Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə198/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   194   195   196   197   198   199   200   201   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

373 


 

OSMANLI DÖVLƏTİNDƏ QARABAĞLI ZİYALI AİLƏSİ: İSHAQZADƏLƏR 

AN INTELLECTUAL FAMİLY FROM GARABAGH İN THE OTTOMAN STATE: ISAQZADAS 

Prof. Dr. Vüsalə Musalı 

Kastamonu Universitesi /Türkiye 

Xülasə 


Hazırkı məqalə Səfəvi dövründə Qarabağdan Osmanlı ölkəsinə köçən İshaqzadə ailəsinin elmi, ədəbi və 

mədəni fəaliyyətinə həsr olunmuşdur. İshaqzadələr XVII-XVIII əsrlərdə Osmanlı dövlətində mühüm vəzifələr 

tutmuş,  şair,  müdərris,  qazı  və  xəttat  kimi  xidmət  göstərmişlər.  Biz,  Osmanlı  təzkirələri  və  o  dövrün  digər 

qaynaqları  əsasında  qarabağlı  İshaqzadələrin  həyat  və  yaradıcılıqlarını  tədqiq  etməyə  çalışmışıq  və  bu 

çərçivədə həmin ailənin Saleh Zühuri Əfəndi İshaqzadə (? – 1083/1672), Arif Əfəndi İshaqzadə (1064/1653 – 

1121/1709),  Kamil  İshaqzadə  (?  –  1148/1735)  və  Əli  Misli  İshaqzadə  (?  –  1189/1776) kimi  nümayəndələri 

haqqında məlumat vermişik. 

Açar sözlər: Osmanlı, Qarabağ, İshaqzadə, təzkirə 

Abstract 

Current  paper  devoted  to  scientific,  literary  and  cultural  activities  of  Isaqzada  family.  This  family 

migrated  from  Garabagh  to  Ottoman  countury  in  the  Safavid  period.  They  took  important  positions  and 

served  as  poets,  teachers, judges  and  calligraphs  in  the  Ottoman  State  in  XVII-XVIII  centuries.  We  tried  to 

research the lifes and works of Isaqzadas of Garabagh according to Ottoman tazkiras and other sources of 

that  period. Within  this  framework  we  gave  information  about such  representatives  of  this  family  as Salih 

Zuhuri Efendi Isaqzada (? – 1083/1672), Arif Efendi Isaqzada (1064/1653 – 1121/1709), Kamil Isaqzada (? – 

1148/1735) and Ali Misli Isaqzada (? – 1189/1776). 

Key words: Ottoman, Garabagh, Isaqzada, tazkira 

Giriş 


Türk  ədəbiyyatının  mühüm  bio-biblioqrafik  qaynaqlarından  olan  Osmanlı  təzkirələri  klassik  Azərbaycan 

ədəbiyyatının  müəyyən  səhifələrini  araşdırmaq,  Osmanlı  –  Azərbaycan  əlaqələrini  öyrənmək  baxımından 

əhəmiyyətlidir.  

Xaqani Şirvani, Nizami Gəncəvi, Şəms Təbrizi, Gülşəni, Füzuli, Saib Təbrizi və digər şairlərimizin Osmanlı 

poeziyasına  təsiri  ədəbi  əlaqələrin  mühüm  məqamıdır.  Osmanlı  şairləri  arasında  Nizami  Gəncəvi  və  Füzuli 

təsiri daha güclü hiss edilməkdədir. 

Osmanlı təzkirələrində xatırlanan azərbaycanlı şairlərin sayı 65-dir. Təzkirələrdə haqlarında məlumat və 

əsərlərindən örnəklər verilən bu şairlərdən 34-nün həyatı, yaradıcılığı, ədəbi irsi bizim tədqiqatlarımıza qədər 

Azərbaycan  ədəbiyyatşünaslığında  öyrənilməmişdir.  Bu  şairlərin  böyük  əksəriyyətini  mühacir  şairlər  təşkil 

etməkdədir. 

Osmanlıda tanınmış Azərbaycan şairləri dediyimizdə, ədəbi prosesə təsir göstərmiş, şeirlərinə nəzirələr 

yazılmış, əsərlərinin çox sayda əlyazmaları olan, təzkirəçilər tərəfindən ağız dolusu təriflənən, saray mühitinə 

yaxın olan şairləri nəzərdə tuturuq.  

Osmanlı  –  Azərbaycan  ədəbi  əlaqələrini  dəyərləndirdiyimiz  zaman  XV-XVI  əsrlərdə  çox  önəmli  əsərlər 

ortaya  qoyan  30-dan  artıq  Azərbaycan  şairini  Osmanlı  ölkəsində  görmək  mümkündür.  Məsələn,  Gülşəni, 

Həbibi, Süruri, Bəsiri, Hafiz, Cəlili və b. Məlum olduğu kimi, XVI əsr Osmanlı ədəbiyyatının qızıl dövrüdür. Şairə 

və şeirə dövlət səviyyəsində verilən yüksək dəyər ədəbiyyatın inkişafına səbəb olmuşdur. Cazibə mərkəzi olan 

Osmanlıya  müxtəlif  səbəblərlə  gedən  və  ya  aparılan  Azərbaycan  şairlərini  görürük  ki,  bu  şairlər  rəğbətlə 

qarşılanmış və ədəbi prosesə təsir göstərmişlər. Məsələn, Osmanlı sultanlarının mədhinə “Şahnamə” yazmaq 

azərbaycanlı şairlərə (Arifi, Əsiri və b.) tapşırılırdı.  

Səlcuqların  Anadolunu  fəth  etməsindən  sonra  XVI  əsrə  qədər  Türkiyədəki  elmi,  ədəbi,  mədəni 

fəaliyyətlərdə daim Azərbaycandan, İrandan, Orta Asiyadan gələn və ya dəvət olunan alimlərə, ədiblərə və s. 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

374 


 

xüsusi ehtiyac duyulmuşdur. Osmanlı imperatorluğu XVI əsrdə öz qüdrətinin zirvəsinə çatdığı üçün şairləri, o 

cümlədən Azərbaycan şairlərini himayə edirdi. XVI əsr ərzində Osmanlı dövləti bütün İslam aləminin elm və 

mədəniyyət baxımından ən əhəmiyyətli mərkəzinə çevrilmışdir. 

Bu  dövrdə  Azərbaycan  şairlərinin  və  sənətkarlarının  Osmanlıya  getməsində  Səfəvi  –  Osmanlı 

müharibələrinin  də  böyük  rolu  olmuşdur.  Səfəvilərdən  siyasi  və  ideoloji  səbəblərdən  narazı  olan  şairlər 

Osmanlıya  üz  tuturdular.  Eyni  zamanda,  Osmanlıların  yürüşləri  zamanı  Azərbaycandan  aparılan  şairlər 

Osmanlı ərazisində fəaliyyətlərini davam etdirmişlər.  

Siyasi  və  iqtisadi  amillər  XVII-XVIII  əsr  Osmanlı  ədəbiyyatı  üzərində  də  izini  buraxmışdır.  Qaynaqlardan 

aldığımız məlumata görə, XVIII əsrdə Osmanlıdakı şair sayı ən yüksək səviyyəsinə çatmışdır. Amma bunların 

arasında məşhur şair və ya ədəbi məktəb yaratmış şair deyə biləcəyimiz ədiblər çox azdır. Bu mənzərə XVII-

XVIII əsrlərdə Osmanlı – Azərbaycan ədəbi əlaqələrinə də təsirsiz ötüşməmişdir. Sarayın şairləri əvvəlki kimi 

himayə etməməsi ucbatından Azərbaycan şairlərinə, demək olar ki, ehtiyac olmamışdır. 1639-cu ildən sonra 

Səfəvi – Osmanlı müharibələri dayanır. Bu səbəbdən, Səfəvilərdən gələn və ya gətirilən şairlərin sayı da azalır. 

XVII əsrdə Azərbaycan şairlərinin Osmanlı ədəbiyyatında aktiv görünməmələrini, bu amillə də bağlaya bilərik. 

Bundan  əlavə,  XVI  əsrdə  hələ  yeni  qurulmuş  Səfəvi  dövlətinin  rəsmi  ideologiyasına  qarşı  müxalif  olan 

cərəyənlar  zaman  keçdikcə  zəiflədilmiş  və  yeni  rəsmi  ideologiyaya  uyğunlaşmağa  məcbur  qalmışdılar. 

Cəmiyyətdəki  ideoloji  müxalifətin  zəiflədiləməsi  Osmanlıya  köçən  beyin  axınının  azalmasına  gətirib 

çıxarmışdır.  XVII-XVIII  əsrlərdə  Osmanlıya  mühacirətin  azalması  ədəbi  əlaqələrdə  də  tənəzzül  yaratmışdır. 

Lakin hər iki tərəfdə yayılan və sevilən “Koroğlu” dastanı və s. folklor nümunələri bu baxımdan istisnalıq təşkil 

etməkdədir. Bu səbəbdəndir ki, sözü gedən mərhələdə Azərbaycan və Osmanlı divan ədəbiyyatları arasında 

ədəbi əlaqələrin zəifləməsini şifahi xalq ədəbiyyatına şamil edə bilmərik.  

XVII-XVIII  əsr  Osmanlı  təzkirələrində  Məşrəbi,  İzzi,  Feyzi,  Saib  Təbrizi,  İshaq  Zəncani,  Kamil  İshaqzadə, 

Arifi və b. kimi Azərbaycan şairinin adlarına rast gəlirik. Bunlardan Saib Təbrizi və İshaq Zəncaninin nisbətən 

daha məşhur olduğunu deyə bilərik.  

Osmanlıya  köçən  və  burda  özlərinə  yetərincə  hörmət  qazanmış  İshaqzadələri  Azərbaycan  oxucusuna 

tanıtmaq  üzərimizə  düşən  vəzifələrdəndir.  Bu  nəslin  tanınmış  nümayəndələri  haqqında  Osmanlı 

təzkirələrindən, o dövrün ensiklopedik kitablarından məlumat əldə edirik. 

Qarabağlı İshaqzadələr 

Osmanlı ölkəsində azərbaycanlı şairlərin sayının azaldığı dövrdə, yəni XVII-XVIII əsr Osmanlı ədəbiyyatı və 

mədəniyyətində qarabağlı İshaqzadələrin önəmli yer tutduqlarını görürük. Bu ailənin bəzi üzvləri haqqında ilk 

dəfə tərəfimizdən 2009-cu ildə “Osmanlı təzkirələrində Azərbaycan şairləri” adlı monoqrafiyamızda məlumat 

verilmişdir  (10,  222-225).  Tarixçi  B.  Dədəyev  də  bir  məqaləsində  “Sicilli-Osmani”  əsasında  qarabağlı 

İshaqzadələrdən bəhs etmişdir (3, 11-12).   

Osmanlı  qaynaqlarında  bu  ailənin  ilk  nümayəndəsi  olaraq  Əcəm  Əli  Əfəndinin  adı  çəkilir.  Mənbələrdə 

onun  oğlu  İshaq  Əfəndi,  İshaq Əfəndinin  oğlu  Saleh  Zühuri  Əfəndi, Saleh  Zühurinin  oğlu  Arif Əfəndi  və  Arif 

Əfəndinin iki oğlu Kamil İshaqzadə və Misli İshaqzadələrin qısaca olaraq həyat və yaradıcılığı işıqlandırılmışdır. 

Bu ailənin Osmanlıya nə zaman köçməsi haqqında ilkin qaynaqlarda dəqiq tarix göstərilməmişdir. B. Dədəyev 

onların Osmanlı dövlətinə gəlişinin, Qarabağ bölgəsinin Osmanlı hakimiyyətinə qatıldığı XVI əsrin son rübünə 

təsadüf etdiyini təxmin edir (3, 11). 

 

 

 



 

 

 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə