77
qayıq rəsmləri ilə birgə günəş rəmzləri də təsvir edilmişdir. Bundan başqa, burada
19 №-li daşda tonqal qalıqları olan ocaq da aşkar olunmuşdur. Arxeoloqların
fikrincə, günəş işarəli təsvirlərin yanında olan ocaq qalıqları günəşə sitayişlə
bağlıdır (şək. 54; ill. 74), [249, 145]. Yəqin ki, Qobustan petroqrifləri bizə gəlib
çatmış folklor əsatir mətnidir. (bəlkə də, «Kitabi-Dədə Qorqud»un ən qədim
nüsxəsidir).
Bununla əlaqədar, heyvan, insan və işarələrlə təmasda çəkilmiş günəş rəmzi
təsvirləri xüsusi diqqət tələb edir. Abşeronun Dübəndi kahasında öküz qayaüstü
təsvirini müşayiət edən həndəsi çevrə şəklində günəş işarəsi vardır (ill. 96). Oxşar
səhnələrə Abşeron qəbiristanlığından [60, 91] aşkar olunmuş plitələr üzərində və
Kiçikdaş dağının Ceyranlar düşərgəsində (burada öküz təsviri qadın və ya günəş
işarəsi ilə birgə verilmişdir) rast gəlmək olar (ill. 36). Qobustanın Kiçikdaş dağında
yerləşən Firuz-2 yaşayış məskəninin yanındakı qayalarda tədqiqatçılar spiral və
çevrə şəklində günəşin kosmik təsvirlərini aşkar etmişlər. 18 №-li daşda öküz
təsvirinin yanında spiral işarəsi vardır. Burada Kür-Araz mədəniyyəti dövrü üçün
səciyyəvi olan qədim sitayiş piri olmuşdur [249, 145]. Dağıstanın dağlıq
qayalarındakı günəş rəsminin üstündə çəkilmiş zebr, qaban, keçi təsvirləri də
xüsusi maraq doğurur. Günəşin kosmik obrazı heyvan obrazına qarışır.
Arxeoloqlar bu qarışığı heyvanın günəşlə əlaqədar olması ilə izah edirlər, yəni
totem şəklində ehtiram edilə bilən işıqlı, ilahi heyvan təsvir olunmuşdur [103, 93].
Gürcüstanın qrafik incəsənətində günəş və ay işarələrinin üstündə sxematik heyvan
(öküz, qatır, at, donuz, inək) təsvirlərini arxeoloqlar səma cismlərinə sitayişlə və
dini ayinlərlə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, antropomorf fiqur təsvirlərinin
çevrənin dini işarələrlə qarışıq verilməsi diqqətimizi svan və digər gürcü
tayfalarının (həmçinin şərqi - gürcü dağlılarının etiqadına yaxındır) dini
təcrübələrinə yönəldir [ 29, 153, şək. 12, 13, 20]. Qeyd etmək lazımdır ki, səma
işarələri ali ilahi qüvvəni təsvir etmək üçün çəkilirdi. Gürcülərin inanclarına görə,
səma allahları maral, göyərçin və ya silahlı atlı qismində peyda olurdular (yenə
orada 154). Analoji səhnələrə Karets burnunda rast gəlmək olar. Burada durna
təsviri günəş obrazı ilə qarışıq verilmişdir [144, 20].
Cingirdağda 9 №-li daş üzərindəki təsvir də maraq kəsb edir (şək. 85).
Burada günəş çevrəsi buynuz təsvirləri ilə birgə təqdim olunur (Yazılıtəpə, 9 №-li
daş). Bəzi tədqiqatçılar qeyd edirlər ki, Gəmiqayada günəş rəmzi çox vaxt heyvan,
bəzən insan və şərti dairələr obrazında verilirdi [253, 15; 28, 154]. Bunun təsdiqi
kimi, Kənizə mağarasının mədəni təbəqəsindən aşkar olunmuş (1978-ci il) ayrıca
daş üzərindəki insan təsvirini (inv. №1095) göstərmək olar (ill. 104). Onun qolları
başı üzərində birləşərək çevrə təşkil edir. Buna oxşar rəsmlərə Kəlbəcər qayaüstü
təsvirlərində də rast gəlmək olar [86, 93; 235, 71-74], (şək. 86). Bu süjetlərin Şri-
Lanka qayaüstü təsvirləri ilə maraqlı oxşar cəhətləri vardır [282, 341, şək. 5].
Gəmiqayada şüalanan günəş işarəsi ilə rəqs edən insanların təsvirlərinə də
rast gəlmək olar.
78
Qobustan qayaüstü təsvirləri arasında çevrədən ayrılan xətlər şəklində
işarələr xüsusi maraq doğurur (şək. 77). Yazılıtəpənin (Cingirdağ) 123 №-li daşı
üzərindəki təsvir bu qəbildəndir (ill. 83; 84). Arxeoloqlar bu cür işarələri «günəşin
həyat şüaları və ya ayın ölü şüaları» hesab edirlər və günəş üçün işarə haqqında
Misir heroqliflərini nümunə göstərirlər[144, 12-13], (şək. 78). Şüayabənzər təsvirli
analoji işarələrə Qyaurkala, Şahtaxtı, Gültəpənin tunc və erkən dəmir dövrü saxsı
qablarında rast gəlmək olar [2, 248].
Qeyd etmək lazımdırki, son vaxtlaradək azərbaycanlıların məişətində şüa
saçan günəşin analoji təsvirləri qorunub saxlanmışdır. Bu işarələrə qəbir daşlarında
(şək. 77; ill. 87; 88), yaşayış yerlərinin üz tərəfi, daxili divarları, tavan və
qapılarında rast gəlmək olar [63, 613]. Aznabürd, Şahtaxtı və Qobustan daş
kurqanlarının quruluşuna və inşasına nəzər salaraq bir detalı qeyd etmək lazımdır
ki, dördkünc qəbirlər ətrafında bir neçə sıx konsentrik çevrələr-kromlexlər inşa
olunmuşdur. Qədim tayfaların incəsənətində konsentrik çevrə günəş kimi
səciyyələnir və qəbir ətrafında kromlexlərin inşası günəşə sitayiş və ilahiləşmə
rəmzi ilə əlaqələndirilir [15, 169]. Qədim albanlarda günəş rəmzi qoruyucu rolunu
oynayırdı. O, həyatda və axirət dünyasında insan ruhlarını zalım ruhlardan xilas
edirdi [154, 105].
Günəşə sitayiş Qobustanın qayıq təsvirlərində daha parlaq əks olunmuşdur.
Qədim rəssamın günəşli qayıq təsvirlərinə diqqət yetirməsi ayin təsəvvürləri ilə və
bu ayinin ayrılmaz cəhəti kimi, onların funksional əhəmiyyəti ilə şərtlənir. Ona
görə ki, çox vaxt Qobustanda günəşli qayıq petroqlifləri qadın təsvirləri (ana -
nəslin davamçısı) və ovçularla birgə təqdim olunur (Daşqışlaq kolleksiyası, 19 №-
li daş) (ill 66). Bu təsvirlərin əsasını, çox güman ki, mərhumların ruhunun əcdadlar
ölkəsinə üzməsi haqqında qədim təsəvvürlər təşkil edir. Qayıq təsvirlərinin
müqəddəs qayalar üzərində dini təsəvvürlərlə bilavasitə əlaqəli olan digər fiqurlar
arasında çəkilməsi, onların bu etiqadlarla bağlı olduğunu göstərir.
Ön Şərq və Misirin qədim xalqlarının dinlərinin əsasını təbiət ünsürlərinə
sitayiş, bitkilərin məhv olması və yenidən yaranması haqqında əsatirlər təşkil
edirdi. Skandinaviya və Kareliya petroqliflərində ibtidai rəssam qayıq təsvirlərini
mərhum ruhların ölülər ölkəsinə qayıqlarla üzməsi haqqında qədim təsəvvürlərlə
əlaqələndirirdi [131, 103, 131, 123]. Ola bilsin ki, mərasim və ayin təcrübəsində
qayıqların rolu Allah dünyası ilə insanlar arasında əlaqələrin olmasından, tayfanın
güzəranının təmin edilməsindən ibarət idi. Bu növ qayıq təsvirləri Hindistan və Çin
arasında yerləşən Saravak adasının Nia mağarasında boya ilə çəkilmiş divarüstü
rəsmlərdə əks olunmuşdur. Bu qayıqlar «mərhum ruhların qayıqlarıdır» [134, 123].
Qayıq təsvirlərindəki şaquli xətlər şərti olaraq mərhumları göstərirdi [144, 28].
Qayıq obrazının kosmik erkən mövzularının izləri qədim dünyanın - Ön Asiya,
Misir, Aralıq dənizi və antik yunan baxışlarında və obrazlarında aydın əks olunur.
Güman etmək olar ki, Qobustanın qayıq təsvirləri analoji təsvirlərin əksidir. Ulduz,
günəş və ay təsvirlərinə Qobustanda, Cingirdağın 14 №-li daşında (şək. 76),
Dostları ilə paylaş: |