş erməni olduğunu söyləmək müm­kün­dür. Həmin şeirdən bir neçə bəndə nəzər salaq:

Anası bilinmir, dədəsi dörddü,

Burnunun kölgəsi tutar dünyanı.

Gəzər ruzigahı qarışbaqarış,

Əgər mümkün olsa, satar dünyanı.
Gahdan aram olur, gah dilənçidi,

Bambılı, xudbindi, el gülüncüdü.

Yaxşılıq həmişə onu incidir,

Qaldırsa, başından atar dünyanı.


İştahası çoxdu, daş-torpaq yeyər,

Güclüyə qul olar, gücsüzü döyər.

Namusu, qeyrəti hərraca qoyar,

Qan salar araya, qatar dünyanı.


Qəribə məxluqdu, bilməz özünü,

Həqiqət bir oxdu, tökər gözünü.

Nəsib xeyir görməz, görsə üzünü,

Əgər imkan olsa, udar dünyanı (13, 37-38).

Diqqətlə fikir verdikdə, şeirdə sadalanan “məziyyətlər­dən” bu tipin erməni olduğunu asanlıqla anlamaq mümkün­dür. Çün­ki yekəburun, dərbədər, xudbin, dilənçi, yaxşılıq qan­ma­­­yan, abır-həya, qeyrət-namus bilməyən, zəifi döyən, güc­lü­nün qar­şısında müti qula dönən məxluq, olsa-olsa, er­mə­ni­dir. Qər­bi Azərbaycanda el dilində işlənən “erməni gö­rən xe­yir tap­maz” məsəli də bunu göstərir. Deməli, Aşıq Nə­sib, hə­qi­qə­tən də, bu müəmma-qoşmada erməninin ümumi­ləşdirilmiş və ti­pik­ləşdi­ril­­miş surətini yaratmışdır. Sadəcə olaraq, ilk bəndin bi­rinci mis­rasında işlənən “Anası bilinmir, dədəsi (yəni atası-N.Ə.) dörddü” fikrinin izaha ehtiyacı var. Burada “anası bi­lin­mir” de­dik­də, ermənilərin bic, etnik mən­şəyi, soy-kökü na­mə­lum bir millət olduğu nəzərdə tutulur. “Dədəsi dörddü” fikri isə, hə­qi­qə­tən, müəmmadır, yozumu və açımı xeyli çətindir. Eh­timal ki, aşıq burada ermənilərin qaraçı, kürd, assur və fars qa­nından əmə­lə gəldiyini, yaxud onların havadarlarını, yəni rus­­ları, ingi­lis­ləri, fransızları və amerikalıları nəzərdə tut­muş­dur. Çünki hə­min dövrdə Rusiya, İngiltərə, Fransa və ABŞ türk torpaqları üzə­rində bir erməni dövləti yaratmaq üçün də­ri­dən-qabıqdan çı­xır və haylara hər cür hərbi, siyasi, maddi və mə­nəvi dəstək göstərirdilər.

Aşıq Paşa Göydağlının verdiyi şifahi məlumata görə, Aşıq Nəsib bu müəmma-qoşmanı Çıldırda mənşəcə erməni olan Xoca Bostan adlı bir tacirə xitabən söyləmişdir. Aşıqla ta­cir arasında mübahisə düşmüş, Aşıq Nəsib əsəbiləşərək sö­zünü sazla demişdir. Bu barədə yazıya alınmamış ayrıca bir aşıq rəvayəti var. Aşıq İskəndər Ağbabalı onu ətraflı bilirmiş (72).

Aşıq Nəsibin vətənpərvərlik şeirlərinin bir qismi sovet hö­kumətinin apardığı ikiüzlü siyasətin ifşasına həsr olun­muş­dur. Sözdə azadlıq, bərabərlik və qardaşlıq dünyası qur­du­ğu­nu elan edən bolşeviklər əslində türklərə və müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti aparır, onları sıxışdırmaq üçün er­mənilərə hər cür şərait yaradırdılar. Şeirlərindən görünür ki, Aşıq Nəsib bu oyunu bütün incəliklərinə qədər anlamışdır. Üs­təlik, bu siyasət yalnız 20-30-cu illərdə deyil, bütün sovet döv­ründə davam etmişdir. 1948-1953-cü illərdə “doğma kommunist partiyasının” əli ilə soydaşlarımızın ilan mələyən Mil-Muğan düzünə sürülməsi, 1988-ci ildə öz doğma yurd-yu­valarından total deportasiyası “kor” Nəsibin bəsirət gö­zü­nün açıq olduğunu göstərir. Şura hökumətinin əsl mahiyyətini gö­zəl başa düşən Aşıq Nəsib yeni quruluşu qəbul etməmiş, əksinə, el-obanın, xalqın güzəranının pisləşməsini, vəziyyə­ti­nin ağırlaşmasını sovetlərin ikiüzlü siyasətinə bağlamış, “sən Le­ninə, firqəyə bircə ağız tərif söylə, qalanı ilə işin olmasın” deyənlərə belə cavab vermişdir:

Şura gəlib, dərd yetirib bizlərə,

Kor taleyə, qara bəxtə nə deyim?

Müsəlmanın pəjmürdədir əhvalı,

Qan qusuruq laxta-laxta, nə deyim?
Köhnə yoxdu, heç təzəni görmürəm,

Məclis hanı, mey-məzəni görmürəm.

Göz çıxaran, baş əzəni görmürəm?

Tərif edim, yalan-saxta nə deyim? (13, 35-36)

Sovet hakimiyyəti qurulandan sonra ikiyə bölünmüş və­tənin dərdi, ağır ellərin yerindən oynayıb köçə məruz qalması, kənd­lərin boşalması kimi tarixi hadisələr xalqını sevən bir və­tən­daş kimi onu narahat etmiş, sazı, sözü ilə xalqına dayaq ol­muş­­dur:

Aşıq Nəsib, çarxın döndü,

Dəli oldu ağıllı.

Gerçəkliklər yoxa çıxdı,

Günün keçir nağıllı.

Elim düşdü bir bəlaya,

Neçə qızlı-oğullu.

Alçaqlara bir toxunan,

Nə bir dəyən olmadı (13, 43).

1937-ci ildə Sovet-Türkiyə sərhədinin tam bağlanması, Ağbaba-Çıldır yolunun qaratikanla kəsilməsi, əlaqələrin bir­də­fəlik qırılması və vətənin parçalanması Aşıq Nəsibə ağır tə­sir etmiş, qəlbinə çalın-çarpaz dağ çəkmişdir:

Türk sözünə həsrət qalan bəndəyəm,

Bu tərəfdən o tərəfə yolum yox.

Yana-yana yaşayıram beləcə,

Bu pis gündən bircə ucuz ölüm yox.


Qaratikan çəkilibdi araya,

El bölünüb, kimsə yetməz haraya.

Məlhəm hanı ürəkdəki yaraya,

Nəsib deyər: taqətim yox, halım yox (13, 29-30).

Sərhədin bu tayında qalan Ağbabada vəziyyətin son də­rəcə ağır olmasından şikayət edən aşıq bunun səbəbini “zalım sovetin gəlməsində” görmüşdür:

Yandım, yandım ataşlara, odlara,

Dəli könül, Alosmana gedəlim.

Üzüm gülmür zalım sovet gələli,

Qarsa tərəf, din-imana gedəlim.
Kişilərin adı qalıb, özü yox,

Ocaqların külü qalıb, közü yox.

Bu Sovetin türkü görən gözü yox,

Yaxın elə bir gümana gedəlim.


Ağbabada haqq itibdir, dumandır,

Məni boğur bu ayrılıq, amandır.

Şura gəlib, burda betər zamandır,

Türkün doğma yeri Qarsa gedəlim (13, 37).

Ancaq bu, arzu olaraq qalmış, zavallı Aşıq Nəsib ömür bo­yu bu həsrətlə yaşamış, bir daha Qarsa gedə bilməmişdir. Sovet hökumətinin antitürk siyasəti, insanlığa zidd siyasəti üzün­dən Aşıq Nəsibin bu istəyi gerçəkləşməmişdir:

Yol bağlıdı, qol bağlıdı, dilim lal,

Bu Sovetdə alçaqlara yox zaval.

Necə sığır yerə-göyə ah-vəbal,

Qan qusuruq, bizdə belə bərə var.
Türk deyənin dil-dilçəyin kəsərlər,

Haqq deyəni boğazından asarlar.

Ər olanı düz Sibirə basarlar,

Görən, harda belə divan-dərə var? (13, 22)


Yaxud:

Qohum-qardaş o tərəfdə,

Kimdən xəbər alım, Allah?!

Ürəyimdən qanlar axır,

Xoş xəyala dalım, Allah?!
Paralanıb elim mənim,

Yarı orda, yarı burda.

Zəhər olub xörək-aşım,

Bilməm ölüm, qalım, Allah (13, 41).

Aşığın şeirlərində sərhədin o tayında qalan Qars, Çıldır, Qa­ğızman, Canbaz, Gölə, Muş, Soskert və s. toponimlərinin adı çəkilir. O, aşıq yaradıcılığında qəbul edilmiş ümumi ter­min­lə Osmanlı dövlətini Alosman (Ali Osman – N.Ə.) adlan­dı­rır. Bunlardan başqa, vətənin bir parçası hesab etdiyi İrəva­nın, Gümrünün, Borçalının, Axılkələyin, Təbrizin, Dərbəndin ad­la­rını da şeirlərində işlədən Aşıq Nəsibin milli şüur baxı­mın­dan nə qədər yetkin bir sənətkar olduğu görünür.

Aşıq Nəsib “Görünür”, “Gedəlim”, “İndi” şeirlərində Şu­ra hö­kumətini kəskin tənqid etmişdir. O, yeni quruluşda heç bir müs­bət cəhət tapa bilməmiş, onun xalqa “qırmızı” ya­lan sat­dı­ğı­nı, sinfi mübarizə adı altında mərdləri məhv et­di­yi­ni, namərdləri ba­şa çıxardığını, Ağbabanın türk əhalisinə di­van tutduğunu gös­tərmiş, bunu şeirlərində, öz ifadəsi ilə desək, “bəzəmişdir”:

Mərdlərin yerində qalana bir bax,

Ay evi dağılan, talana bir bax.


Sovetdə qırmızı yalana bir bax,

Deyər tərifini, bəzərəm indi (13, 25).

Şura hökumətinin gəlişi ilə dövranın dəyişdiyini, dün­yanın dadının-duzunun, xeyir-bərəkətinin qaçdığını, hər şeyin alt-üst olduğunu söyləyən Aşıq Nəsib, eyni zamanda bəzi təzə ter­minlərin də (məsələn, “patrax”, yəni batrak – muzdur və “bırat”, yəni brat – qardaş) ortaya çıxdığını bildirmiş, bütün günü “əməkçi kütlə” arasında təbliğat aparan, qardaşlıqdan, xoş­bəxtlikdən dəm vuran yerli siyasi xadimi, yəni muzdur komi­təsinin başıboş, gəvəzə sədrini istehza atəşinə tutmuşdur:

Nəsib, bu dünyanın getdi məzəsi,

Partaxla bıratdı sözün təzəsi.

Allahın başıboş bir gəvəzəsi

Sovetin sehirli sirri görünür (13, 24).

Bir sözlə, sovet quruluşu Aşıq Nəsibə dərddən başqa bir şey gətirməmişdir. O, mollanın, ağanın, bəyin məhv edil­mə­sin­dən, özünün bu dünyada yaxşı heç nə gözləmədiyi bambılı və dilənçilərlə, “davariş” rusla və erməni “ara” ilə yalnız qal­ma­sından yana-yana şikayət etmişdir. Maraqlıdır ki, aşıq “davariş”in ermənicə “hinger” variantını işlətməmiş, haylara mü­­ra­ciətdə xorlama çaları daşıyan, “ey, a gədə” mənasına gələn “ara” sözünə üstünlük vermişdir:

Səxavət, mərhəmət çəkilib göyə,

Bambılı, dilənçi sərvətə yiyə.

Dərd dəydi mollaya, ağaya, bəyə,

Gədənin cibində para qalıbdı.


Urus-ermənilər yeyib yağlanır,

Kişi deyilənin qolu bağlanır

Haqqın adı qalxır, yolu bağlanır,

Nəsiblə “davariş”, “ara” qalıbdı (13, 28).

“Necə” rədifli müxəmməsində “davarişlərin” qara əməl­lə­rindən söz açan aşıq şura hökumətinin ziyalılara və savad­lı­la­ra qarşı yürütdüyü siyasəti də kəskin tənqid etmişdir. O, ateist sovet rejiminin islam dininə qarşı düşmən münasibətini pis­ləmiş, “Şura kişisini” quyruğu yanmış tazıya bənzətmiş, bu dərd­lərdən danışarkən özünün yandığını, sazın, pərdənin və te­lin isə ağladığını söyləmişdir:

“Davarişlər” tapdadılar,

Yaşlı, qoca demədilər.

Savadlını tutdurdular,

“Yoldaş”, “xoca” demədilər.

Dinə hürüşdülər betər,

Ona uca demədilər.

İman-dinin sahibləri

Göz yaşını sildi necə.
Elin bici, elin gici

Haqqı kökündən qazıdı.

Görürəm “Şura kişisi”

Quyruğu yanmış tazıdı.

Urus, erməni qaynaşır,

Ər xoş günə tamarzıdı.

Bu gələn bir bic əyyamı,

İli ağır ildi necə.


…Çalan Nəsib, yanan sazdı,

Bir də pərdə, teldi necə (13, 49).

Fiziki mənada zülmət qaranlıqda ömür sürən Aşıq Nə­si­bin həyatının son 24 ili sovet dövründə məşəqqət, mənəvi əzab və zillət içində keçmişdir. Şeirlərindən görünür ki, el ağ­saq­qalı bu müddət ərzində bircə dəfə də gülməmiş, sevin­mə­miş, hər zaman xalqının dərdinə üzülmüş, öz həyat və sənət ideallarından əsla əl çəkməmişdir. “Gəldi” qoşmasında butun iztirablarının səbəbinin Şura hökuməti olduğunu açıq şəkildə dilə gətirmişdir:

Şura el-obanı beybec elədi,

Naxış adamların zamanı gəldi.
Oynadı göylərdə qara buludlar,

Namərdliyin sisi-dumanı gəldi.


Dağıldı yığnaqlar, yoxdu çal-çağır,

İt-qurdla doludu daha yol-cığır.

Yenə qarnı acdı binəsib fağır,

Meydana şeytanın yamanı gəldi.


Müsəlman olanlar batıbdı yasa,

Dəyişdi, pozuldu əvvəlki yasa.

İndilər kef çəkir bayquş, yarasa,

Eşşəyin qanqalı, samanı gəldi.


Bəy bəylikdən düşdü, gic mindi ata,

Hakimlik elədi şər camaata.

O gözəgörünməz getdi inada,

Türklərin tanrıya gümanı gəldi.


Nahaq başa keçib, haqq ayaqdadır,

Köpək evə girib, donuz bağdadı.

Nəsib, damağında xoş günün dadı,

Qəm elə, urusun İvanı gəldi (13, 27).

Nəsibin dövrandan, zəmanədən şikayəti onun “A dün­ya” rədifli qoşmasında çox gözəl ifadə edilmişdir. Görkəmli sə­nətkar burada ictimai-siyasi bəlalardan söz açmış, xalqın başına gələn müsibətləri çox doğru təsbit etmiş, cəhənnəmdən də betər olan bu dünyanın dağılmasını arzulamışdır:

Kəsildi yol-cığır, lal oldu dillər,

Çaqqal şirə dönüb, dağıl, a dünya.

Necoldu ötənnər, o gözəl dövran,

Allah saa versin ağıl, a dünya!
Musurman olana tuşlanıf üzün,

Oyursan gözünü doğrunun, düzün.

Daha cəhənnəmə dönüfsən özün,

Ər yaşıya bilmir mağıl, a dünya.


Tökülən qannardan sel-su qan oldu,

Erməni urusnan gəldi xan oldu.

Aşıx Nəsif sındı, yarımcan oldu,

Gördühlərim dəyil nağıl, a dünya (13, 108).

Aşıq Nəsibin yaradıcılığında sayca az, mənaca dərin olan bayatılardan biri şura hökümətinin xalqa, Ağbabaya, Şö­rə­ye­lə vurduğu yaralara həsr edilmişdir:

Eləmi, şura gəldi,

Günümüz qara gəldi,

Qan ağlayan, qan qusan

Ağbaba, Şörəyeldi (13, 14).

Ömrünün son illərində dediyi güman edilən “Aşıq Nə­sib” qoşması sanki sənətkarın doğma xalqı qarşısında he­saba­tı­dır:

Ellər dolandırdım elədən belə,

İndi qocalıbsan gəl, Aşıq Nəsib.

O qədər haqsızlıq tutub dünyanı,

Tökülər gözümdən sel, Aşıq Nəsib.


...Niyə unudubsan türkün yolunu,

Kim yoldan çıxardı Tanrı qulunu?

Bəsdir, azmı çəkdin sənə olanı,

Barı üzüsulu öl, Aşıq Nəsib (13, 28-29).

“Düşərəm” adlı qoşmasında isə aşıq ömrünün təmənna­sız yaxşılıqlar möhləti kimi Tanrı tərəfindən ona bəxş olun­du­ğu­nu qeyd etmişdir:

Vara-pula əyilmərəm, baxmaram,

Sazsız-sözsüz el içinə çıxmaram.

Mən Nəsibəm, bircə könül yıxmaram,

Buta kimi şirin duşa düşərəm (13, 29).

Yekun olaraq deyə bilərik ki, Aşıq Nəsib sovet döv­ründə yaşamış Azərbaycan aşıqları içərisində ilk dissi­dent­lər­dən biri, bəlkə də, ən birincisidir. Onun bütün yaradıcılığı bu­na dəlalət edir.

­


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə