386
İthaflar
– Rəssamam, Kalbalı xan, yanınıza bir xahişlə gəlmişəm.
– Buyurun, görək...
– Rica edirəm, dərviş Həsənə azadlıq verəsiniz...
– Bala, səni indi tanıdım, maşallah sorağın bütün Naxçıvanı tutub. Bir şəklini də mən almışam,
bax, bu otaqdadır.
Kalbalı xan bir barmağında bahalı üzük olan əlini otağın uca divarına uzatdı. Divarda çərçivəyə
alınıb böyük xalının üstündən asılmış Ağrı dağının şəklini görəndə Bəhruz diksindi, bu əsərini
tamam unutmuşdu, onu nə vaxt, kim almışdı, heç nə yadına gəlmirdi. Belə bər– bəzəkli, dəbdəbəli
yerdə öz şəklini görmək – ona gizli bir qürur gətirdi, sənətinə qiymət verildiyinin yeni şahidi oldu.
Kalbalı xan qara, uzun təsbehini oynada– oynada ona baxır, sanki keçirdiyi hisslərinə mane olmaq
istəmirdi. Elə ki, Bəhruz gözlərini divardan çəkib ona tərəf çevirəndə dilləndi:
– Sənə hörmətim çoxdur, bala! Əvət , xahişinə əməl edə bilməyəcəyəm. Çün dərviş düşməndir,
xalis düşmən, həm xalqın, həmi də Naxçıvanın düşməni! Canım, bu torpaq nə qədər atların tapdağı
altında qalar, nə qədər?! İngilislər gəlir, türklər gəlir, ermənilər gəlir, “mən”, “mən” deyir, elə bil
Naxçıvan yiyəsizdir. İndi amerikalılar ortalığa çıxıblar. General-qubernator divanxnası yaratmaq
istəyirlər. Bəs biz kimik?! Axı bu torpaq bizimdir! O dərviş də rusları təzə şura hökumətini üstümüzə
gətirir. Məni başa düşməyə çalış, bala, öz evimdə-eşiyimdə əyləşmişəm, nə edim, rahat əyləşməyə
qoymurlar! Qoymurlar! Gör nə vaxtdır, Naxçıvan taptaq altındadır. Onu tapdaq altından mən, sən,
bütün xalq qurtarmalıdır! Bəhruz Kalbalı xanla xudahaizləşəndə gözü yenə divardakı şəklə sataşdı.
Əzəmətli Ağrı dağı buludların əhatəsində ucalıb canlı kimi nəfəs alırdı.
Bəhruz Məcidlə tez-tez görüşürdü. O qədər qaralama çəkmişdi ki, sayı-hesabı yox idi.
“Naxçıvan çaparı”nı yaratmaq üçün həvəsə gəldiyi vaxtda, yenə Məcidi uzun müddətə, təcili harasa
göndərdilər. Bəhruz bərk əsəbiləşdi, onu yenə yarımçıq qoymağa məcbur oldu. Bekar qalmamaq,
qaralama çəkmək üçün bir gün yenə bazar tərəf getdi.
Kaş getməyəydi, bazarın qapısı önündə Afəri gördü, gözəlliyindən əsər– əlamət qalmayan
qızın qara gözləri elə solmuşdu ki, bütün işığını itirmişdi. Afər uzaqdan Bəhruza baxıb, birdən
üstünə cumdu, çatıb qarşısında dayandı. İri gözlərini açıb dimdik onun gözlərinə dikdi:
– Mənim xilaskarım! – deyə pıçıldadı – mənim xilaskarım!
– Nişanlını tapa bildin, Afər?!
Qız elə dəli qəhqəhə çəkdi ki, Bəhruzun bədəni buza döndü, Afər rəqs edə-edə həzin bir
səslə oxumağa başladı. Bu zaman bərk-bərk bağladığı yaylığın altından saçları dalğa-dalğa çıxıb,
çiyinlərinə töküldü, yelləndikcə saçları da yellənirdi. Küçə uşaqları onu hirsləndirdilər. Afər onların
üstünə yüyürdü, əlinə daş götürdü, yöndəmsiz halda atdı, sonra isə qaça-qaça yenə Bəhruzun yanına
qayıtdı. Bəhruz onu dilə tutub evə aparmaq istədi. Amma Afər yenə qəribə oyunlar çıxartdı: gah
qəhqəhə çəkdi, gah susub birdən hönkür-hönkür ağladı, gah çılğın bir hərəkətlə harasa yüyürüb
getdi, bazarın tünlüyündə yox oldu. Arxasınca getmək istəyəndə, qarşısında Qədir dayandı. Bəhruz
onu güclə tanıdı, gör nə vaxtdı görmürdü, Qədirin qarnı şişmişdi, dərhal bacısını soruşdu:
– Reyhanı deyirəm. Rast gəlmədiniz?!
– Rast gəlmədim, Qədir. Deyəsən, Naxçıvanda yoxdur.
– Burdadır, burda. Onu bu şəhərdə itirmişəm.
– Bir iş tapmısan?!
388
İthaflar
– Baqqal Həmid dayıya kömək edirəm. Yaxşı adamdır, üst-başımı təzələyib, məni həkimə də
göstərib.
– Heç olmasa, bəxtin gətirib.
Afər yüyürə-yüyürə gəldi, saçlarını yellədə-yellədə yenə rəqs etməyə başladı, bircə an
belə dayanmadan, sürətlə fırlanır, qollarını oynadır, saçları dalğalanırdı. Birdən dayandı, gözləri
hədəqəsindən çıxdı, bütün bədəni tirtir titrədi, qıvrıldı, əyildi, çığırdı. Bəhruz qorxu içində onu
qucaqladı. Qədir qışqırdı:
– Əl dəyməyin, əmi, əl dəyməyin, özü keçəcək!
Afərin dodaqları da ağappaq ağardı, göz bəbəkləri şar kimi fırlandı, Bəhruzu kənara itələyib
yerə çökdü. Sağa-sola əyilir, başını dala atır, özündən gedir, yenidən həyata qayıdır, yenidən bayılır,
çapalayırdı. Bəhruzun qorxu içində olduğunu görən Qədir ona təskinlik verirdi:
– Həmişə belə olur, sonra keçib gedir...
Birdən Afərin titrəməsi dayandı, toz-torpağın içində sakitcə qaldı, elə bil yuxuya getdi. Bəhruz
daha da qorxdu, çünki onun bu süstlüyündə, susmasında həyat əlaməti yox idi. Qədir pıçıldadı:
– İndi ayılacaq!
Bəhruz diksindi, hər tərəfdən nə qədər adam onları dövrəyə almışdı. Hamısı da maraq və
heyrət içərisində baxırdı. Həqiqətən də Qədir deyən kimi, Afər başını qaldırdı, əvvəl Bəhruzu,
sonra hamını nəzərdən keçirdi, sıçrayıb ayağa qalxdı. Elə yazıq, elə müti bir görkəm aldı ki, yumaq
kimi yığıldı, balacalaşdı və gözlənilmədən hönkür-hönkür ağladı. Bəhruz qeyri– ixtiyari bayaqdan
təskinlik verən Qədirə baxdı, indi Qədir də söz deməkdən uzaq idi, özünün də gözləri dolmuşdu.
Afərə hamının yazığı gəlirdi. Afər yanaqlarından axan yaşları silib, ildırım sürəti ilə qaçdı, bir göz
qırpımında yoxa çıxdı.
SƏKKİZİNCİ HİSSƏ
1
Bəhruz otağa girib özünü xalının üstünə atdı, Hürnisə dərhal qulluğunda durdu, süfrə saldı,
hər şey gətirdi, mütəkkəni qolları altına qoyub, özü də yanında əyləşdi.
– Niyə yemirsən , Bəhruz?
– İştaham yoxdur.
– Sənə nəsə olub?!
– Eh, Hürnisə, mənə heç nə olmayıb. Camaat pis gündədi, yadındaı, o şəkil vardı ha, küncdə,
o qız, çəkirdim, qəşəng gözləri vardı...
– Afər!
– Düzdür, Afər. Sən nə yaxşı onun adını yadında saxlamısan?!
– Sənin dilindən eşitmişəm. Xəstələnəndə tez-tez onun adını çağırırdın... bir dəfə də pəncərədən
səslədin...
– Ola bilər – Bəhruz tutuldu – ola bilər.
– Görəsən nişanlısını tapa bildi?!
– Eh, indi onun gözünə heç nə görünmür, heç kəs! Çünki, dəli olub, əməlli başlı dəli! Görsən,
yazığın gələr.