384
İthaflar
– Sənin atanı tanımıram.
– Yaxşı, tanıyırsan, odur, bax, dükana da qoymusan, deyəsən başın bədəninə ağırlıq eyləyir,
şeytan deyir vur bağırsaqlarını tök bayıra. Mürtədin biri, mürtəd! Onu gözünün qabağında cırığ-
cırığ eləyim sən də tamaşa elə.
Gənc cumub vitrindən xəsis satıcının günəş işığında pula baxdığını göstərən şəkli dartıb
çıxardı, çərçivəni ayaqları altına salıb xıncım-xıncım əzişdirdi, cırılan, əzilən şəkildən isə bir
nişanə qalmadı. Buna baxmayaraq gəncin hirsi soyumadı, yenə Bəhruzun üstünə gəlib əllini ölçə-
ölçə hədələdi, kobud, ağır sözləri dalbadal yağdırmaqdan çəkinmədi. Get– gedə qızışır, öldürməklə
hədələyir, kişi papağına and içib, onu tikə-tikə doğruyacağını söyləyir, bir an belə sakit olmurdu.
Bəhruzun qanı qaralsa da, özünü möhkəm saxladı, ürəyinin dərinliyində əsərinin oyatdığı
təsir gücünə görə isti bir dalğa kükrədi. Şəkili nə vaxtsa elə bu bazarın önündə çəkmişdi, həqiqətən
də həmin adamın indi kim olduğunu, nə satdığını bilmirdi, bunları unutmuşdu.
Qoca dilənçi şəkillərini yığışdırıb evə gedən Bəhruza, səbrinə, dözümünə, dəliqanlı bir gəncə
baş qoşmamasına görə heyran qaldığını bildirdi.
Bəhruz bir həftədən çox bazarda görünmədi. Məcbur olub yenə gələndə başqa bir hadisəylə
üzləşdi.
9
Bəhruz yenə şəkillərini satırdı.
Tez-tez bazarın yaxınlığında öz sənəti ilə camaatın qarşısında çıxış edən dərviş Həsənə dəyirdi.
Yenə bir dəfə şəkillərini qoca dilənçiyə tapşırıb Həsənin yanına getdi. Dərviş saz çala-çala
şən nəğmə oxuyurdu, birdən-birə ahəngi dəyişdi, “qardaşıq biz” adlı təzə bir nəğməni ətrafına
toplaşan kütləyə öyrətməyə başladı. Nəğmənin ahəngi rəvan, axışı, xoş olduğu üçün, “qardaşıq
biz” sözlərini asanlıqla bu ahəngə uyğun bütün kütlə həvəslə oxuyurdu. Bəhruz da dərvişin bu
cazibəsindən çıxa bilməyib, hamıya – bütün kütləyə qoşuldu. Oxuya– oxuya camaata tərəf baxdı.
Onların arasında hər cür adam vardı, böyük də, kiçik də, varlı da, yoxsul da, qadın da, uşaq da,
qoca da, şikəst də! Birdən əli silahlı çaparlar yüyürdülər, hər tərəfdən dərviş Həsəni qamçılayıb
şey-şüylərini yığışdırıb aparmaq istəyəndə kütlə dalğa kimi onların üstlərinə yeridi. Bəhruz nə vaxt
dərvişə yaxınlaşdığını bilmədi. Onu iki-üç çaparın əlindən alıb qaçırmaq istədi. Ancaq dərviş onu
sakit etməyə çalışıb dedi:
– Bəhruz, başını salamat saxla, məni onsuz da tutacaqlar. Xeyri yoxdur. Bax, görürsən, nə
qədər çapar gəlib, onların arasından məni necə aparacaqsan?!
385
İthaflar
Bəhruz dərvişdən əvvəl çaparları görmüşdü. Nədənsə qorxmadı, dərvişi xilas etmək üçün bir
yol axtarmaq istəyəndə yenə dərvişi yaxaladılar. Bu zaman çaparların içində Məcidi görən Bəhruz
onun üstünə yüyürdü, Məcid etinasızlıqla:
– Geri çəkilin! – deyə adamların üstünə elə bərkdən qışqırdı ki, Bəhruz özünü itirdi, bir
də gördü ki, dərvişi beş-altı çapar aparıb gedir. Bəhruz cummaq istədi, amma o tərəfə getməyə
qoymadılar. Məcid sakitliyi bərpa etməyə çalışırdı. Birdən Bəhruz onun lap yaxına gəldiyini görüb
qəzəb içində yaxasından tutdu:
– Kömək elə ona, kömək elə... təvəqqə edirəm səndən, buraxdır onu, günahsızdır, tez elə...
Məcid bunu gözləmirdi, Bəhruzun əllərini qüvvətli zərbə ilə itələyib, tüfəngini qaldırdı:
– Çəkilin geriyə! – deyə bərkdən qışqırdı. Bəhruz üçün bundan ağır zərbə ola bilməzdi. Heyrət
içində gözləri böyüdü, qəzəbindən bütün bədəni titrədi. Çaparlar bütün kütləni qovur, dağıdır, hamı
müvazinət göstərmədən başını götürüb qaçırdı. Amma uzaqdan uşaqların “qardaşıq biz” nəğməsini
eşidəndə Bəhruz bir az özünə gəldi. Məcidə nifrətlə baxdı. Məcidin Bəhruzu tanımaq istəməməsi,
kobudluğu dəhşət olsa da, bu anda, bu Naxçıvan çaparlarının əzəməti həqiqətən qeyri-adi təsir
gücünə malik idi. Belə düşündüyü vaxt çapar Məcid əzəmətli sinəsini qabağa verib pıçıldadı:
– Get, Bəhruz, axşam sizə gələcəyəm! – sonra isə dəyişib üstünə qışqırmağa, qovmağa başladı.
Bəhruz onun pıçıltısındakı səmimiyyəti, gizli niyyəti duymaqdan uzaq adam deyildi. Axşam
Məcid dediyi kimi qapının ağzında göründü, içəri girən kimi Bəhruzun üstünə düşdü:
– Ay qardaş, məndən inciməyə haqqın yoxdur, mən vəzifə borcumu yerinə yetirirdim, sən də
ki, uşaqlıq edirsən. Heç bilirsən, o gədə kimdir?! Neçə vaxtdır axtarırlar. Bizim dinin, məzhəbin,
xalqın düşmənidir.
– Düşmən deyil! – Bəhruz özündən asılı olmadan hirslə dilləndi, Məcid heyrət içində ona
baxıb bir anlıq susdu, sonra sakitcə soruşdu:
– Düşmən deyilsə bəs kimdir, niyə tuturlar?!
– Bunları bilmirəm, Məcid dayı, dərvişdən nə düşmən?! El – oba gəzə– gəzə mahnılar oxuyur.
– Bizi Kalbalı xan göndərdi ki, onu tutaq, dedi ki, xalqımızın düşmənidir...
– Onu öldürəcəklər?! – Bəhruz həyəcanla soruşdu.
– Nə deyim, başım çıxmır...
– Necə xilas etmək olar?
– Çətin, çox çətin! Kalbalı xanın dustağıdır, ona yaxın düşmək olmaz.
– Yanına xahişə gedərəm.
– Faydası yoxdur, Bəhruz! Naxçıvana indi amerikalılar ağalıq etmək istəyirlər, Kalbalı xan
da öz ağalığını heç kəsə vermir, divanxana da onun əlindədir, külli-aləm də! Bu ixtiyarı başqasına
vermək axmaqlıqdır. Türklər də o tərəfdən başının üstündə dayanıblar. İndi necə olacaq, bir allah
bilir.
– Bəs ingilislər nə oldu?!
– Çoxdan çıxıb gediblər.
Bəhruz səhər Kalbalı xanın hüzuruna getdi. Xan gec olsa da onu qəbul etməyə razılıq verdi,
uzun ətəkli, üstü güllü naxışlarla hörülmüş əbasını çiyninə salıb, xalılar döşənmiş, böyük otağın
qapısına yaxınlaşdı, ədəb-ərkanla salam verən Bəhruza diqqətlə baxıb soruşdu:
– Kimsən, nəçisən?!